Azərbaycan Prezidenti adından Türkdilli Dövlət Başçılarının şərəfinə təşkil edilmiş rəsmi qəbulda Azərbaycan Prezidenti Heydər Əliyevin nitqi - Bakı, "Xəzər" mərkəzi, 8 aprel 2000-ci il


Zati-aliləri, Türkiyə Cümhuriyyətinin prezidenti, əziz dostumuz, qardaşımız Süleyman Dəmirəl!

Zati-aliləri, Qazaxıstan Respublikasının prezidenti, dostumuz, qardaşımız Nursultan Nazarbayev!

Zati-aliləri, Qırğızıstan Respublikasının prezidenti cənab Əsgər Akayev!

Zati-aliləri, Özbəkistan Respublikası Ali Məclisinin sədri cənab Erkin Xəlilov!

Zati-aliləri, Türkmənistan Məclisinin sədri cənab Səhhət Muradov!

Zati-aliləri, YUNESKO-nun baş direktoru cənab Koisuro Matsuura!

Zati-aliləri, Fransa parlamentinin qocaman üzvü, Azərbaycan xalqının böyük dostu cənab Jak Bomel!

Hörmətli qonaqlar!

Hörmətli xanımlar və cənablar!

Bu gün biz türkdilli dövlətlər birliyinin Azərbaycanda, Bakıda VI zirvə görüşünün işini başa çatdırdıq. Bu, Azərbaycan xalqı, bizim ölkəmiz, millətimiz üçün çox əlamətdar, deyə bilərəm ki, tarixi hadisədir. Türkdilli dövlətlər birliyinin əsası 8 il bundan öncə, 1992-ci ilin oktyabr ayında Ankarada, Türkiyə Cümhuriyyətinin, bizim əziz dostumuz, qardaşımız Süleyman Dəmirəlin təşəbbüsü və türkdilli dövlətlərin başçılarının iradəsi ilə qoyulubdur. Biz məmnunuq ki, nəhayət, VI zirvə görüşü Azərbaycanda, Bakıda keçirildi.

Bu gün biz türkdilli dövlətlər arasında olan dostluğu, əməkdaşlığı, qardaşlıq əlaqələrini bir daha təsdiq etdik. Gələcəkdə bütün sahələrdə əməkdaşlığımızın inkişaf etməsi üçün yekdil fikirdə olduğumuzu bildirdik və Bakı bəyannaməsini qəbul etdik. VI zirvə görüşünün Bakı bəyannaməsi türkdilli dövlətlərin istək və arzularını əks etdirir və bizim gələcək dostluğumuzun, qardaşlığımızın, əməkdaşlığımızın inkişafı üçün çox dəyərli bir sənəddir.

Biz hamımız - dövlət başçıları, məclis başçıları Türkiyə Cümhuriyyətinin prezidenti, əziz dostumuz, qardaşımız Süleyman Dəmirəlin türkdilli xalqların, dövlətlərin birliyinin yaranmasında və 8 il ərzində uğurlu fəaliyyət göstərməsində böyük xidmətlərini məmnuniyyətlə və minnətdarlıq hissi ilə qeyd etdik. Türkdilli ölkələrin bütün dövlət başçıları bu gün öz xalqlarının, dövlətlərinin fikrini ifadə edərək VI zirvə görüşündə çox dəyərli çıxış etdilər. Ancaq əziz dostumuz, qardaşımız, Türkiyə Cümhuriyyətinin prezidenti Süleyman Dəmirəlin böyük mənalı, məzmunlu, müfəssəl nitqi bizim hamımızı heyran etdi. Hamımızın fikrincə, əziz Süleyman Dəmirəlin nitqi bizim üçün böyük proqram xarakteri daşıyan bir tarixi sənəddir.

Hörmətli Süleyman Dəmirəl həm bizim xalqlarımızın qədim kökləri, tarixi keçmişi və birliyi haqqında, həm tarixin müəyyən bir mərhələsində bizim bir-birimizdən ayrı düşməyimiz barədə, həm də ölkələrimiz dövlət müstəqilliyini əldə edəndən sonra bir-birimizə yenidən qovuşmağımız və bu gün bunun nə qədər böyük əhəmiyyət daşıması haqqında çox gözəl, dəyərli fikirlər söylədi.

Əziz dostum, qardaşım!

Mən güman edirəm, burada olan dövlət başçılarının və məclis başçılarının fikrini ifadə edərək, bu gün VI Bakı zirvə görüşündə fəal iştirak etdiyinizə və çox dəyərli, tarixi nitqinizə görə sizə bir daha təşəkkür edirəm.

Bu gün biz məmnuniyyət hissi keçiririk ki, VI zirvə görüşü uğurla başa çatıbdır və gələcək üçün böyük perspektivlər açıbdır. Əvvəlki zirvə görüşləri kimi, bu zirvə görüşü də bizim millətlərimiz, xalqlarımız, dövlətlərimiz arasında olan dostluğu, əməkdaşlığı bir daha dünyaya nümayiş etdirdi.

Əziz dostlar, mən sizin hamınızı türkdilli dövlətlər birliyinin VI Bakı zirvə görüşünün uğurla başa çatması münasibətilə təbrik edirəm. Bütün türkdilli dövlətlərə, onların xalqlarına, vətəndaşlarına səadət, xoşbəxtlik və rifah arzu edirəm.

Mən badələrimizi türkdilli dövlətlərin, xalqların şərəfinə qaldırmağı rica edirəm!

Bizim birliyin gələcəkdə inkişaf etməsi şərəfinə!

Türkdilli dövlətlərin başçılarının, birinci növbədə dostumuz, qardaşımız, Türkiyə Cümhuriyyətinin prezidenti Süleyman Dəmirəlin şərəfinə!

Qazaxıstan Respublikasının prezidenti, dostumuz, qardaşımız Nursultan Nazarbayevin şərəfinə!

Qırğızıstan Respublikasının prezidenti, dostumuz, qardaşımız Əsgər Akayevin şərəfinə!

Özbəkistan Respublikasının prezidenti, dostumuz, qardaşımız İslam Kərimovun şərəfinə!

Özbəkistanı burada təmsil edən Ali Məclisin sədri Erkin Xəlilovun şərəfinə!

Türkmənistan prezidenti, dostumuz, qardaşımız Saparmurad Niyazovun şərəfinə!

Türkmənistanı burada təmsil edən Məclis sədri Səhhət Muradovun şərəfinə!

Bütün qonaqların şərəfinə!

Əziz dostlar!

Xanımlar və cənablar!

Türkdilli dövlətlər birliyində hər bir dövlət bərabər hüquqa malikdir. Bu birlik məhz beynəlxalq hüquq normaları, prinsipləri əsasında qurulmuşdur. Birlikdə hər bir dövlət başçısı eyni hüquqa malikdir. Deyə bilərəm ki, ötən 8 il müddətində türkdilli dövlətlərin başçılarının hər biri bu birliyin inkişaf etməsi və möhkəmlənməsi üçün faydalı işlər görübdür və öz xidmətlərini göstəribdir.

Ancaq bizim bu birliyin ötən 8 il ərzində yaşamasında, möhkəmlənməsində və inkişaf etməsində əziz dostumuz, qardaşımız Süleyman Dəmirəl hamıdan çox iş görüb, hamıdan dəyərli fəaliyyət göstərib və bizim hamımıza örnək olubdur. Bizim xalqlarımızın müştərək milli, mənəvi dəyərləri, ənənələri vardır. Keçmiş adət-ənənələrimizə görə hər ailədə bir ağsaqqal olur. Bizim bu birliyimizi bir ailə hesab etmək olar. Bu ailənin də ağsaqqalı, türkcə desək, abimiz, əziz dostumuz, qardaşımız Süleyman Dəmirəldir. Türkdilli ölkələrin bütün dövlət başçılarının ona hədsiz sevgisi və məhəbbəti vardır.

Hörmətli Süleyman Dəmirəlin bizim hər birimizə olan hədsiz məhəbbəti, sevgisi, dostluq qayğısı məlumdur. Bizim hər birimiz əziz dostumuz, qardaşımız Süleyman Dəmirəlin qayğısını, diqqətini, xalqlarımıza və şəxsən biz dövlət başçılarına olan dostluq münasibətini həmişə hiss etmişik.

Süleyman Dəmirəl Türkiyə Cümhuriyyətində 50 il müddətində böyük dövlət xadimi, siyasi xadim kimi yaşayıb, inkişaf edib və öz ölkəsinə, xalqına böyük xidmətlər göstəribdir. Cənab Süleyman Dəmirəl böyük dövlət xadimi, siyasi xadim kimi dünya miqyasında böyük hörmətə malikdir. Biz hamımız beynəlxalq təşkilatların toplantılarında, zirvə görüşlərində iştirak edirik. Dostumuz Süleyman Dəmirəl bu beynəlxalq təşkilatlarda yenə də bizim hamımızı başına yığır. Eyni zamanda, müşahidə edirik ki, bütün dünya ölkələrinin başçıları, beynəlxalq təşkilatların üzvləri hörmətli Süleyman Dəmirələ nə qədər böyük münasibətlə yanaşırlar.

Hörmətli Süleyman Dəmirəlin beynəlxalq aləmdə, beynəlxalq siyasətdə olduqca böyük xidmətləri və çox görkəmli yeri vardır. Mən bir faktı demişəm, bir daha xatırlatmaq istəyirəm. 1975-ci ildə ATƏM-in təməli qoyularkən Helsinki paktını qəbul etmək üçün oraya 35 dövlətin başçıları toplaşmışdı. Hörmətli Süleyman Dəmirəl Türkiyə Cümhuriyyətinin Baş naziri kimi həmin Helsinki toplantısının iştirakçısı olmuşdur. Helsinki paktının altında Süleyman Dəmirəlin imzası vardır.

Həmin toplantıda iştirak etmiş ölkələrin dövlət xadimləri, siyasi xadimlər içərisində yalnız Süleyman Dəmirəl həm yaşayır, həm də siyasi fəaliyyət göstərir. Orada iştirak edənlərin indi heç biri yoxdur. Amma dostumuz Süleyman Dəmirəl var, yaşayır, çox gərgin fəaliyyət göstərir və bundan sonar da göstərəcəkdir.

Mən bu badələri bizim əziz dostumuz, qardaşımız, ağsaqqalımız, abimiz Süleyman Dəmirəlin şərəfinə qaldırmağı xahiş edirəm. Biz ona cansağlığı, uzun ömür və gələcək işlərində yeni-yeni uğurlar arzulayırıq.