Azərbaycan Prezidenti Heydər Əliyevin ABŞ-ın "Frontera Resursez" şirkətinin prezidenti Uilyam Uayt ilə görüşdə söhbətindən - Hyüston, "Vinham Varvik" oteli, 2 avqust 1997-ci il


Cənab Uayt!

Hörmətli cənablar!

Mən Sizi, şirkətin bu görüşdə iştirak edən digər nümayəndələrini və qonaqları səmimi salamlayıram və Amerikanın şirkətləri ilə Azərbaycan arasındakı əlaqələrin inkişafından məmnun qaldığımı bildirirəm.

Prezident Bill Klintonun dəvəti ilə Amerika Birləşmiş Ştatlarına ilk rəsmi səfərimi tarixi hadisə kimi qiymətləndirirəm və bildirirəm ki, Ağ evdə prezident Bill Klintonla keçirdiyim görüşlər, apardığım danışıqlar, imzaladığımız sənədlər Azərbaycan-Amerika əlaqələrində yeni bir mərhələ açır. Bütün bu görüşlərdən çox razıyam və məmnunam.

Bakı ilə Hyüstonun qardaşlaşmış şəhərlər olduğunu xatırladaraq Texas ştatına gəlməkdən məmnun qaldığımı bildirirəm.

Mən "Beyker haks" şirkətinin də Azərbaycanla əlaqələr qurmağa maraq göstərməsindən və şirkətin prezidenti cənab Lukenin bu görüşdə iştirakından məmnun qaldığımı bildirir və deyirəm ki, biz əlaqələrimizin dairəsini genişləndirməyə həmişə xüsusi əhəmiyyət veririk.

Cənab Uayt, respublikamızda həyata keçirilən tədbirlər nəticəsində Azərbaycanda yaranmış möhkəm sabitlik, ölkəmizin qarşılaşdığı problemlərin həllinə, xüsusilə Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə aradan qaldırılmasına, ABŞ Konqresinin "Azadlığı müdafiə aktı"na vaxtilə qəbul etdiyi 907-ci düzəlişin ləğv olunmasına kömək göstərmək barədə söylədiyiniz xoş sözlər barədə minnətdarlığımı bildirirəm.

"Azərbaycan" qəzeti, 5 avqust 1997-ci il