Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Türkiyənin Baş naziri Məsud Yılmazın adından Heydər Əliyevin şərəfinə "Beyti Gülər" lokantasında verilmiş rəsmi nahardakı söhbətindən - İstanbul, 31 oktyabr 1998-ci il


Mən dost, qardaş Türkiyə torpağında çox yerlərdə oldum, çox maraqlı şeylər gördüm. Bu gördüklərimin içərisində ən maraqlı yerlərdən birində də bu gün oldum. Həqiqətən də, "Beyti Gülər" lokantası çox məşhur olsa da, adi restoran deyil.

Burada dadlı, milli türk yeməklərindən aldığım zövqü qarşılaşdığım yüksək mədəniyyət, xoş münasibət və göz oxşayan səliqə və təmizlik tamamlayır. Lakin bu lokanta başqalarından qeyri-adi, gözəl muzeyi ilə də fərqlənir. Bu muzeydə dünya xalqlarının milli mədəniyyətini nümayiş etdirən nadir eksponatlar içərisində XII əsrin dünya şöhrətli memarı Əbu Bəkr Əcəmi Naxçıvaninin portreti olan vazanı görmək mənə olduqca xoş təsir etdi. Keçirdiyim duyğuları, ürək sözlərimi muzeyin fəxri qonaqlar kitabında yazmaqla Sizə olan sevgilərimi bir daha təsdiq edir, təşəkkürümü bildirirəm.

Muzeyin fəxri qonaqlar kitabına ürək sözləri:

"Beyti lokantasını ziyarət etməkdən çox məmnun oldum. Onun çoxillik tarixi və dəyərli xidmətləri məni valeh etdi. Türkiyədə, bütün dünyada böyük hörmət qazanmış bu lokanta milli ənənələrə sədaqətin, çağdaşlığın parlaq nümunəsidir. Hörmətli cənab Beyti Gülərin görkəmli xidmətləri heyran edir. Ən xoş arzularla gələcək uğurlar diləyirəm."

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.