Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Azərbaycan və Rumıniya arasında dövlətlərarası və hökumətlərarası sənədlər imzalandıqdan sonra Rumıniya Prezidenti İon İliyesku ilə birgə mətbuat konfransında bəyanatı - Prezident sarayı, 27 mart 1996-cı il


Hörmətli prezident! Hörmətli rumıniyalı qonaqlar, möhtərəm xanımlar və cənablar!

Sizi mühüm hadisə - sənədlərin imzalanması münasibətilə təbrik edirəm. Bu sənədlər Rumıniya ilə Azərbaycan arasında dostluq və əməkdaşlığın daha da inkişaf etməsi üçün yaxşı əsas olacaqdır.

Ötən ilin iyun ayında, prezident İon İliyeskunun dəvəti ilə Rumıniyaya rəsmi səfərim zamanı biz bir çox məsələləri müzakirə etdik və bəzi dövlətlərarası, hökumətlərarası sənədləri imzaladıq. Bu gün Rumıniya prezidenti İon İliyesku cənablarının Azərbaycana rəsmi səfəri başlanmışdır. Biz danışıqlar apardıq, bir çox məsələləri ətraflı müzakirə etdik və bir az əvvəl çox mühüm dövlətlərarası, hökumətlərarası sənədlər imzaladıq. Mənim və Rumıniya prezidentinin imzaladığımız dostluq münasibətləri və əməkdaşlıq haqqında müqavilə böyük tarixi əhəmiyyətə malikdir. Bu, Rumıniya ilə müstəqil Azərbaycan Respublikası arasında ilk belə sənəddir və dostluq münasibətlərimizin, ölkələrimiz, xalqlarımız arasında bütün istiqamətlərdə əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün zəmindir.

Nazirlərin imzaladıqları sənədlər də böyük əhəmiyyətə malikdir, çünki prezidentlərin imzaladıqları müqaviləni konkretləşdirir və inkişaf etdirir. Beləliklə, Rumıniya ilə Azərbaycan arasında qarşılıqlı münasibətlərdə kifayət qədər yaxşı müqavilə - hüquqi əsas yaradılmışdır. Bu, indiyədək etdiyimiz əməkdaşlığın nəticəsidir. Bu, həm Rumıniyanın, həm də Azərbaycanın müstəqilliyinə, suverenliyinə, milli azadlığına sübutdur. Bu, ölkələrimiz və xalqlarımız arasında münasibətlərin daha da inkişaf etdirilməsi üçün də yaxşı zəmindir.

Bu, müstəqil Azərbaycan üçün xüsusilə böyük əhəmiyyətə malikdir. Azərbaycan dövlət müstəqilliyini 1991-ci ildə qazanmış və ötən illər ərzində bu müstəqilliyin möhkəmləndirilməsi və inkişaf etdirilməsi üçün çox mürəkkəb yol keçmişdir. Bu yolun mürəkkəbliyi xaricdən hərbi təcavüzlə, həmin dövrdə Azərbaycanın özündə baş vermiş siyasi proseslərlə, iqtisadiyyat sahəsində, sosial həyatda qarşılaşmış olduğumuz və qarşılaşdığımız çətinliklərlə bağlıdır. Buna görə də ölkələrlə möhkəm, səmimi dostluq münasibətləri yaradılması bizim üçün çox vacibdir və bu cür hər bir addım dövlət müstəqilliyimizin bərqərar olduğuna, Azərbaycanın suverenliyinin möhkəmləndiyinə sübutdur.

Bununla əlaqədar biz ölkəmizin Rumıniya ilə münasibətlərinə böyük əhəmiyyət veririk. Burada, Bakıda baş verən hadisə ölkələrimiz arasında qarşılıqlı münasibətlərin tarixində mühüm mərhələdir.

Cənab prezident, hörmətli qonaqlar, sizi əmin edə bilərəm ki, bütün razılaşmaların, imzalanmış sazişlərin əməli surətdə həyata keçməsini təmin etmək üçün biz var qüvvə ilə səy göstərəcəyik. Biz bunu əsas tuturuq ki, bu sənədlər əməkdaşlığımızın inkişafı üçün əlverişli şərait və müqavilə - hüquqi əsas yaradır. Əməkdaşlığımız çoxplanlı, çoxsahəli olmalıdır. Əməkdaşlığın məhz bu cür inkişafının təmin olunması üçün biz Azərbaycanda hər şeyi edəcəyik.

Azərbaycan Respublikası öz dövlət müstəqilliyini, milli azadlığını yüksək qiymətləndirir. Odur ki, bunların möhkəmlənməsinə yönəldilmiş hər bir addım bizim üçün xüsusi əhəmiyyət kəsb edir. Biz hüquqi, demokratik, sivilizasiyalı dövlət, cəmiyyət quruculuğu yolu ilə gedirik və bu yolda Azərbaycanın inkişaf etmiş demokratik ölkələr səviyyəsinə qalxa bilməsi üçün hər şeyi edirik. Biz iqtisadi islahatlar aparır, dövlət əmlakını geniş miqyasda özəlləşdirir və bütün sahələrdə bazar iqtisadiyyatı prinsiplərini bərqərar edirik. Azərbaycan bütün ölkələrlə əməkdaşlıq üçün açıqdır. Biz iqtisadiyyatın inkişafı və əhalinin həyat səviyyəsinin yaxşılaşması üçün, ölkəmizə xarici investisiyaların axınını təmin etmək üçün bütün tədbirləri görürük.

Azərbaycan təbii ehtiyatlarla zəngindir, onun böyük iqtisadi, sənaye, intellektual potensialı var. Lakin bütün potensialdan keçid dövründə istifadə etmək üçün biz digər ölkələrlə, beynəlxalq birliklə əməkdaşlıq etməliyik, bizə xarici investisiyalar gərəkdir. Biz buna doğru gedirik və bunu iqtisadiyyat, dövlət quruculuğu, ictimai-siyasi həyat sahələrində Azərbaycanın inkişafının strateji xətti sayırıq.

Lakin Azərbaycan bu genişmiqyaslı proqramın həyata keçirilməsində çox çətinliklərlə qarşılaşır. Onlardan ən böyük çətinlik budur ki, biz müharibə vəziyyətində olmağa məcburuq. Məlumdur ki, Dağlıq Qarabağın ilhaq edilməsi, yəni onun Azərbaycandan qoparılıb Ermənistana birləşdirilməsi məqsədilə səkkiz il əvvəl Ermənistan Respublikası tərəfindən Azərbaycana qarşı hərbi təcavüz başlanmışdır. Bu, Ermənistan ilə Azərbaycan arasında hərbi münaqişəyə səbəb olmuşdur. Səkkiz il ərzində döyüşlər getmiş, qan tökülmüş, çoxlu insan tələf olmuş, respublikamıza çox böyük maddi və mənəvi ziyan vurulmuşdur. Hərbi təcavüzə məruz qalan Azərbaycan obyektiv və subyektiv səbəblərə görə ağır vəziyyətə düşmüşdür, çünki onun ərazisinin 20 faizi Ermənistan silahlı birləşmələri tərəfindən işğal edilmişdir. İşğal olunmuş torpaqlardan, şəhərlərdən, rayon və kəndlərdən Azərbaycanın bir milyon nəfərdən artıq sakini zorakılıqla qovulub didərgin salınmışdır. Onlar respublikamızın müxtəlif bölgələrində olduqca ağır şəraitdə, əksəriyyəti də çadırlarda yaşayırlar. Bu adamlar malik olduqları hər şeyi, qohum-əqrəbalarını itirmişlər.

Bütün bu itkilərə, Azərbaycana vurulmuş çox böyük zərərə, mənəvi zədəyə baxmayaraq, biz münaqişənin dincliklə aradan qaldırılmasına tərəfdarıq, həmişə Yer kürəsinin istənilən hissəsində müharibənin əleyhinə, hərbi təcavüzün əleyhinə, hər cür separatçılıq, terrorçuluq əməllərinin əleyhinə çıxmışıq.

Azərbaycan sülh mövqeyində durmuşdur. Bunu əsas tutaraq və beynəlxalq təşkilatların, xüsusən ATƏT-in Minsk qrupunun, bu təşkilata daxil olan ölkələrin, ABŞ, Rusiya, Türkiyə kimi iri dövlətlərin imkanlarından istifadə edərək, biz münaqişənin dincliklə aradan qaldırılmasına çalışırıq.

Məhz bu məqsədlə təxminən iki il əvvəl 1994-cü ilin mayında biz razılıq əldə etdik və atəşin dayandırılması haqqında saziş imzaladıq. İki ilə yaxındır ki, döyüş əməliyyatları aparılmır, qan tökülmür. Biz barışıq vəziyyətindəyik. Çox vacibdir ki, bu barışığa həm Azərbaycan, həm də Ermənistan əməl edir, özü də heç bir xarici kömək olmadan, sülhyaratma qüvvələrinin aralaşdırıcı qüvvələrin iştirakı olmadan. Bu, ona dəlalətdir ki, biz sülhə nail olmağa, səkkizillik münaqişə ərzində əmələ gəlmiş düşmənçiliyi və qarşıdurmanı aradan qaldırmağa qadirik. Buna görə də biz tam sülhə nail olmağa çalışırıq.

Biz konstruktiv mövqelərdən çıxış edərək, bir çox güzəştlərə gedərək öz təkliflərimizi irəli sürmüşük və sürürük. Bəyan edirəm ki, biz atəşkəs rejiminə sadiqik, hərbi əməliyyatlara Azərbaycan tərəfindən yenidən başlanmasına yol verməyəcəyik. Biz hər şeyi edəcəyik ki, atəşkəs rejimi tam sülh sazişi bağlanılana qədər saxlansın.

Bununla bərabər, biz bundan sonra da indiki vəziyyətdə, torpaqlarımızın işğalı vəziyyətində qala bilmərik. Buna görə də Böyük sülh sazişi bağlanmasına çalışırıq. Bununla əlaqədar şərtlər irəli sürürük və bu şərtlər beynəlxalq hüquq normalarına tam uyğundur. Onlar bundan ibarətdir ki, tam sülhə nail olmaq üçün Azərbaycanın ərazi bütövlüyü bərpa və təmin edilməli, beynəlxalq hüquq normalarının mühüm prinsipi kimi Azərbaycanın ərazi bütövlüyü hamı tərəfindən tanınmalı, işğalçı qoşunlar tutulmuş ərazilərdən çıxmalı, işğal olunmuş ərazilərin sakinləri doğma yerlərinə qayıtmalı, Ermənistan ilə Azərbaycan arasında möhkəm sülh yaradılmalıdır. Bu zaman biz erməni tərəfinin tələbinin də ödənilməsinin zəruriliyini nəzərə alırıq və bizim şərtlərimiz əsasında Dağlıq Qarabağa Azərbaycan dövlətinin hüdudları daxilində yüksək muxtariyyət statusu verməyə, Azərbaycan Respublikasının tərkibində Dağlıq Qarabağın erməni əhalisinin təhlükəsizliyinə tam təminat verməyə hazırıq. Biz bu prinsiplər əsasında möhkəm və uzunmüddətli sülh təklif edirik. Bu prinsiplər beynəlxalq hüquq normalarına, həm Azərbaycanın, həm də Ermənistanın və Dağlıq Qarabağın erməni əhalisinin mənafelərinə tam uyğundur. Bunlar ədalətli prinsiplərdir.

Ümidvaram ki, ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə Ermənistan və Azərbaycan nümayəndələrinin hazırda Moskvada apardıqları danışıqlar və Birləşmiş Ştatların prezidenti Bill Klinton cənablarının, Rusiya prezidenti Boris Yeltsin cənablarının atdıqları addımlar müsbət nəticələrə, yəni həm sülh prinsipləri haqqında sazişə, həm də sülhün özünə gətirib çıxara bilər. Biz bunu istəyirik və bu mövqelərdə möhkəm dayanmışıq.

Azərbaycan öz xarici siyasətində bütün planetdə sülh və təhlükəsizlik uğrunda, bütün ölkələrlə ikitərəfli və qarşılıqlı surətdə faydalı əməkdaşlıq uğrunda çıxış edir. Biz bütün beynəlxalq təşkilatların fəaliyyətində yaxından iştirak edir və əməkdaşlıq, mehriban qonşuluq mövqeyində, bütün mübahisəli məsələlərin, münaqişələrin dincliklə həll olunması mövqeyində dururuq, biz dövlətlər arasında mübahisəli məsələlərin həllində güc işlədilməsinin əleyhinə çıxmışıq və çıxırıq, hesab edirik ki, onlar danışıqlar yolu ilə, bərabərlik əsasında həll olunmalıdır. Dünyada heç kəs heç kimə öz prinsiplərini, öz iradəsini zorla qəbul etdirməməlidir. Heç bir dövlət digər ölkələrin hüquq və mənafelərini pozmamalıdır. Biz bunu əsas tutaraq, MDB çərçivəsində, Birləşmiş Millətlər Təşkilatı, ATƏT ilə, bütün digər beynəlxalq təşkilatlarla əməkdaşlıq edirik.

Azərbaycan ilə Rumıniya arasında əməkdaşlıq və ölkələrimiz arasında yaranmış münasibətlər, imzalanmış sənədlər Azərbaycanın və Rumıniyanın məhz belə mövqe tutduqlarına inandırıcı sübutdur. Cənab prezident, sizi və rumıniyalı qonaqlarımızı, burada olanların hamısını əmin etmək istəyirəm ki, biz bu prinsipləri bundan sonra da öz əməli fəaliyyətimizdə, beynəlxalq münasibətlərdə əsas tutacağıq. Diqqətinizə görə sağ olun.

Sual: Cənab İliyesku, siz Ermənistandan getdikdən sonra Snark agentliyi xəbər verdi ki, siz "Dağlıq Qarabağın müstəqilliyinin" Rumıniya tərəfindən prinsipcə tanınmasının mümkün olduğunu bildirmisiniz. Bu xəbəri şərh etməzsinizmi?

İ.İliyesku: Bunun necə şərh olunduğunu bilmirəm, amma mən bunu deməmişəm. Məndən bu barədə soruşdular, cavab verdim ki, bu həyat məsələsidir. Dağlıq Qarabağın müstəqil olub-olmayacağı siyasi praktika işidir. İndi məsələ tamam başqa cür qoyulur və biz dedik ki, müstəqil dövlətlər arasında beynəlxalq münasibətlərin prinsiplərinə müvafiq surətdə münaqişənin dincliklə aradan qaldırılması sahəsində səyləri böyük diqqətlə izləyirik. Mən başqa heç nə deməmişəm.

Sual: Cənab İliyesku, Dağlıq Qarabağ münaqişəsi, sizcə, hansı prinsiplərlə aradan qaldırıla bilər?

İ.İliyesku: Prezident Heydər Əliyevin göstərdiyi prinsiplər əsasında. Qonşu dövlətlərin suverenliyi, müstəqilliyi prinsipləri əsasında.

Sual: Cənab Əliyev, bu yaxınlarda Gürcüstan prezidenti Eduard Şevardnadze Belovejsk sazişlərinin ləğv olunması haqqında Rusiya Dövlət Dumasının qərarını müzakirə etmək üçün MDB başçılarının növbədənkənar zirvə toplantısını çağırmaq ideyası irəli sürmüşdür. Siz bu ideyaya necə baxırsınız?

H.Əliyev: Cənab Şevardnadzenin ideyasından xəbərim yoxdur, bu barədə eşitməmişəm. Bilirsinizmi, belə suallara mətbuat vasitəsilə cavab vermirlər. Əgər belə təşəbbüs olarsa və o, rəsmən elan edilərsə, onda mən buna öz münasibətimi bildirərəm.

Sual: Rumıniya Dağlıq Qarabağ məsələsinin həllində necə iştirak edə bilər? Bu prosesdə onun rolu nədən ibarət ola bilər?

İ.İliyesku: Rumıniyanın imkanları çox azdır. Biz yalnız onunla kömək edə bilərik ki, bu sülh prosesinə kömək məqsədilə əlaqədar dövlətlərin və beynəlxalq təşkilatların irəli sürdükləri təşəbbüsləri dəstəkləmək üçün var qüvvə ilə səy göstərək. Biz prezident Əliyevin qeyd etdiyi prinsiplərlə tam razıyıq. Bu prinsiplərin əsasını həmin məsələnin dincliklə həlli təşkil edir. Aydındır ki, o, hərbi yolla həll edilə bilməz.

Sual: Rumıniyanın Azərbaycanla oxşar problemləri var. İndiki halda söhbət Transilvaniyadan gedir. Bununla əlaqədar separatçılığa və Dağlıq Qarabağ probleminə münasibətinizi bilmək istərdik.

İ.İliyesku: Mən belə düşünürəm ki, Transilvaniya Macarıstanın deyil, Rumıniyanın qədim ərazisidir. Orada bizim ulu babalarımız yaşamışlar. Roma imperiyası hələ meydana gəlməzdən əvvəl orada bizim ulu babalarımız - dakların dövləti olmuşdur. Bu dövlətin siyasi mərkəzi Transilvaniyada idi. Macarlar Avropada yalnız min il bundan əvvəl peyda olmuşlar. Bizim əcdadlarımız orada min illər boyu yaşamışlar. Transilvaniyanın Avstriya və Avstriya-Macarıstan imperiyası tərəfindən işğalı dövründə Transilvaniya əhalisinin əksəriyyətini həmişə rumınlar təşkil etmişlər, macarlar azlıqda olmuşlar.

Birinci dünya müharibəsindən sonra millətlərin öz müqəddəratını təyin etməsi prinsipinə əsasən Transilvaniya əhalisinin əksəriyyəti, yəni rumınlar digər əyalətlərə birləşməyi və bir milli dövlətdə - Rumıniya dövlətində qaynayıb-qarışmağı qərara aldılar. Bu, 1918-ci ildə olmuşdur. 1940-cı ildə Molotov-Ribbentrop paktına əsasən Sovet İttifaqı Rumıniya ərazisi olan Bessarabiyanı işğal etdi, Hitlerin və Mussolininin hökmü ilə isə Transilvaniyanın yarısı Macarıstana verildi. İkinci dünya müharibəsindən sonra Transilvaniya yenidən Rumıniyanın tərkibinə daxil oldu. Orada macarlar da yaşayırlar. Lakin onlar azlıq təşkil edirlər. Rumıniyada 23 milyon adam yaşayır, onların 1 milyon 700 min nəfəri macarlardır. Transilvaniyada 9 milyondan çox adam var. Beləliklə, bütün göstəricilərə görə macarlar azlıq, Rumıniya əhalisinin 7 faizini təşkil edirlər. Lakin onlar Rumıniya vətəndaşlarıdır və bütün vətəndaş hüquqlarına, siyasi hüquqlara malikdirlər, Rumıniya parlamentində, yerli idarəetmə orqanlarında təmsil olunmuşlar, onların öz məktəbləri var. Orada anklav məsələsi heç vaxt ortaya atıla bilməz.

Dünyanın heç bir yerində - nə Avropada, nə də Zaqafqaziyada sırf milli dövlət yoxdur. Məsələ insan hüquqlarındadır, dövlətin demokratik həyatındadır. Elə ölkələr var ki, orada milli azlıqlar barədə söhbət getmir. Məsələn, Fransada yalnız bir məfhum - vətəndaş məfhumu var. Hətta o, Seneqaldan gəlmiş zənci və ya məğribli ərəb də olsa, fransız sayılır, pasportunda da beləcə yazılır. Avropanın digər ölkələrində başqa tarixi şərait yaranmışdır, ona görə də onlar milli azlıqların hüquqları sahəsində siyasət yeridirlər. Sizin zonada da millətlərarası münasibətlərdə mürəkkəb məsələlər mövcuddur. Hər bir ölkənin öz tarixi təcrübəsi var.

Biz separatçılığın və ayrı-seçkiliyin əleyhinəyik, ona görə ki, bu, böyük faciədir. Əsrlər boyu bir yerdə yaşamış, xarici basqınlara qarşı birgə mübarizə aparmış insanlar indi bir yerdə yaşaya bilmirlər. Belə hesab edirəm ki, hər bir ölkənin yalnız demokratik inkişafı insanlar arasında humanist münasibətləri normal hala salmağa imkan verəcəkdir. Biz də etnik təmizləmə aparmaq, xalqı macarlara və rumınlara bölmək istəyən millətçilər, ekstremistlər, separatçılar, ayrı-seçkilik tərəfdarları var. Lakin onların niyyətləri baş tuta bilməz. Bizdə yüz minlərlə qarışıq nikah var. Onların uşaqları hansı millətdəndir? Yəqin ki, sizdə də belə məsələlər var.

H.Əliyev: Cənab prezident, nəzərinizə çatdırım ki, Bakıda təxminən 50-60 min erməni qadın yaşayır. Onların ərləri azərbaycanlıdır.

İ.İliyesku: Bir sözlə, həyat bizi normal insani münasibətlər şəraitində yaşamağa öyrədəcəkdir.

Sual: Cənab İliyesku, Qara dəniz və Xəzər dənizi regionlarını birləşdirmək üçün Rumıniya ilə Azərbaycan arasında nəqliyyat dəhlizinin layihəsi nə vaxt reallaşdırılacaqdır?

İ.İliyesku: Türkiyə ilə bizim daimi dəniz əlaqəmiz var. Tbilisidə də, Bakıda da danışdıq ki, Samsundan və Trabzondan Gürcüstan sahillərinədək gələn bu xətti uzadaq. Qara dəniz yolunu Azərbaycandan Gürcüstana gələn dəmir yolu vasitəsilə də uzatmaq olar. Sizin Türkmənistanla şəxsi təcrübəniz var. Ona görə də bu yolu Xəzər dənizi vasitəsilə də uzatmaq mümkündür.

Biz bu ilin axırınadək nəqliyyat xətlərini Poti və Batumiyədək uzatmaq barədə razılığa gəlmişik.

Sual: Mənim sualım hər iki prezidentədir. Azərbaycan və Rumıniya neft sənayesi sahəsində əməkdaşlıq edəcəklərmi və bu, təkcə neftin nəqli ilə məhdudlaşmayacaq ki?

İ.İliyesku: Ölkələrimiz arasında neft sənayesi və ondan ötrü avadanlıq istehsalı sahəsində əməkdaşlıq təcrübəsi var. Prezident Əliyev bu barədə danışdı. Lakin indi əməkdaşlığımız yeni zəmin üzərində, yeni siyasi reallıqlar nəzərə alınmaqla qurulmalıdır. Biz bu əməkdaşlığı bazar iqtisadiyyatı əsasında modernləşdirməliyik.

H.Əliyev: Cənab İliyeskunun fikrinə tamamilə şərikəm. Neft sənayesində əməkdaşlıq sahəsində həqiqətən böyük təcrübəmiz var. Ancaq yeni şəraitdə bundan ötrü daha böyük imkanlar yaranmışdır və biz onlardan istifadə etməyə çalışacağıq.


"Heydər Əliyev: müstəqilliyimiz əbədidir" (çıxışlar, nitqlər, bəyanatlar, məktublar, müsahibələr) - 6-cı cild, səh.25.