Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 75 illik yubileyi ilə əlaqədar Bakıya gəlmiş xarici ölkələrin nümayəndə heyətlərinin şərəfinə təşkil edilmiş rəsmi qəbulda nitqi - Prezident iqamətgahı, 8 may 1998-ci il


Hörmətli dostlar, qonaqlar, xanımlar və cənablar!

Bu gün özümü bir qədər narahat hiss edirəm. Aydındır ki, 75 yaş tamam olur və yaranmış ənənəyə, xalq adətinə görə, belə hallarda səbəbkarı təbrik edirlər. Lakin mən özümün çoxillik həyatım ərzində öz ad günümü, xüsusən də belə bütöv rəqəmli tarixi heç vaxt qeyd etməmişəm. Ad günümdə uzağı ailəm, həyat yoldaşım, övladlarım ilə birlikdə nahar edə bilərdik.

Ötən dövrləri xatırlayarkən deyə bilərəm ki, ilk dəfə mənim ad günüm barədə xəbər 50 yaşım tamam olanda bizim keçmiş Sovet İttifaqında geniş yayıldı, çünki mən Azərbaycanın rəhbəri, respublikamızın Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi idim. O vaxt məni Lenin ordeni ilə təltif etdilər. 50 illiyimlə əlaqədar və Kommunist Partiyası və sovet dövləti qarşısında xidmətlərimə görə Lenin ordeni ilə təltif edilməyim haqqında fərman Sovet İttifaqının bütün qəzetlərində dərc olundu. Onda məlum oldu ki, 50 yaşım var, yaşımın rəqəmi bütöv rəqəmdir. Mən çox təbriklər aldım. Lakin mən Azərbaycan KP MK-nın birinci katibi işləyirdim və həmkarlarımız, büro üzvləri məndən birtəhər toplaşmağı, heç olmasa büro üzvlərini toplamağı təkidlə xahiş edirdilər. Mən buna razı olmadım.

60 yaşım tamam olanda Moskvada işləyirdim, Sov. İKP MK Siyasi Bürosunun üzvü və SSRİ Nazirlər Soveti sədrinin birinci müavini idim. Mən onda da yüksək mükafata layiq görüldüm: mənə ikinci dəfə Sosialist Əməyi Qəhrəmanı adı verdilər - təbii olaraq, Lenin ordeni ilə, Qızıl Ulduz nişanı ilə təltif etdilər. Bu, daha geniş miqyasda məlum oldu. Onda mən Moskvada, Kremldə işləyirdim. Həmin gün və ertəsi gün mən öz iş otağımda bütün həmkarlarımı - Siyasi Büro üzvlərini və üzvlüyə namizədləri, Nazirlər Soveti sədrinin müavinlərini, nazirləri, digər dövlət xadimlərini qəbul etdim. Onlar yanıma gəlir, təbrik edir və müəyyən rəmzi suvenirlər verirdilər. Lakin o gün mən yenə də öz ailə üzvlərimlə oldum və heç bir məclis düzəltmədim.

65 yaş elə bir tarix deyil ki, onu xatırlayıb qeyd edəsən. 65 yaşım tamam olanda nələr olduğu heç yadımda da deyildir. Amma 70 yaşım tamam olanda Naxçıvanda idim, təklənmişdim, məni nüfuzdan salmağa can atırdılar. Bilirsiniz ki, 1988-ci ildən sonra mənim üçün xoşagəlməz hallar dövrü, xüsusən 1990-cı ilin yanvarında Siyasi Büronun, sovet hökumətinin Azərbaycana qoşun yeridilməsi haqqında qərarına qarşı etirazımı bildirdikdən sonra həyatımda çox ağır dövr başlandı. Bundan sonra mən Kommunist Partiyasının sıralarından çıxdım, təqiblərə məruz qaldım. Mətbuatda mənim haqqımda hər cür uydurmalar yazırdılar. Bir sözlə, məni gözümçıxdıya salmışdılar. Mən Moskvanı tərk etməli oldum və Bakıya gəldim. Məni burada da təqib etməyə başladılar və bir neçə gündən sonra Bakını tərk edib Naxçıvana - coğrafi cəhətdən çox mürəkkəb mövqedə yerləşən muxtar respublikaya getməli oldum. Mən bu şəhərdə doğulmuşam, gənclik illərim burada keçib, orada orta təhsil almışam. Bu şəhər mənim vətənimdir. Mən gedib orada yaşadım. Orada Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri işlədim, orada 70 yaşım tamam oldu. Vəziyyətimiz ağır idi, lakin buna baxmayaraq, mənimlə işləyən adamlar yubileyimə birtəhər toplaşmağı xahiş etdilər. Mən razı olmadım. Amma iş elə gətirdi ki, mayın 9-da, Qələbə günü bir qrup müharibə veteranı Naxçıvana gəldi. Demə, o vaxtlar hakimiyyətdə olan Xalq Cəbhəsi Azərbaycanda Qələbə gününün bayram edilməsini qadağan etmişdi. Belə olduqda, veteranlar Naxçıvana getməyi qərara almışdılar, çünki bilirdilər, biz orada 9 Mayı qeyd edirik. Mayın 9-da biz veteranlarla birlikdə yığıncaq keçirdik, mən onları təbrik etdim. Mayın 9-da axşamtərəfi bəzi digər adamlar - mənimlə əlaqə saxlayan alimlər, professorlar, akademiklər gəldilər. Doğrudur, Yeni Azərbaycan Partiyası artıq həmin vaxtadək yaradılmışdı və mən onun sədri idim. Bu partiyanın fəalları da məni təbrik etmək ücün Naxçıvana gəlmişdilər. Bu, məni kiçik bir məclis düzəltməyə vadar etdi. Düzdür, orada ancaq yerli musiqiçilər, müğənnilər vardı. Ömrümün 70 ili ərzində ilk dəfə olaraq biz ad günümü ağır psixoloji və maddi cəhətdən ağır şəraitdə çox şən keçirdik. Bu, mənim yadımda qaldı. Oğlum Moskvadan oraya gəlmişdi və bunu o da xatırlayır.

Aradan beş il keçdi. 75-ci ildönümü yaxınlaşır. Azərbaycanda çoxları təşəbbüs göstərirlər. Mən çoxdan elan etmişəm ki, öz köhnə prinsiplərimə sadiq qalıram, heç nəyi qeyd etməyəcəyəm və qərara almışam ki, mayın 9-da səhər veteranları təbrik etdikdən sonra buradan çıxıb gedəcəyəm. Lakin bugünkü görüşə aprelin 29-da Moskvada MDB dövlət başçılarının görüşündə qəbul edilmiş qərar səbəb oldu. Bunları ona görə danışıram ki, mənim belə şeylərə münasibətimi, hisslərimi biləsiniz. Bax ona görə də dedim ki, özümü bir qədər narahat hiss edirəm. Açığını deyim, bir tərəfdən, mənə çox xoşdur ki, MDB ölkələrinin nümayəndə heyətlərinin hamısı dostcasına, birlikdə Bakıya gəlmiş və məni təbrik etmişdir, onlarla söhbət etməyə imkanım olmuşdur, onların Azərbaycanın həyatı ilə müəyyən dərəcədə tanış olmağa imkanları olmuşdur. Bu, bizim üçün, mənim üçün və zənnimcə, qonaqlar üçün də çox faydalıdır. Təbii olaraq, mənə xoşdur ki, hamı mənə diqqət göstərmişdir. Üstəlik, siz hamınız öz ölkələrinizin prezidentlərinin təbriklərini gətirmisiniz, Şimali Qafqaz respublikalarının prezidentlərinin özləri isə buradadırlar. Ona görə də bu hadisə mənə olduqca xoşdur. Bununla belə, mənim şərəfimə açılmış bu süfrə arxasında özümü bir qədər qeyri-adi hiss edirəm. İnanın ki, həyatımda hələ heç vaxt belə şey olmayıbdır. Görünür, insan özünün 75 illiyinə gəlib çatdıqda bunlar olan hallardır. Lakin hər halda, bunu müzakirə etmək lazım deyil. Mən bunu sadəcə olaraq informasiya xatirinə dedim. Bütün bunlara baxmayaraq, mən bu görüşə son dərəcə şadam. Səhər saat 10-dan mən bütün nümayəndə heyətləri ilə görüşdüm və indi biz bu salona toplaşmışıq, burada birlikdəyik, bir ailə kimiyik. Mənə göstərilmiş diqqətə görə, ad günümlə əlaqədar öz xalqlarınızın, dövlətlərinizin, prezidentlərinizin mənə ehtiramını ifadə etmək üçün Azərbaycana, Bakıya məxsusi olaraq gəldiyinizə görə sizə bir daha səmimi təşəkkürümü bildirmək istəyirəm.

Müstəqil Dövlətlər Birliyi ölkələrinin bütün prezidentlərinə böyük təşəkkürümü bildirirəm. Ən əvvəl ona görə ki, onlar mənə böyük qayğı göstərərək, aprelin 29-da, demək olar, hamı bu məsələni qaldırdı, müzakirə etdi və belə bir ümumi razılığa gəldilər ki, Əliyevə bu cür təbrik təşkil etmək lazımdır. Mən bu təşəbbüsə görə, bu gün aldığım təbriklərə görə, təbrik məktublarında ifadə olunmuş səmimi sözlərə, xoş münasibətə, ülvi hisslərə görə prezidentlərə minnətdaram. Sizə minnətdaram ki, dəvətimi qəbul edib bu salona gəldiniz, biz sizinlə bir stol arxasında əyləşmişik. Burada olanların hamısının sağlığına badə qaldırıram. Mənim əziz qonaqlarım, sizin sağlığınıza! Müstəqil Dövlətlər Birliyi ölkələri prezidentlərinin sağlığına! Sizin sağlığınıza, dövlətlərinizin şərəfinə, ölkələrinizin şərəfinə, xalqlarınızın şərəfınə! Əmin ola bilərsiniz ki, Azərbaycan bütün MDB ölkələri ilə, bütün Qafqaz respublikaları ilə həmişə ən xoş, ən səmimi, ən mehriban münasibətlər saxlayacaqdır.

Mənə xüsusilə xoşdur ki, bu gün burada Şimali Qafqaz respublikalarının prezidentləri, nümayəndə heyətləri iştirak edir. Onlar Rusiya Federasiyasının tərkibinə daxildir, onun subyektləridir. Bununla bərabər, onlar bütün tarixləri boyu ilk dəfə istifadə etdikləri belə hüquqlar, azadlıq, müstəqillik əldə etmişlər. Şimali Qafqaz ölkələrinin prezidentlərinin, nümayəndə heyətlərinin də burada olması mənə xoşdur. Sizin şərəfinizə! Hamınıza cansağlığı, xoşbəxtlik, əminamanlıq arzulayıram! Hər şeydən əvvəl, hər birinizə 75 il ömür sürməyi, 75 yaşında da heç olmasa, mənim kimi işləyə, çalışa bilmənizi arzu edirəm. Sağ olun!

* * *

Başa düşürəm ki, bəziləriniz artıq hava limanına yola düşməlidir. Əlbəttə, hamınızdan xahiş edərdim ki, gecəni burada qalasınız, axşam Bakısının seyrinə dalasınız, səhər günəşin doğduğunu müşahidə edəsiniz - bütün bunlar bizdə çox maraqlı olur. Doğrudan da, şəhərin dəniz sahilində olması xüsusi gözəllik yaradır. Lakin kimsə mənim təklifimlə razılaşa bilər, kimsə də bunu qəbul etməz - əlbəttə, bunu hərənin özü müəyyənləşdirir. Kiminsə artıq yola düşməli olduğunu nəzərə alaraq, gəldiyinizə görə də, burada söylədiyiniz sözlərə görə də, gətirdiyiniz təbrik məktublarına görə də, bu gün hamımızın bir yerdə olduğumuza görə də sizə bir daha təşəkkür etmək istərdim.

Yeri gəlmişkən, bizim bu çətin zəmanəmizdə bu, tez-tez olan hadisə deyildir, bəlkə də nadir hadisədir. Məsələn, mən bu görüşdən böyük məmnunluq duyuram. Ona görə yox ki, siz hamınız məni ad günüm - 75 illiyim münasibətilə təbrik edirsiniz, ən çox ona görə ki, sizinlə görüşdüm, biz tanış olduq. Bəzilərinizlə çoxdan tanışam, bəzilərinizi isə ilk dəfə olaraq görürəm. Bəlkə də kiminləsə nə vaxtsa görüşmüşük - indi bu əlaqələri, bu tanışlığı bərpa edirik. Odur ki, sizin hamınızı özümə dost bilirəm. Bir halda ki, konkret olaraq mənim ad günüm, 75 illiyim ilə əlaqədar bu gün siz Azərbaycanda mənimlə birlikdəsiniz, deməli, siz mənim üçün yaxın adamlar oldunuz, siz mənim üçün dost oldunuz. Sizə cansağlığı və firavanlıq arzulamaq istəyirəm, mənə göstərdiyiniz diqqətə görə sizə bir daha və yenidən təşəkkür etmək istəyirəm. Xahiş edirəm, mənim ən səmimi duyğularımı, hörmət və ehtiramımı ölkələrinizin prezidentlərinə çatdırasınız, sizin vasitənizlə mənə göndərdikləri təbriklərə görə təşəkkürümü yetirəsiniz. Xahiş edirəm, Azərbaycan xalqının ən xoş duyğularını xalqlarınıza çatdırasınız.

Müstəqil Dövlətlər Birliyinin ölkələri təşəkkülün və inkişafın çox mürəkkəb bir dövrünü keçirirlər. Ürəkdən istəyirəm ki, hər bir ölkə tarixin bu mürəkkəb dövrünü mümkün qədər daha az maneələrsiz qət etsin. Mən qəti əminəm ki, belə də olacaqdır. Bəlkə də haradasa daha çox, haradasa daha az itki olacaq, lakin biz hamımız bu yoldan, bu mərhələdən keçəcək və həyatın yeni səviyyəsinə və sosial-iqtisadi quruluşun, təbii olaraq, yeni səviyyəsinə çıxacağıq. Xeyli yaşamış və bir çox illər Sovet İttifaqının ali rəhbərliyində işləmiş bir şəxs kimi inamla deyirəm ki, geriyə yol yoxdur. Əvvəlki dövlət sisteminə, əvvəlki cəmiyyətə qayıdış yoxdur. Nə qədər çətin olsa da, biz islahatlar yolu ilə, bazar iqtisadiyyatı qurulması yolu ilə, dünya iqtisadiyyatına yaxından qoşulmaq yolu ilə, demokratiya yolu ilə, azadlıq yolu ilə, dövlət müstəqilliyi yolu ilə getməliyik.

Müstəqil Dövlətlər Birliyinə daxil olan hər bir ölkənin dövlət müstəqilliyi tarixi nailiyyətdir və bizlərdən hər biri bu nailiyyəti qorumalı və müstəqilliyi, suverenliyi, azadlığı möhkəmlətmək və daha çox bərqərar etmək üçün lazım olan bütün işləri görməliyik. Ölkələrimiz ən gözəl qarşılıqlı fəaliyyətə, ən gözəl əməkdaşlığa və ən gözəl dostluğa yalnız bu əsasda malik ola bilərlər. Zənnimcə, - təkrar edirəm, - mən hər halda çox şey görmüşəm və bilirəm ki, yolumuz məhz buradan keçir. Kim necə bacarırsa, biz bu yolla getməliyik ki, həm iqtisadi vəziyyətin, həm də insanların rifahının yeni səviyyəsinə çıxa bilək. Əminəm ki, biz hamımız yaxşı nəticələr əldə edəcəyik. Əminəm ki, bir müddətdən sonra ölkələrimiz yaxşı iqtisadi imkanlara malik olacaq, sosial problemləri müvəffəqiyyətlə həll etmək iqtidarında olacaqlar. Biz azad olacağıq, hər bir insan azad olacaq və iqtisadiyyat azad olacaq, bazar iqtisadiyyatı olacaq, aparılan və aparılacaq islahatlar, şübhəsiz, öz faydasını verəcəkdir. Biz bu yolla qətiyyətlə gedirik və gedəcəyik. Mən öz təcrübəmizdən və öz rəyimizdən danışıram. Əslinə qalsa, hərə öz bildiyi kimi həll edir. Vəziyyətimizin xüsusiyyəti və mühüm nailiyyətimiz ondan ibarətdir ki, indi hər bir ölkə qərarlar qəbul edilməsində sərbəstdir, heç kimdən asılı deyildir, heç bir mərkəz yoxdur. Bu da böyük işdir.

Çox sağ olun, şəxsən sizə işinizdə, şəxsi həyatınızda uğurlar, firavanlıq arzulayıram, ölkələrinizin xalqlarına sülh, əminamanlıq, gözəl günlər arzulayıram. Sağ olun, sizin sağlığınıza!