Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Türkiyənin Ədalət və İnkişaf Partiyasının sədri Rəcəb Tayyib Ərdoğanla birgə keçirilən mətbuat konfransında jurnalistlər qarşısında bəyanatı - 7 yanvar 2003-cü il


Hörmətli mətbuat nümayəndələri!

Sizin hamınızı salamlayıram və bildirmək istəyirəm ki, bu gün Türkiyə-Azərbaycan əlaqələrində əlamətdar hadisə baş verir. Türkiyə Cümhuriyyətində keçən ilin noyabrında seçkilərdə uğur qazanmış Ədalət və İnkişaf Partiyası təkbaşına hakimiyyətə gəlib və hökumət qurubdur. Partiyanın sədri, bizim hörmətli dostumuz cənab Ərdoğan bir neçə çox mühüm xarici səfərdən sonra Qafqaza, Orta Asiya cümhuriyyətlərinə səfərlərinə Azərbaycandan başlayıbdır. Mən bu münasibətlə həm dostumuz cənab Ərdoğana, həm də onu müşayiət edən şəxslərin hamısına bir daha təşəkkürümü bildirirəm. Azərbaycana xoş gəlmisiniz! Bu da əlamətdar hadisədir ki, bu səfərlər yenə də Azərbaycandan başlayır. Amma eyni zamanda bu təbiidir, əgər başqa birisi olsaydı, ola bilər ki, onu anlamaq çətin olardı. Bunun səbəbini siz bilirsiniz. Türkiyə və Azərbaycan arasındakı dostluq, qardaşlıq, strateji əməkdaşlıq əlaqələri xüsusi xarakter daşıyır, həyatımızın bütün sahələrini əhatə edir və bu dostluq əlaqələrini Azərbaycanda həmişə yüksək qiymətləndiriblər, bu gün də biz yüksək qiymətləndiririk. Məhz bu dostluq, qardaşlıq əlaqələri Azərbaycan Respublikası öz dövlət müstəqilliyini əldə edəndən sonra onun inkişafında mühüm rol oynayıbdır. Mən həmişə demişəm, bu gün də deyirəm ki, Azərbaycan öz müstəqilliyini əldə edəndən Türkiyə həmişə Azərbaycanla bərabər olub, bir yerdə olub və Azərbaycanın bütün qayğılarını bölüşübdür. Dedim ki, bizim əlaqələrimiz çox yüksək səviyyədədir və həyatın bütün sahələrini əhatə edir. Ancaq hesab edirəm ki, indi Türkiyədə yeni hökumət yaranandan sonra bir partiyanın iqtidarda olması Türkiyə cümhuriyyətinin sürətlə inkişaf etməsinə şərait yaradıb və belə halda, təbii ki, Türkiyə-Azərbaycan əlaqələri də gərək o sürətli inkişafla ayaqlaşsın. Yəni onunla bərabər getməyə qadir olsun.

Güman edirəm ki, biz buna da nail ola biləcəyik. Mən bir daha sizə deyirəm ki, xoş gəlmisiniz. Biz bu gün çox səmərəli danışıqlar apardıq. Cənab Ərdoğanla mən başbaşa, təkbətək danışdıq. Doğrudur, biz reqlamenti pozduq və bir-iki dəfə protokol şöbəsindən gəlib bizə dedilər ki, vaxt keçdi. Amma elə bil ki, biz heç danışmamışdıq. Bizim danışmağımız üçün 1-2 saat azdır. Saatlar lazımdır. İnşallah, bu da olacaqdır. Güman edirəm ki, yaxın vaxtlarda cənab Ərdoğan Türkiyənin baş naziri olacaq, ondan sonra mənim dəvətim var, dəvətimi qəbul edib yenə də ilk olaraq Azərbaycana səfər edəcəkdir. Proqramı biz onda daha geniş tutacağıq. Bizim daha çox söhbət etməyə, danışmağa, Azərbaycanda belə bir söz var, dərdləşməyə vaxtımız olacaqdır.

Sağ olun, mən sizə öz hörmət və ehtiramımı bildirirəm. Sözü sizə verirəm.

"Azərbaycan" qəzeti, 8 yanvar 2003-cü il.