Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin MDB-nin icraçı katibi Yuri Yarovu qəbul edərkən söhbətindən - Prezident sarayı, 18 may 2000-ci il


Yuri Yarov: Heydər Əliyeviç, mən buraya gələrkən qarşıma üç vəzifə qoymuşam. Birincisi - bundan əvvəlki, yanvarın 25-də keçirilmiş zirvə toplantısı qərarlarının yerinə yetirilməsinin gedişi barədə Sizə məlumat vermək. İkincisi, mən iyunun 21-də keçiriləcək növbəti iclasda Sizin müzakirənizə çıxarılması təklif olunan məsələlərə dair proqram layihəsini Abbas Aydınoviç Abbasova təqdim etmişəm. Həmin iclasdan əvvəl xarici işlər nazirlərinin və hökumət başçıları şurasının iclasları keçiriləcəkdir. Üçüncüsü, bir sıra məsələlər var və mən gələcəkdə həmin istiqamətlər üzrə daha inamla fəaliyyət göstərmək və Dövlət Başçıları Şurası iclaslarının məsələlərinə daha keyfiyyətlə hazırlaşmaq mümkün olsun deyə, bu barədə öz mövqeyimizin düzgünlüyünü yoxlamaq və Sizin məsləhətinizi almaq istərdim.

Lakin mən hər şeydən əvvəl Sizinlə görüşmək, Sizə məruzə etmək və hesabat vermək imkanı yaratdığınıza görə bir daha təşəkkürümü bildirirəm. Bundan əlavə, Sizə uğurlar da diləmək istəyirəm - lap bu yaxınlarda biz Sizi məktubla təbrik etmişik.

Sizin nə etdiyiniz, dedikləriniz bizim üçün həmişə çox vacibdir. Mən dəfələrlə demişəm ki, Sizin fikirləriniz bizim üçün mühümdür. Son hadisələr də sübut edir ki, Sizin sayənizdə biz həqiqətən daha çox konsensusa gəlməyə, başlıcası isə, müəyyən olunmuş istiqamətdə irəliləməyə başlamışıq. Buna görə Sizə ürəkdən təşəkkür edirik.

Daha bir neçə kəlmə demək istəyirəm. Mən hər dəfə buraya gələndə paytaxtınızın necə inkişaf etdiyini, burada necə çoxlu yeni tikintilərin getdiyini görəndə heyran oluram. Bunlar dərhal gözə çarpır. Bu, Sizin götürdüyünüz xəttin düzgünlüyünü təsdiqləyir və biz bunu məmnunluqla vurğulayırıq.

Heydər Əliyeviç, icazə versəniz, hər şeydən öncə haqqında qərarlar qəbul etdiyimiz istiqamətlərin hamısı barədə danışardım. Bu qərarlar üç yerə bölünür. Birincisi, yerinə yetirilmiş qərarlardır - mən sözümə bunlardan başlayacağam; ikincisi, başa çatmaq mərhələsində olanlardır; üçüncüsü isə yerinə yetirilməmiş qərarlardır, mən sonuncuların səbəbini izah edəcəyəm.

Heydər Əliyev: Yuri Fyodoroviç, dediyiniz sözlərə görə, xoş arzularınıza və xoş münasibətinizə görə sağ olun. MDB çərçivəsində fəal əməkdaşlıq etməyə tərəfdar olduğumuzu bir daha təsdiqləyirəm. Mən iyunun 21-də dövlət başçıları görüşünün keçirilməsinə razılıq vermişəm. Bu görüş ərəfəsində xarici işlər nazirlərinin və hökumət sədrlərinin görüşlərinin keçirilməsi ilə də razıyam.

Düşünürəm ki, indi, Vladimir Vladimiroviç Putin Rusiyanın prezidenti seçildikdən sonra, - biz hamımız, MDB-nin dövlət başçıları yanvarın 25-də Moskvada onu dəstəkləmişdik, - Rusiyanın həyatında yeni mərhələ başlayır. Hesab edirəm ki, bu, Rusiya ilə Azərbaycan arasında ikitərəfli əməkdaşlıq, - bu barədə bu günlərdə MDB işləri üzrə nazir Leonid Draçevski ilə danışmışıq, - habelə MDB çərçivəsində əməkdaşlıq üçün də daha əlverişli şərait yaradır.

Azərbaycan həm ikitərəfli səviyyədə, həm də MDB çərçivəsində əməkdaşlığın inkişaf etdirilməsi mövqelərində möhkəm dayanır. Ona görə də sizin informasiyanızı eşitməyə şad olacağam. Biz öz mülahizələrimizi bölüşə bilərik. Şadam ki, siz bu məsələ ilə əlaqədar xüsusi olaraq Bakıya gəlmisiniz. İndi isə mətbuata təşəkkür etmək istəyirəm ki, biz hər şey barəsində ətraflı söhbət edə bilək.

"Azərbaycan qəzeti", 19 may 2000-ci il.