Roma papası II İohann Pavelin Azərbaycanın dın, elm və incəsənət xadimlərı ilə görüşündə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin nitqi - Prezident sarayı, 22 may 2002-ci il


Zati-Müqəddəsləri!

Sizi Azərbaycan dövləti adından səmimiyyətlə salamlayıram. Sizə xalqımızın ən xoş hisslərini çatdırıram. Sizin səfəriniz tarixi hadisədir, Azərbaycan dövlətinə olan hörmətinizin, bizim isə Avropa ilə bütünləşməyimizin təsdiqidir.

Siz Azərbaycana çox əlamətdar bir vaxtda gəlmisiniz. Sabah Vatikanın Azərbaycanın dövlət müstəqilliyini tanımasının 10 ili tamam olur. Belə bir günü məhz Azərbaycanda keçirmək niyyətiniz həqiqətən də nəcib diqqətlilik nümunəsidir.

Mən 1997-ci ilin sentyabrında İtaliya Respublikasına rəsmi səfərim çərçivəsində Vatikanı ziyarətimi və Sizinlə görüşümü böyük məmnunluq hissi ilə xatırlayıram. O zaman Sizinlə görüşüm və söhbətlərim mənə çox böyük təsir bağışlamışdı. Çox şadam ki, həmin görüşdə etdiyim dəvəti qəbul etmisiniz və Azərbaycana gəlmisiniz.

Siz müasir dünya tarixində mühüm rol oynayan şəxsiyyətsiniz, dini, irqi, milli sosial və siyasi fərqlərindən asılı olmayaraq, bütün insanlara xidməti özünün həyat idealına çevirmiş böyük humanistsiniz. Məhz buna görə Sizin yolunuz yalnız xristian katoliklərin yaşadığı ölkələrdən deyil, digər dinlərin, mədəniyyətlərin mövcud olduğu, insanların yaşadığı hər yerdən keçir. Bu gün həmin yol Sizi Azərbaycan torpağına gətirmişdir.

Azərbaycan ən qədim zamanlardan dinlərin, dillərin və mədəniyyətlərin təmas və ünsiyyət yeri olmuşdur. Azərbaycanlılar artıq 1300 ildən çoxdur ki, islam dininə etiqad edirlər. Onlar eyni zamanda, dini dözümlülükləri ilə seçilir, başqa xalqların dinlərinə və mədəniyyətlərinə ehtiramla yanaşırlar.

Digər dini icmalar kimi, katoliklər də Azərbaycanda hər zaman hörmət və etimad görmüşlər. Tarixçilərin verdiyi məlumatlara görə, Azərbaycanda ilk katolik icması XIX əsrin 30-cu illərində formalaşmağa başlamışdır.

XIX əsrin sonu – XX əsrin əvvəllərində katolik icmasının nümayəndələri Bakının mədəni-ictimai həyatında mühüm rol oynamış, xüsusən də səhiyyə, mədəniyyət və memarlıq sahələrində bu gün də minnətdarlıqla xatırlanan izlər qoymuşlar. 1912-ci ildə yerli katolik icmasının təşəbbüsü və əhalinin ianəsi ilə Bakının mərkəzi hissəsində «Müqəddəs Məryəm» kilsəsi ucaldılmışdı. Təəssüf ki, stalinizm dövründə islam, xristianlıq və yəhudiliklə bağlı bir çox din ocaqları kimi, bu katolik məbədi də dağıdılmışdı. Din və etiqad sərbəstliyinin hökm sürdüyü Azərbaycanda indi digər dini icmalar kimi, katoliklər də bütün hüquq və azadlıqlara malikdirlər.

Zati-Müqəddəsləri!

Azərbaycan xalqı özünəməxsus və nadir bir mədəniyyət yaratmışdır. Bu mədəniyyətin əsasında müsəlman və xristian sivilizasiyalarının sintezi dayanır. Orta əsrlərdən etibarən Azərbaycan mədəniyyəti Şərq ilə Qərb, müsəlman və xristian dünyaları arasında bir körpü olmuşdur. Zəngin müsəlman sivilizasiyasının nailiyyətləri bir sıra hallarda Azərbaycan alimlərinin, fikir adamlarının səyi nəticəsində Qərbin və bütün insanlığın mənəvi sərvətinə çevrilmiş, Qərb dəyərləri isə islam dünyasında yayılmışdır.

Azərbaycan xalqı kökü Avropadan gələn yenilikçi ideyalara yiyələnmək baxımından həmişə öncül yerlərdən birini tutmuşdur. Bu özünü elm, təhsil, mədəniyyət sahəsində xüsusilə aydın göstərmişdir. Biz bu gün haqlı olaraq fəxr edirik ki, müsəlman Şərqində yeni tipli məktəblər, demokratik mətbuat, qadın təhsili, seçmək və seçilmək hüququ ilk dəfə Azərbaycanda reallığa çevrilmiş, 1918-ci ildə bütün islam dünyasında Avropa tipli ilk dövlət – Azərbaycan Xalq Cümhuriyyəti bizim ölkəmizdə qurulmuşdur.

Artıq 10 ildən çoxdur ki, biz müstəqil dövlətimizdə yaşayırıq. Bu on il ərzində ciddi dəyişikliklərə nail olmuşuq. Mühüm iqtisadi islahatlar həyata keçiririk. Keçmiş irsdən imtina edərək, demokratik islahatlar yolunu tutmuşuq. Yoxsulluğa qarşı mübarizə aparırıq.

Mənəvi dəyərlərimizi dirçəldirik. İnsan haqlarının qorunmasına, əsas hüquq və azadlıqların təmin edilməsinə çalışırıq.

Biz tarixi seçimimizi etmişik, yəni, öz ənənələrimizdən qopmadan, milli simamızı itirmədən Qərb dünyasına, onun humanist və çağdaş dəyərlərinə üz tutmuşuq.

Azərbaycan dövlət müstəqilliyi qazandıqdan sonra biz böyük layihələr həyata keçiririk. Bu layihələr təkcə ticarət və iqtisadi mənfəət gətirmir, onlar həm də xalqları və mədəniyyətləri bir-birinə yaxınlaşdırır, inam və etimad mühiti yaradır, sivilizasiyalararası dialoqa xidmət edir.

Əlbəttə, regionumuzda ciddi problemlər, həllini tapmamış münaqişələr olmasaydı, uğurlarımız daha çox olardı. Bunu deyərkən, mən ilk növbədə Ermənistanla Azərbaycan arasındakı Dağlıq Qarabağ münaqişəsini nəzərdə tuturam. Bu region ən qədim zamanlardan bəri Azərbaycan torpağı kimi tanınmışdır. Burada yerli azərbaycanlılarla ermənilər sülh və dostluq şəraitində yaşamışlar. Ermənistanın bu bölgəyə haqsız iddiası və ölkəmizə hərbi təcavüzü nəticəsində torpaqlarımızın 20 faizi işğal edilib, 20 min nəfərdən çox azərbaycanlı həlak olub, 50 min nəfər yaralanmışdır. Çoxsaylı tarix və mədəniyyət abidələri həmişəlik yer üzündən silinmişdir. İbadət yerləri və qəbiristanlıqlar dağıdılmışdır. Ən dəhşətlisi isə budur ki, artıq on ilə yaxın bir müddət ərzində bir milyondan çox azərbaycanlı öz doğma torpağında qaçqın vəziyyətində yaşayır. Onların məskunlaşdıqları çadır şəhərçikləri erməni işğalı nəticəsində Azərbaycanın necə bir humanitar fəlakətlə üzləşdiyi haqqında aydın təsəvvür yaradır. Biz bütün dünyanın, ilk növbədə isə şəfqət və rəhmliliyi öz başlıca prinsipi hesab edən Vatikanın bu insanların vəziyyəti ilə daha yaxından maraqlanmalarını istərdik.

1994-cü ildə atəşkəs elan olunmuşdur. Artıq 8 ildir ki, ağır və çətin sülh danışıqları aparırıq. Biz münaqişənin dinc yolla nizamlanmasının tərəfdarıyıq. Regionda yenidən hərbi əməliyyatların başlanmasını, qan tökülməsini istəmirik. Lakin dinc yolla nizamlama beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanmalı, ədalətli və daimi sülhə zəmin yaratmalıdır. Yalnız belə olduqda qədim Qafqaz torpağında asayiş və tərəqqiyə qovuşmaq, nifaq və qarşıdurmanı aradan qaldırmaq olar. Yalnız belə olduqda minlərlə insana fəlakət gətirən terrorçuluğun, aqressiv separatçılığın, milli və dini ədavətlərin ağır nəticələrini dəf etmək mümkündür.

Zati-Müqəddəsləri!

Sizin Azərbaycana qısamüddətli, lakin zəngin səfər proqramınızda din, elm və incəsənət xadimləri ilə görüşə xüsusi yer ayırmağınız əlamətdar hadisədir. Bəşəriyyətin qədim kitablarından biri olan Bibliyada deyilir ki, insanı yaşadan təkcə çörək deyil, həm də ilahi dərgahdan gələn Sözdür. Din, elm, mədəniyyət və incəsənət xadimləri həmin ilahi Sözün insanlara çatdırılmasını təmin edirlər, onların əxlaqını gözəlləşdirir, mənəvi cəhətdən saflaşmalarına, təmizlənmələrinə yardım göstərirlər. Düşünürəm ki, bütün bu nəcib işləri görmək, böyük və müdrik Sözü demək Sizin də səfərinizin başlıca məqsədlərindən biridir. İki gün ərzində Sizinlə təmasda olan, ibrətli kəlamlarınızı dinləyən hər bir azərbaycanlı Sizin timsalınızda yer üzündə insan ömrünün necə yaşanmalı olduğu haqqında daha dərindən fikirləşəcəkdir.

Bu mühüm və məsuliyyətli anları minlərlə Azərbaycan vətəndaşına yaşatdığınız üçün Sizə minnətdarlığımı bildirirəm. Təşəkkür edirəm.

Oçerklər

Azərbaycan - Avropa

Ümumi tarixi arayış

Azərbaycan - Avropa

Tarixi arayış

Azərbaycan - Avropa

Əlavə sənədlər

Azərbaycan - Avropa