Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Türkiyə Atatürk Yüksək Qurumunun sədri, professor Rəşad Gənci, Bilkənd Universitetinin rektoru, professor Əli Doğramacını, Azərbaycan-Türkiyə Dostluq Fondu sədrinin müavini, professor Yüksəl Bozəri qəbul edərkən söhbətindən - Prezident sarayı, 10 aprel 2000-ci il


Heydər Əliyev: Bir daha deyirəm, xoş gəlmisiniz! Çox məmnunam ki, siz mənim dəvətimi qəbul edib gəldiniz. "Dədə Qorqud"un yubileyini bir yerdə keçirdik və siz burada elmi konfranslarda iştirak etdiniz, ölkəmizi bir daha gördünüz. Əsas da odur ki, həmişə bir yerdəyik. Dədə Qorduq bizim babamızdır və onun vəsiyyəti də odur ki, həmişə bir yerdə olun, bir-birinizdən ayrılmayın. Keçmiş vaxtlarda ayrı düşmüşük, amma indi artıq birləşirik. Ona görə də mən sizinlə görüşməyimdən çox məmnunam. Hər üçünüz mənim çox hörmət etdiyim adamlarsınız. Siz Türkiyənin çox görkəmli alimlərisiniz, professorlarısınız. Mən əziz dostumu xatırlayıram, 1994-cü ildə mən ilk dəfə Türkiyəyə gedəndə Hacəttəpə Universitetinin rektoru idi.

Yüksəl Bozər: Hörmətli prezident, onda bizə böyük şərəf verdiniz.

Heydər Əliyev: Türkiyə universitetlərində mənə çox fəxri doktor adı veriblər. Amma ilk dəfə fəxri doktor adını 1994-cü ildə Hacəttəpə Universitetində aldım. Çox, çox məmnunam.

Mənim dostum Rəşad Gənc də, bilirəm ki, Azərbaycanı çox sevən adamdır, çox böyük professordur, alimdir və eyni zamanda Atatürk Beynəlxalq Sülh Mükafatı Komissiyasının başında duran adamdır. Çox gözəl bir haldır ki, gəlib. Siz Azərbaycana birinci dəfədir gəlirsiniz, yoxsa əvvəllər gəlmisiniz?

Rəşad Gənc: Hörmətli cümhur başkanım, dördüncü dəfədir gəlirəm.

Heydər Əliyev: Dördüncü dəfə. Amma mənim gördüyüm birinci dəfədir. Ola bilər ki, digər vaxtlar gələndə məni görməmisiniz.

Rəşad Gənc: Hörmətli prezident, birinci dəfə 1991-ci ildə gəldik. O zaman mərhum Ziya Bünyadov Şərqşünaslıq İnstitutunun direktoru idi. Biz onun dəvəti ilə 35 nəfər tarixçi ilə birlikdə gəldik. O zaman Atatürkün anadan olmasının 110-cu ildönümü və türk-sovet əlaqələrinin yaranmasının 70-ci ili münasibətilə burada beynəlxalq konfrans keçirildi. Uzun fasilədən sonra, Sizin prezidentliyiniz zamanı iki dəfə - bir dəfə ötən il Bakıda milli özünüdərk mövzusunda keçirilən beynəlxalq simpoziuma, bir də Almatıya gedərkən yolüstü buraya gəldim. Bu isə dördüncü səfərimdir.

Heydər Əliyev: Çox gözəl, çox məmnunam. Əli bəy ilə də biz çox görüşmüşük. Hamımızın ağsaqqalımız İhsan Doğramacı və onun oğlu Əli bəy Doğramacı hazırda Bilkənd Universitetinə başçılıq edir. Çox məmnunam ki, sən də buradasan. Hamınızı görməkdən çox məmnunam.

Yüksəl Bozər: Hörmətli prezidentimiz, "Kitabi-Dədə Qorqud" təntənələrini təşkil etməklə bütün türk cümhuriyyətlərində yaşayan hamımıza yeni işıq tutdunuz. Çünki gələcəyimizin nə olduğunu daha yaxşı bildikcə hara gedəcəyimiz daha aydın olur. Siz bizi bir-birimizə yaxınlaşdırdınız, keçmişimizi xatırlatdınız və keçmişimizi daha yaxşı araşdırmaq üçün bizə əsas verdiniz. Sizə dərin təşəkkür edirik.

Hörmətli cümhur başkanım, eyni zamanda dünən hamımızın gözləri sevincdən yaşardı. Tədbirlərdə Sizi cümhur başkanımız hörmətli Süleyman Dəmirəl ilə birlikdə görmək bizi çox sevindirdi. Allaha çox şükür etdik ki, Türkiyənin başında Süleyman bəydir, burada da siz. Böyük şəxsiyyətlər olan sizlər türk millətlərinə və dövlətlərinə böyük şərəf gətirdiniz.

Biz şükür edirik ki, Azərbaycan-Türkiyə Dostluq Fondu üçün də yer ayrılmışdır. Bir çox layihələrimiz vardır. Hörmətli səfiriniz bunların hamısını yaxşı bilir. İnşallah, yaxın bir zamanda o gözəl evi də tamamlayıb Sizə ərz edəcəyik.

Rəşad Gənc: İcazənizlə, mən də bir kəlmə söz demək istəyirəm. Birincisi, mən öz minnətdarlığımı bildirmək istəyirəm ki, zati-alilərinin xüsusi qonağı kimi Azərbaycana gəldim, "Dədə Qorqud" təntənələrində iştirak etmək fürsəti qazandım. İndi də bizi qəbul etdiniz. Bu, mənim həyatımda nail olduğum ən böyük şərəfdir. Bunun üçün Sizə təkrar-təkrar təşəkkür edirəm.

İkincisi, "Kitabi-Dədə Qorqud" ilə bağlı Azərbaycanda, Türkiyədə, başqa türk cümhuriyyətlərində, dünyanın digər ölkələrində bir çox beynəlxalq toplantılar oldu, tədqiqat aparıldı, məqalələr, kitablar çap edildi. Amma "Dədə Qorqud" dastanının 1300 illik yubileyinin qeyd olunması barədə fərmanı ilk dəfə prezident Heydər Əliyev imzaladı. Üç ildir tədbirlər həyata keçirilir və bugünə qədər görülənlərin, həm elmi toplantı, simpozium kimi qeyd olunanların ən böyüyü Sizin rəhbərliyiniz, hümmətiniz, himayənizlə oldu. Mən bu təntənələr, simpoziumlar, tamaşalar, musiqilər, tədqiqatlar ilə ölkədə milli özünüdərkin bina inşa edilən kimi necə anlanıldığını yaxından gördüm, tanıdım. Həqiqətən, Azərbaycana bu dördüncü gəlişim hamısından üstün oldu. Sizin gördüyünüz bütün işlər böyük dövlət adamlığınızın, böyük dövlətçilik təcrübənizin, böyük milli özünüdərk anlayışının çox gözəl nümunələrini bizə göstərdi.

Mən burada Türkiyə Atatürk Yüksək Qurumunun alim üzvlərinə bu sözləri dedim: "Şahnamə" əsərini yazmış Firdovsidən Soltan Mahmud Qəznəvi "bu işlə nə yapdın?" deyə soruşduğu zaman Firdovsi cavab vermişdir ki, "bu farsdilli əsərlə əcəm xalqını, İran millətini diriltdim. Çünki onların dilləri unudulurdu".

Demək olar ki, Siz "Dədə Qorqud"un 1300 illik yubileyi ilə Azərbaycanda milli özünüdərki yenidən diriltdiniz, Azərbaycan insanlarına özlərini tanımalarını anlatdınız. Buna görə də Sizə minnətdarlığımı bildirirəm.

Üçüncüsü, Akkan Suver axşam Sizə hörmətli prezidentimiz Süleyman Dəmirəl ilə bağlı dedi ki, Türkiyədə Süleyman Dəmirəl bəyə qarşı bizim göstərdiyimiz anlayışsızlığın, vəfasızlığın əksinə olaraq, Siz burada ona qat-qat ehtiram göstərdiniz. Hava limanından şəhərə gələnə qədər, burada Sizin qonağınız kimi və təkrar hava limanında təyyarəyə mindirilib yola salana qədər ona göstərilən yüksək hörmət və ehtiramdan gözlərimiz sevincdən yaşardı. Biz bunu qürur hissi ilə izlədik. Siz Beynəlxalq Atatürk Sülh Mükafatını aldığınız zaman mərasimdə söylədiyiniz nitqdə "Süleyman bəyə sahib çıxın, Süleyman bəyi buraxmayın, Siz buraxsanız belə, biz buraxmayacağıq" demişdiniz. Siz gerçəkdən də buraxmadığınızı bu dəfə çox böyük vəfa örnəyi kimi göstərdiniz. Türkiyəyə çox böyük bir alicənablıq və qədirbilənlik dərsi verdiniz. Ona görə Sizə təkrar-təkrar minnətdarlığımı ifadə edirəm.

İcazənizlə, bir məsələni də söyləmək istəyirəm. Mən 1993-cü ildən Atatürk Yüksək Qurumuna sədrlik edirəm. Çox məmnunam ki, 1993-cü ildən bugünə qədər, 1999-cu ildə Beynəlxalq Atatürk Sülh Mükafatı həm Atatürkü bütün fikirləri ilə çox yaxından bilən, həm Atatürkün milli özünüdərk, milli dil, milli tarix, milli kimlik sahəsindəki bütün icraatlarını Azərbaycanda tətbiq edən, Azərbaycan Cümhuriyyətini idarə edən və gələcəkdə idarə edəcək kadrları da bir çiçək yetişdirən kimi əlinin altında yetişdirən bir böyük atatürkçüyə, Azərbaycan dövlətinin Atatürkünə, Azərbaycan Respublikasının Atatürkünə nəsib oldu. Bu mükafat ən layiqli insana verildi. Mən bundan çox şadam, çox qürur və çox iftixar hissi duyuram. Bizi qəbul etdiyinizə görə Sizə bir daha təşəkkür edirəm.

Əli Doğramacı: Bu səfərimiz zamanı Bakıdakı universitetlərin rektorları ilə görüşdük və bəzi fikir mübadiləmiz oldu. Əgər icazə versəniz, bunu Sizə qısa şəkildə ərz edim.

Heydər Əliyev: Buyurun.

Əli Doğramacı: Bundan əvvəlki illərdə Bilkənd Universitetinin Azərbaycandakı qardaşlarımıza xidmətləri belə olmuşdur:

Buradan müəllimlər Bilkəndə gəlib ingilis dili və digər ixtisaslar üzrə xüsusi kurslar keçmişlər və onların bütün xərclərini öz üzərimizə götürmüşük. Banklarda, fabriklərdə çalışan orta səviyyəli insanları Bilkəndə gətirib onlara maliyyə, mühasibat və digər dərslər keçmişik.

İndiki səfərimiz zamanı apardığımız danışıqlarda bəzi yeni məsələlər müzakirə olundu. İngilis dili üzrə müəllimlər magistr proqramı almaq üçün buradan Bilkəndə gələcəklər. Onlara bir il təhsil üçün qalmağa yer, ayda 130 dollar xərclik verəcəyik. Amma onların bir az ingilis dilini bilmələri lazımdır. Bununla bağlı təkliflərimizi Bakı Dövlət Universitetinə, digər ali təhsil ocaqlarının rektorlarına bildirdik. Onlar da bunu arzu etdiklərini söylədilər. Önümüzdəki bir ay ərzində oraya ingilis dili müəllimlərini aparacağıq. Bu proqramı amerikalılarla bərabər həyata keçiririk.

Bilkənd Universitetinin kitabxanasından Türkiyədəki digər universitetlər - Ərzurum, Ədirnə universitetləri və başqaları istəyirlərsə, onlara bir ay ərzində kitablar göndəririk. Biz pul almırıq, yol xərclərini özləri verirlər və bir ay oxuduqdan sonra geri qaytarırlar. Biz bu xidməti Türkiyənin hüdudlarında edirik. Bu gün Bakı Dövlət Universitetinin rektoru ilə görüşümüzdə belə bir xidməti onlara da göstərə biləcəyimizi söylədik. Biz Bakı Dövlət Universitetində internetə bərabər daxil olmuşuq. Yəni Bilkənd kitabxanasında nə varsa, onlar barədə məlumat almaq mümkün olacaqdır. Biz dedik ki, tələbələr Bakı Dövlət Universitetinin kitabxanasına gəlib Bilkənddən hansı kitabların gətirilməsini istəsələr, həmin kitabları hazırlayıb həftədə bir dəfə Ankarada "Azərbaycan hava yolları" Dövlət Konserninin nümayəndəliyinə verə bilərik. Əgər "Azərbaycan hava yolları" bunu Bakıya təmənnasız gətirərsə, işimiz yaxşı olar. Çünki biz pul almayacağıq və Bakı Dövlət Universiteti həmin kitablardan bir ay istifadə edib geri göndərəcəkdir. Ümumiyyətlə, biz bir ildə 18 min kitabı bu şəkildə Türkiyəyə paylayırıq. Belə olan halda, yəni "Azərbaycan hava yolları" Konserninin nümayəndələri bu işə dəstək verərlərsə, qardaş ölkənin müəllimləri və tələbələri də bu imkanı qazanacaqlar.

Biz tələbələrə təbii elmlər, iqtisadiyyat və başqa ixtisaslar üzrə magistr və doktorantlıq üçün xüsusi kurslar təşkil edə biləcəyimizi söylədik. Bunu da bir ay ərzində tətbiq edəcəyik.

Cənab prezident, başqa bir məsələ də vardır, amma ona Sizin yol göstərməyinizə ehtiyacımız vardır.

İngilis dilində dərs deyənlər üçün Kembric Universitetinin beynəlmiləl orta təhsil proqramı və beynəlxalq bakalavr hazırlayan proqramı vardır. Biz Bilkənddə bunu çox yaxşı tətbiq edirik. Bu proqramı öyrənənlərin universitetə daxil olduqdan sonra geniş perspektivləri olur. Belə bir işin tələbələrdən gələn gəlir hesabına həyata keçməsi mümkün deyildir. Bilkənddə bunun üçdə bir hissəsi tələbədən gəlir, yerdə qalanı vəqflər tərəfindən verilir. Əgər belə bir sistemin Azərbaycanda olmasını arzu edirsinizsə, bu, belə ola bilər. Yəni hər hansı ərazi bir vəqfə verilsin və orada tikiləcək binadan əldə olunan gəlir bu məktəbə xərclənsin.

Həmçinin burada bir peyk antenası qurmaq lazımdır. Buna 150-200 min ABŞ dolları sərf olunar və biz bunu edə bilərik. Bu peyk antenası vasitəsilə internetə girməklə dünyaya yeni bir qapı açılır. Demək, məktəbin ayrıca interneti olur və bu, bütün Azərbaycana xidmət göstərəcəkdir. Buradan əldə edilən gəlir məktəbin olacaqdır. Təbii ki, məktəbi yaşatmaq üçün əlavə gəlir lazımdır. Belə bir sistem olarsa, bu, uzun illər Azərbaycanın gələcək nəsillərinə fərqli bir təhsil imkanı verər. Bu sahədə məsləhətinizi və təkliflərinizi eşitməyə və qəbul etməyə hazırıq.

Heydər Əliyev: Sağ olun. Təşəkkür edirəm. Sizin bu fikirləriniz çox dəyərlidir, əhəmiyyətlidir. Siz bizim universitetlərdə danışmısınız.

(Heydər Əliyev prezidentin köməkçisi Dilarə Seyidzadəyə müraciətlə dedi:) Sən lazımi şəxslərlə əlaqə saxlayıb öyrənərsən, bizim tərəfimizdən nə lazımdırsa, onu edərik.

Mən bunların hamısını dəyərli hesab edirəm, qəbul edirəm. Ancaq bunu əməli surətdə həyata keçirmək üçün gərək mənə bizim universitetlərdən bu barədə məlumatlar versinlər.

Rəşad Gənc: Cənab prezident, icazə verin, bir cümlə ilə digər bir fikrimi çatdırım.

Sizin ev sahibliyinizlə türkdilli ölkələrin dövlət başçılarının VI zirvə toplantısı keçirildi. Bununla bağlı həm bədii proqramda, həm dünən axşamkı ziyafətdə Siz ifadə etdiniz ki, bu işlərin bu günə qədər gəlib çatmasında cənab Süleyman Dəmirəlin böyük əməyi vardır. Ancaq Siz VI zirvə görüşündə "Türkdilli Dövlətlər Birliyi" deyə çıxış etdiniz. Mən buna görə də Sizə dərin təşəkkürümü, minnətdarlığımı ərz edirəm. Yəni indiyə qədər bunun rəsmən adı "Türkdilli Dövlətlər Birliyi" kimi ifadə olunmamışdı, ilk dəfə Siz səsləndirdiniz. Yəni bunun isim babası, fikir babası Siz oldunuz. Mən inanıram ki, inşallah, bunun memarı da Siz olacaqsınız.

Mən zati-alinizə Ankarada da demişdim, - Sizin gözəl sözünüzlə biz bir millət, iki dövlətik. O halda bizim iki cümhur başkanımız vardı. 35-40 gündən sonra cümhur başkanı kimi təkcə Siz qalacaqsınız və bu bayrağı VI zirvədən Türkdilli Dövlətlər Birliyinə Siz aparacaqsınız. Buna görə də təşəkkür edirəm.

Heydər Əliyev: Sağ olun. Təşəkkür edirəm. Sizin bu yubiley mərasimləri haqqında dediyiniz çox dəyərli və xoş sözlərə görə hamınıza çox təşəkkür edirəm.

Həqiqətən, bu günlər Azərbaycanda olan hadisələr tarixi bir əhəmiyyət, tarixi bir xarakter daşıyır. Çünki biz - türkdilli dövlətlərin başçıları yenidən toplaşdıq və çox dəyərli bir bəyannamə qəbul etdik. O, mətbuatda veriləcəkdir, bununla tanış olacaqsınız. Çox dəyərlidir.

Biz son dəfə 1998-ci ildə Astanada toplaşmışdıq. Ondan sonra bizim yenidən toplaşmağımız çox əhəmiyyət kəsb edir və bütün dünyaya nümayiş etdirdik ki, bəli, türkdilli dövlətlər, türk kökü olan dövlətlər bir kökə, bir mədəniyyətə, bir milli-mənəvi ənənələrə, bir tarixə malik olan dövlətlər fürsət tapıblar ki, müştərək işlər görsünlər, birlikdə olsunlar. Biz bunu dünyaya nümayiş etdirdik. Bu, çox gözəl keçdi. Ancaq həqiqətən mən bunu orada, bizim simpoziumda da dedim, "Dədə Qorqud" yubileyində də dedim, - bunun təşkilatçısı Türkiyə Cümhuriyyətidir və 1992-ci ilin oktyabr ayında bu dövlətlərin başçıları ilk dəfə Ankarada toplaşıblar. Mən birinci zirvə görüşündə olmamışam. Çünki onda mən dövlət başçısı deyildim. Amma ikinci zirvə görüşündən mən varam. Bəli, bu, ilk dəfə Ankarada toplanıbdır. Mərhum Turqut Özal və prezident Süleyman Dəmirəl bu işin başında durublar, təşəbbüs ediblər. Ancaq ondan sonrakı dövrdə ikinci zirvə görüşünə artıq Süleyman Dəmirəl başçılıq edirdi. İkinci Zirvə görüşünü biz İstanbulda keçirdik. Bu illərdə hörmətli Süleyman Dəmirəlin bütün bu dövlətlərin özünü dərk etməsi, inkişaf etməsi, yaxşılaşması sayəsində xidmətləri həqiqətən həddindən çox böyükdür.

Bəlkə bunu Türkiyədə bilmirlər. Mən çalışdım ki, bunu Türkiyədə öz çıxışlarımda - həm Atatürk mükafatını mənə verəndə, sonra mən gedib İspartada Süleyman Dəmirəl adına universitetdə böyük bir nitq söylədim, başqa vaxtlarda dedim. Türkiyə Cümhuriyyəti həm böyük bir dövlət olaraq, həm qədim bir dövlət olaraq, təbiidir ki, bizim hamımız üçün örnəkdir. Biz, yəni digər türkdilli dövlətlər müstəqilliyimizi 8-9 il bundan öncə, 1991-ci ilin sonunda almışıq. Biz ondan öncə heç vaxt birləşə bilməzdik. Ona görə də bizim hələ çox böyük problemlərimiz vardır. Amma bu yolu Türkiyə Cümhuriyyəti Mustafa Kamal Atatürkün başçılığı ilə və sonra onun işinin davamçıları ilə birlikdə keçibdir. Biz isə bunu hələ indi keçirik. Bütün bu səbəblərə görə də Türkiyə həmişə bu işlərin başındadır, bu gün də başındadır və hörmətli Süleyman Dəmirəl burada həqiqətən çox xidmətlər göstəribdir. O, dəfələrlə bütün bizim ölkələrdə olubdur: bir dəfə yox, iki dəfə yox, bəlkə on dəfə Azərbaycanda da, Türkmənistanda da, Qazaxıstanda da, Qırğızıstanda da, Özbəkistanda da. Təkcə rəsmi ziyarətlər deyil, müəyyən hadisələr münasibətilə olubdur.

Yaxud da, elə bir müddət bundan öncə dedi ki, mən Türkmənistana gedirəm. Yəni orada nə bir bayram var idi, nə bir rəsmi tədbir var idi. Amma getdi, bir də görüşdü - bir neçə məsələni müzakirə etmək lazım idi. Yəni onun bu dinamik xarakteri ilə və çox dinamik fəaliyyəti ilə Türkiyədə gördüyü işlərlə bərabər, təbiidir ki, bizim ölkələrimizdə xalqlarımızın özünü dərk etməsində və xüsusən də Türkdilli Dövlətlər Birliyinin həqiqətən birliyə çevrilməsində çox böyük xidmətləri olmuşdur. Ona görə də biz qəbul etdiyimiz bəyannamədə bunu əks etdirdik və orada öz nitqlərimizdə dedik, sonra da mən "Kitabi-Dədə Qorqud" yubileyində də bu fikirləri dedim.

Süleyman Dəmirəl Türkiyə üçün çox işlər görübdür. Mən bunu dünən də, o birisi gün də demişəm. Təkrar etmək istəmirəm. Keçmişdə də, amma son on il ərzində də - məsələn, bizim bu dövlətlər müstəqillik alan zaman Süleyman Dəmirəl baş nazir idi. 1993-cü ilin may ayından o, prezidentdir. Bu müddət bizim ölkələrimiz üçün çox ağır bir dövr olubdur, çətin dövr olubdur. Ona görə bizə bir dayaq lazım idi. Bu da həmişə Türkiyə olubdur və Türkiyədə də bu işləri hamıdan çox bilən, hamıdan çox qəlbində saxlayan, bunun gələcək üçün nə qədər əhəmiyyətli olduğunu hamıdan çox bilən məhz Süleyman Dəmirəldir. Ona görə də Azərbaycan xalqının, şəxsən mənim səfərim zamanı ona göstərdiyimiz hörmətimiz, sevgimiz, məhəbbətimiz tamamilə təbiidir. Bu, elə bu gün deyil, hər dəfə belədir.

Bir neçə ay bundan öncə hörmətli Süleyman Dəmirəl baş qərargah rəisi Kıvrıkoğlu ilə birlikdə buraya gəlmişdi. Onu eyni hörmət, eyni təntənə ilə qarşıladıq. Mən onu Azərbaycanın ən yüksək ordeni - siz dövlət nişanı deyirsiniz - "İstiqlal" ordeni ilə təltif etdim və bunu təntənəli şəraitdə, yenə də böyük toplantıda təqdim etdim və ürəyimdə olan sözləri ona dedim.

Mən dünən ona "Azərbaycanın fəxri vətəndaşı" adını verdim. Doğrudur, bu, ilk dəfə verilir. İndiyə qədər heç bizim fikrimizdə də yox idi ki, bəlkə belə bir ad təsis edək. Ancaq mən bu adı məhz hörmətli Süleyman Dəmirəl üçün təsis etdim. Çünki onun Türkiyə Cümhuriyyətində gördüyü bütün işlərə görə və son on ildə gördüyü işə görə, Azərbaycanla Türkiyə əlaqələrindəki bu böyük fəaliyyətinə görə və böyük uğurlarına görə, təbiidir ki, onun "Azərbaycanın fəxri vətəndaşı" adı almaq hüququ var. Onu bizim hava limanından şəhərə qədər xalqın böyük məhəbbətlə qarşılamasını, yola salmasını siz gördünüz. Yaxud, dünən bizim Respublika sarayında ona insanlar nə qədər hörmət, nə qədər sevgi-məhəbbət göstərirdilər.

Dünən biz burada 1918-ci ildə şəhid olmuş türk əsgərlərinin abidəsini açdıq. O abidəni də çoxdan yaratmışdıq. Bilirəm, Türkiyədə belə bir istək var idi. Ancaq bu, indiyə qədər yerinə yetirilməmişdi. Mən isə bu barədə qərar qəbul etdim. Mən ən gözəl ərazidə yer verdim. Onlar keçmişdə elə orada torpağa veriliblər. Ona görə bu yeri ayırdım. Belə bir gözəl abidə yarandı. Amma bu abidə 1999-cü ilin əvvəlində yaranıbdır. Mən dedim ki, ancaq Süleyman Dəmirəl bura gələndə onunla birlikdə açacağıq. Keçən dəfə gələndə onun vaxtı, fürsəti olmadı. Başqa işləri var idi. Mən ona dedim. Dedi ki, gələn dəfə açarıq. Ona görə də bu dəfə abidəni bir yerdə açdıq. Bu da böyük bir hadisədir. Yəni bu, Azərbaycan-Türkiyə əlaqələrinin qədimliyini göstərir və Türkiyənin vaxtilə Azərbaycanı erməni qırğınından xilas etməsini xatırladır. Ümumiyyətlə, 1918-ci ildə Azərbaycanı dağıdırdılar, parçalayırdılar. Əgər bu olmasaydı, Azərbaycan ayaq üstə durmasaydı, bəlkə də bu gün Azərbaycan yox idi. Başa düşürsünüz, o vaxtlar Azərbaycanı dağıtmaq istəyirdilər.

Bütün bunlara görə təbiidir ki, Süleyman Dəmirəl bizim xalqımızın qəlbindədir. Mənim üçün isə o, - demişəm, - əbədi qardaşdır.

Mən o vaxt Türkiyədə həm Atatürk mükafatını alarkən, həm başqa yerlərdə çıxış edəndə demişdim ki, siz bilin, Süleyman Dəmirəli qorumaq lazımdır. Süleyman Dəmirəl Türkiyə Cümhuriyyətinə bundan sonra da lazımdır, Türkiyə xalqına lazımdır. Ancaq eyni zamanda dedim ki, o, bizə də lazımdır. Sizdən də çox bizə lazımdır, türkdilli dövlətlərə lazımdır. Onu qoruyun, onu saxlayın, onu əlinizdə möhkəm saxlayın.

Amma mən yenə də nikbinəm. Heç bir şey olmayıbdır. Süleyman Dəmirəl türk dünyasında, Türkiyə Cümhuriyyətində, Azərbaycanda, başqa türkdilli dövlətlərdə var və olacaqdır. Süleyman Dəmirəl hələ çox işlər görəcəkdir. Mən buna inanıram. Ona görə heç mən də narahat deyiləm, bundan siz də narahat olmayın.

Sizin burada çox gözəl sözləriniz, gözəl fikirləriniz oldu. Təbiidir ki, bunlar hamısı məni sevindirir. Yenə də deyirəm, sizinlə söhbətimə başlayanda da dedim ki, hər biriniz böyük alimsiniz, Türkiyənin çox tanınmış insanlarısınız. Sizin dediyiniz sözlərin qiyməti, çəkisi çox ağırdır. Yəni hər birinin əhəmiyyəti vardır. Ona görə də bunların hamısı bizim gələcəyimizə xidmət edir.

Bizim bu "Dədə Qorqud" yubileyinin də keçirilməsinin - bunu mən dünən də iki-üç dəfə dedim - böyük əhəmiyyəti odur ki, biz kökümüzü bir də gördük və dünyaya göstərdik, gələcəyimizin işığını açdıq. Gələcəyimiz də "Kitabi Dədə-Qorqud" işığı altında olacaqdır, onun şüaları altında olacaqdır, onun günəşi altında olacaqdır. Bunların hamısını bir yerdə etdik və çox məmnunam ki, Türkiyədən çoxsaylı nümayəndələr gəlmişdir. Bir çox valilər gəlmişdilər, - dünən axşam onlarla görüşdüm, - alimlər gəlmişdilər. Bu da təbiidir. Çünki bizim, yəni Türkiyə ilə Azərbaycanın yaxınlığı qədər başqa ölkələrin belə yaxınlığı yoxdur.

Ona görə mən sizə bir də təşəkkür edirəm və ümidvaram ki, bizim bu günlərdə bir daha təməlini qoyduğumuz, - yəni təməli çoxdan qoyulubdur, o təməlimizi bir az da möhkəmləndirdik, siz dediyiniz kimi, sementlədik, ora bir az da sement artırdıq, - dostluq, qardaşlıq daha da çox yaşayacaqdır. Mən buna əminəm.

Yüksəl Bozər: Bizi qəbul etdiyinizə, vaxt ayırdığınıza görə minnətdarlığımızı bildiririk. Sizi o gözəl tədbirlərə görə təbrik edirik, hörmət və ehtiramımızı ərz edirik.

Heydər Əliyev: Sağ olun.

"Azərbaycan" qəzeti, 12 aprel 2000-ci il.