Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Türkiyənin Baş Naziri Məsud Yılmazla aparılan Azərbaycan-Türkiyə danışıqlarındakı çıxışından - Prezident iqamətgahı, 28 dekabr 1997-ci il


Türkiyənin Baş naziri cənab Məsud Yılmaz!

Sizin rəhbərliyiniz ilə geniş tərkibdə nümayəndə heyətini səmimi-qəlbdən salamlayır və Türkmənistana rəsmi səfərdən sonra qısa müddətə respublikamıza gəlməyinizdən məmnun qaldığımı bildirirəm.

Mən Azərbaycana Sizin bu səfərinizi ölkələrimiz arasında olan dostluq və qardaşlıq əlaqələrinin yeni bir təzahürü kimi qiymətləndirirəm. Hesab edirəm ki, danışıqlar və səmimi münasibətlər respublikalarımız arasında əməkdaşlığı daha da genişləndirir, sıxlaşdırır. Azərbaycan ilə Türkiyə arasındakı dostluq, qardaşlıq əlaqələrinin xüsusi xarakter daşıdığını xüsusi nəzərə çarpdırmaq istəyirəm. Biz bu əlaqələri çox yüksək qiymətləndiririk, bütün sahələrdə əməkdaşlığrmızın durmadan genişləndirilməsi, inkişaf etdirilməsi üçün öz tərəfimizdən lazımi səylər göstəririk.

Mən cənab Məsud Yılmaz ilə keçirdiyim təkbətək görüşü yüksək qiymətləndirir və əmin olduğumu bildirirəm ki, aparılan danışıqlar qarşılıqlı surətdə faydalı əməkdaşlığın daha da möhkəmlənməsində mühüm rol oynayacaqdır. Eyni kökdən olan qardaş xalqlarımızın və ölkələrimizin əməkdaşlığının gündən-günə inkişaf etməsinə Türkiyənin böyük əhəmiyyət verdiyini yüksək qiymətləndirirəm. Biz Azərbaycanda, Qazaxıstanda və Türkmənistanda hasil edilən neftin və qazın Türkiyədən dünya bazarına çıxarılması haqqında cənab Məsud Yılmazla apardığımız danışıqları yüksək qiymətləndirir və bunu tamamilə dəstəkləyirik.

Mən bir daha bildirmək istəyirəm ki, Xəzərin Azərbaycan sektorundakı yataqların birgə istismarı sahəsində dünyanın böyük neft şirkətləri ilə apardığımız işlər nəticəsində ilk neftin hasilatına başlanmışdır. Artıq şimal istiqamətindəki Bakı-Novorossiysk kəməri ilə neft ixrac edilir. Qərb istiqaməti üzrə Bakı-Supsa kəmərinin tikintisinə başlanmışdır, bu iş sürətlə davam edir. Bizə verilən vədlər əsasında deyə bilərəm ki, bu iş 1998-ci ilin oktyabr ayında başa çatacaqdır. Beləliklə, biz Azərbaycan neftinin iki marşrut üzrə ixrac olunması məsələsini artıq həll etmişik. Ancaq böyük neft kəmərinin çəkilişi barədə apardığımız danışıqları davam etdiririk. Bakı-Ceyhan neft kəmərinin tikilməsini dəstəkləmişik və dəstəkləyirik. Bu sahədə öz tərəfimizdən lazımi işlər görürük, dünyanın bu işlərə cəlb olunmuş şirkətləri ilə danışıqlar aparırıq. Güman edirəm ki, bütün bu işlər öz səmərəli nəticəsini verəcəkdir. Yəni Türkiyə ictimaiyyətini daim maraqlandıran Bakı-Ceyhan boru xəttinin çəkilməsi barədə qəbul etdiyimiz qərar qətidir. Sizin bu sahədə apardığınız danışıqlar və gördüyünüz işlər haqqında verdiyiniz məlumatı yüksək qiymətləndirir, həmin layihənin tezliklə reallaşacağına əmin olduğumu bildirir və demək istəyirəm ki, gərək 1988-ci ilin oktyabr ayınadək bu barədə qərar qəbul edilsin və bu işə əməli surətdə başlansın. Biz bu sahədə iş aparmalıyıq. Hesab edirəm ki, Sizin gördüyünüz işlər uğurludur və biz də bu məsələlərin tezliklə həll edilməsinə çalışacağıq. Görüş zamanı cənab Məsud Yılmazın irəli sürdüyü təkliflərin həyata keçirilməsi üçün lazımi tədbirlər görüləcək və "Türk Petrolları" şirkətinin Azərbaycanda fəaliyyətinin genişləndirilməsi üçün hər şərait yaradılacaqdır.

Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə aradan qaldırılması sahəsində son illər görülən böyük əhəmiyyətli işləri, Minsk qrupuna üç böyük dövlətin - ABŞ-ın, Rusiyanın, Fransanın həmsədrlik etməsini və həmsədrlərin irəli sürdükləri son təklifləri biz qəbul etmişik. Ermənistan rəhbərliyi və prezidenti də bu təklifləri qəbul edibdir. Lakin Dağlıq Qarabağda olan qüvvələr hələ ki, bu təkliflərə qoşulmayıblar. Minsk qrupunun həmsədrləri bu təkliflərin həyata keçirilməsi üçün ciddi fəaliyyət göstərmək fikrindədirlər. Siz bilirsiniz ki, bu münaqişə təkcə Azərbaycan üçün yox, həm də dostlarımız, xüsusən Türkiyə üçün çox ağrılı bir problemdir. Çünki bir milyondan çox Azərbaycan vətəndaşı yerindən-yurdundan didərgin düşərək qaçqın vəziyyətində, çadırlarda ağır vəziyyətdə yaşayır. Biz Türkiyənin göstərdiyi daimi dəstəyi yüksək qiymətləndiririk. Türkiyənin və ATƏT-in Minsk qrupunun üzvü olan digər ölkələrin bu sahədə səylərinin artırılmasının zəruriliyini vurğulayaraq, əmin olduğumu bildirmək istəyirəm ki, 1988-ci ildə bu münaqişənin sülh yolu ilə həllində uğurlar əldə ediləcəkdir.

Azərbaycan ictimaiyyəti qardaş Türkiyənin həyatı ilə daim maraqlanır, dost ölkənin yeni hökumətinin apardığı siyasəti yüksək qiymətləndirir. Biz həmişə istəyirik ki, Türkiyə Cümhuriyyətinin bütün arzuları yerinə yetirilsin. Çünki bu, Azərbaycan üçün də dəstəkdir. Türkiyə hökumətinin son vaxtlarda atdığı müsbət addımlar Azərbaycan ictimaiyyəti tərəfindən diqqətlə izlənir və ona böyük əhəmiyyət verilir. Mən bugünkü görüşümüzü də yüksək qiymətləndirirəm.