Təhlükəsizlik Şurasının geniş iclasında Azərbaycan Prezidenti Heydər Əliyevin nitqi - 10 iyun 1999-cu il


Mən dünən vətənə gəldim, bu gün də işə başladım. Doğrudur, dünən hava limanından da birbaşa aparata gəldim, bəzi məsələlərlə maraqlandım. Ancaq bu gün işə başlamışam. Mən bu gün Təhlükəsizlik Şurasının geniş iclasını çağırmışam.

Mən Amerikada və Türkiyədə olduğum zaman ölkəmizlə daim əlaqədə olmuşam. Ölkədə bütün sahələrdə gedən işlər haqqında mənə mütəmadi olaraq məlumatlar verilibdir. Mən lazımi göstərişləri verib, Azərbaycanda işlərin normal getməsini təmin etməyə çalışmışam və respublikamızdakı vəziyyəti daim nəzarətim altında saxlamışam.

Beləliklə, mən əgər cismən ölkəmizdən kənarda olmuşamsa, ancaq iş nöqteyi-nəzərindən daim ölkəmizlə olmuşam. Bunlara görə də mənə belə gəlir ki, ölkədə olmadığım bu müddətdə Azərbaycanda işlər öz qaydasında gedib, heç bir problem meydana çıxmayıbdır və mənim burada olmamağım bu işlərin zəifləməsinə gətirib çıxarmayıbdır. Mən belə düşünürəm. Bəlkə indi haradasa, nəsə zəifləyibdir, ancaq bu o qədər əhəmiyyətli deyildir. Ümumi götürəndə işlər yaxşıdır. Mən xaricdə olarkən televiziya ilə çıxışlarımda bu barədə demişəm, sizə məlumdur. Ona görə də bu gün sizə bir daha təşəkkür edirəm ki, mən burada olmayanda mütəşəkkillik, nizam-intizam, qayda-qanun olubdur. Bunlar onu göstərir ki, Azərbaycanda bizim 6 il müddətində qurduğumuz, yaratdığımız dövlət, hakimiyyət orqanları, hakimiyyətin bütün qanadları artıq öz yerlərində möhkəmdirlər, dövlətimiz həqiqətən möhkəm bir dövlətdir, bütün strukturlar düzgün yaranıbdır. Ona görə də işlər həmişə normal gedir.

Mən respublikada olmadığım zaman fəal işlədiyinizə görə sizə təşəkkür edirəm. Təbiidir ki, sizin, təkcə sizin yox, bütün geniş ümumdövlət hakimiyyətinin işlərinin sayəsində Azərbaycanda bu müddətdə hər şey qayda-qanunda olubdur. Mən burada həm Milli Məclisin, həm Nazirlər Kabinetinin, həm Prezident Aparatının fəaliyyətini, həm də bütün nazirlərin, hakimiyyət orqanlarının, yerli icra hakimiyyəti orqanlarının fəaliyyətini qeyd edirəm. Xüsusən, Bakı İcra hakimiyyətinin fəaliyyətini qeyd edirəm. Çünki Bakı bizim paytaxtımızdır və Azərbaycanın böyük bir hissəsidir.

Bizim xalqımızda birlik, ölkəmizdə ictimai-siyasi sabitlik təmin edilmişdir. Baxmayaraq ki, müxalifətdə olan qüvvələr daim çalışırlar ki, Azərbaycanda bir qarışıqlıq yaratsınlar. Mən ölkədə olmadığım zaman bir sıra qəzetlərdə, mətbuat orqanlarında mənəviyyatsızlıq, əxlaqsızlıq göstəriblər. Amma bunlara baxmayaraq, xalqımız Azərbaycan dövlətini, dövlətçiliyini, Azərbaycan prezidentini dəstəkləyib, dəstəkləyir və xalqımızın birliyi, həmrəyliyi təmin olunubdur və hesab edirəm ki, bu, əbədidir.

Dünən Bakıya gələrkən məni çox təmtəraqlı qarşılaşdınız. Mən bunlara görə təşəkkür edirəm. Hesab edirəm ki, dünənki gün bütün Azərbaycana, - təkcə Azərbaycana yox, - nümayiş etdirdi ki, xalqımız yüksək əhval-ruhiyyə ilə yaşayır. Əlbəttə, əksər hissəsi yüksək əhval-ruhiyyə ilə yaşayır. Azərbaycanın dövlətçiliyinə böyük hörmət və ehtiram göstərir, dövlətimizin və Azərbaycan prezidentinin ətrafında çox sıx birləşmişdir. Dünən bizim hamımızın yol boyu gördüyümüz vəziyyət bunu çox açıq şəkildə göstərir.

Bilirsiniz, bəzən, ola bilər, ayrı-ayrı hakimiyyət orqanları insanları harasa gətirsin, toplasın. Ancaq bu, insanların daxili istəyinə, arzusuna, fikirlərinə uyğun deyilsə, o insanlar ya öz yerini bir azdan sonra tərk edə bilər, yaxud da, sadəcə, məcbur olub orada duracaqlar. Ancaq dünən hava limanından şəhərin mərkəzinədək, yəni Prezident sarayına qədər bu insanların hamısında həm səmimiyyət, mehribanlıq, həm də böyük ruh yüksəkliyi və Azərbaycanın dövlətinə, prezidentinə böyük hörmət, ehtiram gördüm. Yəqin siz də görürdünüz, amma bəlkə sizin bəziləriniz sonra geridə qalırdınız, ancaq mən hamısını görürdüm. Görürdüm ki, yaşlı adamlar nə cür həyəcanla münasibət göstərirlər. Görürdüm ki, gənclər, uşaqlar, qadınlar, kişilər necə münasibət göstərirlər. Mən hamısını görürdüm. Əgər insanın daxilindən, işindən gələn hissiyyatlar olmasaydı, bunların heç birisini yaratmaq mümkün deyildi. Onu heç kəs yarada bilməz. Amma mən görürdüm, görürdüm ki, necə candan, ürəkdən sevinirlər. Mən nə qədər "xoş gəlmisiniz" sözləri, nə qədər belə gözəl sözlər eşidirdim. Qurbanların sayı-hesabı yox idi.

Yenə də deyirəm, bunlar hamısı xalqımızın, millətimizin indi tam həmrəy olmasını, xalqımızda birlik olmasını və xalqımızın Azərbaycan dövlətçiliyinə, prezidentinə sadiq olmasını göstərir. Mən cəsarətlə deyə bilərəm ki, bu elə Azərbaycan dövlətinin bugünkü fəaliyyəti haqqında ümumxalq referendumudur. Bundan artıq nə ola bilər! Mən bilmirəm, biz gələndə Bakının küçələrində neçə yüz min adam var idi? Hər halda çox. İndi bunlar toplaşıb öz istək və arzularını bu cür göstərirlərsə, demək, bu, Azərbaycanın dövlətçiliyinin, prezidentinin dəstəklənməsinin ən gözəl təzahürüdür.

Mən bütün bunlara görə xalqımıza, millətimizə hədsiz minnətdarlığımı bildirirəm. Mən məmnunam ki, biz 6 il müddətində ölkəmizi müsbət istiqamətdə xeyli dəyişdirə bildik. Mən məmnunam ki, keçmişin Azərbaycanda yaratdığı hərc-mərclik, hakimiyyətsizlik, qanunsuzluq və digər mənfi halları biz ortadan götürə bildik. Şübhəsiz ki, onları aradan qaldırmaq bizim işimizin birinci hissəsi idi. Amma onları ortadan götürəndən sonra Azərbaycanda vəziyyəti sabitləşdirmək və vəziyyəti bu səviyyəyə, bu dərəcəyə gətirib çıxarmaq, şübhəsiz ki, böyük əmək, zəhmət, fədakarlıq tələb edirdi. Hamımız birlikdə, xalqımızla, millətimizlə birlikdə biz bunu edə bilmişik.

İndi deyə bilərəm ki, Müstəqil Dövlətlər Birliyinin başqa dövlətləri ilə müqayisə etsək, Azərbaycan ən sabit, ictimai-siyasi sabitliyi çox möhkəm təmin edən bir ölkədir. Mən heç birisinə başqa cür yanaşmaq istəmirəm, hərənin özünəməxsus xüsusiyyəti vardır. Amma bir şeyi bilmək lazımdır ki, bir neçə respublikada daxili vəziyyət heç vaxt pozulmamışdır. Azərbaycanda isə təxminən 1990-cı ildən 1993-cü ilə qədər daxili vəziyyətin pozulması Müstəqil Dövlətlər Birliyinin üzvü olan ölkələrin heç birində baş verməyibdir. Burada nələr baş veribdir?

20 Yanvar hadisələri baş verdi, ondan sonra daxili mübarizə, çarpışma, vuruşma. Bunlar hamısı, Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar aparılan döyüşlər, tökülən qanlar, verilən şəhidlər, 1992-ci ilin fevral ayında hakimiyyətin devrilməsi, 1993-cü ilin iyun ayında hakimiyyətin tab gətirə bilməməsi və istefa verməsi, qaçıb dağılması, vətəndaş müharibəsinin baş verməsi, ölkəmizin parçalanması təhlükəsinin meydana çıxması və onun bəzi yerlərdə artıq real olması. Görün nə qədər ağır vəziyyət idi! Hansı ölkədə belə bir vəziyyət olubdur? Heç birində. Doğrudur, hər ölkədə müəyyən proseslər gedibdir. Amma Müstəqil Dövlətlər Birliyinə, keçmişdə Sovetlər İttifaqına daxil olan ölkələrin, respublikaların heç birində belə vəziyyət olmayıbdır.

Nəzər salın, 1993-cü ildən sonrakı vəziyyəti xatırlayın. Bəli, 1994-cü ilin oktyabrında burada hakimiyyəti silah gücü ilə, qanunsuz olaraq devirməyə çalışmışdılar. O vaxt da xalq bizi müdafiə etdi. Xalqın gücü qarşısında heç kəs dura bilməzdi. Bəziləri həmin o gecələr çox narahat idi, amma mən arxayın idim. Mən heç vaxt narahat deyildim. Arxayın idim ki, son məqamda mənim ən böyük silahım vardır. O silah da xalqın mənə, Azərbaycan prezidentinə olan münasibətidir. Bunu da sübut etməyə ehtiyac yoxdur, artıq göründü.

Oktyabr ayının 4-dən 5-nə keçən gecə mənim televiziya ilə bir çağırışımla yüz minlərlə insanın Prezident sarayının qarşısına toplaşması və gecə səhərədək mitinq etməsi, Azərbaycan dövlətini, prezidentini qoruması xatirinizdədir. Bu insanların gecə yatmamasına, istirahət etməməsinə baxmayaraq ayın 5-də Azadlıq meydanı insanla ağzınadək dolmuşdu. Orada bir milyona qədər insan var idi. Təkcə Bakıdan yox, Azərbaycanın ayrı-ayrı rayonlarından, şəhərlərindən, bölgələrindən nə qədər insan gəlmişdi. Bu, xalqın birliyini və Azərbaycan dövlətinin nə qədər möhkəm olduğunu, Azərbaycan prezidentinə xalqın nə qədər hörmət, ehtiram, sədaqət göstərdiyini nümayiş etdirdi. Məhz buna görə də biz 1994-cü ilin oktyabr hadisələrindən xilas ola bildik.

Amma 1994-cü ilin oktyabr hadisələri təkcə oktyabrın 4-də başlanmamışdı. 1994-cü ilin oktyabr hadisələri 1994-cü il sentyabrın 20-də Azərbaycan ilk böyük neft müqaviləsini imzalayandan sonra, yəni sentyabrın 21-də başlandı.

Xatirinizdədir ki, sentyabrın 21-də Milli Təhlükəsizlik Nazirliyinin həbsxanasından 4 qatı cinayətkarı satqınlıq nəticəsində çıxarıb qaçıra bilmişdilər. Ondan sonra mən Amerikada, Birləşmiş Millətlər Təşkilatının Baş Məclisində olduğum zaman - sentyabrın 29-da iki terror aktı oldu. Milli Məclisin sədrinin müavini Afiyəddin Cəlilovu və Xüsusi İdarənin rəisi polkovnik Şəmsi Rəhimovu qətlə yetirdilər. Bunları heç vaxt unutmayın. Görün, bu hadisələr bir-birinin ardınca gedir. Sonra, oktyabrın 2-də Azərbaycan Prokurorluğunu cinayətkar adamlar işğal etdilər. Biz iki gün, iki gecə bu cinayətkarlarla danışıq aparırdıq və güc tətbiq etmək istəmirdik. Demək, bunlar hamısı bir-biri ilə bağlı imiş.

Bunun davamı olaraq oktyabrın 4-də Surət Hüseynovun rəhbərliyi ilə silahlı çevriliş cəhdi göstərildi. Bunlar hamısı bir-biri ilə bağlı idi. Bu, həm daxili cinayətkar qrupların, dəstələrin bizə qarşı hazırladığı cinayətkar tədbirlərdir. Amma eyni zamanda bunlar ayrı-ayrı xarici dövlətlərdən də nəinki dəstək alırdı, onlardan müəyyən tapşırıqlar da alırdı. Burada onların da rolu az deyildi.

Bunların bir-biri ilə bağlı olmasını sübut edən bir də odur ki, xatirinizdədir, o gecə, oktyabrın 4-dən 5-nə keçən gecə insanlar buraya Azərbaycan dövlətçiliyini qorumaq üçün toplaşdı. Həmin gecə insanlar oktyabrın 2-də prokurorluğu zəbt etmiş OMON dəstəsinin başçısı Rövşən Cavadovu məcbur etdilər gəlib burada, mitinqdə etiraf etsin ki, səhv ediblər, onlar Azərbaycan prezidentini dəstəkləyirlər. Amma təkcə bu deyildi. O, mənim otağıma gəldi, danışdı, dedi ki, bağışlayın. Mənim otağımdan telefonla Gəncəyə zəng edib Səfixanova dedi ki, "siz qurtarın, biz burada artıq qurtarmışıq. Biz qurtardıq, siz də qurtarın". Başqa bir məlumat da var idi. O vaxt həmin məlumat bundan ibarət idi ki, prokurorluğu zəbt etmək ərəfəsində Rövşən Cavadov Surət Hüseynova telefon etmiş və demişdi ki, "mən gedirəm öz işimi görüm, siz də öz işinizi görün". Onlar prokurorluğu zəbt edəndən sonra da bir telefon etmişdilər ki, "biz işimizi gördük, siz də görün". Bunlar bir-biri ilə bağlı məsələlərdir. İndi görün Azərbaycan nə qədər gərgin vəziyyətdə idi! Onda bizim hələ bu qədər gücümüz yox idi, dövlətçilik o qədər formalaşmamışdı, bizim hakimiyyətdə Surət Hüseynov kimi bir adam oturmuşdu.

Bilirsiniz, biz bu təxribatın, terrorun, dövlət çevrilişinə cəhdlərin qarşısını xalqımızın, millətimizin bizə göstərdiyi dəstəyə, hörmət-ehtirama görə ala bildik. Ancaq xatirinizdədir ki, bununla da iş bitmədi. Bir neçə ay keçmədi ki, mart ayında yeni dövlət çevrilişinə cəhd göstərildi. Həmin o OMON dəstəsi və onun başçıları yenə də hakimiyyət uğrunda mübarizə apardılar.

Təsəvvür edin, əgər onlar o gecə istədiklərinə nail ola bilsəydilər, nələr baş verərdi. Onların əllərində çoxlu silah var idi və çox cinayət işləri törədərək döyüşməkdə, vuruşmaqda, atəş açmaqda təcrübə qazanmış adamlar idilər. Bu da əvvəldən hazırlanan dövlət çevrilişinə cəhd idi. Ancaq biz bunun da qarşısını aldıq.

Xatirimdədir, təxminən mart ayının 5-də, yaxud 6-da Türkiyənin Azərbaycandakı səfiri Altan Karamanoğlu özünün bir neçə işçisi ilə xahiş etdi mən onları qəbul etdim. Onlar gəldilər, Azərbaycandakı vəziyyəti mənə izah etməyə başladılar ki, respublikada vəziyyət ağırlaşıbdır. Onlardan biri mənə məlumat verməyə başladı ki, "mən Azərbaycanın demək olar ki, bütün bölgələrini gəzmişəm. Ölkədə oktyabr ayında sizin xalqa çağırışınızla əlaqədar elə bir əhval-ruhiyyə yoxdur, narazılıq var". Onlar başqa belə sözlər də işlətməyə başladılar. Dedim ki, axı məqsədiniz nədir? Türkiyənin səfiri Altan Karamanoğlu mənə dedi ki, bəs, "Rövşən Cavadova bir vəzifə vermək, onu müəyyən qədər neytrallaşdırmaq lazımdır. Yoxsa biz hesab edirik ki, burada vəziyyət çox pis ola bilər. Əgər onlar qalxsalar, siz xalqa müraciət etsəniz, bu dəfə xalq sizi dəstəkləməyəcəkdir".

Mən onları dinlədim, düzü, çox narahat oldum. Onlara dedim ki, bilirsiniz, sizin fikirləriniz yanlışdır, doğru deyildir. Siz Azərbaycandakı vəziyyəti düzgün qiymətləndirmirsiniz. Mən onda bilmirdim ki, onların Rövşən Cavadovla belə əlaqəsi vardır. Yəni bilirdim ki, onların əlaqəsi var, amma bu cür əlaqələrini bilmirdim. Dedim ki, sizin verdiyiniz məlumatları nəzərə alacağam. Ancaq mənim öz işim, sizin də öz işiniz var, gedə bilərsiniz.

Bilirsiniz ki, 1995-ci il martın 9-12-də mən Kopenhagendə idim. Mən Kopenhagenə getməmişdən əvvəl onlar vəziyyəti gərginləşdirirdilər. Yenə də səfir Altan Karamanoğlu mənə guya vasitəçilik edirdi ki, siz Rövşən Cavadovu qəbul edin. Ona dedim ki, mən onu bir-iki dəfə çağırmışam, gəlməyibdir. O dedi ki, mən təmin edərəm, gəlsin. Bildirdim ki, yaxşı, gəlsin. Yadımda deyil, ayın neçəsi idi, o mənə telefon etdi ki, Rövşən Cavadovla danışmışıq, nə vaxt gələ bilər? Mən də vaxtını təyin etdim, dedim ki, bu vaxt gəlsin. Gəlmədi. Sabahısı gün səfir yenə mənə telefon etdi ki, bəs dünən onun harasısa, içi ağrıyıb, nəsə olub, gələ bilməyib, amma bu gün gələcəkdir. Dedim ki, yaxşı, filan vaxt gələ bilər. Yenə də gəlmədi. Amma bunlar hesab edirdilər ki, hər şey onların əlindədir. O, görüşə gəlmədi.

Mən Kopenhagenə getdim. Azərbaycan xalqının böyük dostu, mənim əziz dostum, qardaşım, Türkiyənin prezidenti hörmətli Süleyman Dəmirəl orada mənə dedi ki, Azərbaycanda vəziyyət ağırdır, sən tezliklə Bakıya qayıtmalısan. Mən işimi qurtarmışdım, qayıdırdım. Amma martın 14-də Pakistanda EKO təşkilatının üzvü olan ölkələrin dövlət başçılarının görüşü var idi. Mən də həmin görüşdə iştirak etməyi planlaşdırmışdım. Hörmətli Süleyman Dəmirəl mənə dedi ki, sən Pakistana gəlmə, oraya gəlməyinin əhəmiyyəti yoxdur, nümayəndə heyətini göndər, ancaq sən Azərbaycana gedib vəziyyəti öyrən və lazımi tədbirləri gör.

Mən Azərbaycana gəlib gördüm ki, vəziyyət çox gərgindir. Bir-iki gündən sonra respublikamızın Qazax, Ağstafa rayonlarında onlar hakimiyyəti ələ keçirdilər. Mən Rövşən Cavadovu və daxili işlər nazirinin müavini Zahid Dünyamalıyevi, bir də keçmişdə xidmət etmiş polkovnik İsa Hüseynovu oraya göndərdim ki, gedib onları başa salsınlar. Cinayətkarlar gəlib həmin rayonları zəbt etmişdilər, hakimiyyəti devirmişdilər.

Mən göndərdiyim adamlar oraya getdilər, bir şey edə bilmədilər. Ancaq sonra mənə məlumat verdilər ki, Rövşən Cavadov orada onlara deyib ki, siz düz etmisiniz, biz də Bakıda bunu edəcəyik, heç bir şeyə qulaq asmayın. Onlar oradan geriyə qatarla qayıtmışdılar. Rövşən Cavadov qatardan düşən kimi 8-ci Kilometr qəsəbəsindəki bazaya gedərək orada öz işlərinə başlamışdı.

Mənim onlara müraciətim, əfv haqqında fərmanım, ayrı-ayrı hörmətli adamların onların yanına getməsi - bunlar hamısı sizə məlumdur. Hesab edirdilər ki, artıq hakimiyyət onların əlindədir. Çünki onlar Moskva televiziyasına, özəl televiziya kanallarına belə müsahibələr vermişdilər. Ancaq biz bunun da qarşısını aldıq. Hə ilə? Azərbaycan dövlətinin artıq özünü müdafiə etmək qüdrəti ilə.

Həmin çevriliş cəhdini hazırlayanlar təkcə OMON dəstəsinin və Rövşən Cavadovun ağlının işi deyildi. Artıq bu, istintaqdan məlumdur ki, onlar Moskvadan Mütəllibovdan, Kələkidən Əbülfəz Elçibəydən dəstək almışdılar. Onların adamları gəlib burada görüşmüşdülər. Mütəllibovun emissarı həbs olunub, indi cəza çəkir. Amma Əbülfəz Elçibəyin emissarı qaçıb xarici ölkədə gizlənir.

Bəli, Dövlət Şurası yaratmaq istəyirdilər. Bu Dövlət Şurasında Mütəllibov da, Əbülfəz Elçibəy də, Rövşən Cavadov da olacaqdı, onlar guya Azərbaycanı idarə edəcəkdilər. Sonra məlum oldu, - Əbülfəz Elçibəy deyib ki, mən bunu qəbul edirəm, orada iştirak edəcəyəm, amma mən Mütəllibovla bir yerdə ola bilmərəm. Əgər siz onların tərəfindən adam götürmək istəyirsinizsə, keçmiş baş nazir Rəhim Hüseynovu Dövlət Şurasının tərkibinə salın, onda hər şey yaxşı olar. Bunlar hamısı həqiqətdir, istintaqda məlum olubdur. Bu, adi söz deyil, istintaqın nəticələridir.

Biz bütün bunların da qarşısını aldıq.

Sonrakı hadisələr, Azərbaycan prezidenti xaricdən gələrkən təyyarəni vurmaq istəmələri sizə məlumdur. Mən artıq sizə deyə bilərəm, istintaq aydınlaşdırmışdır ki, bu, xarici xidmət orqanlarının Azərbaycanda bir neçə hərbi qulluqçunu - generalları, polkovnikləri bu işə cəlb etməsi ilə əlaqədardır. Raket də, onu atmaq istəyən adam da tapıldı, onların hamısı məsuliyyətə cəlb olundu.

Ancaq son vaxtlar mən şəxsən bu işin təşkilatçısı, indi Moskvada yaşayan bir azərbaycanlı ilə görüşdüm. O, mənə geniş məlumat verdi ki, bu, düşünülüb hazırlanmış plan idi. Demə, böyük silahlı dəstələr Dağıstandan gəlib Azərbaycanın Balakən rayonunda və Gürcüstandan keçib Balakənlə sərhəd rayonlarında toplaşmışdılar ki, Bakıda təyyarə vurulacaq, Heydər Əliyev məhv olacaq, ondan sonra onlar Azərbaycana daxil olub ölkədə qarmaqarışıqlıq yaradacaqlar, hakimiyyəti ələ alacaqlar. Allah bizi bundan saxladı.

Şübhəsiz ki, o günkü hadisələrdə bizim o qədər xidmətimiz yoxdur. Əgər külək o tərəfdən yox, bu tərəfdən əssəydi, ola bilər, raket gəlib bizim təyyarəni vurardı. Hətta o işi icra edən adamlardan biri deyib ki, əgər raket düzgün atılsaydı, təyyarə o tərəfdən gəlsə də, raket gedib təyyarəni vuracaqdı. Ancaq bunu başa düşməmişdilər.

Sonra Sabunçu rayonundakı körpünü partlatmağa göstərilən cəhdi xatırlayırsınız. Bunlar heç vaxt unudulmamalıdır. Həmin körpünün altında 120-160 kiloqram trotil yerləşdirmişdilər. Ukraynanın prezidenti Kuçma ilə mən oradan keçərkən körpünü partlatmaq istəyirdilər.

Biz bu cür çətin dövrlərdən keçib gəldik və bu cür imtahanlardan, sınaqlardan keçdik. Amma bunu şərəflə keçdik. Bu cinayətkar dəstələr, terrorçular təkcə Azərbaycanın prezidentinə yox, xalqımıza düşmən olan insanlar idilər. Onların bəzilərinə deyirdilər ki, sizə heç bir şey edə bilməzlər, amma demirdilər ki, düz yolda deyilsiniz.

Biz 1995-ci ildən sonra Azərbaycanda ictimai-siyasi sabitliyi demək olar ki, tam təmin edə bildik. Dediyim kimi, bu sabitlik artıq çox böyük, möhkəm təməl üzərində qurulubdur. Hesab edirəm ki, bu sabitlik dönməzdir, onu heç kim poza bilməz.

Kim nə edir-etsin, heç kəs bunu poza bilməz. Mən dedim, mən burada olmayanda bəzi müxalifət qəzetlərində çox mənəviyyatsız, əxlaqsız yazılar yazıblar. Bəzilərini mənə bildiriblər, bəzilərini isə mənə bildirmirdilər. Amma mən heç onlara baxmaq istəmirdim. Çünki bunlar əhəmiyyətsiz şeylərdir. Həmin o qəzet yazıları ilə bu insanlar özlərinin nə qədər mənəviyyatsız olduqlarını göstərirlər, əxlaqsız olduqlarını göstərirlər. Eyni zamanda, özlərini xalqın qarşısında, millətin qarşısında ifşa edirlər. Ona görə də bu bizim üçün heç bir əhəmiyyət daşımır, nə yazırlar-yazsınlar.

Doğrudur, əxlaqsız şeyləri oxuyanda, görəndə deyirsən, əcəba, bu insan mənəviyyatca nə qədər pozulmuş olar. Amma nə edək, cəmiyyətimizdə bunlar da vardır və bizim yaratdığımız demokratik şəraitdən, siyasi plüralizmdən istifadə edərək bunlar bu cür yollara gedirlər.

Mən deyə bilərəm, əlbəttə ki, başqa ölkələrdəki müxalifət qəzetlərinin hakimiyyətə qarşı yazılarının hamısını oxumamışam, amma müəyyən qədər məlumatım vardır. Məndə belə bir fikir var ki, heç bir ölkədə müxalifət qəzetləri bu cür təhqiramiz, bu cür mənəviyyatsız, bu cür əxlaqsız yazılar yazmırlar. Ola bilər, bu da bizim cəmiyyətin bir xəstəliyidir. Amma güman edirəm ki, Azərbaycan xalqı, millətimiz bu xəstəlikdən də xilas olacaqdır.

Təsəvvür edin, 1993-cü ildən indiyədək biz Azərbaycan xalqını nə qədər xəstəliklərdən xilas edə bildik. Bundan da xilas edəcəyik. Ona görə bunlar bu cür çirkin işlərlə nə qədər məşğul olurlarsa, məşğul olsunlar. Buna cavab dünən Azərbaycanda, yəni Bakıda sakinlərin göstərdiyi ruh yüksəkliyidir. Bu onu göstərir ki, o qəzetləri özləri yazırlar və özlərinə məxsus adamlar oxuyurlar. Ola bilər, başqaları da oxuyurlar. Amma özlərinə məxsus adamlar oxuyub bundan ləzzət alırlar və hesab edirlər ki, böyük iş görürlər. Amma başqaları oxuyurlarsa, yəqin bəziləri oxuyurlar. Güman etmirəm ki, çox adam bunları oxuyur. Hesab edirəm, əgər oxuyurlarsa, onlarda həmin yazılara görə bunu yazan adamlara daha da nifrət hissi oyanır. Mən belə düşünürəm.

Yəni mən bununla onu demək istəyirəm ki, mənim Azərbaycanda olmadığım bu dövr bir imtahan dövrü idi, bir sınaq dövrü idi və həmin qəzetlərin yazılarına və müxalifətin başqa hərəkətlərinə baxmayaraq xalqımız, millətimiz, dövlətimiz, hakimiyyətimiz bu sınaqdan, imtahandan şərəflə çıxdı. Bu, böyük nailiyyətdir.

Əlbəttə ki, heç kəs xəstələnmək istəməz. Heç kəs istəməz ki, cərrahiyyə əməliyyatı keçirilsin. Ancaq bəlkə də Allahın işi imiş, - belə bir şey olmalıydı ki, Azərbaycan bir daha öz qüdrətini göstərsin, yəni dövlətimiz öz qüdrətini göstərsin, biz bir daha dünyaya nümayiş etdirək ki, Azərbaycanda ictimai-siyasi vəziyyət sabitdir. Azərbaycan dövləti möhkəmdir və Azərbaycan dövləti, dövlətçiliyi tutduğu yol ilə gedir. Yolumuz da məlumdur - məqsəd Azərbaycanda demokratik, hüquqi, dünyəvi dövlət quruculuğunu inkişaf etdirmək, Azərbaycanın iqtisadiyyatını bazar iqtisadiyyatı əsasında inkişaf etdirmək, Azərbaycan xalqının rifah halını yaxşılaşdırmaq və Azərbaycanı inkişaf etmiş ölkələr səviyyəsinə qaldırmaqdır. Biz bunu edəcəyik. Biz buna nail olacağıq.

Şübhəsiz ki, hamımızı incidən, hamımızı narahat edən məsələ torpaqlarımızın işğal olunmasıdır, bir milyondan artıq vətəndaşımızın qaçqın vəziyyətində çadırlarda yaşamasıdır və Azərbaycanın ərazi bütövlüyünün pozulmasıdır. Məlumdur, bu barədə biz çox iş görmüşük. Əgər indiyə qədər bir nəticə əldə etməmişiksə, bu ona görə deyil ki, biz az işləmişik, az cəhdlər göstərmişik. Çox iş görmüşük, həddindən artıq çox! Mən dünyanın ən böyük dövlətlərinin başçıları ilə danışıqlar aparmışam və onlar söz veriblər ki, bu işdə Azərbaycana kömək edəcəklər. Bundan artıq nə etmək olar! Beynəlxalq təşkilatlarda açıq-aydın, cəsarətli çıxışlar etmişik. Həm Birləşmiş Millətlər Təşkilatında, həm ATƏT təşkilatında, həm İslam Konfransı Təşkilatında, başqa beynəlxalq təşkilatlarda - Avropa Şurasında, hamısında. Əgər biz indiyə qədər heç bir şeyə nail ola bilməmişiksə, - yəni "heç bir şey" deyəndə torpaqlarımızın işğaldan azad edilməsinə, Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasına nail ola bilməmişiksə, bu ona görə deyil ki, biz lazımi tədbirləri görməmişik. İndi bəzən yenə də müxalifət deyir ki, Qarabağ məsələsini həll etməyiblər. Bəs siz Qarabağ məsələsinin həlli üçün nə etdiniz? Azərbaycanı dağıtdınız. Amma biz Azərbaycanı möhkəmləndirdik və Dağlıq Qarabağ məsələsinin həll olunması üçün bütün mümkün tədbirləri görmüşük. Bundan artıq heç kəs görə bilməz.

Mən Vaşinqtonda olarkən Fransanın prezidenti cənab Jak Şirakla bu barədə danışırdım. O, çox təəssüf edirdi - çünki çox çalışırdı ki, bu işləri görsün, - təəssüf edirdi ki, indiyə qədər bir nəticə əldə olunmayıbdır. Amma yenə də dedi ki, mən bu yolda çalışıram və çalışacağam.

Amerika Birləşmiş Ştatlarının prezidenti cənab Bill Klintonla söhbətim zamanı o mənə yenə də dedi ki, bəli, biz əvvəllər də danışmışdıq, amma məsələ həll olunmayıbdır. Sonda dedi ki, mənim prezidentlik səlahiyyətim 2000-ci ildə bitir. Mən o vaxta qədər bu münaqişənin sülh yolu ilə həll edilməsinə nail olacağam. Belə bir söz dedi. Allah eləsin.

Yəni mən demək istəyirəm ki, bizim ən böyük problemimiz olan məsələlərlə də daim məşğuluq. O gün yoxdur ki, bu işlə məşğul olmayaq. İnanıram ki, bizim indiyə qədər apardığımız işlər və bundan sonra görəcəyimiz işlər bu məsələnin həll olunmasını təmin edəcəkdir və biz istədiyimizə nail olacağıq. Mən buna əminəm. İşğal edilmiş torpaqlar da azad olacaqdır, bizim vətəndaşlarımız da öz yerlərinə-yurdlarına qayıdacaqlar, Azərbaycanın ərazi bütövlüyü də təmin olunacaqdır. Mən buna əminəm.

Beləliklə, mən burada olmadığım zaman mənim bəzi fikirlərimlə sizi tanış etmək istədim. Baxmayaraq ki, televiziya vasitəsilə bunların bəzilərini sizə bildirmişəm.

Mənim müalicəm məsələsi də sizə məlumdur. Bilirsiniz ki, mən bizim nümayəndə heyəti ilə birlikdə Vaşinqtona getmişdim ki, orada NATO-nun 50 illik yubileyində iştirak edək və bir çox görüşlər keçirək. Məmnuniyyətlə deyə bilərəm ki, bizim bu səfərimiz çox uğurlu oldu, həddindən artıq uğurlu oldu. NATO-nun 50 illik yubileyində bizim iştirakımız, mövqeyimiz və mənim çıxışım, hesab edirəm ki, NATO ilə Azərbaycanın əlaqələrinin inkişafı üçün çox dəyərli addımlar oldu. Amerika Birləşmiş Ştatlarının prezidenti Bill Klintonla, xarici işlər naziri xanım Olbraytla, nazirlərlə, konqresmenlərlə, senatorlarla çoxsaylı görüşlər oldu. Amerikanın təşəbbüsü ilə böyük bir tədbiri xarici işlər naziri xanım Olbrayt aparırdı. Qafqaz respublikalarının - Gürcüstan, Azərbaycan, Ermənistan respublikalarının prezidentlərinin orada keçirilən müştərək görüşü Qafqazda iş birliyinin inkişaf etdirilməsi ilə əlaqədar idi. Amma orada təkcə Amerikanın xarici işlər naziri yox, İngiltərənin, Almaniyanın, Fransanın, Norveçin, Türkiyənin xarici işlər nazirləri də iştirak edirdilər. Yəni bu böyük bir hadisə idi.

Yaxud da ki, Ermənistan prezidenti ilə mənim görüşümün Amerika tərəfindən təşkil olunması. Bu təkcə təşkil olunması yox. Xanım Olbraytla mən ayrıca görüşdüm və bütün fikirlərimi bildirdim. Eyni zamanda, xanım Olbrayt Ermənistan prezidenti ilə görüşdü. Bundan sonra hər üçümüz bir yerdə görüşdük. Ermənistan- Azərbaycan münaqişəsinin həll olunması üçün hərə öz fikrini dedi və ondan sonra Ermənistan prezidenti ilə mən təkbətək görüşdüm. Bunun özü də böyük bir hadisədir və hesab edirəm ki, bu, öz nəticəsini verəcəkdir.

Yaxud, senator Braunbəkin təşəbbüsü ilə İpək yolunun bərpası ilə əlaqədar qanunun böyük, geniş şəkildə müzakirə edilməsi. Bilirsiniz ki, senator Braunbək bu işlə bir neçə aydır məşğul olur. Bunu bir dəfə komitədə müzakirəyə çıxarıbdır və orada dəstək almayıbdır. Ancaq öz fəaliyyətini davam etdirib və bizim ölkələrin prezidentlərinin orada olması ilə əlaqədar o öz qanun layihəsini ümumi, böyük bir müzakirəyə çıxardı. Siz bunu televiziyada görmüsünüz, bilirsiniz, məlumatınız vardır. Mən hesab edirəm ilk dəfədir ki, Amerika Konqresinin, Senatının nümayəndələri Senatın binasında xarici ölkələrin prezidentləri ilə müzakirə apardılar. Qafqaz respublikalarının prezidentləri, Orta Asiya, Mərkəzi Asiya ölkələrinin hamısının prezidentləri, Türkiyənin prezidenti, Amerika hökumətinin nümayəndəsi, Amerika prezidentinin təhlükəsizlik məsələləri üzrə köməkçisi Sendi Berger, Amerikanın keçmiş xarici işlər naziri Beyker, Amerikanın keçmiş prezidentinin təhlükəsizlik məsələləri üzrə köməkçisi Bjesinski - hamısı nitq söylədilər. Orada senatorlar, konqresmenlər və bütün bu respublikaların nümayəndə heyətləri iştirak edirdilər. Bu, çox böyük bir hadisədir.

Məmnuniyyətlə deyə bilərəm ki, bu hadisənin də əsasını müəyyən qədər biz qoymuşuq. TASİS, TRASEKA proqramlarının həyata keçirilməsi ilə bağlı bizim gördüyümüz işlər imkan verdi ki, biz Avropa Birliyində təşəbbüs qaldıraq, bu barədə beynəlxalq konfrans keçirilsin, Bu beynəlxalq konfransı biz keçirdik. Keçən il sentyabrın 7-8-də Azərbaycanda ilk dəfə olaraq çox yüksək səviyyədə beynəlxalq konfrans keçdi. 32 dövlətin nümayəndə heyətləri, 8-9 ölkədən prezidentlər, 15 beynəlxalq təşkilatın nümayəndələri - bundan böyük nə ola bilər!

Bu, nəyi göstərir? Bu onu göstərir ki, Azərbaycan dövləti dünya miqyasında böyük hörmətə malikdir. Əgər Azərbaycan dövlətinə inam olmasaydı, hörmət, ehtiram olmasaydı, bu qədər ölkələrdən, beynəlxalq təşkilatlardan nümayəndələr Azərbaycana toplaşa bilərdilərmi? Təbii ki, biz bu konfransı Avropa Birliyi ilə bərabər keçirdik. Amma bunu biz keçirdik. Bu, Azərbaycanda, Bakıda keçdi. İndi yenə bəzi müxalifət adamları onu deyirlər, bunu deyirlər. Hər bir şeyi qiymətləndirə bilirlərsə görsünlər ki, bu nədir. Bu, tarixi İpək yolunun bərpası ilə əlaqədar böyük bir təkan oldu. İndi də Amerika Konqresində böyük bir qanun layihəsi hazırlanmışdır. Mən inanıram ki, bu qanun layihəsi də qəbul edilib həyata keçiriləcək və bu da Azərbaycan üçün çox faydalı olacaqdır.

Bilirsiniz ki, mən Amerikada olarkən bir çox konqresmenlərlə, senatorlarla görüşdüm. Mən onların sayını bilmirəm, - ola bilər, Zülfüqarov, Quluzadə onların sayını bilirlər, - həddindən artıq çox idi. Konqresdə bizim görüşümüzə 17 konqresmen toplaşmışdı. Bu, adi bir hadisə deyildir.

Nəhayət, Azərbaycan Dövlət Neft Şirkəti Amerika Birləşmiş Ştatlarının böyük şirkətləri ilə çox əhəmiyyətli üç müqavilə imzaladı. Bu müqavilələr "Ekson", "Mobil", "Monkrift Oyl" şirkətləri ilə imzalandı. Onların Azərbaycana sərmayəsi çox böyükdür. Bu müqavilələrin də imzalanma mərasimi yenə Senatın binasında, senatorların və konqresmenlərin iştirakı ilə və Amerika Birləşmiş Ştatlarının ticarət nazirinin iştirakı ilə keçirildi. Bu da böyük hadisədir.

1997-ci ildə mən Amerika Birləşmiş Ştatlarında rəsmi səfərdə olarkən dörd müqavilə imzaladıq. Bu müqavilələr Ağ evdə imzalandı. Bu da qeyri-adi bir hadisə idi. O müqavilələr Amerika Birləşmiş Ştatları prezidentinin sarayı, iqamətgahı olan Ağ evdə, Birləşmiş Ştatların rəhbərliyinin iştirakı ilə imzalandı. İndi isə Senatın binasında üç müqavilə imzalandı. Bunlar hamısı Azərbaycanın gələcəyi üçündür. Mən cəsarətlə deyə bilərəm ki, Azərbaycanın gələcəyi üçün və çox xoşbəxt gələcəyi üçün, çox firavan, zəngin gələcəyi üçün biz əsaslı işlər görmüşük və görürük. Bir neçə ildən sonra bunların hamısının nəticəsini görəcəyik.

Neft müqavilələrimiz haqqında, Xəzər dənizi haqqında ayrı-ayrı ölkələrdə, əlbəttə ki, bizim əleyhimizə yazılar yazılır, işlər görülür. Bu, təbiidir. Çünki bizim ölkənin bu cür inkişafını istəməyənlər də vardır. Yaxud da ki, Azərbaycanın Qərb ölkələri ilə, Amerika Birləşmiş Ştatları ilə bu cür əlaqələrinin yaranmasının əleyhinə olan ölkələr də vardır. Belə ölkələrin, bir tərəfdən də bizim əleyhimizə olan erməni lobbisinin - bunların fəaliyyəti nəticəsində meydana çıxan qəzet məqalələri, başqa yazılar və sairə - bunlar təbiidir buna heç vaxt bir hadisə kimi baxmaq lazım deyildir. Ümumiyyətlə, belə hallarda buna müsbət münasibət göstərənlər də vardır, mənfi münasibət göstərənlər də vardır. Amma təəssüf edirəm ki, bizim daxilimizdə olan bəzi azərbaycanlılar da, bəzi müxalif qüvvələr də Azərbaycanın bu strategiyasının, Heydər Əliyevin bu neft strategiyasının guya uğursuz olduğunu sübut etməyə çalışırlar.

"Qarabağ" neft yatağından istənilən nəticə alınmadı. Amma - bu artıq deyilibdir, məlumdur, - "Qarabağ" neft yatağına 120 milyon dollar sərmayə qoyuldu. Biz nə itirdik? Biz neft yataqlarımızı əvvəl yoxlamalıyıq, sonra da hansı nəticə verirsə, onları işlətməliyik. Bəziləri nə qədər ağılsız və elmdən, neft işindən xəbəri olmayan adamlardır. Hər neft yatağından neft çıxmır ki! Birindən çox neft çıxır. Birindən az neft çıxır, birindən qaz çıxır. Bu, təbiidir. Dənizdə neft hasilatı ilə məşğul olduğumuz 50 illik tarix, təcrübə bunu göstəribdir. Biz bu müqavilələri imzalayanda hamısını imzalayırıq. İki-üç il kəşfiyyat işləri gedir və üç ildən sonra orada istənilən səviyyədə neft, qaz tapılırsa, ondan sonra onların hasil olunması işləri gedir. Bu, bizim müqavilələrin şərtləridir.

Amma "Qarabağ" neft yatağından neft çıxmamasına bəziləri sevinirdilər. Nəyə sevinirsiniz? Bu neft Heydər Əliyev üçündürmü? Yaxud bugünkü dövlət üçündürmü? Bu, Azərbaycana lazımdır. Gərək məyus olasınız ki, oradan neft çıxmadı. Amma mən məyus deyiləm, mən bunu təbii hesab edirəm. Ancaq onlar sevinirlər, məlumatlar yayırlar ki, olmadı, filan oldu, "Qarabağ" yatağı boş çıxdı. Burada olanlar da, xaricdə olan bəzi tiplər də.

Yenə də deyirəm: biz burada nə itirdik? Birincisi, biz yatağımızı özümüz yox, bir çox böyük neft şirkətlərinin vasitəsilə yoxladıq. Orada neft var. Amma o şirkətlər hesab edirlər ki, indi o yatağın infrastrukturu çox xərc götürürsə, bu, iqtisadi cəhətdən səmərəli deyildir. Gələcəkdə biz onu istifadə edəcəyik - həmin xarici neft şirkətləri də, başqaları da istifadə edəcəklər, biz oradan neft çıxaracağıq. Amma bu gün onun miqdarının istənilən səviyyədə olmamasına görə bunu səmərəli hesab etmədilər. Biz isə heç bir şey itirmədik. Biz ora bir dollar da vəsait qoymadıq. Azərbaycana 120 milyon dollar sərmayə gəldi. Nə qədər azərbaycanlılar, onun vasitəsilə iş aldılar, Azərbaycana nə qədər xeyir gəldi. Yenə də deyirəm, bizim üçün ən əhəmiyyətlisi odur ki, "Qarabağ" yatağını yoxladıq. Biz orada nə var - bilirik və gələcəkdə bu, istifadə olunacaqdır.

Ancaq "Şahdəniz" yatağında birinci quyu qazılıbdır, ikinci quyu qazılır və "Bi-Pi-Statoyl" mən burada olmayanda təqdimat keçirib və ilkin məlumat verib ki, "Şahdəniz" neft yatağının istismarına dair müqaviləni imzalayarkən nəzərdə tutulmuşdur ki, oradan 400 milyard kubmetr qaz və təxminən 200 milyon ton kondensat almalıyıq. 400 milyard kubmetr qaz 400 milyon ton neftə bərabərdir. Bunu bilməlisiniz. Yəni üst-üstə 600 milyon ton karbohidrogen xammalı. Amma indi təkcə birinci quyudan məlum olur ki, orada ən azı 700 milyard kubmetr qaz vardır. Artıq bunu aparılan işlər göstərir. Bizim yaratdığımız "Dədə Qorqud", "İstiqlal" qazma qurğularının vasitəsilə, şübhəsiz ki, şirkətlərin böyük işinin nəticəsində bu, aydın oldu. Kondensat da təxminən 200-300 milyon tondur. Görün - "Qarabağ" yatağı elədir, amma "Şahdəniz" yatağı belədir. Ona görə də o sevinənlər qoy sevinməsinlər. Bizim neft strategiyamız doğrudur, düzgündür.

İmzalanan müqavilələrlə Azərbaycana 50 milyard dollar sərmayə gəlməsi nəzərdə tutulubdur və bunlar da, şübhəsiz, gələcəkdir. Beləliklə, Azərbaycan böyük gələcəyə nail olacaqdır. Budur bizim gördüyümüz işlər! Yaxşı, bundan artıq nə iş görmək olar? Hamı da bilir ki, biz birinci neft müqaviləsini imzalayanda - artıq mən dedim - başımıza nə işlər gəldi. Ondan sonrakı müqavilələri imzalayanda bəzi böyük dövlətlər tərəfindən bizə nə qədər təsirlər edildi. Biz bir müstəqil dövlət kimi hamısının qarşısında durduq və dururuq. İki neft kəməri yaratmışıq: birincisi ilə Bakıdan Novorossiyskə, ikincisi ilə Bakıdan Supsaya neft axır və Bakı-Ceyhan neft kəmərinin inşasına başlanması üçün böyük işlər görmüşük. 1998-ci ilin oktyabr ayında Ankara Bəyannaməsini beş prezident imzaladı və ondan sonra görülən işlər, maliyyə-texniki məsələlərin həll olunması onu göstərir ki, yaxın vaxtlarda bu məsələlər başa çatacaq və Bakı - Ceyhan neft kəmərinin inşasına başlanacaqdır. O, qısa müddətdə tikiləcəkdir.

İndi biz "Şahdəniz" yatağından xeyli qaz gözləyirik və hər bir neft yatağından da səmt qazı alırıq. Məsələn, biz indi "Çıraq" neft yatağından böyük miqdarda səmt qazı alırıq. Ancaq təəssüf olsun ki, hamısını sahilə çatdıra bilmirik. Nə üçün? Çünki əvvəldə nəzərdə tutulduğundan çox qaz alınır. İndi biz konsorsiumu günahlandıra bilərik ki, siz niyə lazımi diametrdə boru qoymamısınız və lazımi cihazlar yaratmamısınız. Amma oradan bu qədər qaz alınması nəzərdə tutulmamışdı, eləcə də neftin bu qədər alınması nəzərdə tutulmamışdı. İndi oradan nəzərdə tutulduğundan iki dəfə artıq neft çıxır, biz nəzərdə tutduğumuzdan iki-üç dəfə artıq qaz çıxır. Qazın böyük bir hissəsi havaya gedir. Bu da təbiidir. Bilirsiniz, bu, elə bir iş deyil ki, hər şeyi dəqiq edəsən.

Beləliklə, bu bizim neft strategiyamız, bu bizim işimiz və bu da bizim Azərbaycan xalqına xidmətimiz. Xalqımız bunu yüksək qiymətləndirir və inanır ki, bunlar hamısı xalqın rifah halını yaxın zamanlarda yaxşılaşdıracaq və Azərbaycanın iqtisadi inkişafını təmin edəcəkdir. Amma bədxahlar isə partlayırlar. Partladıqlarına görə də ağızlarına gələni yazırlar. Qoy yazsınlar. Bir karvan məsələsi var, mən onu demək istəmirəm. Karvan gedir...

Mən Vaşinqtonda işlərimizi qurtarandan sonra xəstəxanaya getməyim haqqında da televiziya vasitəsilə məlumat vermişəm. Mən xəstəxanaya cərrahiyyə əməliyyatı üçün getmədim. Bu ilin yanvar ayında mənim bir az xəstələndiyim və Türkiyədə müalicə olunduğum zaman Türkiyənin prezidenti, əziz dostum, qardaşım Süleyman Dəmirəl mənə həkim təyin edibdir ki, o, mənim səhhətimə nəzarət etsin. O, Gülhanə Tibb Akademiyasının professorudur, hərbçidir, admiral rütbəsi var və o böyük xəstəxananın kardioloji bölməsinin başçısı Ertən Dəmirtaşdır. O, çox təcrübəli bir həkimdir və çox da gözəl bir insandır. Onunla bu müddətdə bir neçə dəfə görüşmüşdük və mən Amerikaya səfər edərkən belə məsləhət oldu ki, o da mənimlə getsin. Bərabər getdik və orada bu mənə çox cəhd göstərdi ki, sizi bir müayinə edək. Mən isə bundan qaçırdım. Amma o, yoxlamanın, müayinənin lazımlılığını o qədər inandırıcı dedi ki, mən buna razılıq verdim. O da dedi ki, Klivlend klinikası Amerika Birləşmiş Ştatlarının ən böyük və təcrübəli klinikasıdır. Çünki o, vaxtilə onlarla əlaqədə olub və indi də əlaqəsi vardır. Türkiyədən çox böyük adamlar orada müalicə olunublar, cərrahiyyə əməliyyatları keçiriblər.

Mən buna razı oldum. Klivlendə getdik. Aprelin 27-si idi. Mən buraya dönməli idim. Nümayəndə heyətini göndərdim, biz isə Klivlendə getdik. Dedim ki, yəqin baxacaqlar, yoxlayacaqlar, ondan sonra evə gedəcəyik. Ora getdik, baxdılar. Orada bir anjioqrafiya vardır. Bu, bizdə, Azərbaycanda yoxdur. Başqa analizlər də etdilər, ondan sonra mənə dedilər ki, cərrahiyyə əməliyyatı lazımdır. Doğrusu, mən razı olmadım. Bu işlərlə orada məşğul olan bizim türk qardaşımız Murat Tuzçudur. O, orada anjio bölməsinin, yəni kardiologiya şöbəsinin başçısıdır. Çox təcrübəli bir insandır, orada 7-8 ildir çalışır. O xəstəxanada, o kompleksdə iş almaq, yəni Amerika yox, Türkiyə vətəndaşının iş alması qeyri-adi bir hadisədir. Bu, böyük istedad tələb edir. Belə yerlərə Amerikada hər adam daxil ola bilməz, orada hər adam işləyə bilməz. O, çox təcrübəli bir insandır. O, mənimlə bir neçə saat söhbət apardı və həkimim Ertən Dəmirtaşla birlikdə məni inandırdı ki, əməliyyat keçirmək lazımdır. Mən də düşündüm, dedim ki, əgər lazımdırsa edin. Ayın 29-da səhər tezdən əməliyyatı keçirdilər. Bundan sonra da hər şey sizə məlumdur.

Biz əvvəllər bilmirdik ki, bu ürək, qəlb cərrahiyyə əməliyyatı nədir. Düzü, mən oradan-buradan eşitmişdim ki, kimsə keçirib. Amma belə çıxır ki, dünyada çox adamlar keçiriblər. Həmin Klivlend xəstəxanasında gündə təxminən 50-60 belə cərrahiyyə əməliyyatı aparırlar. Həddindən çox!

Sonra gəldim Türkiyəyə. Orada xəstəxanaların çoxunda bu əməliyyatı aparırlar. Hətta mən Antalyada istirahət edərkən, - mən Antalya şəhərindən təxminən yüz kilometr kənarda istirahət edirdim, - oradan yanıma cərrahlar gəlmişdilər. Dedilər ki, biz Antalyanın xəstəxanasında, - yəni orada tibb universiteti vardır, onun tərkibində olan xəstəxanada - indiyə qədər iki min belə cərrahiyyə əməliyyatı aparmışıq. Onlar Gülhanədə nə qədər belə əməliyyat keçiriblər. Başqa yerlərdə də keçirirlər.

Mən Ankarada olarkən Milli Məclisin deputatı Zakir Zeynalov oraya gəldi. O, orada bəzi işlər görürdü. Xahiş elədi ki, mənimlə görüşmək istəyir. Düzü mən, Ankarada olarkən, Çankaya köşkündə, prezidentin iqamətgahında heç kəslə görüşmürdüm. Ancaq bizim səfir dedi ki, o, baypas əməliyyatı keçirib və sizə danışmaq istəyir. Ona görə də mən maraqlandım. O, mənə danışdı. Amma heç bildirmirdi ki, o, belə əməliyyatı keçiribdir. Onun ürəyində əməliyyat ararılmasını mən bilmirdim. Amma keçiribdir və indi onun necə yaşadığını, işlədiyini siz bilirsiniz. Özü mənə dedi ki, gücüm, iş qabiliyyətim bir neçə dəfə artıbdır. Amma bir o deyildir.

Məsələn, yəqin siz mətbuatda oxumusunuz, - Kissincer mənə məktub yazmışdı. O da deyirdi ki, mən bu əməliyyatı bir il bundan qabaq keçirmişəm.

Mən Klivlendə gəldim, ürəyimdə cərrahiyyə əməliyyatı aparılmasını təklif etdilər və mən əməliyyata razılıq verəndə xanım Olbrayta telefon etdim. Çünki onların ölkəsindəyəm, onlar bunu bilməliydilər. Amma bilirdim ki, mənim Klivlendə gəlməyimdən xəbərləri vardır. Ona telefon etdim və dedim ki, mən Klivlenddəyəm, mənə təklif edirlər ki, ürəyimdə cərrahiyyə əməliyyatı aparsınlar və buna razılıq vermişəm. Sadəcə, bunu sizə bildirmək istəyirəm.

O, mənə çox danışdı, dedi ki, narahat olmayın, mənim yaxın tanışlarımdan çoxu bu əməliyyatı keçiriblər, uğurla yaşayırlar və işlərini uğurla davam etdirirlər. Mən hesab edirəm ki, siz düz edirsiniz.

Beləliklə, bu əməliyyatı keçirdilər. Mən bunu demişəm və yazdığım məktublardan da məlumdur, - Amerikanın hökuməti mənə həddindən çox qayğı, diqqət göstərdi. Əməliyyat keçiriləndən dərhal sonra Dövlət Departamentinin bir işçisi xəstəxanaya gəldi və mən xəstəxanadan sonra oteldə olduğum zaman, Klivlenddən Ankaraya uçana qədər o, daim oradaydı və bütün işlərə nəzarət edirdi. Şübhəsiz, məlumatlar verilirdi. Mən əməliyyat keçirən kimi, - siz məktubu görmüsünüz, - prezident cənab Bill Klinton mənə çox hərarətli, səmimi bir məktub yazmışdı. Xanım Olbrayt əməliyyatdan sonra bir neçə dəfə telefon etmişdi. Prezident Bill Klinton telefon etdi, mənimlə danışdı. Bu da sizə məlumdur. Mən əməliyyat keçirəndən sonra bir çox nazirlərdən, konqresmenlərdən məktublar aldım.

Yəni Amerika Birləşmiş Ştatlarının hökuməti, prezident və onun ətrafında olan adamlar mənim Amerikada bu əməliyyat, müalicə dövrümə tam nəzarət etdilər və mənə çox böyük qayğı, diqqət göstərdilər. Mən öz məktublarımda bunu bildirmişəm. Amma bu gün sizinlə apardığım bu söhbətdən istifadə edərək bir daha hədsiz təşəkkürümü, minnətdarlığımı Amerikanın prezidenti cənab Bill Klintona və xarici işlər naziri xanım Olbrayta, Amerika hökumətinin üzvlərinə və başqa siyasi xadimlərə yetirirəm. Mənə göstərdikləri diqqət və qayğıya görə onlara hədsiz təşəkkür edirəm.

Bu, eyni zamanda Amerika -Azərbaycan əlaqələrinin hansı səviyyədə olduğunu göstərir. Hətta mən Ankaraya gələndən sonra haradansa Dövlət Departamentinə məlumat çatmışdı və Amerikanın Azərbaycandakı səfiri cənab Eckudero oğlum İlhama telefon etmişdi və demişdi ki, mənə Vaşinqtondan xəbər veriblər ki, orada nəsə düz getmir, yəni dərmanı düz verməyiblər, biz narahatıq. Mən Ankarada olduğum zaman da bunlar bu məsələləri izləyirdilər. Yenə də deyirəm, bu, Amerika -Azərbaycan əlaqələrinin yüksək səviyyədə olduğunu göstərir. Biz bunu bir çox hallarda görmüşük və bu hal da bunu sübut edir.

Mənim burada olmadığım müddətin ikinci hissəsi, bilirsiniz ki, Türkiyədə keçibdir. Mən artıq bunları bildirmişəm və Antalyadan Azərbaycana qayıdarkən Türkiyənin prezidenti cənab Süleyman Dəmirələ məktub göndərmişəm. Həmin məktub mətbuatda dərc olunubdur, yəqin ki, siz oxumusunuz. O məktubda da öz fikirlərimi bildirmişəm və bir daha bildirmək istəyirəm ki, prezident Süleyman Dəmirəlin mən o əməliyyata gedən andan Türkiyəyə gələnədək nə qədər qayğı, diqqət, nə qədər insanpərvərlik göstərdiyini mən ağla sığışdıra bilmirəm. İnsan nə qədər qayğıkeş olar, diqqətli olar! İnsan nə qədər mehriban olar, dostpərvər, insanpərvər olar! Mən bunları əvvəlcə heç vaxt təsəvvür edə bilmirdim. Məlumdur, nə qədər telefon edibdir. Mənim xəstəxanada müalicə olunmağımın hamısı barədə daim məlumatlar alıbdır və orada mənim xəstəxana dövrüm başa çatarkən, - onda mən oteldə yaşayırdım, - dəvət etdi ki, mütləq Türkiyəyə gəl, orada müəyyən qədər istirahət et. Mən də bu dəvəti qəbul etdim. Gəldim üç gün Ankarada qaldım, ondan sonra Antalyada, Ankarada olduğum zaman dəfələrlə görüşmüşük. Məni oğlumla birlikdə dəvət edibdir öz iqamətgahına, demək olar ki, hər gün görüşmüşük.

Camlı köşk cənab Dəmirəlin qonaq iqamətgahıdır. O, prezident köşkü ilə yan-yanadır. Ona görə mən orada olanda prezidentin köşkünün ətrafında gəzirdim - orada bağ var, ağaclar var, orada gəzirdim. Bəzən də axşam vaxtı prezident Süleyman Dəmirəl öz iqamətgahından çıxıb mən olduğum yerə gəlirdi, bir yerdə otururduq. Ankarada olan görüşləri siz bilirsiniz. Onlar hamısı çox səmərəli oldu. Beş gün müddətində mən orada çox görüşlər keçirdim.

Sonra mənə Antalyaya getməyi məsləhət gördü. Mən getdim ora. Orada olduğum zaman, mən gedən günün sabahı həyat yoldaşı Nəzmiyyə xanımla birlikdə Antalyaya gəlibdir. Bilirsiniz, axı, bu, əziyyətdir. Birincisi, Ankaradan Antalyaya uçmaq lazımdır. İkincisi, mən istirahət etdiyim yer Antalya şəhərindən uzaqdır, oraya vertalyotla 15 dəqiqəyə gedilir. Demək, həm təyyarə ilə gəlmək lazımdır, həm də vertalyotla gəlmək lazımdır. Eyni zamanda vertalyotla və sonra təyyarə ilə Ankaraya qayıtmaq lazımdır. Bilirsiniz, işin böyük olduğu halda özünə bir belə əziyyət verməsi unudulmazdır.

Ankaradan Antalyaya gələn gün onunla görüşdük. Həmin günün səhərisi gəldi oraya. Antalyada olduğum günlər mənə hər gün telefon edibdir. Hər gün, bəzən gündə iki dəfə telefon edibdir. Mən Bakıya gəlməmişdən, yəni iyunun 8-də bir də gəldi. Yenə mən dedim ki, bilirsiniz, mən çox sıxılıram, utanıram. Siz bu qədər əziyyət çəkirsiniz, bu qədər zəhmət çəkirsiniz. Mən bunu çox yüksək qiymətləndirirəm. Ancaq eyni zamanda, mən istəmirəm ki, siz bu qədər əziyyət çəkəsiniz. Dedi ki, heç bir əziyyəti yoxdur. Sənin sağlamlığın mənim üçün və təkcə Azərbaycan üçün yox, Türkiyə üçün də lazımdır. Ona görə də sənin sağlamlığın yolunda nə edirəmsə hamısını ürəkdən edirəm. Bu, onun sözləridir.

Nəhayət, iyun ayının 8-də Antalyaya gələndə görüşdük. Əvvəlcə dövlət işləri haqqında, dünyada gedən proseslər haqqında söhbətlər apardıq. Sonra isə onunla gələn adamlardan xahiş etdi çıxsınlar və mənimlə bir açıq söhbət apardı. O, mənə dedi ki, bildirmək istəyirəm ki, sən iyunun 14-15-dəki tədbirlərlə öz səhhətini ağırlaşdıra bilərsən. Həqiqət belədir ki, həkimlər, həmin professor Ertən Dəmirtaş və prezident cənab Süleyman Dəmirəlin şəxsi həkimi Osman bəy, - o öz həkimini Ankarada da bu işə cəlb etmişdi, - mən Antalyaya gedəndə mənimlə bərabər getdi. Ondan sonra iki dəfə gəldi. İyunun 8-də prezident Süleyman Dəmirəllə Antalyaya gəldi və iyunun 9-da Antalyadan məni yola saldı. Bu iki böyük həkim dəfələrlə mənə demişdilər, şübhəsiz ki, əməliyyatı aparan Brüs Laytl da demişdi, sonra kardioloq Murat Tuzcu da demişdi ki, bu əməliyyatdan sonra iki ay yarım, bəzən üç ay, dörd ay çox ciddi rejimdə olmalısınız. Bu, hər bir adama aiddir. Mənə deyirdilər ki, ola bilər, bir gün halsız olasınız, bir gün yaxşı olasınız, - bunlara təəccüb etməyin. Bunlar mənə qəti göstəriş vermişdilər. Hətta mən Antalyada olanda Murat Tuzçu telefon etmişdi və demişdi ki, cərrah Brüs Laytl da çox maraqlanır ki, Heydər Əliyev sonra nə edəcək, necə olacaqdır. Doğrudan da Amerikadan daim telefon edirdilər, mənim səhhətimlə maraqlanırdılar və bəzi məsələləri razılşadırırdılar.

Ancaq yenə də deyirəm, bu həkimlər - professor Ertan Dəmirtaş, prezident Süleyman Dəmirəlin həkimi Osman bəy mənə dəfələrlə demişdilər ki, siz iyunun 14-15-i üçün nəzərdə tutulan tədbirləri ləğv etməlisiniz. Dedim ki, mən heç bunu təsəvvür edə bilmərəm. Artıq biz hər şeyi hazırlamışıq, dəvətləri göndərmişik. Mən bunu təsəvvür edə bilmərəm. Dedilər ki, şübhəsiz, siz bunları keçirəcəksiniz. Buna şübhə yoxdur. Amma bu gərgin proqram sizin səhhətinizə müəyyən qədər zərər verə bilər və ona görə sizin 2-3 aylıq vaxtınız bir az da artmalı olacaqdır. Bu sizə lazımdır, yoxsa yox? Mən bunların heç birisi ilə razı olmamışdım və bilirsiniz ki, hər gün əlaqə saxlayaraq bütün hazırlıq işləri ilə maraqlanırdım.

Ancaq iyunun 8-də cənab Süleyman Dəmirəl gəldi və axırda bizim özəl danışığımız oldu. Bu danışıq da ondan ibarətdir ki, mənə qəti dedi: Mən sənə kəskinliklə deyirəm, o tədbirləri ləğv etmək lazımdır və sən həkimlər müəyyən etdiyi rejimdən çıxmamalısan. Çox danışdıq, mübahisə apardıq. Mən dedim ki, axı, biz adamlar dəvət etmişik, prezidentləri dəvət etmişik, "Dədə Qorqud"un yubileyinə dəvət etmişik. Nə edək, necə edək? O, mənə dəfələrlə dedi ki, sənin sağlamlığın mənim üçün hər şeydən üstündür. O tədbirləri bu gün keçirmədin, sabah keçirəcəksən, iki, üç aydan sonra keçirəcəksən. Sənin sağlamlığın Azərbaycan xalqı üçün hər şeydən üstündür, sənin sağlamlığın Türkiyə üçün hər şeydən üstündür. Ona görə burada heç bir hadisə ola bilməz. Mən sənə deyirəm, sən buna riayət etməlisən.

Mən bir az da dedim ki, şübhəsiz, "Dədə Qorqud" yubileyi tədbiridir, amma bu 6-cı zirvə görüşümüzə prezidentlər artıq hazırlaşırlar gəlməyə. Dedi ki, bu, sənin problemin deyildir. Mən bu gün axşam Ankaraya dönərkən türkdilli dövlətlərin prezidentlərinə məktub göndərəcəyəm və məktubda yazacağam ki, bu, mənim təşəbbüsümlə olubdur və xahiş edəcəyəm, hamısı bununla razı olsunlar, heç kəs narahat olmasın.

Həqiqətən, prezident Süleyman Dəmirəl türkdilli dövlətlərin prezidentlərinə məktub göndəribdir. Mənə məktubun surətini axşam Türkiyənin Bakıdakı səfiri çatdırdı.

Bunların nəticəsində, mən ondan ayrılandan sonra, ayın 8-də Ramiz Mehdiyevə telefon elədim, dedim ki, vəziyyət belədir, mən məcburam bu təklifi qəbul edim. Təklifi qəbul etdik və tədbirləri də təxirə saldıq. O deyir ki, bunu payızda etmək məsləhətdir. Məktubunda da yazıb, təklif edir ki, zirvə görüşü payızda keçirilsin və konkret gün diplomatik yollarla təyin olunacaqdır.

Bütün bu dediklərimin nəticəsində, - mən bunu demişəm, yazmışam, amma bir də deyirəm, - Türkiyə Cümhuriyyətinin prezidenti əziz Süleyman Dəmirəl mənə qardaşlıqdan da, dostluqdan da artıq qayğı göstəribdir. Mən bunu həyatımda heç kəsdən görməmişəm. Yəni mən ağır xəstə olmamışam. Düzdür, 1987-ci ildə Moskvada infarkt keçirdim. Bir neçə aya qədər xəstəxanada yatdım. Ancaq nə qədər acı olsa da bu, keçmişdir. Mən bunu heç vaxt deməzdim. Amma bu gün deməliyəm.

Azərbaycanın o vaxtkı rəhbərləri, mənim bəslədiyim, böyütdüyüm insanlar - Mərkəzi Komitənin birinci katibi Kamran Bağırov, Nazirlər Sovetinin sədri Həsən Seyidov, Ali Sovetin sədri Süleyman Tatlıyev bir dəfə də olsun xəstəxanaya telefon etmədilər. Görürsünüzmü, axı bu, mənim doğma vətənimdir. Mən işdə olanda onlar həftədə bir dəfə mənə telefon edirdilər. Bəzi hallarda mən olmadığım zaman telefon edib qızımla danışırdılar, nəvələrimin vəziyyətini soruşurdular.

Mənim müalicəmin, demək olar ki, yarısı keçmişdi. Deyəsən, iyul ayı idi, Moskvada Mərkəzi Komitənin plenumu çağrılmışdı. Mən isə, bilirsiniz ki, may ayının 17- də xəstəxanaya düşmüşdüm. İyul ayı idi, bildim ki, bunlar gəlirlər. Bir gün plenum keçdi, iki gün sessiya keçdi, ya sessiya əvvəl keçdi, plenum sonra keçdi. Bir də gördüm telefon zəng edir, Kamran Bağırov idi. Dedi ki, Heydər Əliyeviç, biz də buradaydıq, tədbir oldu, nə bilim, plenum oldu. Gedirik, istəyirəm sizə də tezliklə sağalmağı arzu edəm.

Bunu indiyə qədər heç kəsə deməmişəm, amma indi deməyə məcburam. Çünki Türkiyə Cümhuriyyətindən, təkcə Süleyman Dəmirəldən yox, bütün cümhuriyyətdən, bütün hakimiyyətdən gördüyüm qayğı-diqqət, mənə olan yardım məni məcbur edir ki, bunu keçmişlə müqayisə edim. Onda bunun nə qədər qiymətli olduğu daha da çox məlum ola bilər.

Dedim yox, gəlin buraya. Mənim həkimim vardı, - Dmitri Dmitriyeviç Neçayev, bir-iki il bundan qabaq vəfat etdi. Çox gözəl həkim idi, Miçurinsk xəstəxanasında baş həkimin müavini idi, - bildi ki, mən bunları dəvət etmişəm və müəyyən danışıq olacaqdır. Gəlib dedi ki, bunu etmə. Dedim yox, mən bunu etməliyəm.

Orada Siyasi Büronun üzvləri üçün yeddi-səkkiz böyük otaq vardı, onlardan birində mən müalicə olunurdum. Dedi ki, onda sən salonda on dəqiqə oturacaqsan, mən də qapıda dayanacağam. On dəqiqədən sonra sənə deyəcəyəm ki, danışığı qurtarmaq lazımdır. Dedim, yaxşı.

Üçü də gəldi. Dedim ki, bilirsiniz nə var, dünyanın dövranı uzundur. Bəlkə siz hesab edirsiniz ki, Heydər Əliyev artıq ya öləcək, yaxud də işləməyəcək, ona görə belə üz göstərirsiniz. Amma bilin, sizə haram olacaqdır. Bilin, mən sizi 10 il, 14 il yetişdirmişəm, bəsləmişəm, xırda işlərdən böyük vəzifələrə gətirmişəm. Bəs sizin insanlığınız haradadır? Mən hələlik Siyasi Büronun üzvüyəm və baş nazirin birinci müaviniyəm. Hökumət də məni burada müalicə edir. Demək, siz mənim yanıma gəlməkdən qorxursunuz? Yaxud da o qədər mənəviyyatsız adamlarsınız ki, xəstəni də ziyarət etmək istəmirsiniz. Bizim Azərbaycanda adətdir - xəstə olan adamı ya gedib evində yoluxur, ya da ona xəstəxanada baş çəkirlər. Keçmişdə olanları deyirəm, - mən bir torbada alma, armud aparırdım. Bu, xəstəyə təsəlli verir, xalqımıza xas olan bir dəbdir - keçmişdə də olub, indi də var.

Burada işlədiyim zaman mən nə qədər insanları müalicə etməyə çalışmışam və xəstəlikdən xilas etmişəm. Nə qədər! Bu, məlumdur. İnsanlara da məlumdur, onların ailə üzvlərinə də. Mən bir dəfə Həsən Seyidovu ölümdən xilas eləmişəm. Onu Moskvaya göndərdim, cərrahiyyə əməliyyatı apardılar. Həkimlər deyirdi ki, əgər belə olmasaydı, o öləcəkdi. Daim əlaqə saxlayırdım. Məsələn, Qurban Xəlilov Moskvada iki dəfə operasiya olundu. Mən hər dəfə səhiyyə nazirinə, dördüncü idarənin başçılarına telefon edirdim, əməliyyatı aparan adamlarla danışırdım. Əməliyyatdan qabaq və sonra onunla əlaqə saxlayırdım.

Xatirimdədir, Qurban Xəlilov birinci dəfə operasiya ediləndə əməliyyatdan əvvəl telefon etdim, on beş dəqiqə danışdım, ürək-dirək verdim. Gələndən sonra göz yaşları ilə mənə deyirdi ki, hər şeyi etdin, amma cərrahiyyə otağına gedərkən telefon etməyin mənə həqiqətən mənəvi ruh verdi. Bunlar hamısı olan şeylərdir.

Amma mən xəstə olanda nəinki xəstəliyimlə, müalicəmlə məşğul olsunlar, heç olmasa mənə bir diqqət göstərsinlər, - onu da etmədilər. Ona görə mən onlara dedim, bilirsiniz, dünyanın dövranı uzundur, həyat hələ qabaqdadır, siz nahaq elə başa düşürsünüz ki, Heydər Əliyev artıq fəaliyyətdən uzaqlaşıbdır, yox. Siz nahaq elə başa düşürsünüz ki, Heydər Əliyev bəlkə də bu xəstəxanadan çıxmaycaq, yox. Amma siz öz sifətinizi göstərdiniz. Çıxın gedin, özünüz haqqında düşünün. Söhbət təxminən iki saatdan artıq çəkdi, baxmayaraq ki, həkim demişdi on dəqiqədən artıq ola bilməz.

İkincisi də mən Moskvada Siyasi Büroda bu barədə olan mühiti demək istəyirəm. Mən Siyasi Büronun üzvüyəm, başqa üzvlər, baş katib, Nazirlər Sovetinin sədri də var. Sovetlər İttifaqının başında duran 10-11 adamıq. Kremldə, iş otağımda ürəyim narahat oldu, məni xəstəxanaya apardılar. Doğrudur, orada çox diqqət göstərdilər. Səhiyyə naziri Çazov özü, dördüncü idarənin rəisi daim mənim müalicəmlə məşğul olurdular. Çox professorlar gəlib-getdi, buna da bir şey deyə bilmərəm. Ancaq on gün, iyirmi gün keçdi, iş yoldaşlarımdan maraqlanan yox idi.

Bir ay keçmişdi, SSRİ-nin o vaxtkı baş naziri Rıjkov mənim yanıma gəldi. Mən dedim ki, Allaha şükür, demək, burada da belə insani keyfiyyətlərə malik adam varmış. Sonra bir dəfə də gəldi, amma mən onun gəlməyinin mənasını başa düşmədüm. Hər halda gəlmişdi. Mən artıq xəstəxananın həyətində gəzirdim. Bir saatdan artıq gəzdik, söhbət etdik. Amma baş katib Qorbaçov bir dəfə də telefon eləmədi. Beş dəqiqə telefon etmək nədir? Təbiidir, mən başqaları haqqında demək istəmirəm.

Müalicə olundum, çıxdım. Elə bil ki, heç bir şey olmayıb. Görənlər soruşurdu ki, nə təhər, nə cür oldu? Deyirdim ki, müalicə olunurdum.

Bilirsiniz, bu, tək mənə aid deyildir. Mən bunu müəyyən qədər bilirdim. Bunu sizə deyirəm ki, Moskvada, Siyasi Büroda, Sovet İttifaqının rəhbərliyində insanların bir-birinə nə qədər biganə olduğunu bildirim. Mən indiyə qədər heç vaxt bunu da deməmişəm.

Xatirimdədir, Nazirlər Sovetinin sədri Kosıgin xəstələnmişdi, infarkt keçirmişdi, xəstəxanada yatırdı. Bir dəfə Moskva çayında xırda gəmidə üzərkən o aşmış və Kosıgin çaya düşmüşdü. Onu xilas eləmişdilər, ondan sonra xəstələnmiş, gedib xəstəxanada yatmışdı. Orada müalicə olundu, sonra işə çıxdı. Amma bir müddət - bir, ya iki il keçəndən sonra infarkt keçirdi. Həmin o Miçurinsk xəstəxanasında müalicə edilirdi. Mən Moskvaya gəlmişdim, deyəsən sessiya idi. Görürəm bəzi adamlar mənimlə danışıq aparırlar ki, Kosıgin də xəstədir, lazımdır ki, ərizə verib işdən getsin. Bu, Brejnevin vaxtında idi. Mən düşündüm, - a kişi, bu adam xəstədir, qoy xəstəliyi qurtarsın, çıxsın. Mən belə düşünürdüm. Amma gördüm yox, bu onu deyir, o bunu deyir.

Deyirdilər ki, Kosıgin artıq ərizəsini yazıb, amma onun qızının əri Qvişiani, - o vaxt Elm və Texnika Komitəsində sədrin müavini idi, - qoymur ki, o, ərizəsini göndərsin. Bunlar da istəyirlər müəyyən kanalla ona təsir etsinlər ki, elə xəstəxanada olduğu zaman işdən azad eləsinlər. Düzü, mən bundan çox dəhşətləndim, amma nə deyə bilərdim? Mən onda Azərbaycanda işləyirdim. Siyasi Büro üzvlüyünə namizəd idim. Siyasi Büronun üzvlərinə nə deyə bilərdim? Mən sadəcə, dərin hissiyyatlara qapıldım ki, insanlar insana nə qədər biganə ola bilərlər.

Bir-iki gün sonra isə sessiya başlandı. Sessiyada gedərkən Kosıgindən bu ərizəni aldılar. Brejnev sessiyada məlumat verdi ki, belə bir ərizə göndərilibdir. O vaxtlar sizin yadınızdadırsa, bunu bilməlisiniz, - dedi mən təklif edirəm ki, Kosıgin azad olunsun. Ali Sovetin sessiyasında təklif elədi ki, Tixonov sədr seçilsin və o, sədr seçildi. Ondan üç-dörd gün sonra Kosıgin xəstəxanada öldü. Bu, heç vaxt mənim yadımdan çıxmır.

Yəni bunu da sizə danışarkən, sadəcə, oradakı hakimiyyətin nə qədər sərt küləkli, yaxud insanlara biganə münasibətini bildirmək istəyirəm. Mən onu görmüşdüm. Mən xəstələnəndə Kosıginin ölümündən beş-altı il, bəlkə də çox keçmişdi. Təxminən 1979, ya da 1980-ci il idi. Ondan sonra, 1982-ci ildə Brejnev öldü.

Ona görə mən xəstələnərkən belə münasibəti görəndə heç təəccüb eləmədim. Çünki Kosıgin hər halda ölkə üçün məndən də dəyərli adam idi, böyük xidmətləri olmuş bir adam idi. Ona belə münasibət göstərildi. Özü də onunla daim bir yerdə işləmişdilər. Stalinin vaxtından da Siyasi Büronun üzvü idi. Demək, Brejnevlə, o birisi, bu birisi ilə illər boyu bir yerdə işləmişdi. Ona belə münasibət gördüm. Mən onda bir az maraqlandım, - bir nəfər də xəstəxanaya onun yanına getməmişdi. Ona görə də 1987-ci ildə mənim başıma bu iş gələndə təəssüfləndim, amma heç də təəccüb etmədim.

Bunları xatırlayaraq fikrimi demək istəyirəm. Bu da ondan ibarətdir ki, mənim dostum, qardaşım, Azərbaycan xalqının böyük dostu Süleyman Dəmirəlin Azərbaycan xalqına, mənə olan münasibəti çox gözəldir, burada insanlıq, dostluq və qardaşlıq keyfiyyətləri, həqiqi insanlıq keyfiyyətləri, orada isə insanlığa xas olmayan, deyə bilərəm ki, mənəviyyatsız hərəkətlər. Bax, bunların fonunda mən prezident Süleyman Dəmirəlin və Türkiyə hakimiyyətinin başqa üzvlərinin Azərbaycana göstərdikləri bu qayğı-diqqəti həddindən artıq yüksək qiymətləndirirəm. Bu, tək mənə görə deyil, Azərbaycan xalqına, Azərbaycan dövlətinə göstərilən qayğı-diqqətdir. Bu, belədir. Mən adi adam, adi bir işdə olan adam deyiləm, mən Azərbaycan dövlətinin prezidentiyəm. Demək, mənim səhhətim haqqında bu qədər insanlar və xüsusən prezident Süleyman Dəmirəl zəhmət çəkirlərsə, qayğı-diqqət göstərirlərsə, bu, bizim ölkəmizə, xalqımıza, millətimizə göstərilən qayğı-diqqətdir.

Bütün bunlara görə mən hörmətli dostum, qardaşım prezident Süleyman Dəmirələ bir daha, bir daha hədsiz təşəkkürümü, minnətdarlığımı bildirirəm və dediyim sözləri sizin yanınızda bir də bəyan edirəm. Güman edirəm, Türkiyə-Azərbaycan əlaqələrinin nə qədər möhkəm, yüksək səviyyədə olması və bu əlaqələrin Türkiyə üçün nə qədər əziz olması bu dövrdə bir daha nümayiş etdirildi.

Bu da böyük hadisədir, yəni bu, bir şəxsi məsələ deyil, bir insanın başqa insana şəxsi münasibəti deyildir. Bu, bir dövlətin başqa dövlətə olan münasibətidir. Biz bunu qiymətləndirməliyik. Mən bəyan etmişəm və bir də bəyan edirəm ki, indiyə qədər olduğum kimi, Türkiyə-Azərbaycan dostluq, qardaşlıq əlaqələrinin inkişafı üçün əlimdən gələni əsirgəməyəcəyəm. Hesab edirəm ki, biz bundan sonra hələ çox iş görəcəyik. Ölkələrimiz bir-birinə daha da yaxın, daha da bağlı olacaqdır.

Ola bilər, vaxt çox getdi. Bax, mən bunları sizə çatdırmaq istəyirdim. Yəni siz bu fikirlərimi bilirsiniz, məktublarımdan və televiziya ilə bəyanatlarımdan bilirsiniz. Ancaq sizə bir az geniş izahat vermək istədim. Çünki qeyri-adi hadisə idi ki, mən xeyli vaxt ölkədən kənarda olmuşam. Ancaq ürəyim ölkə ilə olub, daim əlaqədə olmuşam və ölkədə gedən işlərə nəzarət, rəhbərlik etmişəm.

Mən bu mövzunu bitirdim. İndi isə, siz mənə həmişə məlumat vermisiniz, - istərdim ki, məsləhət olarsa, Murtuz müəllim mənim olmadığım dövrdə nə işlər gördüyündən qısa olaraq danışsın. Sonra Artur Rasizadə, Ramiz Mehdiyev danışsınlar. Ancaq beş dəqiqədən artıq olmasın. Mən çox işləri bilirəm. İndi sadəcə, yığcam şəkildə eşitmək istəyirəm.

"Azərbaycan" qəzeti, 11 iyun 1999-cu il

Tarixi arayış