Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Türkiyənin keçmiş Baş naziri, millət vəkili Məsud Yılmazla görüşdəki söhbətindən - Ankara, Gülhanə Tibb Akademiyası, 29 yanvar 1999-cu il


Məsud Yılmaz:  Çox hörmətli cümhur başqanı, mən Sizi ürəkdən salamlayır, böyük hörmət və ehtiramımı bildirirəm. Səhhətinizin tam yaxşı olduğunu görməkdən çox məmnun qaldım. Burada Türkiyənin cümhur başqanı, Sizin əziz dostunuz, qardaşımz Süleyman Dəmirələ və başqaları ilə hər bir görüşünüz Türkiyə ilə Azərbaycan arasındakı dostluq və qardaşlıq əlaqələrinin günü-gündən inkişaf etməsinə yönəlmişdir. Mən Sizi tam sağalmağınız münasibətilə bir daha təbrik edirəm. Arzu edirəm ki, canınız həmişə sağlam olsun. Cənab prezident, bu görüşümüzdən xatirə olaraq Sizə bir hədiyyə təqdim etmək istərdim.

Heydər Əliyev: Xoş və səmimi sözlərə görə Sizə, cənab Məsud Yılmaza öz minnətdarlığımı bildirirəm. Dünya səviyyəsində olan bu gözəl tibb ocağında müayinə və müalicə olunmağımdan çox məmnunam. Mənə göstərilən yüksək diqqət və qayğınıza görə, Türkiyə prezidentinin hər gün Gülhanə Tibb Akademiyasına gəlib məni ziyarət etdiyinə görə təşəkkürümü bildirirəm. Əziz dostum, qardaşım Süleyman Dəmirəl ilə biz ölkələrimizi maraqlandıran məsələlər, beynəlxalq və regional problemlər haqqında ətraflı fikir mübadiləsi aparmışıq.

Diqqət və qayğıya görə Türkiyə prezidenti Süleyman Dəmirələ, Gülhanə Tibb Akademiyasının rəhbərlərinə, həkimlərinə və Türkiyə xalqına bir daha təşəkkür edirəm.

Məsud Yılmaz: Cənab prezident, Siz həm Azərbaycanın, həm də bütün türk dünyasının ən görkəmli dövlət xadimisiniz. Ona görə də bütün türk xalqı Sizi qəlbən sevir və Sizə sonsuz rəğbət bəsləyir.