Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Türkdilli ölkələrin Dövlət Başçılarının VII zirvə görüşünün bağlanış mərasimində çıxışı - İstanbul, Çırağan sarayı, 27 aprel 2001-ci il


Hörmətli Cümhur başqanı Əhməd Necdət Sezər!

Hörmətli məclis başqanları!

Hörmətli məclis başqanı!

Mən hesab edirəm ki, bizim çox gərgin iş şətaitində keçirdiyimiz türkdilli dövlətlərin başçılarının VII zirvə görüşü çox böyük nailiyyət əldə edib və biz bu gün məmnunluq hissi ilə deyə bilərik ki, Türkdilli Dövlətlər Birliyi bundan sonra da öz fəaliyyətini genişləndirəcəkdir.

Hörmətli Cümhur başqanı, Siz burada hər şeyi dediniz, ona görə də təkrar etməyə ehtiyac yoxdur. Mən, sadəcə, bildirmək istəyirəm ki, buradakı görüşümüz çox yüksək səviyyədə keçdi. Hörmətli Cümhur başqanı, Sizə, Türkiyənin bu toplantıda iştirak edən dövlət adamlarına, dövlət orqanlarına zirvə görüşünün çox yüksək səviyyədə hazırlanması və keçirilməsinə görə bir daha təşəkkürümü bildirirəm. Bizə çox gözəl qonaqpərvərlik göstərilibdir. Buna görə mən Türkiyənin daim qonaqpərvər ölkə olduğunu bir daha təsdiq edərək, Azərbaycan Respublikası adından təşəkkürümü bildirirəm. Bildirirəm ki, Türkdilli Dövlətlər Birliyinin üzvü olaraq Azərbaycan öz üzərinə düşən vəzifələri bundan sonra da daim yerinə yetirəcək və türkdilli ölkələrin işbirliyinin daha da genişlənməsi və qarşıda duran vəzifələrin həyata keçirilməsi üçün əlindən gələni edəcəkdir. Mən bir daha Sizə təşəkkür edirəm. Ümidvaram ki, VIII zirvə görüşünə, Aşqabada biz yeni-yeni nailiyyətlərlə gedəcəyik. Təşəkkür edirəm.