Türkmənistan prezidenti zati-aliləri cənab Saparmurad Niyazova - Bakı şəhəri, 18 iyul 2002-ci il


Hörmətli Saparmurad Atayeviç!

Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin Türkmənbaşı limanında yüklənməyə dayanmış "General Şıxlınski" tankerində 2002-ci il iyulun 8-də partlayış baş vermiş və bu yanğına gətirib çıxarmışdır. Bu faciəli hadisə nəticəsində heyətin 6 üzvü həlak olmuşdur.

Türkmənistanın müvafiq təşkilatları tərəfindən vaxtında və operativ kömək göstərilməsi sayəsində yanğın məhdudlaşdırılmış və maksimum qısa müddətdə söndürülmüşdür ki, bu da böyük itkilərin qarşısını almağa imkan vermişdir.

Belə fövqəladə şəraitdə sıx qarşılıqlı fəaliyyət və yardım Azərbaycan ilə Türkmənistan arasında dostluğun və mehriban qonşuluğun çoxəsrlik ənənələrinə xalqlarımızın sadiq olduğunu bir daha nümayiş etdirdi.

Hörmətli Saparmurad Atayeviç, Sizə dərin təşəkkürümü bildirirəm və yanğının qarşısının alınmasında iştirak edənlərin və bu zaman yüksək peşəkarlıq və fədakarlıq göstərənlərin hamısına minnətdarlığımı yetirməyinizi xahiş edirəm.

Hörmətlə,

Heydər Əliyev, 
Azərbaycan Respublikasının Prezidenti.

"Azərbaycan" qəzeti, 19 iyul 2002-ci il.