Yeni Azərbaycan Partyasının on illiyinə həsr olunmuş yubiley mərasimində YAP-ın sədri, Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin nitqi - 26 noyabr 2002-ci il


Əziz dostlar!

Hörmətli xanımlar və cənablar!

Sizi, Yeni Azərbaycan Partiyasının bütün üzvlərini partiyanın yaranmasının 10 illik yubileyi münasibətilə ürəkdən təbrik edirəm və doğma partiyamıza yeni-yeni uğurlar arzulayıram.

Bu gün bu salondakı əhval-ruhiyyə, bu ruh yüksəkliyi məni çox həyəcanlandırır və məndə böyük hissiyyatlar doğurur. Burada oturub sizi dinləyərkən ötən on il istər-istəməz, kinolent kimi göz önündən keçir. On il! Biz bu partiyanı yaradanda onun gələcəyinə böyük inamla işə başlamışdıq. Şəxsən mən bilirdim ki, bu gələcək o qədər də şirin olmayacaq, hamar, asan olmayacaqdır. Amma indi on il keçəndən sonra o vaxt düşündüklərimin hamısı təsdiq olunmaqla yanaşı, eyni zamanda düşünürəm - biz nə qədər qüdrətli insanlarıq ki, bu ağır, çətin yolu on ildə keçdik və bu gün güclü, yüksək intellektual səviyyəyə malik olan partiyamız vardır.

Bizim partiyanın yaranma tarixi haqqında görüşlərimizdə mən də öz fikirlərimi demişəm, o vaxtkı təşəbbüskarlar da öz fikirlərini deyiblər. Hər şey aydındır. Amma bu gün heç kəsə elə gəlməsin ki, hər şey aydın olduğu kimi, hər şey də çox asan idi. On il yaşamışıq, hər birimiz yaşımıza on il də artırmışıq. Gənclər daha da kamil yaşa çatıblar. Yaşlılar bir az da yaşlaşıblar. Daha yaşlılar qocalıblar. Bu, təbii prosesdir.

On il bundan öncə biz partiyanı yaradanda məktəbə yenicə gedən uşaqlar bu gün universitetlərdə dərs keçirlər, təhsil alırlar. O vaxt 15-20 yaşında olan gənclər indi bizim partiyada məsul işlər görürlər. On il nə azdır, nə də çoxdur. Az deyil ona görə ki, on il müddətində görülən işlər bəlkə də 20, 30, 40 il müddətində görülən işlərə bərabərdir. Çox da deyil ona görə ki, nə olsun, on ildir. On il bir şey deyil, gəldi, getdi. Hələ qarşıda yeni bir on ilimiz var.

Baxmayaraq ki hər şey məlumdur, mən partiyanın yaranması prosesini bir daha yada salmaq istəyirəm. Çünki bunsuz ola bilməz. O vaxt - Azərbaycanın ağır, çətin dövründə insanlar doğrudan da bir nicat, ümid axtarırdılar. Çoxları bunu, - mən orada yaşadığıma görə, - Naxçıvanda gördülər. Gəldilər, getdilər, təkliflər etdilər. Ancaq 91-lərin məktubu birdən-birə yaranmadı. Ondan xeyli qabaq bir proses getdi. Sirus Təbrizli "Səs" qəzetində böyük məqalə ilə çıxış etdi ki, Heydər Əliyevi biz özümüz gətirməliyik. Məqalə yayıldı, mən də oxudum. Mənim yanıma gəldilər ki, məqalədə hər şey yazılıbdır, indi partiyanın yaranmasına razılıq verin. Ancaq mən o vaxt razılıq vermədim. Sonra ikinci mərhələ oldu. Həmin təşəbbüskarlar böyük bir qrup ziyalının imzası ilə yenə də "Səs" qəzetində Heydər Əliyevə müraciət dərc etdilər. Azərbaycanın 91 nəfər tanınmış insanları o müraciətə imza atdılar.

Mən sizdən gizlətmirəm. Dünən o məktubların hamısını oxumuşam. Baxmayaraq ki, xatirimdədir. Ancaq on il bundan öncə olmuşdu. Dünən həm Sirus Təbrizlinin birinci məqaləsini, həm də müraciəti oxudum. Müraciətin altında imzaları olan insanların adlarını, familiyalarını bir daha oxudum. Sonra özümün cavab məktubumu oxudum. On ildən sonra bunları təhlil etməyə və düşünməyə başladım.

Bilirsiniz, bizim partiyanın əsası ona görə möhkəmdir, ona görə güclüdür ki, biz heç bir təsadüfi fikirlərlə yaşamamışıq. Mənə göndərilən o müraciətdə də, bir tərəfdən, Azərbaycandakı vəziyyətlə əlaqədar həyəcan təbili vurulurdu, ikinci tərəfdən, Azərbaycan haqqında qayğı, düşüncələr, Azərbaycanın gələcəyi haqqında narahatlıq və eyni zamanda, bu müraciətin həm siyasi, həm də məntiqi nöqteyi-nəzərdən lazımi səviyyədə əsaslandırılması vardı. Bəli, o sənədi bu gün də siyasi ekspertizaya vermək olar. Nəticə o olacaqdır ki, nə qədər ağıllı bir müraciət idi.

Mən öz məktubum haqqında demək istəmirəm. Hər halda, yəqin ki, siz bu illərdə bir şeyi müşahidə etmisiniz. Mən həmişə özümə qarşı çox tələbkar insanam. Bəli, çox tələbkar insanam! Bəzən mən özüm-özümü daxilən tənqid edirəm və çox da ciddi tənqid edirəm. Əgər məndə həyatım boyu özümə qarşı bu tələbkarlıq olmasaydı, siz qarşınızda bugünkü Heydər Əliyevi görə bilməzdiniz.

Ona görə də mən yazdığım, göndərdiyim cavabı həmin bu tələbkarlıq hissi ilə oxudum və düşündüm ki, bəli, on il bundan öncə də tamamilə doğru-düzgün fikirlər ifadə etmişəm və onlar indi artıq bu on il müddətində tamamilə öz təsdiqini tapıbdır.

91-lər, onlar artıq dillərdə əzbər olublar. Mən 91-lərin hamısına həmişə böyük hörmət və ehtiram bəsləmişəm. Bu gün də onların hamısına - dünyadan gedənlərə Allahdan rəhmət diləyirəm, indi bizimlə bərabər olanlara səmimi qəlbdən təşəkkür edirəm. Ona görə yox ki, 91-lərin müraciəti, - sizinlə açıq danışıram, - mənim həyatımda böyük bir dönüş rolu oynadı. Yox. Siz bilirsiniz ki, biz partiyanı yaradandan 7 ay sonra xalq, o cümlədən o vaxt iqtidarda olanlar, artıq qaçıb dağılmaqda olan insanlar məni Azərbaycana dəvət etməyə məcbur oldular. Yəni 91-lərin müraciəti olsaydı da, olmasaydı da, mən 1993-cü ildə Azərbaycana gələcəkdim.

Ancaq o vaxt müraciətin altına imzasını qoyan insanların hər biri böyük cəsarət göstəribdir. Çünki o vaxtkı terrorist rejim və xüsusən, Heydər Əliyev ilə əlaqəsi olan adamların təqib edilməsi, bəzilərinin ədalətsiz olaraq cəzalandırılması, yaxud onlara qarşı müxtəlif təxribat halları, əlbəttə, insanları qorxudurdu. Bəzən mənə deyirlər ki, sizinlə uzun müddət işləmiş bəzi insanlar siz 1987-ci ildə hakimiyyətdən gedəndən sonra lazımi ləyaqət göstərə bilmədilər. Bu, doğrudur, həqiqətdir. Bəziləri ona görə ki, - sən demə mən bilməmişəm, - ləyaqətsiz imişlər. Amma bəziləri də, sadəcə, öz canından, ailəsindən, başqa səbəblərdən qorxublar. Bunların hamısını mən anlayıram və heç kəsi də günahlandırmıram. İndi burada çıxış edən Elmar Qasımov çox düzgün ifadə etdi ki, o vaxtlar doğrudan da mənim apardığım xəttə xəyanət oldu. Belədir.

Ancaq eyni zamanda, mən bilirəm ki, insanların hamısı bir cür deyildir. Biri cəsarətlidir, nə olur-olsun, qabağa gedir. O biri isə fikirləşir ki, bəlkə bir az özümü kənarda saxlayım. Müraciəti imzalayan 91-lər məlumdur. Ancaq bilirəm ki, o müraciəti oxuyub, bəyənib imzalamayanlar da var. Onların da bəziləri məlumdur. Ona görə müraciəti imzalayan 91 nəfər o vaxt böyük cəsarət göstəribdir. Təkcə mənə görə yox. Bəli, Azərbaycanın gələcəyinə görə böyük cəsarət göstəriblər, böyük qəhrəmanlıq göstəriblər. Ona görə də hesab edirəm ki, onlar daim təkcə mənim tərəfimdən yox, hamı tərəfindən hörmətlə qarşılanmalıdırlar. Biz onları partiyamızın əsasını qoyan veteranlar kimi öz sıralarımızda daim saxlayacağıq.

Beləliklə, o dövrü bu gün burada yadıma salanda, dünən o sənədləri oxuyanda düşündüm ki, həm bizim partiyanı yaratmağa təşəbbüs göstərənlərin, can atanların, həm də 1992-ci il noyabrın 21-də Naxçıvanda təsis konfransında iştirak edənlərin hamısı həqiqətən vətənpərvər olublar, uzaqgörən olublar, Azərbaycanın aqibəti haqqında düşünüblər, millət, Vətən, xalq haqqında düşünüblər. İndi biz xoşbəxtik ki, on il bundan qabaq yaratdığımız kiçik bir partiya böyüyüb, şaxələnib, bütün Azərbaycanı əhatə edib və sıralarında 280 min üzvü cəmləyibdir. Hələ nə qədər də tərəfdaşları, pərəstişkarları var. Beləliklə, on ildə bizim partiyamız, Yeni Azərbaycan Partiyası kiçik bir partiyadan, çətin şəraitdə doğulan bir partiyadan böyük siyasi partiyaya çevrilib və indi Azərbaycanın aparıcı siyasi qüvvəsidir.

Biz partiyamızın adına artıq öyrənmişik. Bəzən düşünürük ki, partiyanın adı niyə Yeni Azərbaycan Partiyasıdır? Bu, heç də təsadüfi deyildir. Çünki bilirsiniz ki, o vaxtlar müxtəlif partiyalar yaranırdı, bu, müəyyən qədər dəbə çevrilmişdi. Adında gərək mütləq ya demokratik sözü olaydı, ya "istiqlal" sözü olaydı, yaxud da bu cür başqa bir söz olaydı. Amma heç bilmirsən ki, partiya niyə bu adı daşıyır. Partiya yarana bilər və ona abstrakt bir ad qoyarlar - bu başqadır. Partiyanın adı onun siyasi xəttini, siyasi prinsiplərini, siyasi strategiyasını, perspektivini əks etdirməli, buna münasib olmalıdır. Bax, buna görə də biz bu partiyanın adını Yeni Azərbaycan Partiyası qoyduq.

Yeni, yeni Azərbaycan qurulur, müstəqil Azərbaycan qurulur. Yeni Azərbaycanda da Yeni Azərbaycan Partiyası olmalıdır. Ona görə bizim partiyamız başqa siyasi partiyalardan - təbiidir, mən bizim partiyamızı onlarla müqayisə etmək istəmirəm, amma nə edək, belə partiyalar var, biz bunu inkar edə bilmərik, - ona görə fərqlənir ki, partiyanın adı da onun məqsədlərinə və bugünkü günə uyğundur. Müstəqil Azərbaycan yeni Azərbaycandır. Müstəqil Azərbaycanda yeni ictimai-siyasi quruluş yaranıbdır. Yeni iqtisadiyyat formaları yaranıb, demokratiya, siyasi plüralizm inkişaf edir. Belə bir yeni Azərbaycan keçmişdə yaşadığımız, keçmişdə olan Azərbaycandan fərqlidir. Ona görə partiyamızın adı da Yeni Azərbaycan Partiyasıdır. Məhz Yeni Azərbaycan Partiyası müstəqil Azərbaycanı müstəqillik yolunda inkişaf etdirməyə qadir bir partiyadır.

Partiyamız, xüsusən son illərdə yaxşı təşkilatlandı, yaxşı inkişaf etdi. Mən partiyanın I qurultayında gördüyümüz təşkilati tədbirlərin özünü doğrultduğunu qeyd etmək istəyirəm. Xatirinizdədir, biz o vaxt, 1999-cu ildə partiyanın strukturunda dəyişiklik etdik və İcra Katibliyi yaratdıq. Daimi fəaliyyət göstərən, başqa işləri ilə məşğul olan İcra Katibliyi, onun aparatını yaratdıq. Yerlərdə partiya təşkilatlarını icra orqanlarından ayırdıq və sərbəst, müstəqil partiya təşkilatlarının yaranmasını təmin etdik. Bunlar hamısı partiyada yeni ab-hava yaratdı, partiyanın daha sürətlə təşkilatlanmasına gətirib çıxardı və bugünkü səviyyəyə gəlib çatmasına xidmət etdi. Mən hesab edirəm ki, biz bunu bu gün xüsusi qeyd etməliyik.

Bizim partiyamızın qəzetləri də son illər yaxşı fəaliyyət göstərirlər. Məlumdur ki, hər bir siyasi partiyanın əsas fəaliyyəti ideoloji iş, təbliğat işi olmalıdır. Bir halda ki, Yeni Azərbaycan Partiyası bu gün iqtidarda olan partiyadır, demək, partiyanın, iqtidarın fəaliyyətini təbliğ etmək və iqtidara qarşı, partiyaya qarşı olan antitəbliğatın qarşısını almaq - bunlar hamısı bizim mətbuatın əsas vəzifələridir. Bu ideoloji iş partiyamızın əsas vəzifəsidir. Mən hesab edirəm ki, bizim qəzetlərin bu sahədəki xidmətini bu gün qeyd etmək lazımdır.

"Səs" qəzeti artıq tarixə düşmüş bir qəzetdir. "Səs" qəzeti mənim üçün çox əziz qəzetdir. 1990-cı ilin fevral ayında, Azərbaycanda kommunist hakimiyyəti dövründə mən Ali Sovetdə çıxış edəndən sonra mənim çıxışım, - xatirinizdədir, o vaxt mənim çıxışımı hörmətdən salmağa çalışdılar, onu dərc etmək də istəmirdilər, amma mənə lazım idi ki, o, dərc olunsun, - "Səs" qəzetində dərc edildi. Mən Naxçıvanda işləyərkən bizim bir neçə tədbirlərimiz barədə yazıları "Səs" qəzetində dərc edə bildik. Nəhayət, "Səs" qəzeti 91-lərin müraciətini dərc edib, mənim cavabımı dərc edibdir. Ona görə "Səs" qəzeti bizim partiyanın tarixində ən mötəbər yer qazanmış bir qəzetdir. Görürəm ki, son vaxtlar özünün xüsusiyyətini itirmədən modernləşir, yaxşılaşır. Arzu edirəm ki, daha da modernləşsin və yaxşılaşsın.

"İki sahil" qəzeti də bizim çoxdankı qəzetlərimizdəndir. Yenə də o dövrdə, biz Naxçıvanda blokada şəraitində yaşadığımız dövrdə bu qəzetin indiki redaktoru, - "Səs" qəzetinin o vaxt da redaktoru Ağabəy Əsgərov idi, - Vüqar Rəhimzadə tez-tez Naxçıvana gələrdi və hələ partiya yaranandan xeyli əvvəl Naxçıvanın işləri haqqında materiallarımızı dərc edərdi. İndi o, bizim Yeni Azərbaycan Partiyasının qəzetidir. Çox inkişaf edib, böyüyüb, genişlənib və güman edirəm ki, bu yolla gedərsə, daha da güclü qəzet olacaqdır.

Mən "Yeni Azərbaycan" qəzetində yaranan böyük sıçrayışı qeyd etmək istəyirəm. Biz partiyanı yaradanda hesab edirdik ki, "Səs" qəzeti partiyanın qəzeti deyil, müstəqil qəzetdir. "İki sahil" qəzeti də müstəqil qəzetdir. Bizim partiyaya bir qəzet lazımdır. Dedilər, adını da "Yeni Azərbaycan" qoyaq. Mən etiraz etmədim, yarandı. Amma bu gün hər şeyi düz demək lazımdır. O qəzet uzun müddət, bir çox illər uğur qazana bilmədi. Mən də çox təəssüf edirdim. Çünki çox hallarda mən də maraqlanırdım, kömək etmək istəyirdim. Ancaq qəzet uğur qazana bilmirdi. Amma son illər qəzet birdən-birə müsbət mənada çox dəyişibdir.

Düzdür, mən açıq danışmaq istəyirəm, qəzetlərin hamısını oxumaq imkanım yoxdur, amma qəzetlərə baxmaq imkanım var. Bəzən də təbiidir, hansısa məqalələr mənim diqqətimi cəlb edir və baxıram. Xüsusən bizim qəzetlərə baxıram. Hər səhər mən o qəzetləri vərəqləyirəm, baxıram. "Yeni Azərbaycan" qəzetinin belə sürətlə, sıçrayışla inkişaf etməsi çox sevindirici haldır. Yəni qəzetin həm məzmunu, həm xarakteri, həm də onun dərc etdiyi müxtəlif materiallar - bunların hamısı birlikdə bu qəzeti yüksək səviyyəyə qaldırıbdır.

Onun redaktoru da Alqış Həsənoğludur. Gənc bir şəxsdir və çox məmnunam ki, qəzet redaktorlarının hamısı gənclərdir və bizim mətbuatda belə yaxşı fəaliyyət göstərirlər. Ancaq heç biriniz düşünməyin ki, mən bu gün sizin haqqınızda xoş sözlər deyərkən, nöqsanlarınızı görmürəm, yaxud onları sizə bağışlayıram. Yox. Mən arzu edirəm ki, öz bildiyiniz nöqsanları özünüz aradan qaldırasınız. Əgər hansını görməsəniz, onda mənə müraciət edərsiniz, sizə deyərəm.

Bizim partiyanın fəaliyyəti bugünkü iqtidarın fəaliyyəti ilə qarışıqdır. Çünki yenə də deyirəm, biz iqtidarda olan bir partiyayıq. Bu partiya da iqtidara birdən-birə gəlmədi, qeyri-adi bir tarix yaşadıq. O ağır dövrdə əvvəlcə, xalq, - partiya da orada iştirak edirdi, - Heydər Əliyevi Azərbaycanı bu vəziyyətdən xilas etmək üçün iqtidara dəvət etdi. Heydər Əliyev də bu missiyanı üzərinə götürməyə məcbur oldu. Böyük riskə gedərək, öz həyatı, öz yaşayışı, öz ailəsi üçün böyük riskə gedərək, bu missiyanı üzərinə götürməyə məcbur oldu. Bütün bu risklər var idi, ancaq mən çox xoşbəxtəm ki, fəaliyyətim, apardığım işlər də məni bu risklərdən, bu xətalardan xilas etdi və missiyanı layiqincə yerinə yetirə bildim.

Ona görə də ilk illərdə - 1993-cü, 1994-cü illərdə, hətta 1995-ci ilin əvvəlinə qədər də mən bu partiyanın işləri ilə çox məşğul ola bilmirdim. Çünki istəyirdim ki, xalqın mənə göstərdiyi etimadı doğruldum. Yəni təkcə o mənada yox ki, doğruldum və xalqa deyim ki, mən etimadı doğrultdum. Yox, o mənada ki, mənim qarşımda olan ali vəzifələri yerinə yetirə bilim və ona da nail oldum. Sonra isə partiyamız inkişaf etməyə başladı. Burada deyildiyi kimi, 1995-ci ildə parlament seçkilərində çoxluğu əldə edərək, qanunvericilik orqanında da, - icra orqanında prezident eyni zamanda partiyanın sədri idi, - partiyamız çoxluğu əldə etdi. Beləliklə, Yeni Azərbaycan Partiyası iqtidar partiyasına çevrildi.

Siz bu gün burada həyəcanlı çıxışlarınızda mənim haqqımda çox xoş sözlər dediniz. Mən bunlara görə sizə təşəkkür edirəm. Mən sizi anlayıram. Çünki siz on il mənimlə bərabər olan insanlarsınız. Bu on ildə bizim nə qədər ağır, nə qədər çətin yol keçməyimizi və xalqımızı bu günə gətirib çıxarmağınızı başqalarına nisbətən daha da yaxşı görürsünüz. Siz bu prosesin iştirakçısısınız, siz mənimlə bir yerdəsiniz. Ona görə mənim hər addımımı görürsünüz. Hər addımımı deyəndə, bəlkə, bir az düz olmaz, hər addımı görmək çətindir. Bu, məcazi mənada deyilən bir sözdür. Siz mənimlə bir yerdəsiniz, mənim yaxın silahdaşlarımsınız. Siz indi hakimiyyət orqanlarının çoxunda böyük-böyük vəzifələr daşıyırsınız. Dediyim kimi, qanunvericilik orqanında əksəriyyəti təşkil edirsiniz. Ona görə də Azərbaycanda gedən bu proseslərə, əldə olunan nailiyyətlərə və böyük çətinliklərin öhdəsindən necə gələ bilməyimizə qəlbən sevinən insanlarsınız. Yenə də deyirəm, bunun iştirakçılarısınız. Ona görə də sizin hissiyyatlarınız səmimidir. Mən bunları anlayıram, qəbul edirəm və bunlara görə də sizin hamınıza təşəkkür edirəm.

Mən son görüşlərimdə, nitqlərimdə Azərbaycanın əldə etdiyi nailiyyətlər haqqında bir neçə dəfə demişəm. Əgər müxalifət qüvvələri, müxalifətdə olan partiyalar, ayrı-ayrı şəxslər Azərbaycanın bugünkü gününə, iqtidarın gördüyü işlərə bu qədər qara yaxmasaydılar, bu qədər böhtanlar yağdırmasaydılar, bizim partiyanın üzvlərini, iqtidarı, o cümlədən prezidenti bu qədər təhqir etməsəydilər, bəlkə də bunları deməyə o qədər də ehtiyac yox idi. Amma bunları görəndə, təbiidir, burada düz dediniz, onların sosial dayağı yoxdur, azdır. Qəzetlər də çox az oxucuları əhatə edir. Xalqın tam əksəriyyəti Azərbaycan iqtidarının gördüyü işləri, əldə etdiyi nəticələri və bugünkü səviyyəmizi yüksək qiymətləndirir və bizimlə bərabərdir. Ancaq eyni zamanda, bu qədər ədalətsizlik, bu qədər insafsızlıq təsəvvür etmək mümkün deyildir. Təbiidir, ağa qara demək çətin bir şey deyil, ancaq ağa qara deyən insan nə istəyir? Siz bunlara cavab verdiniz. Onların heç bir istəyi, heç bir arzusu heç vaxt yerinə yetməyəcəkdir.

Ötən on ildə biz gərgin işlə məşğul olmuşuq. Azərbaycanı böyük bəlalardan qurtarmışıq. Azərbaycanda güclü dövlət qurmuşuq. Azərbaycanın iqtisadiyyatını inkişaf etdirmişik. Azərbaycan xalqına bu gün rahat həyat şəraiti yaratmışıq, ictimai-siyasi sabitlik təmin etmişik. İnsanlarımız tamamilə dəyişilibdir. Amma o adamlar, hansılar ki, on ildir eyni şeyi deyirlər, onlar nə ediblər, onların fəaliyyəti nədən ibarətdir? Yalan danışmaq, böhtan yağdırmaq, qəzetlərdə əsası olmayan müxtəlif şayiələr yaymaq və iqtidarı gözdən salmağa çalışmaq. Təbiidir, buna əsas yoxdur.

İndi onlar mitinq keçirirlər. Orada nə deyirlər - çörək?! Burada Elmar Qasımov çox yaxşı dedi. Bəli, bəs, 1992-ci ildə xalq çörək tapmayanda siz niyə unudurdunuz ki, çörək lazımdır! Amma indi Azərbaycanda o qədər çörək var ki, onu qoymağa yer yoxdur.

Biz iqtisadi islahatlar keçirdik. O cümlədən aqrar sektorda, torpağı şəxsi mülkiyyətə verdik. İnsanlar mülk sahibi oldular. Bundan səmərəli istifadə etməyə başladılar. Nəhayət, bu il, 2002-ci ildə Azərbaycanda 2 milyon 200 min ton taxıl istehsal olunubdur. Mən sizə bildirmək istəyirəm ki, sovet hakimiyyəti dövründə, mənim rəhbərlik etdiyim illərdə, - bu illər ən yüksək nəticələr əldə olunmuş illər idi, - biz Azərbaycanda taxıl istehsalını 1 milyon 400, 1 milyon 500 min tona qaldıra bilmirdik. Amma onun keyfiyyəti də nə olurdu, məlum deyildi. Ona görə biz özümüzü taxıl məhsulları ilə təmin edə bilmirdik. Ancaq indi biz özümüzü taxılla təmin edirik. Bu, böyük nailiyyətdir.

Siz eşitdiniz, mən Şəkiyə gedəndə yolüstü İsmayıllıda, Qəbələdə insanlarla görüşdüm. Mənə dedilər ki, taxıl istehsal etmişik, sata bilmirik. Çünki kənardan Azərbaycana taxıl gəlir, biz sata bilmirik. Mən göstəriş verdim. İndi daxili bazarı qorumaq üçün idxal olunan taxıla böyük rüsum qoyublar. Bu nə vaxt olubdur ki, Azərbaycanda kəndli o qədər taxıl istehsal etsin ki, onu satmağa imkanı olmasın? Belə şey olmayıbdır! Amma təkcə taxıl deyil. Bu il Azərbaycanda 700 min ton kartof istehsal olunubdur. Kartof əkilən rayonlarda bilirlər, sovet hakimiyyəti illərində bizə 100 min ton kartof istehsal etmək planı verirdilər. Onu yerinə yetirə bilmirdik. 100 min ton kartof istehsal edə bilmirdik. İndi ondan 7 dəfə artıq kartof istehsal olunubdur. Kartof ikinci çörəkdir. Rusiyada belə deyirlər, kartof ikinci çörəkdir.

İndi 2 milyon 200 min ton taxıl, 700 min ton kartof var, çörək də boldur. Sən nə başlamısan ki, xalqa çörək ver?! Çörəyi sən verə bilmirdin. Amma biz çörəyi çoxdan vermişik! Hələ 1995-ci ildə biz bütün çörək zavodlarını özəlləşdirəndən, insanlara sərbəstlik verəndən sonra Azərbaycanda çörək bolluğu yarandı. Oradan-buradan taxıl aldılar, gətirdilər, çörək bişirdilər. İndi Azərbaycanda müxtəlif çeşidli o qədər çörək bişirirlər ki, bilmirsən hansını alasan, yeyəsən. Bu cür cılız sözlərlə bugünkü iqtidarın əleyhinə çıxmaq olarmı?! 

Bəli, xalqın güzəranı, rifah halı, deyə bilərəm, necədir. Büdcədən maliyyələşdirilən təşkilatların işçilərinin əmək haqları 1996-cı ildən 2002-ci ilə qədər 3,6 dəfə artıbdır. Pensiyaların məbləği 3,4 dəfə artıbdır. Əhalinin pul gəliri 2,5 dəfə çoxalıbdır.

Təsəvvür edin, bu, kiçik məsələ deyildir. Biz gələn il üçün yeni büdcə qəbul etdik. İndiyə qədər olan büdcələrimiz kimi, bu büdcə də sosial yönümlüdür. Bu sosial yönümlü büdcə imkan verir ki, qarşıdakı ildə biz büdcədən maliyyələşdirilən bütün təşkilatların işçilərinin hamısının əmək haqlarını artıraq. Artıracağıq da. Bu gün elan edirəm, birinci növbədə, müəllimlərin maaşlarını artıracağıq. Səhiyyə, mədəniyyət işçilərinin maaşlarını artıracağıq. Bütün başqa sahələrdə çalışanların da əmək haqlarını artıracağıq. 

Təsəvvür edin, 1996-cı ildən 2002-ci ilə qədər maaşlar 3,6 dəfə artdığı halda, indi mən nəzərdə tuturam ki, bəzi sahələrdə maaşları 50 faiz artıram. Bu, göydən tökülmür. Biz buna nə ilə nail olmuşuq? Azərbaycanda həyata keçirdiyimiz iqtisadi islahatlarla... Biz bu islahatları 1995-ci ildən həyata keçirməyə başladıq. Onları ardıcıl surətdə həyata keçirdik, bu gün də aparırıq. Bunların nəticəsində biz ilbəil büdcənin gəlirlərini artırdıq. Bunların nəticəsində, həmin bu nailiyyətlərlə xalqın rifah halını qaldıra bilirik. Biz özəlləşdirmə apardıq, özəl sektoru gücləndirdik. İndi bizdə sənayedə özəl sektorun payı 50 faiz təşkil edir. Bunu nəzərə alın. 

Kənd təsərrüfatında istehsalın 99 faizi özəl sektora məxsusdur. Bu rəqəm ticarətdə 99 faiz, tikintidə 76 faizdir. Bizdə çox güclü inşaat işləri gedir. Özü də yaşayış binaları tikilir. Bu, Azərbaycanda çox gözəl prosesdir. Nəqliyyatda və rabitədə özəl sektorun payı 65 faizdir. Ümumi daxili məhsulun 70 faizi özəl sektora məxsusdur. Biz bununla Azərbaycan iqtisadiyyatını qaldırdıq. Bu, bizim islahatların nəticəsidir. 

Kiçik və orta sahibkarlığı inkişaf etdirmək haqqında mənim həyata keçirdiyim tədbirlər, verdiyim fərmanlar məlumdur. Onların həyata keçirilməsi ilə indi hesab edirəm ki, iqtisadiyyatı daha da inkişaf etdirəcək və xalqın rifah halını yaxşılaşdıracağıq.

Biz nəzərdə tutmuşuq ki, vergiləri azaldaq. Siz bilirsiniz. Vergilər Nazirliyində 40 faiz ixtisar gedibdir. Vergi dərəcələri azalacaqdır. Bu, büdcədə nəzərdə tutulubdur. Mən vergi siyasəti haqqında sizə deyə bilərəm ki, mənfəətdən vergi tutulması 27 faizdən 25 faizə endirilir. Bu faiz dərəcəsi yalnız Bakı şəhərində tətbiq ediləcəkdir. Təsəvvür edin. Gəncə, Sumqayıt, Mingəçevir və Əlibayramlı şəhərlərində bu verginin dərəcəsi 20 faiz olacaqdır. Yəni orada vergilər daha da çox azalacaqdır.

Naxçıvan Muxtar Respublikasında, dağ rayonlarında 10 faiz olacaqdır. Əgər Bakıda 25 faizdirsə, orada 10 faizdir. Digər şəhər və rayonlarda 15 faiz olacaqdır. 27 faiz olan vergiləri biz azaldırıq. Görün, sahibkarlar üçün nə qədər imkanlar yaradırıq ki, özəl sektor inkişaf etsin.

Təbiidir ki, iqtisadiyyatımızın bu cür sürətlə inkişaf etməsinin səbəblərindən biri də xarici sərmayələrin Azərbaycana cəlb olunmasıdır. Sizə məlum olduğu kimi, - burada bu barədə də çox düzgün deyildi, - neft strategiyasının həyata keçirilməsi Azərbaycana 6 milyard dollar sərmayə gətiribdir. Biz artıq bunun nəticələrini görürük. 1994-cü ildə bağladığımız müqavilədən mənfəət nefti alırıq. Biz artıq Neft Fondu yaratmışıq, siz bunu bilirsiniz. Neft Fondunda təxminən, - bunu mətbuatda elan etmişdilər, dəqiq deyə bilmərəm, - 670 milyon dollar vəsait toplanıbdır. Bilirsiniz ki, mən oradan yalnız və yalnız qaçqınlara, məcburi köçkünlərə evlər tikdirmək üçün 76 milyon dollar ayırdım. Qalan hissəsi isə Azərbaycanın valyuta ehtiyatı kimi durur. İndi bizim valyuta ehtiyatımız 1 milyard 300 milyon dollardır. Bizim gələn il üçün büdcəmiz 1 milyard 200 milyon dollardır. Demək, bir illik büdcəmizdən artıq valyuta ehtiyatımız vardır.

Təsəvvür edin, bizim büdcəmiz də ilbəil böyük sürətlə artır. Bunların heç biri göydən tökülmür, kənardan gəlmir.

Biz sərmayələrin 30 faizini qeyri-neft sektoruna yönəldirik. Yəni 66-67 faizi neft sektoruna, qalan hissəsi isə qeyri-neft sektoruna sərf edilir. Ümumiyyətlə, neft sektoru ilə qeyri-neft sektoruna birlikdə Azərbaycana indiyə qədər 9 milyard dollar məbləğində sərmayə cəlb olunubdur. Bu il Azərbaycanda - hələ il başa çatmayıbdır, - 1 milyard 200 milyon dollar sərmayə qoyulubdur. Həm xarici, həm də daxili sərmayə... Mən sərmayə deyəndə, daxili sərmayəni də nəzərdə tuturam. Artıq bizim öz sərmayəçilərimiz, sahibkarlarımız yaranıbdır, onlar sərmayə qoyurlar və bu da, təbiidir, iqtisadiyyatımızın inkişafını təmin edir. Beləliklə, Azərbaycanda bizim əsas vəzifəmiz, - 1992-ci ildə ilk proqramımızda da yazılmışdı, - islahatlar aparmaqla iqtisadiyyatı inkişaf etdirmək, bu yolla xalqın rifah halını yaxşılaşdırmaqdır. Biz bu yolla gedərək nailiyyətlər əldə etmişik və bundan sonra da bu yolla gedəcəyik.

Qarşıdakı iki, üç ildə Azərbaycanın neft sektoruna və başqa sektorlara 10 milyard dollara qədər sərmayə gələcəkdir. Mən sizə deyə bilərəm ki, üç-dörd ildən sonra Azərbaycanın gəlirləri artıq milyard dollarlarla ölçüləcəkdir. Gördüyümüz işlər, həyata keçirdiyimiz layihələr, o cümlədən Bakı-Tbilisi-Ceyhan ixrac boru xəttinin tikilməsi və başqaları - bunların hamısı sabah üçün, gələcək üçündür. Azərbaycanın gələcəyi, Azərbaycan xalqının rifahı üçündür.

Ancaq bizim nailiyyətlərimiz təkcə iqtisadiyyatda deyildir, bütün sahələrdədir. Birincisi, biz Azərbaycanda güclü, demokratik, hüquqi, dünyəvi dövlət qurmuşuq. Bu dövlətin bütün təsisatlarını yaratmışıq. Dövlət quruculuğu prosesini təkmilləşdirmək üçün geniş islahatlar - hüquq islahatları, dövlət sektorunda islahatlar keçirmiş, çox böyük nailiyyətlər əldə etmişik. Qarşıda hələ bir çox struktur dəyişiklikləri etmək üçün planlarımız var. Bunların hamısı Azərbaycanda müstəqil, güclü, demokratik dövlətin yaranması üçündür.

Azərbaycan parlamenti 1300 qanun qəbul etmişdir. Milli Məclis bütün sahələr üzrə qanunlar qəbul edib və Azərbaycanda hər şey qanunlar əsasında gedir. Qanunun aliliyi bizim əsas prinsipimizdir. Biz bunu hələ 1992-ci ildə Naxçıvanda partiyamızın proqramında yazmışdıq, bu gün də həyata keçiririk. 

İndi Azərbaycanda tam mətbuat azadlığı yaratmışıq. Mətbuat azaddır. Kim olursa-olsun, heç kəsin mətbuata toxunmağa ixtiyarı yoxdur. Müxalifət mətbuatından ən çox zərbələr mənə dəyibdir. Mənə və mənim ailəmə dəyibdir. Çünki mən bu yaşıma qədər həyatın bütün mərhələlərindən keçmişəm, bütün dövrləri yaşamışam, hətta Moskvada bütün vəzifələrdən kənarlaşdırıldığım zaman buradakı bədxahlar və ermənilər mənim əleyhimə müxtəlif kampaniyalar aparan zaman da mətbuatda heç vaxt mənə qarşı belə yalanlar, böhtanlar, iftiralar, təhqiramiz sözlər oxumamışdım. Amma indi mən bunları görürəm, oxuyuram. Harada? Azərbaycan mətbuatında, mənim doğma vətənimdə. Yaratdığım bu mətbuat azadlığının nəticəsindən istifadə edənlər minnətdarlıq etmək əvəzinə, mənə qarşı bu cür təxribatlar edirlər, bu cür təhqirlər yazırlar. Ancaq mən heç bir qəzetə toxunmamışam və toxunmayacağam. Heç kəsin də heç bir qəzetə toxunmasını məsləhət görmürəm. Mətbuat azadlığını biz vermişik. Bu, bizim dövlətimizin əsas prinsiplərindən biridir və biz öz işimizlə, əxlaqi dəyərlərimizlə, öz fəaliyyətimizlə, xalqa xidmətimizlə sübut etmişik və edirik ki, biz Azərbaycanın dəyərli insanlarıyıq. Biz Azərbaycan xalqına xidmət edirik və edəcəyik. Ona görə o yalanların, böhtanların heç biri bizə yapışmayacaqdır. Mənim vicdanım həmişə təmiz olub və bu gün də təmizdir. Bu təmiz vicdanı indiyə qədər ləkələmək istəyənlər çox olubdur. Amma bu, heç kəsə müyəssər olmayıbdır. Bu gün də ola bilməyəcəklər, sabah da ola bilməyəcəklər. 

İnsan haqlarının qorunması bizim əsas vəzifələrimizdəndir. Biz bunu təmin etmişik, bundan sonra da təmin edəcəyik. Buna heç kəsin şübhəsi olmasın. Bəzi adamlar bu mövzunu hallandıraraq Azərbaycanı beynəlxalq təşkilatlarda ləkələməyə çalışırlar. Azərbaycanın əleyhinə cürbəcür işlər görürlər. Mən bunu onların vicdanına tapşırıram. Onlar gördükləri bu nadürüst işlərin cəzasını haradasa alacaqlar. Haqq öz yerini tutacaqdır. Amma biz insan hüquqlarını qorumuşuq və bundan sonra da qoruyacağıq. Bu məsələdə heç kəs bizə ləkə yaxa bilməz. Hansı böhtanlar atırlar-atsınlar, heç nəyə nail ola bilməzlər.

Azərbaycanda demokratiya hər yerdə bərqərar olunubdur. Azərbaycan demokratik ölkədir. Kim çalışırsa ki, sübut etsin Azərbaycanda demokratiya yoxdur, o, buna nail ola bilməyəcəkdir. Düzdür, belələri Azərbaycanın əleyhinə olan bəzi havadarlar tapırlar, ancaq istədiklərinə nail ola bilməyəcəklər. Azərbaycan elə bir ölkədir ki, indi bir çox xarici dövlətlərin həm maraq dairəsinə çevrilibdir, həm də öz coğrafi-strateji vəziyyətinə, təbii sərvətlərlə zənginliyinə görə müxtəlif ölkələrin öz məqsədlərini həyata keçirməsi üçün onların diqqətini cəlb edir. Yaxud da ölkələrin yox, ayrı-ayrı siyasi qrupların, təşkilatların diqqətini cəlb edir. Ona görə, biz mürəkkəb bir şəraitdə yaşayırıq. Siz bunu bilin. Biz ictimai-siyasi sabitlik yaratmışıq, Allaha şükürlər olsun ki, burada terrorun qarşısını artıq almışıq, silahlı dəstələri ləğv etmişik, insanlar indi rahat yaşayırlar, parklarda, başqa əyləncə yerlərində yay vaxtı da, indi də onların istirahəti çox yaxşı təşkil olunur. Bunların hamısı var. Amma siz elə düşünməyin ki, biz bunlara asanlıqla nail olmuşuq. Bu, birincisi. İkincisi, elə düşünməyin ki, bizdə başqa problemlər yoxdur. Problemlər var. Azərbaycana qarşı çox əllər uzanır, çox, çox, çox... 

Biz Bakı-Tbilisi-Ceyhan layihəsini reallaşdırmaq üçün neçə ildir çalışırıq. 1999-cu ildə biz İstanbulda bu layihəni imzaladıq. Amma bu il 2002-ci ildir. Sentyabrın 18-də biz bu kəmərin təməlini qoyduq. Amma hələ indi də bəzi qüvvələr buna mane olmaq istəyirlər. Bu layihə ləngiyir. Əgər biz bu ayın sonuna qədər məsələləri həll etməsək və inşaat işinə başlanmasa, çox şeyi itirəcəyik. Sizin çoxunuz bunları bilmirsiniz. Bu işlər bizim üzərimizdədir. Bununla biz məşğul oluruq. Niyə belədir? Çünki o qüvvələr ki, indiyə qədər inanmırdılar Bakı-Tbilisi-Ceyhan kəməri olacaq, artıq görəndə ki, bu, reallığa çevrilibdir, başqa maneələr törətməyə çalışırlar. Biz isə indiyə qədər bunların qarşısını almışıq, bu gün də alırıq və alacağıq. Ancaq yenə də deyirəm, təkcə bu deyildir. Başqa çox hallar da vardır. Əldə etdiyimiz nailiyyətlərə görə, buradakı iqtisadi inkişafa, demokratik dövlət olduğumuza, antiterror koalisiyasında fəal iştirak etdiyimizə görə Azərbaycanı sayırlar, bizə hörmət edirlər, bizimlə hesablaşırlar. Ancaq eyni zamanda, həmin ölkələrdə bizim əleyhimizə olan qüvvələr də var. Təəssüf ki, bizim içərimizdən olan adamlar həmin o qüvvələrlə birləşirlər. Təbiidir, o qüvvələrə bizim içərimizdən belə xəyanətkar insanlar lazımdır. Onlar bundan dərhal istifadə edirlər. Özü də Azərbaycana qarşı istifadə edirlər. Təkcə prezidentə qarşı yox, Azərbaycan xalqına, dövlətinə qarşı istifadə edirlər. Belə vəziyyətə baxmayaraq, biz Azərbaycanda demokratiyanın bütün tələblərini tətbiq etmişik və bundan sonra da edəcəyik. Siz burada mənim 2003-cü ildə prezident seçkilərində iştirak etməyim haqqında öz təkliflərinizi irəli sürdünüz. Mən buna görə sizə təşəkkür edirəm. Mən özüm də belə fikirdəyəm ki, 2003-cü ildə prezident seçkilərində iştirak etməliyəm. Narahat olmayın, iştirak edəcəyəm. Heç şübhə yoxdur ki, seçkilər tam demokratik prinsiplər əsasında keçiriləcəkdir və inanıram ki, bu seçkilərdə də xalq Heydər Əliyevə səs verəcəkdir.

Əziz dostlar, siz bilirsiniz, məni yaşadan, məni siyasi uzunömürlü edən ən əsas amil odur ki, mən həmişə xalqın dəstəyinə arxalanmışam. Bəli, əgər 1993-cü ildə, o ağır dövrdə xalqın dəstəyi olmasaydı, mən Naxçıvandan Bakıya gələ bilməzdim. Əgər o vaxt xalqın dəstəyi olmasaydı, mən silahsız, heç nəsiz onların - azğınlaşmış terrorçu qrupların, silahlı dəstələrin, separatçıların, Azərbaycanı dağıdanların öhdəsindən gələ bilməzdim. Siz 1994-cü ilin oktyabr ayının 4-nü xatırlayın. Bəli, artıq ayağa qalxmışdılar, bizim hakimiyyəti boğurdular. Televiziya ilə mənim xalqa müraciətim gecə vaxtı iki saat içərisində yüz minlərlə insanı Prezident sarayının qarşısına topladı. Bax, o xalqın dəstəyi ilə mən çevriliş cəhdinin qarşısını aldım. O xalqın dəstəyi ilə 1995-ci ilin mart ayında mən o çevriliş cəhdinin qarşısını aldım. O xalqın dəstəyi ilə terroristlərin qarşısını ala bildim. Mən bu gün də xalqla bir yerdəyəm. Mənim həyatımın mənası xalqa xidmət etməkdir. Mən çox xoşbəxtəm ki, xalq da bunu qiymətləndirir, mənə lazımi qədər dəstək verir. Xalqın dəstəyi ilə, sizinlə birlikdə 2003-cü ilin oktyabr ayında prezident seçkilərini uğurla keçirəcəyik.

Əziz dostlar, mənim deyəcəyim sözlər çoxdur. Amma görürsünüz, orada mənim sözlərim yazılıbdır: "Yeni Azərbaycan Partiyası dünənin, bu günün və sabahın partiyasıdır". Bəli, bizim partiya bu günün partiyasıdır. Biz dünən öz işimizi gördük. Bizim partiya gələcəyin partiyasıdır. Bizim partiya gənclərin partiyasıdır. Gənclərin partiyaya gəlməsi və gənclərin bu partiyada fəal iştirak etməsi bizim partiyanı gəncləşdiribdir. Bizim partiyanın gələcək perspektivlərini daha da gücləndiribdir. Mən qadınlara təşəkkür edirəm. Burada dedilər ki, əhalinin 50 faizini qadınlar təşkil edirlər. Əlli, üstəgəl bir səs, elə qadınların səsi bəsdir ki, Heydər Əliyev prezident seçilsin. Mən gizlətmirəm, qadınları çox sevirəm. Amma bilirsiniz ki, onlar da məni çox sevirlər. Ona görə qadınlar da həmişə mənim dayağım olubdur. 1994-cü ildə həmin oktyabr gecəsi mən o qoca qadınları, qucağında südəmər uşaq olan qadınları görəndə... Ona görə xüsusi təşəkkür edirəm. Səslərinizi hazırlayın, amma elə edin ki, kişilərə də yer qalsın.

Bu gün gənclər haqqında çox gözəl sözlər deyildi. Bəli, bizim partiyanın gələcəyi gənclərə məxsusdur. Bizim partiyamızda çox layiqli gənclər var. Onlar gələcəkdə bizim işimizi davam etdirəcəklər. Bu gün isə hamımız bir yerdə partiyanın işini irəli aparmalıyıq.

Yaşasın Yeni Azərbaycan Partiyası!

Yaşasın müstəqil Azərbaycan, Azərbaycan, Azərbaycan!

Sağ olun. 

Tarixi arayış