Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Pakistan İslam Respublikasının Prezidenti Fərrux Əhməd Xan Leqarinin Azərbaycan Prezidentinin şərəfinə verdiyi rəsmi ziyafətdə nitqi - İslamabad, 9 aprel 1996-cı il


Cənab prezident Əhməd xan Leqari!

Hörmətli xanımlar və cənablar!

Mən bu fürsətdən istifadə edib sizə və sizin simanızda bütün Pakistan xalqına müstəqil Azərbaycan Respublikasının xalqından, vətəndaşlarından səmimi salamlar çatdırıram.

Hörmətli cənab prezident! Mən sizin dəvətinizlə Pakistana rəsmi ziyarətə gəlmişəm. Mən və mənimlə bərabər bu gün Pakistan torpağına qədəm qoymuş Azərbaycan nümayəndələri sizin tərəfinizdən qızğın qonaqpərvərlik hiss edirik və görüşlərimiz çox mehriban şəraitdə keçir. Məni Pakistana dəvət etdiyinizə görə, məni müşayiət edən nümayəndə heyətini səmimiyyətlə, mehribanlıqla qəbul etdiyinizə görə və bu gün apardığımız səmərəli işə, çox əhəmiyyətli danışıqlara görə sizə səmimi qəlbdən təşəkkür edirəm.

Cənab prezident, keçən ilin oktyabrında sizin Azərbaycanda rəsmi səfərdə olmağınız, ölkələrimiz arasında aparılmış danışıqlar, imzalanmış sənədlər, respublikamızın həyatı ilə sizin yaxından tanışlığınız və keçirdiyiniz görüşlər Pakistan-Azərbaycan əlaqələrinin inkişaf etdirilməsi üçün çox mühüm bir mərhələ olmuşdur. Pakistan ilə Azərbaycanın əlaqələrinin çox böyük tarixi var. Xalqlarımız əsrlər boyu bir-biri ilə yaxın münasibətlərdə olmuşlar və tarixi keçmişimiz, ənənələrimizin bir-birinə bənzərliyi, dilimizin yaxınlığı və bir dinə mənsub olmağımız bizi daim bir-birimizə yaxınlaşmağa, sıx əlaqə saxlamağa dəvət etmişdir.

Cənab prezident, siz bu gün böyük Azərbaycan şairi, XII əsrdə yaşayıb-yaratmış, bütün Şərq aləmində çox məşhur olan və dünya mədəniyyətinə böyük töhfələr vermiş Nizami Gəncəvinin vətənində olmağınızı xatırladınız. Nizami Gəncəvi kimi şəxsiyyətlər hələ 800 il bundan əvvəl Pakistan-Azərbaycan xalqlarını bir-biri ilə yaxın əlaqələr saxlamağa çağırmışlar. Bizim bugünkü əlaqələrimiz həmin bu təməl, köklər üzərində qurulmuşdur. Heç də təsadüfi deyildir ki, Azərbaycan Respublikası öz dövlət müstəqilliyini əldə edən zaman respublikamızın dövlət müstəqilliyini tanıyan ilk dövlətlərdən biri Pakistan olmuşdur.

Pakistan öz dövlət müstəqilliyini 50 il əvvəl əldə etmişdir. Müstəqillik yolu ilə getməkdə sizin böyük təcrübəniz var. Dövlət müstəqilliyinizin xeyli yaşı var. Azərbaycan Respublikası isə dövlət müstəqilliyinin beşinci ilini yaşayır. Bizim qarşımızda çox böyük çətinliklər, problemlər var və müstəqilliyimizi möhkəmləndirmək, inkişaf etdirmək yolunda qarşımıza çıxan çox böyük maneələr var. Buna görə də bizim üçün yaxın olan, dost olan dövlətlər və ölkələrlə sıx əməkdaşlıq etməyə böyük ehtiyacımız var. Bu ölkələrdən biri və çox mühümü Pakistandır. Cənab prezident, biz sizinlə keçən ilin oktyabrında Azərbaycanda bu barədə çox geniş söhbətlər aparmışıq. Bu gün İslamabadda başlanan danışıqlarda da biz bu məsələlərə geniş yer veririk.

1994-1995-ci illərdə beynəlxalq təşkilatların toplantılarında iştirak edən zaman mən Pakistanın baş naziri hörmətli xanım Bənəzir Bhutto ilə görüşlərimdə bu məsələlərlə əlaqədar çox ətraflı söhbətlər aparmışam. Hörmətli xanım Bənəzir Bhutto ilə bu gün keçirilən danışıqlarımız əvvəllər apardığımız danışıqların davamı olmuşdur və mən bunlardan çox məmnun qaldığımı bildirmək istəyirəm. Ümidvaram ki, sizinlə bərabər bu gün gördüyümüz işlər, apardığımız danışıqlar, sabah aparacağımız danışıqlar və İslamabadda imzalayacağımız sənədlər Pakistan ilə Azərbaycan arasında bütün sahələrdə əlaqələrin surətlə inkişaf etməsi üçün çox yaxşı əsaslar yaradacaqdır.

Bildirmək istəyirəm ki, biz öz tərəfimizdən bu danışıqların müvəffəqiyyətlə başa çatması üçün əlimizdən gələni edəcəyik. Mən tam əminəm ki, bu danışıqlar, görüşlər gələcək işlərimiz üçün çox böyük yollar açacaqdır.

Bu gün səhərdən biz İslamabaddayıq, sizin gözəl ölkənizlə tanış oluruq. Paytaxtınız İslamabad bizə çox gözəl təsir bağışlayıb. Pakistanın iqliminin və mənzərəsinin Azərbaycana bənzərliyi, birbirinə uyğunluğu bizim doğma olduğumuzu bir daha sübut edir. Pakistan dünyanın, Asiyanın böyük ölkələrindən biridir. Pakistanın qədim tarixi, gözəl ənənələri var. Müstəqillik yolunda və dünya birliyində Pakistan xalqının əldə etdiyi nailiyyətlər bizi dost bir ölkə kimi çox sevindirir. Dövlət müstəqilliyi yolunda Pakistanda əldə edilmiş nailiyyətlər, bu ölkədə baş vermiş böyük dəyişikliklər, aparılan islahatlar, demokratiyanın inkişafı, demokratik prinsiplər əsasında dövlət qurulması və cəmiyyətin formalaşması tam ümid verir deyək ki, Pakistanın gözəl gələcəyə, Pakistan xalqının xoşbəxt gələcəyə ümid bəsləməyə əsası var. Əziz dostlar, sizə bu yolda uğurlar arzulayıram və Pakistan xalqının xoşbəxt gələcəyinə tam əminəm.

Pakistan beynəlxalq təşkilatlarda da özünəməxsus yer tutaraq beynəlxalq proseslərin inkişafına öz təsirini göstərir. Azərbaycan Respublikası beynəlxalq təşkilatlarda Pakistan ilə daim əməkdaşlıq edir və biz bu əməkdaşlığı özümüz üçün çox əhəmiyyətli hesab edirik. Qeyd etdiyim kimi, Azərbaycan Respublikası müstəqillik yolunda bir çox problemlərlə, maneələrlə rastlaşıbdır. Bildiyiniz kimi, 8 il bundan əvvəl Azərbaycan Respublikasına Ermənistan silahlı qüvvələri tərəfindən hərbi təcavüz edilmişdir. Bu təcavüz nəticəsində Azərbaycan ərazisinin 20 faizi işğal olunmuşdur. Həmin torpaqlardan bir milyondan çox Azərbaycan vətəndaşı zorla qovulmuş, didərgin düşmüşdür. Bunların əksəriyyəti çadırlarda çox ağır vəziyyətdə yaşayır. Azərbaycan xalqı öz torpaqlarının müdafiəsi, öz ərazisinin bütövlüyü, öz müstəqilliyi, suverenliyi uğrunda cəsarətlə vuruşmuş, itkilər, şəhidlər, qurbanlar vermişdir. Azərbaycanın ərazisinin bir qismi müəyyən səbəblərdən işğal olunmuşdur. Azərbaycan böyük itkilər versə də, məsələnin sülh yolu ilə həll edilməsi üçün 1994-cü ilin mayında atəşkəs haqqında razılıq əldə edilmişdir.

Bilirsiniz ki, son illər dünyanın müxtəlif qitələrində, regionlarında ölkələr, xalqlar, millətlər arasında şiddətli hərbi münaqişələr gedir. Son illər Qafqaz regionu da hərbi münaqişələr içərisindədir. Azərbaycan bütün hərbi münaqişələrin əleyhinədir. Azərbaycan silah gücü ilə, zor ilə bir dövlətin о biri dövlətın torpağını ələ keçirməsinin əleyhinədir. Azərbaycan separatizmin, terrorizmin əleyhinədir. Biz bütün münaqişələrin sülh yolu ilə həll olunmasının tərəfdarıyıq. Məhz buna görə də biz Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həll edilməsinə çalışırıq və bunun üçün konstruktiv addımlar atırıq, çox səylər göstəririk. ATƏT-in Minsk qrupu çərçivəsində, böyük dövlətlərin ABŞ-ın, Rusiyanın, Türkiyənin və haşqa dövlətlərin vasitəçiliyi ilə sülh danışıqları aparırıq. İşğal olunmuş torpaqlarımızın sülh yolu ilə azad edilməsinə nail olmağa çalışırıq. Qafqazda və xüsusən Ermənistan ilə Azərbayсan arasında olan münaqişəyə sülh yolu ilə son qoymaq jstəyirik. Bu haqq, ədalətli işimizdə bizə kömək edən bütün dövlətlərə təşəkkürümü bildirirəm. Xüsusən Pakistan dövlətinə təşəkkür edirəm.

Pakistan dövləti Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünü daim pisləmişdir, Ermənistanı bir təcavüzkar kimi məhkum etmişdir. BMT-nin Təhlükəsizlik Şurasında bu məsələ müzakirə edilərkən Pakistanın nümayəndəsi Azərbaycana çox ədalətli münasibət göstərmiş və yardım etmişdir. Mən bu fürsətdən istifadə edib bütün bunlara görə Pakistan dövlətinə minnətdarlığımı bildirirəm.

Asiya qitəsində, xüsusən Asiyanın Pakistan yerləşən bölgəsində sülh və əmin-amanlıq naminə Pakistanın apardığı fəaliyyəti mən yüksək qiymətləndirirəm. О cümlədən həm Əfqanıstanda, həm də Tacikistanda bu məsələlərin sülh yolu ilə həll olunması üçün Pakistan dövlətinin göstərdiyi səylər, hesab edirəm ki, yüksək qiymətə layiqdir. Pakistan üçün ən böyük problem olan Kəşmir məsələsinin həll olunması sahəsində Pakistanın səylərini biz dəstəkləmişik. Pakistanın haqq və ədalətli mövqeyini beynəlxalq təşkilatlarda biz daim müdafiə etmişik və bu gün də müdafiə edirik.

Mən məmnuniyyətlə qeyd etmək istəyirəm ki, Pakistan ilə Azərbaycan arasında əlaqələrin sürətlə inkişaf etdirilməsi üçün çox əlverişli şərait yaradılmışdır. Biz Azərbaycanda demokratik dəyişikliklər aparırıq, hüquqi demokratik dövlət qururuq. Demokratik prinsiplər əsasında yeni parlament seçilib, müstəqil Azərbaycanın ilk konstitusiyası qəbul edilib. Azərbaycanın iqtisadiyyatında böyük dəyişikliklər prosesi gedir. Biz keçmiş sosialist iqtisadi sistemindən bazar iqtisadiyyatına keçirik, bunun üçün iqtisadi islahatlar aparırıq. Böyük özəlləşdirmə proqramı həyata keçirilir. Bunlar hamısı Azəraycanın dünya iqtisadiyyatına bağlanması üçün çox əlverişli şərait yaradır.

Azərbaycan çox böyük təbii sərvətlərə, iqtisadi potensiala malikdir. Biz bunların əsasında dünyanın bütün ölkələri ilə əməkdaşlıq etmək istəyirik. Azərbaycan öz qapılarını xarici sərmayəçilərə açıb, bu sərmayənin ölkəmizə gəlməsi üçün bütün şəraitləri yaradıb. Hesab edirəm ki, biz bu sahədə Pakistan ilə daha geniş və dərin əməkdaşlıq edə bilərik.

Azərbaycanın neft yataqlarından müştərək istifadə edilməsi üçün biz dünyanın böyük neft şirkətləri ilə müqavilələr imzalamışıq. Bu işi bundan sonra da davam etdirəcəyik. Yenə də deyirəm, bütün dövlətlərlə əməkdaşlıq etmək üçün Azərbaycanın böyük imkanları vardır. Bu baxımdan Pakistanın iş adamlarını, biznesmenlərini də Azərbaycana dəvət edirəm, onları ölkəmizin neft yataqlarına sərmayə qoymağa dəvət edirəm. Əmin edirəm ki, Azərbaycanda müştərək iş görmək üçün siz yaxşı imkanlar əldə edə bilərsiniz.

Qədim Pakistan torpağına, Pakistan xalqına bir daha öz hörmət və ehtiramımı bildirirəm. Pakistan dövlətinə, hökumətinə onların qarşısında duran problemlərin həll edilməsində uğurlar arzulayıram. Pakistanın prezidenti, hörmətli dostum Əhməd xan Leqariyə, Pakistanın bütün xalqına, Pakistanın buraya toplaşmış dövlət və hökumət nümayəndələrinə öz hörmət və ehtiramımı bildirirəm. Sizin hamınıza cansağlığı, xoşbəxtlik arzu edirəm, gələcək işlərinizdə uğurlar diləyirəm. Sağ olun, xoşbəxt olun.