Azərbaycan Prezidenti Heydər Əliyevin xarici dövlətlərin Azərbaycandakı səfirliklərinin, beynəlxalq təşkilatların nümayəndəliklərinin və şirkətlərin rəhbərləri ilə rəsmi görüşdə nitqi - Prezident iqamətgahı, 30 dekabr 1996-cı il


Hörmətli xanımlar və cənablar!

Mən sizi Yeni il - qarşıdan gələn 1997-ci il münasibətilə ürəkdən təbrik edirəm, sizə cansağlığı, səadət arzulayıram, ölkələrinizə, xalqlarınıza onların həyatında uğurlar diləyirəm.

1996-cı ilin son günlərini birlikdə yaşayırıq. Bu ili yola salarkən bu gün məmnuniyyət hissi ilə deyə bilərik ki, 1996-cı il sizin üçün, bizim üçün, hamımız üçün əmin-amanlıq ili, uğurlu il olubdur.

Respublikamız üçün 1996-cı il Azərbaycanın dövlət müstəqilliyinin möhkəmlənməsi, inkişaf etməsi ili olubdur. Azərbaycanın dünya ölkələri ilə əlaqələri 1996-cı ildə genişlənib və inkişaf edibdir. Azərbaycanın beynəlxalq təşkilatlarla, beynəlxalq maliyyə mərkəzləri, dünyanın iqtisadiyyat sahəsindəki böyük şirkətləri ilə əlaqələri genişlənib və inkişaf edibdir.

Bütün bu nailiyyətlərin əldə olunmasında, Azərbaycan Respublikasının dünya ölkələri ilə əməkdaşlığının inkişaf etdirilməsində dünyanın müxtəlif dövlətlərinin respublikamızda fəaliyyət göstərən səfirliklərinin, beynəlxalq təşkilatların və dünyanın böyük iqtisadi şirkətlərinin nümayəndəliklərinin Azərbaycandakı fəaliyyəti yüksək qiymətə layiqdir.

Hörmətli qonaqlar!

Hörmətli xanımlar və cənablar!

Mən sizi - xarici ölkələrin Azərbaycandakı səfirlərini, beynəlxalq təşkilatların, maliyyə mərkəzlərinin və böyük şirkətlərin nümayəndəliklərini Yeni il münasibətilə ürəkdən təbrik edirəm və Azərbaycanla uğurlu əməkdaşlığa görə sizə təşəkkürümü bildirirəm.

Sizin ölkələriniz, xalqlarınız 1996-cı ildə öz həyatında böyük nailiyyətlər əldə etmişlər, dünyada gedən proseslərdə fəal iştirak etmişlər. Bu nailiyyətlər münasibətilə mən sizi ürəkdən təbrik edirəm. Eyni zamanda, bu gün biz 1997-ci ili qarşılayarkən qarşımızda duran vəzifələrin nə qədər böyük, əzəmətli və məsuliyyətli olduğunu dərk etdik. Buna görə də siz də, biz də - hamımız gələcəyə böyük ümidlərlə yaşayırıq.

Mənim arzum budur ki, həm Azərbaycan xalqının, həm də sizin xalqlarınızın, ölkələrinizin ümidləri doğrulsun. Mən arzu edirəm ki, 1997-ci ildə bütün dünyada sülh və əmin-amanlıq daha da möhkəmlənsin və inkişaf etsin, ölkələr arasındakı münasibətlər genişlənsin, əməkdaşlıq inkişaf etsin və xalqlar hamısı firavan yaşasınlar.

Mən arzu edirəm ki, 1997-ci ildə dünyanın müxtəlif bölgələrində olan hərbi münaqişələr ləğv olunsun. Güman edirəm ki, sizin də, bizim də - hamımızın arzumuz ondan ibarətdir ki, Ermənistanla Azərbaycan arasında olan Dağlıq Qarabağ münaqişəsi 1997-ci ildə sülh yolu ilə həll edilsin, bölgəmizdə, Qafqazda sülh və əmin-amanlıq yaransın.

Hörmətli dostlar, bu ümidləri, arzuları yerinə yetirmək üçün mən sizin hamınızı əməkdaşlığa dəvət edirəm. Əmin ola bilərsiniz ki, Azərbaycan Respublikası, onun dövləti öz sülhsevər xarici siyasətini bundan sonra da ardıcıl surətdə həyata keçirəcəkdir.

Bizim arzumuz ölkəmizdə sülh, əmin-amanlıq, sabitlik yaratmaqdan ibarətdir. Bizim arzumuz bölgəmizdə - Qafqazda sülh, əmin-amanlıq yaratmaqdan ibarətdir. Bizim arzumuz dünyada, dünyanın hər bir guşəsində sülhün, əmin-amanlığın bərqərar olunmasından ibarətdir. Mən bu arzularla sizi üzümüzə gələn 1997-ci il münasibətilə bir daha ürəkdən təbrik edirəm, sizə, ailələrinizə cansağlığı, səadət, bütün işlərinizdə uğurlar arzulayıram. Yeni iliniz mübarək olsun!