Azərbaycan Prezidenti Heydər Əliyevin Türkiyə Respublikasının Prezidenti Süleyman Dəmirəl və həyat yoldaşı Nəzmiyyə xanımla görüşü və dövlət başçılarının jurnalistlər qarşısında bəyanatı - Ankara, Çankaya köşkü, 23 may 1999-cu il


Türkiyə Prezidenti Süleyman Dəmirəlin bəyanatı

Qardaş, dost və qonşu Azərbaycanın dəyərli cümhur başqanı, əziz qardaşım Heydər Əliyevi görməkdən hər zaman böyük şərəf və məmnunluq duyuruq. O, Amerika Birləşmiş Ştatlarında NATO-nun zirvə toplantılarında iştirak etdikdən sonra cərrahiyyə əməliyyatına məruz qalmışdır. İndi yaxşılaşmışdır. Öz adımdan və xanımım adından, qardaş türk xalqı adından ona "keçmiş olsun" deyirik. Türkiyədə bir müddət dincəldikdən sonra Azərbaycana, Bakıya iş başına dönəcəkdir.

Türkiyə ilə Azərbaycan arasında olan münasibətlər çox yaxşıdır və daha da genişlənəcəkdir. Azərbaycan müstəqilliyinə qovuşduqdan bu yana hörmətli prezident Heydər Əliyevin rəhbərliyi ilə əvvəla, sabitliyə nail olmuş, sonra isə inkişafını davam etdirmişdir. İndi Azərbaycan dünya dövlətləri arasında sayılan önəmli məmləkətə çevrilmişdir.

Orada hamımızı daxilən incidən, üzən Qarabağ hadisəsidir. Bu hadisə nəticəsində bir milyona yaxın azəri qardaşımız yerindən-yurdundan, evindən didərgin düşmüşdür və hələ də köçkün vəziyyətindədir. Azərbaycan xoş məramla, soyuqqanlılıqla məsələnin sülh yolu ilə həllini axtarmaqda davam edir. Türkiyə olaraq bizdə sülh yolunu dəstəkləyirik. İstəyirik ki, məsələ dincliklə həll olunsun, qaçqın qardaşlarımız yerlərinə-yurdlarına dönsünlər.

Azərbaycan bu üzüntülər içində yaşamaqla yanaşı, digər tərəfdən haqsızlıqlara da məruz qalır. Bu haqsızlıqların birincisi Amerikanın qoyduğu qadağadır. Amerika Konqresinin qəbul etdiyi 907-ci düzəliş bu qadağanı qoymuşdur. Onun aradan qaldırılması barədə mən də Amerika prezidentinə neçə dəfə müraciət etmişəm.

Digər tərəfdən, Azərbaycan inkişafını davam etdirir. Müstəqilliyə qovuşduğu gündən bu yana çox şey yaxşılaşmışdır. Neft və qaz yataqlarının işlənilməsi istiqamətində mühüm yol keçilmişdir. Ümid edirik ki, qarşıdakı qısa müddətdə Azərbaycan dünyanın mühüm neft ölkələrindən birinə çevriləcəkdir. Qədimdən neft diyarı kimi tanınan Azərbaycanın yenidən dirçəlişini təmin etmək, inkişafını daha da sürətləndirmək üçün ehtiyacı olan qaynaqlara mütləq qovuşmasını diləyirəm. Bakı-Ceyhan boru xətti bu məqsədlə çəkiləcəkdir. Bununla bir tərəfdən həm Orta Asiya neftinin, həm də Xəzərin Azərbaycan sektorundakı neftin dünya bazarlarına çıxarılmasına imkan yaranacaq, digər tərəfdən də Azərbaycanın hələ istifadə edilməyən təbii sərvətləri işlənəcək, onları ölkənin rifahına yönəltmək mümkün olacaqdır.

Eyni zamanda Türkmənistan qazı Xəzər dənizi, Azərbaycan və Gürcüstan vasitəsilə Türkiyəyə gələcək və buradan da Avropa bazarlarına çatdırılacaqdır. Bu layihə də gündəlikdədir.

Biz Azərbaycanın yüksəlişinə imkanımız daxilində hər cür dəstək veririk və verəcəyik. Azərbaycanı narahat edən məsələ dünya səhnəsinə də çıxmışdır. ATƏT və beynəlxalq birli bu problemin həllinə qoşulur. Hörmətli Heydər Əliyevin rəhbərliyi altında Azərbaycanın göstərdiyi səylər hər zaman təqdirlə qarşılanır. Məsələni güc işlətmədən, dialoq yolu ilə həll etmək üçün iztirablar çəkilmiş, amma səbr göstərilmişdir.

Hörmətli Əliyevə təkrar-təkrar "keçmiş olsun", "öz vətəni olan Türkiyəyə xoş gəlmişdir!" deyirəm.

Azərbaycan Prezidenti Heydər Əliyevin bəyanatı

Hörmətli prezident, əziz dostum, qardaşım Süleyman Dəmirəl!

Mən bu gün Türkiyədə olmaqdan və Sizin çevrənizdə olmaqdan son dərəcə məmnunam, Amerikada NATO-nun toplantısında birgə çalışdıq və Türkiyə üçü də, Azərbaycan üçün də birgə çox işlər gördük. Ondan sonra əməliyyat keçirmək məcburiyyətində oldum.

Əziz dostum, qardaşım, ancaq o andan, o gündən indiyə qədər mən Sizin böyük diqqətiniz, böyük qayğınız, böyük hörmətiniz altında yaşayıram. Mən bu dostluğu, qardaşlığı fövqəladə, dünyada insanlar arasında dostluğun nümunəsi hesab edirəm. Əziz dostum, bu dostluğu, qardaşlığı da, Siz nə qədər insanpərvər, nə qədər insansevər olduğunuzu, dosta nə qədər sadiq, sədaqətli olduğunuzu da həmişə göstərmisiniz. Amma indi, mən xəstə olduğum zaman bunu xüsusi hiss etdim. Mən bunlara görə Sizə təşəkkür edirəm. Xəstəxanada olduğum zaman Siz daim əlaqə saxlamısınız, əməliyyat aparan və müalicə edən həkimlərlə danışmısınız, halımı soruşmusunuz. Mənim özümlə danışmısınız, mənə ürək-dirək, ruh vermisiniz, məni ruhlandırmısınız. Bunlar hamısı mənim xəstəliyimin tezliklə aradan qaldırılmasına da kömək edibdir.

Xəstəliyi sağaldan təkcə dərman, həkim deyil, eyni zamanda insanların, dostların göstərdiyi münasibət, qayğı, diqqətdir. Mən bu gözəl münasibəti, qayğını, diqqəti ilk olaraq, ən yüksək səviyyədə Sizdən görürəm və buna görə də təşəkkür edirəm. Məni Türkiyəyə dəvət etdiyinizə görə bir daha, bir daha təşəkkür edirəm.

Amerika Birləşmiş ştatlarında xəstəxanadan çıxandan sonra məhz Türkiyəyə gəlməyim mənim üçün çox böyük əhəmiyyət kəsb edir. Çünki Türkiyə mənim üçün müqəddəs bir yer, müqəddəs ölkədir, müqəddəs torpaqdır. Eyni zamanda bu, mənim öz məmləkətimdir. Siz görürsünüz ki, mən buraya gələn dəqiqədən vəziyyətim günbəgün yaxşılaşır və sağalmağım artır. Bu, yenə də Sizin xidmətinizin nəticəsidir. Türkiyədə olan ab-havanın, iqlimin, Sizin qayğınızın, münasibətinizin nəticəsidir. Bunlara görə təşəkkür edirəm.

Mənə çox yüksək qonaqpərvərlik, müsafirpərvərlik göstərirsiniz. Bu qədər yüksək qonaqpərvərliyi hər adam göstərə bilməzdi. Əziz qardaşım, bu, Sizin nə qədər böyük qəlbə malik olduğunuzu bir daha göstərir ki, böyük insan nə cür olur. Böyük insan Süleyman Dəmirəldir, böyük qəlbli insan Süleyman Dəmirəldir. Bunların hamısına görə təşəkkür edirəm

Azərbaycan haqqında, mənim haqqımda dediyiniz sözlərə görə Sizə təşəkkür edirəm, çox sağ olun. Həqiqətən, Azərbaycan müstəqilliyə qovuşandan sonra çox ağır və çətin bir yol keçir. Amma Türkiyə Cümhuriyyəti və əziz dostum, şəxsən Siz Azərbaycanın müstəqillik, istiqlaliyyət qazandığı andan indiyə qədər Azərbaycana qayğı, yardım göstərirsiniz, dostluq qayğısı, dostluq yardımı göstərirsiniz.

O cümlədən, Ermənistan-Azərbaycan münaqişəsinin aradan qaldırılması üçün, bu məsələni həll etmək üçün də Siz daim diqqət, qayğı göstərirsiniz. Türkiyə Cümhuriyyəti Minsk qrupunun üzvüdür, Minsk qrupunun tərkibində çalışır. Minsk qrupu da Ermənistan-Azərbaycan münaqişəsinin sülh, barış yolu ilə həll olunması üçün 1992-ci ildə yaranıbdır.

Ancaq əziz dostum, qardaşım, əziz cümhur başqanı, Siz şəxsən bu məsələ ilə daim məşğul olursunuz. Mən Sizə minnətdaram ki, Klintona və başqa ölkələrin prezidentlərinə bu barədə xüsusi məktublar, müraciətlər göndərmisiniz. Bunlar hamısı bizə yardımdır. Yəni biz Ermənistanla üz-üzə durduğumuz, torpaqlarımızın 20 faizi işğal olunduğu, bu torpaqlardan çıxarılan insanlar çadırlarda yaşadığı şəraitdə ən böyük dəstəyi, ən böyük yardımı, köməyi biz Türkiyə Cümhuriyyətindən və Türkiyənin prezidenti Süleyman Dəmirəldən alırıq. Bunlara görə də təşəkkür edirəm. Ümidvaram ki, Sizinlə birlikdə biz bu məsələni həll edəcəyik.

Artıq beş ildir ki, biz atəşkəs rejimində yaşayırıq. Nə qədər ağır, çətin olsa da, belə yaşamaq döyüş aparmaqdan, qan tökməkdən daha üstündür. Mən belə hesab edirəm. İndi dünya sülhə, barışa gedir. Biz də çalışmalıyıq ki, bu münaqişəni sülh, barış yolu ilə həll edək. Biz bu barədə daim Sizinlə məsləhətləşirik, Sizin fikirlərinizi öyrənirik, onlardan istifadə edirik. Güman edirəm ki, biz bunu həll edəcəyik.

Azərbaycanın inkişafı haqqında dediyiniz sözlərə görə də çox təşəkkür edirəm. Həqiqətən, belə ağır şərtlər içərisində, torpaqların 20 faizi işğal olunduğu halda , insanlar çadırlarda yaşadığı bir zamanda biz müstəqil Azərbaycanın inkişafını təmin edə bilmişik. Bu baxımdan, xüsusən 1994-cü ildə imzaladığımız ilk neft müqaviləsi, - onu "Əsrin müqaviləsi" adlandırıblar, - ondan sonra gördüyümüz işlər həm Azərbaycan üçün, həm də Türkiyə üçün böyük gələcək açır, böyük zənginlik gətirəcəkdir. Biz bu işlərlə məşğul oluruq və bu sahədə də bərabərik, bir yerdəyik.

İndi Türkiyə neft ölkəsi olubdur. Çünki Türkiyənin neft şirkətləri Azərbaycanda bir neçə müqavilədə faizlərini alıblar. 1994-cü ildə biz ilk neft müqaviləsini imzalayanda konsorsiumda Türk Petrolları şirkətinin 1.7 faizi vardı. Amma indi başqa müqavilələrdə 30 faizə qədər çatıbdır. Bu da bizim istəyimizdir. Çünki bizə Türkiyədən yaxın ölkə yoxdur.

Bakı-Ceyhan boru xətti haqqında. Məlumdur ki, bir neçə ildir danışıqlar gedir. Amma biz və Azərbaycan prezidenti olaraq şəxsən mən ilk gündən, 1994-cü ildə ilk müqaviləni imzalayandan o müqavilədə əks etdirmişik ki, Azərbaycanın Xəzər neftinin ixrac edilməsi, dünya bazarlarına çıxarılması üçün əsas boru xətti Bakı- Ceyhan xəttidir.

Bakı-Ceyhan boru xəttinin tikilməsi üçün biz çox maneələrlə, etirazlarla qarşılaşdıq. Bir çox ölkələr bunun əleyhinə çıxmağa çalışdılar. Amma bunların heç birisi bizim iradəmizi sındıra bilmədi. Mən çox məmnunam ki, nəhayət, keçən il oktyabrın 29-da Türkiyə Cümhuriyyətinin 75 illiyi bayramında biz böyük bir anlaşma imzaladıq və bununla da Bakı-Ceyhan boru xəttini tam reallaşdırdıq. Ondan sonra aparılan işlər göstərir ki, qısa bir zamanda Bakı-Ceyhan boru xəttinin tikilməsinə başlanacaqdır.

Amerika Birləşmiş Ştatlarında olduğum zaman bu ölkənin üç şirkəti ilə yeni müqavilələr imzaladıq, indi artıq 19 müqavilə var. Bunlarda 14 ölkədən 32 şirkət iştirak edir. Amerika şirkətləri çoxdur. Bunlar hamısı Xəzər dənizində nə qədər zəngin neft olduğunu göstərir və gələcəkdə Bakı- Ceyhan xəttinin tam tutumu ilə işləməsi üçün neft çıxarılması imkanları yaradır.

Başqa işlərdə də nailiyyətlərimiz var. Bunların hamısını da biz Sizinlə bərabər edirik. Türkiyə - Azərbaycan dostluğu, qardaşlığı xüsusən Azərbaycan müstəqillik qazandıqdan sonra gündən - günə inkişaf edir, möhkəmlənir, güclənir. Bu dostluğu, qardaşlığı heç bir qüvvə sarsıda bilməz. Bizim dostluğumuz, qardaşlığımız əbədidir, sarsılmazdır və belə də olacaqdır. Bizim xalqımızı da bu ruhda tərbiyə edirik, bu ruhda yol göstəririk, bu yolu elə açmışıq ki, Azərbaycan xalqının bütün gələcək nəsilləri də bu yolla gedəcəklər. Bizim başqa yolumuz yoxdur və ola bilməz.

Əziz dostum, mən həddən ziyadə xoşbəxtəm ki, Sizin kimi belə bir dostum var. Mən həyatda çox çətinliklər, çox ağır dövrlər keçirmişəm. İndi isə bu xəstəlik, ürəyimdə əməliyyat aparılması mənim üçün çox ağır dövr oldu. Ancaq Sizin kimi dostumun olması mənə həmişə ürək-dirək verdi, ruh verdi və indi bu xəstəlikdən xilas olmuşam, burada Sizin qonağınızam. Bütün bunlara görə Sizə təşəkkür edirəm.

Nəzmiyyə xanım, Sizə təşəkkür edirəm. Siz mənim əziz bacımsınız, Süleyman Dəmirəlin də çox sədaqətli xanımısınız. Siyasət adamı üçün böyük bir işdir ki, onun xanımı da çox dözümlü olsun. Çünki siyasət adamının işlərinə dözmək çox da asan deyildir. Amma bilirəm ki, Siz on illərlə bu işlərə dözürsünüz və mənim əziz dostum Süleyman Dəmirəlin əldə etdiyi nailiyyətlərdə Sizin payınız, xidmətləriniz çoxdur. Əziz bacım, mən Sizə təşəkkür edirəm. Sizinlə, bu ailə ilə bu qədər dost, mehriban olmağımdan həddən ziyadə xoşbəxtəm. Demək istəyirəm ki, övladlarım, - mənim oğlum da buradadır, - nəvələrim də həmişə bu ailəyə sadiq olacaqlar. Gələcək bizim dostluğumuzla irəli gedəcəkdir.

Mən Sizə bir daha təşəkkür edirəm, çox sağ olun, var olun, min yaşayın!

***

Türk jurnalistinin suallarına cavab: Mənim sağlamlığımın vəziyyətini görürsünüz, qarşınızda durmuşam. Heç bir narahatlıq yoxdur, buraya gələndən daha yaxşıyam və gündən-günə daha da yaxşılaşıram. Müalicəm davam edir. Bilin, əziz dostum, qardaşım Süleyman Dəmirəlin təhkim etdiyi doktor, Tibb Akademiyasının kardioloqu Ertan Dəmirtaş Amerikada, Klivlend xəstəxanasında həmişə mənimlə olubdur. O, müalicə edir, bu gün də mənimlədir. Bu da mənə göstərilən xüsusi qayğıdır ki, mənim sağlamlığımla dostum Süleyman Dəmirəl məşğul olur, - Türkiyənin ən böyük kardioloqlarından olan Ertan Dəmirtaşı təhkim edib, o da səhhətimlə məşğuldur, Amerikada olduğum birinci gündən mənimlə bərabərdir. Mən həyatımı, bütün sağlamlığımı Türkiyəyə etibar edirəm.

Ən böyük siyasi görüşlərim mənim dostum Süleyman Dəmirəl ilədir. Biz bir neçə məsələni hələ müzakirə edəcəyik. Ancaq baş nazir hörmətli Bülənd Ecevitlə, Böyük Millət Məclisinin sədri hörmətli Yıldırım Akbulutla, Ana Vətən Partiyasının sədri hörmətli Məsud Yılmazla da görüşlər keçirmişəm.