Amerika Birləşmiş Ştatlarının dövlət katibi xanım Madelin Olbrayt Belçikadan Almaniyaya uçarkən ABŞ-ın Ohayo ştatının Klivlend klinikasında müalicəsini davam etdirən Azərbaycan Respublikasının prezidenti Heydər Əliyevə təyyarədən telefon zəngi etmişdir - 5 may 1999-cu il


May ayının 5-də səhər saat 11.35-də Amerika Birləşmiş Ştatlarının dövlət katibi xanım Madelin Olbrayt Belçikadan Almaniyaya uçarkən ABŞ-ın Ohayo ştatının Klivlend klinikasında müalicəsini davam etdirən Azərbaycan Respublikasının prezidenti Heydər Əliyevə təyyarədən telefon zəngi etmişdir.

Xanım Olbrayt Amerika Birləşmiş Ştatlarının prezidenti Bill Klintonun salamlarını və ən xoş arzularını prezident Əliyevə çatdırdı. ABŞ-ın dövlət katibi qeyd etdi ki, prezident Bill Klinton və o özü Azərbaycanın dövlət başçısının müalicəsini şəxsən nəzarətdə saxlayır və müalicənin gedişi ilə müntəzəm surətdə maraqlanırlar. O, prezident Klintonun prezident Əliyevə ünvanladığı məktubun yetişdiyinə ümidvar olduğunu söylədi. Amerika Birləşmiş Ştatlarının dövlət katibi Azərbaycanın dövlət başçısının tezliklə sağalaraq vətənə dönməsini arzuladıqlarını bildirdi.

Xanım Olbrayt qeyd etdi ki, prezident Klinton və o, Azərbaycan prezidenti Heydər Əliyevlə əməkdaşlığı bundan sonra da müvəffəqiyyətlə davam etdirmək əzmindədirlər. Amerika Birləşmiş Ştatlarının dövlət katibi əmin olduğunu bildirdi ki, Azərbaycan prezidenti vətənə döndükdən sonra Amerika-Azərbaycan münasibətlərinin daha da inkişaf etdirilməsi və xüsusilə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunması istiqamətində birgə əməkdaşlığı gücləndirəcəklər.

Xanım Olbrayt aprel ayının 25-də və 26-da Vaşinqtonda prezident Əliyevlə keçirdiyi görüşlər və danışıqlar zamanı ölkələrimiz arasında qarşılıqlı surətdə faydalı əlaqələrin və tərəfdaşlıq münasibətlərinin daha da gücləndirilməsi sahəsində Amerika Birləşmiş Ştatlarının öz üzərinə götürdüyü öhdəliklərə sadiq olduğunu bir daha bəyan etdi.

Xanım Olbrayt özünün təşəbbüsü və iştirakı ilə prezident Heydər Əliyev və prezident Robert Koçaryan arasında Vaşinqtonda keçirilmiş görüşü Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tezliklə aradan qaldırılması istiqamətində atılan mühüm addım hesab etdiyini və belə görüşlərin davam etdirilməsinin vacibliyini vurğuladı.

ABŞ-ın dövlət katibi prezident Heydər Əliyevi bir daha əmin etdi ki, Amerika Birləşmiş Ştatları Ermənistan-Azərbaycan münaqişəsinin həll edilməsi istiqamətində səylərini daha da artıracaqdır.

Daha sonra dövlət katibi xanım Olbrayt Azərbaycan prezidentinə müraciətlə bildirdi ki, Amerika Birləşmiş Ştatlan Heydər Əliyevi özünün yaxın dostu hesab edir. O, Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi, regionda sülhün, əmin-amanlığın bərqərar olunması, demokratiyanın inkişaf etdirilməsi istiqamətində Azərbaycanla və şəxsən prezident Heydər Əliyevlə əməkdaşlığı daha da gücləndirmək arzularını bildirdi. Dövlət katibi xanım Olbrayt prezident Klintonun adından və şəxsən öz adından prezident Heydər Əliyevi 10 may - ad günü münasibətilə təbrik etdi. Heydər Əliyev ilə eyni bürc altında anadan olduğunu xüsusilə vurğulayan xanım Olbrayt bunu prezident Heydər Əliyevlə özü arasında olan şəxsi dostluq münasibətlərinin daha da gücləndirilməsi üçün müsbət hal kimi qiymətləndirdi. May ayını Azərbaycan xalqı üçün bayramlarla dolu olan bir ay kimi qiymətləndirən xanım Olbrayt ümidvar olduğunu bildirdi ki, Azərbaycan prezidenti Heydər Əliyev 28 May - müstəqillik bayramını öz vətəni Azərbaycanda qeyd edəcəkdir. Xanım Olbrayt Heydər Əliyevi şəxsi dostu hesab etdiyini bildirərək dünyanın harasında olmasından asılı olmayaraq istənilən məsələ ilə əlaqədar tərəddüd etmədən ona müraciət etməsini xahiş etdi.

Xanım Olbrayt prezident Əliyevdən müalicəsini başa vurduqdan sonra vətənə dönərkən ona xəbər verməsini və Bakıya qayıtdıqdan sonra şəxsən onunla əlaqə saxlamasını xahiş etdi.

O, bu cür əlaqələrin Amerika ilə Azərbaycan arasında olan tərəfdaşlıq münasibətlərinin daha da inkişaf edərək yüksəlməsinə yardım edəcəyinə qəti əmin olduğunu vurğuladı. Azərbaycan Respublikasının prezidenti Heydər Əliyev ona göstərilən diqqətə və qayğıya görə prezident Bill Klintona və dövlət katibi Madelin Olbrayta dərin minnətdarlığını bildirdi. Azərbaycanın dövlət başçısı ABŞ-da müalicə olunarkən bu qayğını daim hiss etdiyini xüsusilə vurğuladı və ona göndərdiyi səmimi məktuba görə təşəkkürlərini prezident Klintona çatdırmağı xahiş etdi. Prezident Əliyev özünü yaxşı hiss etdiyini söyləyərək, prezident Klintonun və dövlət katibi Olbraytın qayğısı sayəsində müalicənin gedişindən və ona göstərilən tibbi xidmətin yüksək səviyyədə olmasından razılığını bildirdi. Ünvanına söylənilən xoş arzuları yüksək qiymətləndirən Azərbaycanın dövlət başçısı ona göstərilən hörmət və ehtiramı unutmayacağını nəzərə çarpdırdı.

Azərbaycanda qüdrətli, müstəqil, azad, çiçəklənən, demokratik bir dövlət qurmağı, Azərbaycanın ərazi bütövlüyünü və sərhədlərinin toxunulmazlığını təmin etməyi özünün ən böyük arzusu hesab etdiyini vurğulayan prezident Heydər Əliyev ümidvar olduğunu bildirdi ki, Amerika Birləşmiş Ştatları bu işdə Azərbaycana bundan sonra da yardımçı olacaqdır.

Prezident Heydər Əliyev Vaşinqtonda olarkən prezident Klinton və dövlət katibi xanım Olbrayt ilə keçirdiyi görüşləri və apardığı danışıqları yüksək qiymətləndirdiyini qeyd etdi. O, bir daha ümidvar olduğunu bildirdi ki, Dağlıq Qarabağ münaqişəsinin danışıqlar vasitəsilə sülh yolu ilə aradan qaldırılması üçün Amerika Birləşmiş Ştatları öz səylərini daha da artıracaqdır.

Prezident Heydər Əliyev qeyd etdi ki, Azərbaycan Amerika Birləşmiş Ştatlarına özünün ən əsas partnyoru kimi baxır. O, Vaşinqtonda olarkən Amerika ilə Azərbaycan arasında strateji tərəfdaşlıq münasibətlərinin gücləndirilməsinə ehtiyac duyulduğuna bir daha əmin olduğunu bildirdi.

Prezident Heydər Əliyev Amerika Birləşmiş Ştatları ilə Azərbaycan arasında əməkdaşlığın bundan sonra daha da səmərəli olacağına inandığını vurğuladı.

Azərbaycan prezidenti Heydər Əliyev ümidvar olduğunu bildirdi ki, tezliklə vətənə qayıdaraq qarşıda duran böyük vəzifələrin müvəffəqiyyətlə həyata keçirilməsinə nail olacaqdır.

Telefon danışığının sonunda Amerika Birləşmiş Ştatlarının dövlət katibi xanım Madlen Olbrayt prezident Heydər Əliyevi bağrına basdığını və ona tezliklə sağalaraq vətənə dönməyi arzuladığını bildirdi.