Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Türkiyənin “Mərmərə qrupu” Strateji və Sosial Araşdırmalar Vəqfinin sədri Akkan Suvərin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdə söhbəti - Prezident sarayı, 14 may 2001-ci il


Akkan Suvər: Çox hörmətli Cümhur başqanımız! Əziz şərəf başqanımız! Zati-aliləri Heydər Əliyev! Sözlərimə başlamazdan öncə, doqquzuncu cümhur başqanımız, çox hörmətli Süleyman Dəmirəlin salamlarını, hörmət və ehtiramını Sizə yetirirəm.

Heydər Əliyev: Çox sağ olun.

Akkan Suvər: Yeni yaşa qədəm qoyduğunuz bu günlərdə Sizə uzun ömür diləyir, ad gününüzü təbrik edirik.

Heydər Əliyev: Çox sağ olun.

Akkan Suvər: Məlumunuz olduğu kimi, ötən ilin may ayında zati-dövlətinizə bu salonda keçən ilin hesabatını vermişdik. Bu gün də icazənizlə, 2000-ci ilin may ayından indiyə qədər gördüyümüz işlər barədə məlumatı Sizə çatdırmaq istəyirəm. Çünki Siz bizim şərəf başqanımızsınız.

Heydər Əliyev: Buyurun.

Akkan Suvər: Möhtərəm Prezidentimiz, “Mərmərə Qrupu” vəqfi olaraq çalışmamızı üç əsas istiqamətdə həyata keçiririk. Birincisi, milli sahədə gördüyümüz işlərdir. Bunlara misal olaraq aylıq toplantılarımızı göstərə bilərik. Türkiyənin siyasi, sosial həyatı ilə bağlı hər ay keçirdiyimiz toplantılarda ölkənin gündəlik həyatını müzakirə etməyə çalışdıq. Dövlət nazirimiz hörmətli Yüksəl Yalova, Dünya Bankının Türkiyə təmsilçisi Ajay Çibber, Cümhuriyyət Xalq Partiyasının yeni Baş katibi Dəniz Baykal və başqaları bu ilki toplantılarımızda çıxış etdilər. Keçən il Sizi ziyarət edəndən sonra vəqfimizin 15 illiyini qeyd etdik. Bu yubileyimizdə İstanbulun bələdiyyə başqanı, valisi, İstanbuldan olan millət vəkilləri, iş adamları iştirak etdilər. Bildirirəm ki, bu gözəl günümüzdə azərbaycanlı qardaşlarımız da bizi yalqız buraxmadılar. Milli Məclisin deputatı, xalq yazıçısı Anarın rəhbərliyi ilə deputatlar - Aslan Abbasov, Asya Manafova, professor Vaqif Arzumanlı, jurnalist Ramiz Əsgər və hörmətli professor Vaqif Qasımov tədbirimizə təşrif buyurdular və bizi sevindirdilər. Sizin qarşınızda onlara bir daha təşəkkür edirəm.

Hər il olduğu kimi, bu il də İstanbulda Din işləri başqanımız Məhəmməd Nuri Yılmazın rəhbərliyi ilə “Dinlərarası dialoq” adlı iftar yeməyimizi yunan, erməni patriarxlarının, Musəvi xaxamının və başqalarının iştirakı ilə gerçəkləşdirdik. Ona aid ingilis dilində nəşr olunmuş qəzeti Sizə təqdim etmək istəyirəm.

(Cənab Akkan Suvər qəzetin bir nüsxəsini prezident Heydər Əliyevə təqdim edir).

Çox hörmətli cümhur başqanımız, işimizin ikinci istiqamətini təşkil edən beynəlxalq sahədəki fəaliyyətimizin ən böyüyü Üçüncü Avrasiya İqtisadi Zirvə Toplantısı və Avrasiya Qadınlar Konqresi idi. Ötən il bunları uğurlu nəticə ilə sona çatdırdıq. Avrasiya ölkələri ilə yanaşı, Orta Avropa ölkələrini də özündə birləşdirən zirvə toplantımızda 32 ölkədən 192 nəfər iştirak etdi. Onların 17 nəfəri nazir idi. Böyük minnətdarlıq hissi ilə qeyd edirəm ki, bizim bu toplantımıza zati-dövlətinizin hər zaman yüksək önəm verən mesajınız hamımızı şərəfləndirdi. Bizə verdiyiniz dəstəyə görə Sizə öz adımdan və həmkarlarım adından minnətdarlığımızı və təşəkkürümüzü bildirirəm.

Azərbaycanın nümayəndə heyəti bu zirvə toplantısında bizi şərəfləndirdi. Hüzurunuzda xanım Zəhra Quliyevaya, hörmətli İslam Tağıyevə, Rəfiqə Hüseynzadəyə, Asya Manafovaya, Zeynəb Xanlarovaya, Mələk Bayramovaya, Mail Dəmirliyə, Ramiz Əsgərə, Xalid Niyazova və Vaqif Qasımova təşəkkürlərimi bildirirəm.

Üçüncü Avrasiya İqtisadi Zirvə Toplantısında cümhur başqanımız hörmətli Əhməd Necdət Sezərin həyat yoldaşı Səmra Sezərin himayəsində Avrasiya Qadınlar Təşkilatı da gerçəkləşdirildi. Hörmətli Zəhra Quliyevanın başçılıq etdiyi nümayəndə heyəti ilə Azərbaycanın qatıldığı bu zirvə toplantısı uğurla başa çatdı.

Dəyərli Cümhur başqanımız! İşimizin üçüncü istiqaməti isə Birləşmiş Millətlər Təşkilatı ilə əlaqələrimizin möhkəmlənməsidir. Siz bilirsiniz, noyabr ayında Belarusda keçirilən seçkilər zamanı “Mərmərə Qrupu” vəqfinin iki təmsilçisi BMT tərəfindən müşahidəçi kimi Minskə göndərilmişdi. Bu bizim üçün ilk məsul işdir və bunun sevincini zati-alinizlə paylaşırıq. Keçən ilin noyabrında Birləşmiş Millətlər Təşkilatının Nyu-Yorkda keçirilən illik sessiyasında iştirak edərək, ölkəmizi təmsil etməkdən şərəf duyuruq. Vəqfimizin insan haqları platforması çərçivəsində bu il türk-yunan qadınlarının barış toplantısı keçirilmişdir. Bolqarıstanın əski cümhur başqanı hörmətli Jelyu Jelev vəqfimizi ziyarət etmişdir. Moldovanın, Rumıniyanın, Albaniyanın, Bolqarıstanın, Türkiyənin əski cümhur başqanları və Yunanıstanın əski Baş naziri Balkan klubu yaratmaq arzusunda olduqlarını bildirmiş, sivil təşkilat kimi, “Mərmərə Qrupu” vəqfinin ona rəhbərlik etməsini istədiklərini söyləmişlər.

Əziz cümhur başqanım, bütün bunlarla yanaşı, vəqfimizin insan haqları platforması, mədəniyyət qrupu qadınlarla bağlı bir sıra proqramları həyata keçirir. Vəqfin İstanbul qrupu tərəfindən hər il 120 qadına 3 aylıq təlim kursları keçilir.

Əziz şərəf başqanımız! Bu il noyabrın 8-9-10-da 4-cü Avrasiya İqtisadi Zirvə Toplantısını keçirəcəyik. Əgər imkanınız olsa, təşrif buyurmağınızı, imkanınız olmasa, mesajınızla bizi şərəfləndirmənizi istərdik. Arzu edirik ki, həmişə olduğu kimi, Azərbaycan nümayəndə heyətini yanımızda görməkdən sevinc hissi duyaq. Bu il keçiriləcək zirvə toplantısında Hindistanın da nümayəndələri iştirak edəcəklər. Həmin tarixdə gerçəkləşdirəcəyimiz Avrasiya Qadınlarının İkinci Konqresinə həm mesajınızı gözləyirik, həm də yüksək nümayəndə heyətininizin bu tədbirdə iştirak etməsinə icazə verməyinizi istərdik.

Yeri gəlmişkən, bir təşəkkürümü də ərz edim. Bu da Sizin şəxsinizdə Azərbaycan alimlərinə olan minnətdarlığımdır. Onlar mənə doktor adı verdilər. Mən bunu şəxsi adıma deyil, bütün Türkiyə adına qəbul edirəm. Siz bu doktorluq adını bütün Türkiyəyə verdiniz. Sizə bir daha minnətdarlığımı bildirirəm.

Hörmətli Prezidentim, bir gözəl xəbərimiz də vardır. Vəqfimiz “Heydər Əliyev Kültür Mərkəzi”nin yaradılması barədə böyük həvəslə qərar qəbul etmişdir. “Heydər Əliyev Kültür Mərkəzi”nin təşkili üçün sənədlər əldə edilməsi barədə bizə yardım göstərməyiniz rica olunur. Siz şərəf başqanımız olduğunuz üçün tam məlumatınız olsun deyə, birillik hesabatımızı zati-dövlətinizə ərz etdik. Siz bizə güvənirsiniz. Biz də Sizlərə layiq xidmətlər göstərməyə çalışırıq. Bizi qəbul edib dinlədiyiniz üçün Sizə öz adımdan və həmkarlarım adından ən dərin sayğılarımızı bildirir, doğum gününüzü bir daha ürəkdən təbrik edir, Sizə və ailənizə cansağlığı və xoşbəxtlik arzulayıram.

Heydər Əliyev: Çox sağ olun, təşəkkür edirəm.

Hörmətli dostlar, siz mənim yaxın dostlarımsınız. Bir neçə ildir ki, bizim bu dostluğumuz daha da möhkəmlənir. Mənim doğum günümü təbrik etdiyinizə görə sizə təşəkkür edirəm. Mən sizin təbrik məktubunuzu almışam. İndi burada şəxsən də bu sözləri dediniz. Təşəkkür edirəm. Çalışacağam ki, sizin arzularınızı və istəklərinizi bundan sonra da yerinə yetirim. Nə qədər ki, yaşayacağam, o qədər də çalışacağam.

Mənim əziz dostum, qardaşım, Türkiyənin 9-cu cümhur başqanı Süleyman Dəmirəldən gətirdiyiniz salama, hörmət və ehtirama görə də təşəkkür edirəm. Məlumdur ki, “Mərmərə Qrupu” vəqfinin iki şərəf başqanı vardır. Birincisi hörmətli Süleyman Dəmirəldir, ikincisi də məni seçmisiniz. Mən bunu özüm üçün böyük şərəf hesab edirəm. Sizin vəqfdə böyük bir toplantıda nitq edən zaman vəqfiniz haqqında, mənə göstərdiyiniz hörmət və ehtirama, məni şərəf başqanı seçdiyinizə görə öz minnətdarlığımı bildirmişdim. Bu gün minnətdarlığımı bir daha bildirirəm.

Siz gördüyünüz işlər haqqında burada mənə məlumatlar verdiniz. Mən bəzi bilgiləri alıram. Amma indi siz tam şəkildə bunu mənə verdiniz. Bu bilgilərdən görünür ki, “Mərmərə Qrupu” vəqfi, həqiqətən çox böyük işlər görür. İndi elan etdiyiniz böyük nailiyyətlərə görə sizi təbrik edirəm və ümidvar olduğumu bildirmək istəyirəm ki, vəqfiniz bundan sonra da bu cür çalışacaqdır. Ən önəmlisi odur ki, “Mərmərə Qrupu” vəqfi Azərbaycan ilə Türkiyə arasındakı dostluğun, qardaşlığın inkişaf etməsində böyük rol oynayır.

Türkiyədə vəqflər çoxdur. Onların bir çoxu ilə Azərbaycanın yaxınlığı var. Amma sizin vəqf kimi, Azərbaycana diqqət, qayğı və maraq göstərən başqası yoxdur. Ona görə də mən çox sevgi-məhəbbətlə sizi qəbul edirəm və gördüyünüz işlər məni sevindirir. Güman edirəm ki, bundan sonra da işlər hələ çoxdur, görüləcəkdir.

Mənim Türkiyəyə mart ayındakı rəsmi ziyarətim, hesab edirəm ki, çox uğurlu oldu. Mən təxminən bir həftə Türkiyədə oldum. Hörmətli prezident, əziz dostum Əhməd Necdət Sezər ilə, Baş nazir hörmətli Bülənd Ecevitlə, Baş nazirin müavini Dövlət Baxçalı ilə, Baş Qərargah rəisi Hüseyn Kıvrıqoğlu ilə və digərləri ilə çox ətraflı danışıqlar apardıq. Böyük Millət Məclisində, Türkiyənin 550 millət vəkilini toplamış belə bir parlamentdə yenidən xitab etməyim mənim üçün böyük şərəfdir. Siz bilirsiniz ki, mən də bundan lazımi qədər istifadə etdim. Mən orada hər bir şeyi açıq-aydın söylədim. Həm Azərbaycan haqqında, həm də Türkiyə-Azərbaycan əlaqələri haqqında. Eyni zamanda indi ermənilərin, erməni diasporunun Türkiyəyə qarşı apardığı təbliğata və erməni lobbisinin Türkiyəyə ədalətsiz iddialarına qarşı Azərbaycanın, həm xalqın, həm dövlətin, həm də bütün siyasi-ictimai qurumların - hamısının birlikdə fikirlərini Böyük Millət Məclisinin toplantısında millət vəkilləri qarşısında elan etdim. Nəhayət, qısa zamandan sonra İstanbula gəldim, sizinlə yenə görüşdük. Orada türkdilli ölkələrin dövlət başçılarının görüşü keçirilirdi. Bu məni çox sevindirdi. Çünki bir il bundan öncə aprel ayında bu toplantı Azərbaycanda keçirilmişdi və biz burada «Kitabi-Dədə Qorqud»un 1300 illik yubileyini birlikdə qeyd etdik. Eyni zamanda türkdilli ölkələrin dövlət başçılarının növbəti zirvə görüşünü keçirdik. Düz bir ildən sonra, yenə də aprel ayında bu zirvə görüşünün keçirilməsi məni çox sevindirdi. Çünki sizdə hakimiyyət dəyişikliyi olmuşdu.

Mən bilirəm ki, bəzən türkdilli ölkələrin başqanlarını bir yerə yığmaq o qədər asan olmur. Ona görə yox ki, istəmirlər, ona görə ki, hərənin bir proqramı var, hərənin bir işi var. Bir gün birinə münasib deyil, o biri gün o birisinə münasib deyildir. Mənim bu ay və gələn ay o qədər böyük proqramlarım var ki, birini oradan deyirlər, birini buradan deyirlər. Bu gəlir bunun üzərinə düşür, o gəlir onun üzərinə düşür. Mən birinə, yəni bir hökumətə, dövlətə, təşkilata deyəndə ki, buraya gələ bilmərəm, deyirlər ki, biz beş cümhur başqanı ilə razılaşdırmışıq, sən gəlməsən bu pozulacaqdır. Amma mən bunu da poza bilmərəm. Yəni bizim işimizdə belə çətinliklər var. Təkcə məndə yox, belə çətinliklər hamıda var. Amma Türkiyə, hörmətli Əhməd Necdət Sezər vaxtı çox gözəl seçmişdi və yaxşı danışıqlar aparmışdı. Bizim hamımız, türkdilli ölkələrin dövlət başçıları toplaşdıq. Orada iki gün gözəl müzakirələr keçirildi və hesab edirəm ki, bunun bizim Türkdilli Dövlətlər Birliyinin daha da inkişaf etməsi üçün çox böyük əhəmiyyəti oldu. Mən çox məmnunam ki, orada sizinlə də görüşdüm, söhbət etdik. Siz demişdiniz Azərbaycana gələcəksiniz. Amma mən fikirləşirdim ki, bəlkə gəlməyəcəksiniz, işiniz olacaqdır. Amma gəlmisiniz. Mənə dedilər ki, üç gündür buradasınız. Azərbaycanı yenidən görünüz. Bizim həyatımızı görürsünüz, insanlar necə yaşayır, onu görürsünüz.

Mənə dedilər ki, sizə Təfəkkür Universitetində fəxri doktor adı veriblər. Mən sizi bu münasibətlə də təbrik edirəm və çox sevinirəm. Siz fəxri doktor adına çoxdan layiqsiniz. Bəlkə də bir universitetdə yox. Mən Türkiyənin universitetlərinin çoxunda fəxri doktor adını almışam. Amma indi sayını itirmişəm. Bir neçəsi də mənə çoxdan fəxri doktor adı veribdir. Məsələn, Ərzurum Atatürk Universitetidir, Bilkənd Universitetidir və başqaları.

Akkan Suvər: Sizə İspartada Süleyman Dəmirəl adına Universitet də fəxri doktor adı veribdir.

Heydər Əliyev: Mən aldıqlarımı demirəm, aldıqlarımı almışam. Amma bundan sonra da alacağam.

Akkan Suvər: İnşallah.

Heydər Əliyev: Bu dəfə Ankarada olanda Ankara Universitetində aldım. Aldıqlarımı çox almışam. Mən 7-8 Universitetin fəxri doktoruyam. Təbiidir ki, bu da Azərbaycana Türkiyənin universitetləri tərəfindən göstərilən yüksək qiymətdir. O cümlədən mənim şəxsiyyətimə və gördüyüm işlərə verilən qiymətdir. Mən bunlara görə də təşəkkür edirəm.

Mən sizin vəqfə bir daha uğurlar arzulayıram. Bizim tərəfimizdən nə lazımsa bundan sonra da edəcəyik ki, vəqfiniz yaşasın, inkişaf etsin. Xüsusən, Azərbaycanla Türkiyə arasındakı əlaqələrin inkişaf etməsi üçün bundan sonra daha da çox iş görsün.

Akkan Suvər: Möhtərəm Cümhur başqanım, hörmətli Şamil Ayrım vəqfimizin qurucularından biri, Ali Məsləhət Şurasının üzvü, eyni zamanda Türkiyə Böyük Millət Məclisinin deputatıdır.

Heydər Əliyev: Yaxşı tanıyıram. Mənim əski dostumdur.

Akkan Suvər: Çox gözəl. Siz İstanbulda olarkən hörmətli Koray Böyükasar bizimlə birlikdə idi. O, “Mərmərə Qrupu” vəqfinin İcra Şurasının üzvüdür. Hörmətli Vaqif Qasımovu isə tanıyırsınız.

Heydər Əliyev: O da sizin ailədəndir.

Akkan Suvər: Çox düz buyurursunuz. Şamil Ayrımın Sizə deyəcəyi gözəl sözləri var. O, eyni zamanda Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri və Türkiyə parlamentinin NATO-dakı nümayəndə heyətinin üzvüdür.

Heydər Əliyev: Buyurun.

Şamil Ayrım: Hörmətli Cümhur başqanım, əvvəlcə çox təşəkkür edirəm. Sizi doğum gününüz münasibətilə təbrik edir, uzun ömür arzulayıram. İnanıram ki, Azərbaycan Sizin kimi liderin sayəsində Ermənistanla olan problemlərini sülh yolu ilə ən qısa zamanda çözəcəkdir. Mən Sizin Amerikadakı görüşlərinizi istər İnternet vasitəsilə, istərsə də qəzetlər vasitəsilə çox yaxından izləyirdim. Sizin oradakı çıxışlarınızı, ikili görüşlərinizi çox həssaslıqla dinləyirdim. İnanıram ki, önümüzdəki mərhələdə Azərbaycan çox gözəl addım atacaqdır. Çünki digər liderlərlə müqayisədə Sizin zəngin təcrübəniz vardır. Bu problemin sülh yolu ilə aradan qaldırılmasını səmimi-qəlbdən arzu edirik. İnşallah, bu olacaqdır.

Akkan bəyin dediyi kimi, mən Türkiyə parlamentinin NATO-dakı nümayəndə heyətinin üzvüyəm. Bu ayın sonunda, mayın 27-də Vilnüsdə NATO-nun toplantısı olacaqdır. Mən parlament sədrinin müavini Ziyafət Əsgərovla da görüşdüm. O da NATO-nun toplantısında iştirak edəcəkdir. Azərbaycanın bu tədbirdə iştirak etməsi son dərəcə önəmlidir. Biz Türkiyə olaraq, bunu ən yaxından dəstəkləyirik. Orada nəticə əldə etməyimiz lazımdır. Gücümüz çatan qədər əlimizdən gələni edəcəyik. İstərdik bunu biləsiniz.

Sizin vaxtınızı çox almaq istəmirəm. Bildirirəm ki, Azərbaycanla bağlı ən doğru işləri görmək üçün ziyarətə gəldim. Biz həmkarlarımızın fəaliyyətini ürəkdən dəstəkləyirik. Sizin bu qədər dəstək verməyiniz, şəxsinizdə azərbaycanlı qardaşlarımızın dəstək verməsi bizim üçün çox önəmlidir. Ona görə də göstərdiyiniz diqqətə görə təşəkkür edirəm. Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri kimi, üzərimə nə düşərsə, Azərbaycana hər zaman hər cür dəstəyə hazıram. Əlbəttə, Türkiyə hökumətinin yeritdiyi siyasət çərçivəsində səmimi duyğularımızla həmişə Sizin yanınızdayıq. Bizi qəbul etdiyiniz üçün Sizə bir daha hörmət və ehtiramımı bildirirəm.

Heydər Əliyev: Sən mənim əski dostlarımdansan.

Şamil Ayrım: Bəli.

Heydər Əliyev: Həm Böyük Millət Məclisində, həm də başqa yerlərdə çox işlər görürsən və xüsusən, Azərbaycan ilə Türkiyə arasındakı dostluğun möhkəmləndirilməsində çox böyük işlər görürsən. Siz Naxçıvanda Hüseyn Cavidin abidəsinin açılışına da gəldiniz. Mən onda çox sevindim. Çünki Hüseyn Cavid təkcə Azərbaycanın yox, həm də Türkiyənin böyük yazarı, alimi idi. Sən bilirsən, onun cənazəsini, yəni nəşini mən hələ 1981-ci ildə Sibirdən gətirtmişdim. Çünki Cavidi 1938-ci ildə oraya sürgün etmişdilər. Orada vəfat etmişdi və onu orada dəfn etmişdilər. Mən onu aradım, tapdım gətirdim. Mən sənə o vaxt da söylədim, əlbəttə, məmnun oldum. Çünki o, böyük bir şəxsiyyət idi. Onda söylədilər ki, onu burada torpağa verək - Bakıda şərəfli adamlar üçün Fəxri xiyaban var, bilirsiniz. Mən isə dedim yox. Onu Naxçıvanda torpağa vermək lazımdır. Çünki onun vətəni Naxçıvandır, orada doğulubdur. Orada torpağa vermək lazımdır. Mənə dedilər yox, Naxçıvan kiçik bir yerdir. Amma o, böyük bir adamdır. Dedim, bizim Fəxri xiyabanda böyük adamlar çoxdur. Amma Naxçıvanda qəbiristanlıqda yox, şəhərin mərkəzində ona bir abidə ucaldıb nəşini oraya qoysaq, bu daha yaxşı olacaqdır. Mənim bu təklifim qəbul edildi. Baxmayaraq ki, etiraz edənlər çox idi. Amma görün, həyat nə cür oldu.

Mən ondan sonra Moskvaya işləməyə getdim. Orada çalışdım. Sonra da bilirsiniz ki, mən bütün işlərdən kənar oldum. 1990-cı ildə isə Sovetlər Birliyi Azərbaycana hərbi təcavüz etdiyinə görə mən buna etiraz etdim, Kommunist Partiyasından çıxıb buraya gəldim. Məni burada da yaşamağa qoymadılar. Naxçıvana getdim. Məni Naxçıvanda xalq çox hərarətlə qarşıladı. Amma soruşdum, Hüseyn Cavidin qəbri mən dediyim kimi yaradılıbdır, yoxsa yox? Dedilər ki, yox. Bəs haradadır? Oradadır, üstündə bir daş var. Mən evimdən çıxdım - mitinq var idi, Naxçıvanın hər yerindən 50 minə qədər insan toplaşmışdı - mitinqə getməmişdən öncə dedim, mən Hüseyn Cavidin məzarını ziyarət edəcəyəm. Gəldim, çox pis bir vəziyyətdə gördüm. Çox məyus oldum. Naxçıvanda çalışan zaman istədim ki, orada bir türbə, abidə yaradım. Ancaq onda imkanım, param yox idi. Naxçıvan blokadada idi. Yaşamaq mümkün deyildi, elektrik işığı yox, filan yox. Amma buraya gələndən sonra imkanlarım oldu və onu etdim. Çox gözəl abidə yarandı, səninlə bir yerdə açdıq. İndi ora ziyarətgah olubdur. Müqəddəs bir yer kimi, insanlar oraya ziyarətə gedirlər.

Şamil Ayrım: Bəli. Doğrudur.

Heydər Əliyev: Amma bir şey də etdim. Onun xanımını da, oğlunu da - xanımının nəşini buradan apardım, oğlu da İkinci dünya müharibəsi zamanı Naxçıvanda vəfat etmişdi, orada dəfn olunmuşdu - orada dəfn etdirdim. Üçü də bir yerdə. Bu mənim vətəndaşlıq borcum idi, bunu da etdim.

Bunu ona görə bir də söyləyirəm ki, çox məmnunam ki, siz o vaxtlar oraya gəldiniz. Bir yerdə bu işi gördük. Elə bir bu deyil axı. Mən hər dəfə Türkiyəyə gələndə sizinlə görüşürəm. Bilirəm ki, siz Azərbaycan -Türkiyə əlaqələrinin inkişaf etməsi üçün çox işlər görmüsünüz. Buna görə də sizə çox təşəkkür edirəm.

Şamil Ayrım: Hörmətli Cümhur başqanım, sağ olun.

Akkan Suvər: Biz bu gün oğlunuz İlham bəyi də ziyarət edəcəkdik. Amma yox idi, görüşə bilmədik. Ona aid iki xatirə hədiyyəmiz var. Biz onu vəqfimizin üzvü seçdik. Onun üzvlük hədiyyəsi ilə, eyni zamanda mənim bir hədiyyəm də var. O da boks ilə bağlıdır. Çünki mən Türkiyədə uzun illər Boks Federasiyasının vitse-prezidenti olmuşam.

Heydər Əliyev: Siz onunla görüşmək istəyirsinizsə, mən deyərəm. O bizim Milli Olimpiya Komitəsinin prezidentidir. Azərbaycanda idmanın inkişaf etməsi üçün yeni-yeni idman mərkəzləri tikir. Dünən axşam mənə söylədi ki, şəhərdən bir az uzaqda Maştağa qəsəbəsi var, orada idman mərkəzi yaratmaq istəyir, səhərdən oraya gedəcəkdi. Ola bilər, oraya getmiş olsun. Amma əgər siz istəyirsinizsə, mən ona indi telefon edərəm. Onunla da görüşərsiniz.

Akkan Suvər: Çox məmnun olardıq. Onun hədiyyələrini də özünə təqdim edərik.

Heydər Əliyev: Özünə verərsiniz.

Akkan Suvər: Cənab Prezident, Sizdən bir xahişimiz var. Bizim zirvə toplantımızda plaketləri Süleyman bəy təqdim edirdi. Amma Vaqif Qasımovun plaketini isə bizim şərəf başqanımız kimi, Sizin təqdim etməyinizi istəyirik. O, üç ildir xidmət göstərir. Bu plaketi qarşımızda Vaqif bəyə versəniz, çox sevinərdik.

Heydər Əliyev: Sizə təqdim edim?

Akkan Suvər: Yox. Vaqif bəyə.

Heydər Əliyev: Vaqif bəyə təqdim edərəm. Mən əskidən, keçmişdə burada Vaqif bəylə çalışmışam. O burada vəzifələrdə çalışıbdır. İndi son illərdir sizinlə bərabər çox önəmli işlər görür. Ona görə vəqfin bu plaketini sizin şərəf başqanı kimi, çox böyük məmnuniyyətlə ona təqdim edirəm.

(Prezident Heydər Əliyev «Mərmərə Qrupu» vəqfinin plaketini Vaqif Qasımova təqdim edir).

Vaqif Qasımov: Cənab Prezident, çox sağ olun. Mənə bu plaketin ilk dəfə verilməsində Sizin nüfuzunuzun çox böyük rolu olmuşdur. Sizə dərin minnətdarlığımı bildirirəm.

Akkan Suvər: Hörmətli cümhur başqanım, siz İstanbulda “Konrad” otelini ziyarət etmişdiniz. Siz oranı sevirsiniz.

Heydər Əliyev: “Konrad” çox gözəl oteldir. Oradan hər yer görünür.

Akkan Suvər: Biz bu rəsm əsərini Azərbaycanın böyük övladı, cümhur başqanımız və şərəf başqanımız zati-aliləri Heydər Əliyevə doğum günü münasibətilə səmimi diləklərlə hədiyyə edirik. Bu bizim tanınmış rəssamımız Taner Ercan bəyin çəkdiyi rəsm əsəridir. Bunu böyük məmnuniyyətlə Sizə təqdim edirik.

Heydər Əliyev: Çox gözəl rəsmdir. Təşəkkür edirəm.

Siz mərkəz yaratmaq istəyirsiniz?

Akkan Suvər: Bəli.

Heydər Əliyev: Mən buna etiraz edə bilmərəm. Amma eyni zamanda deyə bilmərəm ki, yaradın. Bu sizin işinizdir. İstəsəniz yaradarsınız, istəsəniz yaratmazsınız. Təşəkkür edirəm.