Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin müraciəti - 17 avqust 1999-cu il


Ötən gecə Türkiyədə, İstanbul ilə Ankara arasında baş vermiş zəlzələ bizi sarsıtdı və çox kədərləndirdi. Bütün Azərbaycan xalqını kədərləndirdi, sarsıtdı. Böyük fəlakətdir, böyük faciədir. Bu faciə Türkiyənin faciəsidir, eyni zamanda Azərbaycanın faciəsidir.

Böyük Mustafa Kamal Atatürk demişdir ki, Azərbaycanın sevinci Türkiyənin sevincidir, Azərbaycanın kədəri Türkiyənin kədəridir. Bu sözləri biz daim təkrar edirik və bu gün də demək istəyirəm ki, Türkiyənin kədəri, Türkiyənin faciəsi Azərbaycanın kədəridir, Azərbaycanın faciəsidir. Biz bundan çox sarsılmışıq. Böyük fəlakətdir. Çünki bizi ən çox sarsıdan, kədərləndirən çoxsaylı insan tələfatıdır.

Təbiidir ki, Türkiyə Cümhuriyyətinə dəymiş iqtisadi zərər də bizim üçün çox ağır bir hadisədir. Ancaq çoxsaylı insan tələfatı, bir çox insanların yaralanması - bunlar bizi daha çox incidir və bizi daha çox sarsıdır.

Mən bu münasibətlə bu gün Türkiyə Cümhuriyyətinin prezidenti, əziz dostum, qardaşım Süleyman Dəmirələ başsağlığı mesajı göndərmişəm, "keçmiş olsun" demişəm. Televiziya vasitəsilə Türkiyə xalqına, Türkiyə dövlətinə, Türkiyə hökumətinə, bizim əziz qardaşlarımıza, bacılarımıza böyük insan tələfatına görə dərin hüznlə başsağlığı verirəm, "keçmiş olsun" deyirəm. Tələf olan insanların ailələrinə, qohum-əqrəbalarına başsağlığı verirəm. Zəlzələdən yaralananlara, əziyyət çəkənlərə, zərər çəkənlərə tezliklə sağalmağı arzulayıram. Həlak olanların hamısına Allahdan rəhmət diləyirəm.

Türkiyə öz tarixində böyük çətinliklərlə rastlaşmış və onların hamısının öhdəsindən məharətlə, qəhrəmanlıqla gəlmişdir. Heç şübhə yoxdur ki, Türkiyə dövləti, Türkiyə Cümhuriyyəti və Türkiyə xalqı bu ağır sınaqdan da çıxacaqdır və Türkiyənin iqtisadiyyatına, insanlara dəymiş zərərin də öhdəsindən gələcəkdir. Buna heç şübhə yoxdur. Şübhə yoxdur ki, bu müdhiş gecədə həyatlarını qeyb edən insanlar da heç vaxt unudulmayacaqdır.

Biz hər zaman Türkiyə Cümhuriyyəti iləyik, Türkiyə xalqı ilə bir yerdəyik - sevincli gündə də, kədərli gündə də. Bu gün biz daha çox Türkiyə xalqı ilə bərabərik, bir yerdəyik, bu faciənin sarsıntılarını keçiririk və Türkiyəyə əlimizdən gələn yardımı etməyə hazırıq.

Mən əmr verdim, bu gün bir təyyarə ilə bizim həkimlər, qazma və başqa işlərdə iştirak edə bilən insanlar, mütəxəssislər Türkiyəyə uçacaqlar. Əmr verdim, Azərbaycandan Türkiyəyə böyük bir qatar, yəni bir tren neft göndərilsin. Əgər bizim başqa köməyimizə ehtiyac olarsa, biz bunların hamısını edəcəyik. Ancaq ən əsası odur ki, Türkiyə dövləti özü qüdrətli dövlət olaraq bütün çətinliklərin öhdəsindən gələcəkdir.

Mən Türkiyə xalqına, Türkiyə Cümhuriyyətinə, Türkiyə dövlətinə bu gün bu ağır vəziyyətdən məharətlə, uğurla çıxmağı arzulayıram və əminəm ki, bütün bu yaralar hamısı gələcəkdə sağalacaqdır. Bir daha bu faciə münasibətilə Türkiyə xalqı ilə həmrəyliyimizi bildirirəm, dərin hüznlə başsağlığı verirəm, "keçmiş olsun" deyirəm. Həyatlarını qeyb etmiş bütün bacı-qardaşlarımıza Allahdan rəhmət diləyirəm.

"Azərbaycan" qəzeti, 18 avqust 1999-cu il.