Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Azərbaycan-Polşa sənədlərinin imzalanması mərasimindən sonra birgə mətbuat konfransında bəyanatı və suallara cavabı - Prezident sarayı, 27 oktyabr 1999-cu il


Azərbaycan Prezidenti Heydər Əliyevin bəyanatı

Zati-aliləri Polşa prezidenti cənab Aleksandr Kvasnevski!

Polşa nümayəndə heyətinin hörmətli üzvləri!

Xanımlar və cənablar!

Bu gün Polşa prezidentinin Azərbaycana rəsmi səfəri başlanmışdır. Bu, Polşa prezidentinin ölkəmizə ilk rəsmi səfəridir.

Ötən saatlar ərzində biz böyük iş görə bildik. Prezidentlər arasında təkbətək görüş oldu, bu görüş zamanı biz Polşa ilə Azərbaycan arasında dövlətlərarası münasibətlərə, beynəlxalq həyatın problemlərinə, Cənubi Qafqaz regionunda problemlərə, ölkələrimiz arasında münasibətlərin inkişaf perspektivlərinə aid bir çox məsələlər barəsində çox açıq, səmimi fikir mübadiləsi apardıq.

Ermənistanla Azərbaycan arasında münaqişə, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələlərə, bu problemin dincliklə nizama salınması yollarına xüsusi diqqət yetirildi. Deməliyəm ki, bizim şəxsi görüşümüz və söhbətimiz dostluq ruhunda, qarşılıqlı hörmət, qarşılıqlı etimad şəraitində keçdi.

Nümayəndə heyətlərinin görüşü olmuşdur. Biz həm Polşa, həm də Azərbaycan nümayəndə heyətlərinin üzvlərini dinlədik. Zənnimcə, buradakı jurnalistlərin hamısı həmin görüşdə olmuşdur və ona görə də bunun üzərində xüsusi dayanmağa lüzum yoxdur.

Biz nümayəndə heyətlərimizin danışıqlarına yekun vurduq və belə bir yekdil fikirdə olduq ki, xüsusən 1997-ci ilin avqustunda Azərbaycan prezidentinin Polşaya səfərindən sonra Polşa ilə Azərbaycan arasında dostluq və əməkdaşlıq müvəffəqiyyətlə inkişaf edir. Həmin səfər zamanı münasibətlərimizin müqavilə-hüquqi əsasını yaradan bir çox mühüm dövlətlərarası sənədlər imzalanmışdı. Biz münasibətlərimizin inkişaf etdirilməsinin zəruriliyi barədə razılığa gəldik və bundan ötrü böyük potensial var.

Polşa prezidentinin nümayəndə heyətində Polşa biznesmenlərinin böyük bir qrupunun olmasını mən böyük məmnunluqla qarşıladım. Sabah xüsusi forum keçiriləcəkdir. Forumda Polşa və Azərbaycan biznesmenləri fikir mübadiləsi aparmaq və iqtisadi əməkdaşlığı daha da genişləndirmək məsələlərini müzakirə etmək imkanı qazanacaqlar. İndi imzalanmış sənədlərin çox böyük əhəmiyyəti var.

Əvvəla, neft sənayesi sahəsində əməkdaşlıq haqqında niyyət protokolu bu sahədə gələcək inkişafımız üçün yaxşı təməldir.

Polşa prezidentinin və Azərbaycan prezidentinin imzaladıqları birgə bəyannamədə çox mühüm müddəalar var və hesab edirəm ki, Polşa ilə Azərbaycan arasında hərtərəfli əməкdaşlığın daha da inkişaf etdirilməsi və dostluğun möhkəmləndirilməsi üçün mühüm əsasdır.

Мən olduqca şadam ki, hörmətli prezident Aleksandr Kvasnevski dəvətimi qəbul etmiş və bu gün Azərbaycana öz rəsmi səfərinə başlamışdır. Cənab prezidentin Azərbaycana gəlişindən sonrakı vaxtda görülmüş işdən olduqca məmnunam və əminəm ki, ölkələrimiz arasında dostluğun və hərtərəfli əməkdaşlığın inkişafı üçün qarşıdakı günlərdə daha çox işlər görüləcəkdir.

Bir daha nəzərə çarpdırmaq istəyirəm ki, Polşa prezidenti cənab Aleksandr Kvasnevskinin rəsmi səfəri Azərbaycanın həyatında, Polşa-Azərbaycan münasibətlərində mühüm hadisədir. Mən bunu yüksək qiymətləndirir və hesab edirəm ki, bundan sonra biz daha iti sürətlə irəliləyəcəyik.

***

Suаl: Qarşılıqlı maraq doğuran beynəlxalq problemlər, о cümlədən Rusiyanın Şimali Qafqaz bölgəsində vəziyyət görüş zamanı müzakirə edildimi?

Heydər Əliyev: Biz bu məsələ barəsində ətraflı fikir mübadiləsi apardıq.

Aleksandr Kvasnevski: Bəli, biz bu barədə danışdıq. Мən öz narahatlığımı ifadə etdim, Amma qərar Rusiyanın əlində, Moskvadadır.

Heydər Əliyev: Əlavə edim ki, Rusiya ilə həmsərhəd olan və Şimali Qafqaz respublikaları ilə çox sıx əlaqələrə malik bir ölkə kimi Azərbaycan çox istəyir ki, Şimali Qafqazda sülh və sakitlik tez bir zamanda bərqərar edilsin.

Suаl: Sual Polşa Respublikasının prezidenti cənab Aleksandr Kvasnevskiyədir. İpək yolunun bərpasına dair layihədə Polşanın iştirakı necədir və siz bu istiqamətdə nə kimi addımlar atmısınız?

Aleksandr Kvasnevski: Əvvəla, biz ötənilki konfransda iştirak etmişik və bu layihədə marağımız var. İndi əlaqədar nazirliklər və baş idarələr onun üzərində işləyirlər. Əlbəttə, istərdik ki, Avropanın bir hissəsi bütün Avropa nəqliyyat infrastrukturuna qoşulsun - bu infrastruktur neft və qazın nəqli üçün boru kəmərləridir. Əlbəttə, siyasi iradə var, Amma bu, iri maliyyə tədbiridir, ondan ötrü çox böyük məbləğdə vəsait gərəkdir və bir korporasiya bunun öhdəsindən gələ bilməz. Beynəlxalq təşkilatlar və neçə-neçə dövlət bu məsələyə qoşulmalıdır.

Suаl: Sual hər iki prezidentədir. NATO-da Azərbaycanın maraqlarını təmsil etməyə hazır olmaq barədə Polşa nümayəndə heyətinin bugünkü bəyanatını və eyni zamanda bu strukturla "Sülh naminə tərəfdaşlıq" Proqramı çərçivəsində əməkdaşlığı genişləndirmək niyyəti haqqında Azərbaycanın daim verdiyi bəyanatları nəzərə alaraq, hazırda Gürcüstan kimi, Azərbaycan da ümid bəsləyə bilərmi ki, yaxın beş il ərzində o, həmin təşkilatın üzvü ola biləcəkdir?

Heydər Əliyev: Мən dedim və təkrar edirəm ki, biz Şimali Atlantika İttifaqı Şurası ilə "Sülh naminə tərəfdaşlıq" Proqramının həyata keçirilməsində artıq fəal əməkdaşlıq edirik. Vaşinqtonda NATO-nun 50 illiyi bayram edilərkən Azərbaycan NATO-nun genişlənməsini dəstəklədiyini bildirdi. Biz Polşanın NATO-nun üzvü olmasını alqışlamışıq və bu gün bir daha alqışlayırıq. Bu gün razılaşdığımız kimi, Polşa və Azərbaycanın xarici işlər nazirlikləri xətti ilə aparılacaq siyasi məsləhətləşmələr digər məsələlərlə yanaşı, bu məsələləri də əhatə edəcəkdir. Gələcəkdə nə olacağını isə həyat göstərəcəkdir.

Aleksandr Kvasnevski:  Sözümü cənab prezident Heydər Əliyevin fikrini tamamladığı məqamdan başlaya bilərəm. İnteqrasiya proseslərinin nə dərəcədə sürətlə baş verəcəyini həyat göstərəcəkdir. Bizim heç birimiz Peyğəmbər deyilik və konkret tarix haqqında danışmaq çətindir. Lakin NATO-nun üzvü kimi, Polşa adı çəkilən strukturlarda - Şimali Atlantika İttifaqı Şurasında və "Sülh naminə tərəfdaşlıq" Proqramında Azərbaycanın iştirak etməsində olduqca maraqlıdır. Demək istəyirəm ki, Vaşinqton görüşü zamanı prezident Heydər Əliyevin çıxışında verdiyi dəstəyin böyük əhəmiyyəti və böyük təsiri oldu. Prezident Klintonla aparılan danışıqlarda həm Gürcüstan tərəfindən, həm də Azərbaycan tərəfindən dəstək verilməsinin NATO-nun genişləndirilməsi məsələsinə mühüm təsiri oldu. Bizim vəzifəmiz ilk növbədə mövcud strukturlar çərçivəsində yaxşı əməkdaşlıq etməkdən ibarətdir. Bu baxımdan, hər iki tərəf - Azərbaycan və Polşa yekdil, həmrəydir və buna hazırdır.

Suаl: Sual cənab Kvasnevskiyədir. Cənab prezident, Polşa beş dövlətin ittifaqı olan GUAM-a nə dərəcədə maraq göstərir? Perspektivdə Polşanın bu ittifaqa qoşulması mümkündürmü? Əgər mümkündürsə, nə zaman? Mümkün olarsa, Azərbaycan prezidentindən də bu suala öz münasibətini bildirməyi xahiş edərdim.

Aleksandr Kvasnevski: Bayaq dediyim kimi, biz bu təşkilatla əməkdaşlıq edirik, lakin üzvlük məsələsi hələlik nəzərdən keçirilmir. Bundan ötrü vaxt gərəkdir, təcrübə toplamaq lazımdır. İndi məhz belə bir vaxtdır.

Heydər Əliyev: Mən prezident Aleksandr Kvasnevskinin verdiyi cavabla tamamilə razıyam. Sağ olun.