Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Azərbaycanda fəaliyyət göstərən xarici ölkələrin işgüzar adamları, ayrı-ayrı şirkətlərin və kompaniyaların nümayəndələri ilə görüşmüşdür - 11 oktyabr 1993-cü il


Oktyabrın 11-də Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Azərbaycanda fəaliyyət göstərən xarici ölkələrin işgüzar adamları, ayrı-ayrı şirkətlərin və kampaniyaların nümayəndələri ilə görüşü keçirilmişdir. Görüşdə "Pennzoyl", "Britiş Petroleum", "Statoyl", "AMOKO", "TAPET", "Mak-Dermot", "Metallurq", "Şevron" neft kampaniyası və digər ondan çox şirkətin nümayəndəsi iştirak edirdi.

"Pennzoyl" şirkətinin I vitse-prezidenti D.Xenderson çıxış edərək işgüzar adamlar və təmsil etdiyi ölkənin adından Heydər Əliyevi Azərbaycan Respublikasının Prezidenti seçilməsi münasibətilə təbrik etmiş, andiçmə mərasimində söylədiyi nitqi yüksək qiymətləndirmişdir.

Heydər Əliyev səmimi təbrik üçün işgüzar adamlara minnətdarlıq etmiş, müstəqil Azərbaycan dövlətinin gələcək inkişafında bundan sonra da əlindən gələni əsirgəməyəcəyini bildirmişdir. Prezident daha sonra demişdir: "Demokratiya bizim həyatımızın əsası olmalıdır. Demokratiya yolu ilə gedən Azərbaycan dövləti bütün dünya dövlətləri üçün açıqdır. Demokratik cəmiyyət yaratmaqdan ötrü dünya dövlətləri təcrübəsindən geniş istifadə olunacaqdır. Nəzərdə tutduğumuz demokratik islahatlar respublikamızın bütün sahələrini əhatə edəcəkdir. Azərbaycanın təbii sərvətlərindən səmərəli istifadə edərək indiki və gələcək nəsillər üçün böyük potensial imkanlar yaradacağıq. Respublikanın sənaye və kənd təsərrüfatı fondlarından lazımınca istifadə etmək üçün bütün xarici dövlətlərlə səmərəli əlaqələr yaratmaq fikrindəyik. Azərbaycan Respublikasının əsaslı istehsal fondları xarici ölkələrin və şirkətlərin investisiya qoyuluşu üçün böyük şərait yaradır".

AzərTAc

"Azərbaycan 1993" Anarxiyadan sabitliyə, Bakı, 2000, səh.281-282.