Türkiyə Respublikasının Baş naziri cənab Bülənd Ecevitə - Bakı şəhəri, 12 dekabr 1999-cu il


Hörmətli cənab Baş nazir!

Sizi, Türkiyə hökumətini və bütün türk xalqını Türkiyənin Avropa Birliyinə üzvlüyə namizəd qəbul olunması münasibətilə ürəkdən təbrik edirəm.

Bu tarixi hadisənin sizin Türkiyə hökumətinə başçılıq etdiyiniz bir dövrdə baş verməsi məni çox sevindirdi. Türkiyə hökumətinin, Türkiyə dövlətinin uzun illərdən bəri göstərdiyi səylərin xoş nəticələr verdiyini görmək bütün Azərbaycan xalqının sevincinə səbəb olmuşdur. Arzu edirik ki, Türkiyə Cümhuriyyəti tezliklə Avropa Birliyinin tam hüquqlu üzvünə çevrilsin.

Müstəqil Azərbaycan dövləti qardaş Türkiyənin yeniləşən Avropada oynayacağı əhəmiyyətli rola böyük ümidlər bəsləyir. Bir daha Sizi bu əlamətdar hadisə münasibətilə təbrik edir, Sizə uzun ömür, cansağlığı, işlərinizdə yeni-yeni nailiyyətlər arzulayıram.

Hörmətlə,

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.