Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Hüseyn Qıvrıqoğluna "Azərbaycan Bayrağı" ordeni təqdim edilmə mərasimində nitqi - 25 avqust 2001-ci il


Türkiyə Cümhuriyyəti Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı, hörmətli cənab Hüseyn Qıvrıqoğlu bu gün Azərbaycana rəsmi səfərinə başlamışdır. Mən bu münasibətlə hörmətli dostumuz, qardaşımız cənab Hüseyn Qıvrıqoğlunu ürəkdən salamlayıram və ona "Azərbaycana xoş gəlmisiniz!" deyirəm.

Türkiyə Cümhuriyyəti ilə müstəqil Azərbaycan arasındakı əlaqələr bütün sahələri əhatə edir. Böyük məmnuniyyət hissi ilə deyə bilərəm ki, bu əlaqələr gündən-günə inkişaf edir, genişlənir, xalqlarımızı, ölkələrimizi bir-birinə daha da yaxınlaşdırır və hər iki tərəfə fayda verir. O cümlədən bir neçə il bundan qabaq Türkiyə Cümhuriyyətinin Silahlı Qüvvələri ilə Azərbaycanın Silahlı Qüvvələri arasında da gözəl əlaqələr təşəkkül tapıb və bu əlaqələr indi yüksək səviyyədədir.

Türkiyə Cümhuriyyəti bizim üçün dost, qardaş ölkədir. Bizim əlaqələrimiz strateji əməkdaşlıq xarakteri daşıyır. Azərbaycan öz dövlət müstəqilliyini əldə edəndən müstəqil bir dövlət kimi ölkəmizlə ən yaxın, ən səmimi, ən dostyana əlaqələr saxlayan Türkiyə Cümhuriyyətidir.

Biz Azərbaycanın dövlət müstəqilliyinin əldə edilməsinin onuncu ildönümünə hazırlaşırıq. Bu ilin oktyabr ayında biz bunu bayram edəcəyik. Bu on il ərzində Türkiyə ilə Azərbaycanın əlaqələri sürətlə inkişaf edibdir. Xüsusi qeyd edirəm ki, Azərbaycan öz dövlət müstəqilliyini əldə edən kimi, Türkiyə ölkəmizin müstəqilliyini tanıyan ilk dövlət olmuşdur. Ancaq bizim əlaqələrimiz təkcə bu on ilin çərçivəsində deyildir. Türkiyə ilə Azərbaycan xalqlarının əlaqələrinin çoxəsrlik tarixi vardır.

Biz bir kökdənik. Bizim adət-ənənələrimiz, milli-mənəvi dəyərlərimiz eynidir, yaxud bir-birinə çox bənzərdir. Biz bir dildə danışırıq. Bir dinə məxsusuq və eyni mənəvi dəyərlərdən istifadə etmişik və edirik. Əcdadlarımız, bizdən öncə yaşamış nəsillər bu dostluğu, qardaşlığı daim inkişaf etdiriblər. Ancaq Azərbaycan dövlət müstəqilliyini əldə edəndən sonra bu əlaqələr artıq xalqlar arasındakı əlaqələrlə bərabər, dövlətlər arasında əlaqələr səviyyəsinə çatmışdır. Azərbaycan ilə Türkiyə arasında münasibətlər həm Azərbaycanla Türkiyənin qarşılıqlı surətdə faydalı əlaqələrini təşkil edir, eyni zamanda beynəlxalq aləmdə, bütün beynəlxalq təşkilatlarda Azərbaycanın xarici siyasətinin həyata keçirilməsində Türkiyə ilə Azərbaycan həmişə bərabərdirlər, həmişə eyni mövqedən çıxış edirlər. Bu da Azərbaycanın xarici siyasətinin həyata keçirilməsi üçün çox mühüm amillərdən biridir.

Azərbaycan hələ dövlət müstəqilliyini əldə etməzdən öncə Ermənistanın silahlı qüvvələri tərəfindən hərbi təcavüzə məruz qalmışdır. Ancaq o vaxt, hələ Azərbaycan müstəqil dövlət olmadığı bir zamanda, SSRİ tərkibində olarkən yenə də bizim Türkiyədəki qardaşlarımız Azərbaycanla yaşamış, ölkəmizin bu çətin problemlərini diqqətlə izləmiş və bizə mənəvi dəstək olmuşlar.

Ermənistan-Azərbaycan münaqişəsinin həll olunması üçün Türkiyə-Azərbaycan dostluğu və əməkdaşlığı xüsusi əhəmiyyət daşıyır. Türkiyə Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həll edilməsi üçün 1992-ci ildə yaranmış ATƏT-in Minsk qrupunun üzvüdür və bu çərçivədə, təkcə bu çərçivədə yox, bütün beynəlxalq təşkilatların zirvə görüşlərində Türkiyənin cümhur başqanı, başqa nümayəndələri daim Azərbaycanın mövqeyini müdafiə ediblər, ölkəmizi dəstəkləyiblər, məsələnin sülh yolu ilə həll olunması üçün çalışırlar və Ermənistanın təcavüzkar, işğalçı olduğunu bütün dünyaya bəyan edirlər.

Bizim bu əlaqələrimizin içərisində Türkiyə ilə Azərbaycan arasındakı hərbi sahədə əməkdaşlıq da xüsusi yer tutur. Məlumdur ki, Azərbaycan dövlət müstəqilliyini əldə edəndə onun ordusu yox idi. Ümumiyyətlə, Azərbaycan əsrlər boyu müxtəlif imperiyaların tərkibində olduğuna görə, öz milli ordusunun yaranmasında çox böyük çətinliklər çəkibdir.

Məlumdur ki, tarixdə Azərbaycanın böyük sərkərdələri olmuş, ölkəmizin böyük ordusu olmuş, insanlarımız vuruşmuşlar, döyüşmüşlər və Azərbaycan torpaqlarını müdafiə etmişlər. Ancaq son iki əsrdə Azərbaycan bütün bunlardan məhrum olmuşdur. Ona görə də bizdə ordu quruculuğu təcrübəsi olmamış, yaxud da ki, çox az olmuşdur. Azərbaycanın problemləri xüsusilə ondan ibarət olmuşdur ki, ölkəmiz hələ dövlət müstəqilliyini əldə edəndən bir neçə il öncə, SSRİ tərkibində olarkən Ermənistanın silahlı qüvvələri ilə üz-üzə durmuş, döyüşlər aparmış və öz torpağını qorumağa çalışmışdır. Belə bir şəraitdə Azərbaycanın Milli Ordusunun yaranması çox çətin bir proses olmuşdur, ancaq Azərbaycan xalqı, Azərbaycanın qəhrəman, cəsur insanları, gəncləri Azərbaycan torpağının müdafiəsi üçün döyüşüblər, vuruşublar, qan töküblər, şəhid olublar.

Amma bununla yanaşı, bizim dövlətimizə nizami ordu lazım idi. Biz bu nizami ordunu yaratmağa başladıq. Amma ordunu yaratmaq üçün birincisi, təcrübə lazımdır. İkincisi, zabit heyəti hazırlamaq üçün mütəxəssislər lazımdır. Gənc əsgərləri döyüşə hazırlamaq, yaxud onlara əsgəri xidmətini həyata keçirməyi öyrətmək, təlim və təhsil vermək lazım idi. Bütün bunlara görə də biz Türkiyə Cümhuriyyəti ilə dostluq, qardaşlıq əlaqələrimizə əsaslanaraq, Türkiyənin Silahlı Qüvvələrinin təcrübəsindən istifadə etmişik və edirik. Türkiyənin Silahlı Qüvvələri də Azərbaycanda ordunun, ölkəmizin milli ordusunun yaranması, onun səviyyəsinin yüksəldilməsi, zabit kadrların hazırlanması, bizim ordu hissələrinin təşkil olunması, təkmilləşdirilməsi sahəsində artıq bir çox illərdir ki, Azərbaycan ilə əməkdaşlıq edir və ölkəmizə yardım göstərir. Bütün bu dostluq, qardaşlıq yardımına görə, Azərbaycana və xüsusilə milli ordumuzun yaranmasına göstərilən köməyə görə biz Türkiyə Cümhuriyyətinə, Türkiyə xalqına və onun silahlı qüvvələrinə hədsiz dərəcədə minnətdarıq.

Türkiyə Cümhuriyyətinin Ordusu, Silahlı Qüvvələri dünyanın ən böyük dövlətlərinin silahlı qüvvələrinin qarşısında durmağa qadirdir. Türkiyə Silahlı Qüvvələrinin tarixi Türkiyə Cümhuriyyətinin yaranması ilə sıx bağlıdır. Təbiidir ki, türk xalqı keçmişdə və Osmanlı imperatorluğu vaxtında da böyük qəhrəmanlıq nümunələri göstərmişdir. Ancaq bugünkü türk ordusu, Türkiyənin bugünkü silahlı qüvvələri Türkiyənin xilas olmasında və bu ölkədə 1923-cü ildə cümhuriyyət yaranmasında böyük xidmətlər göstərmişdir. Məlumdur ki, Birinci dünya müharibəsindən sonra Osmanlı imperatorluğu süqut edərkən Türkiyəni müxtəlif istiqamətlərdən dağıtmaq, parçalamaq cəhdləri var idi. Ancaq türk xalqı və xüsusilə türk əsgəri çətin və ağır döyüşlər, qurtuluş savaşı apararaq Türkiyəni xilas etmişdir. Həm Türkiyə Silahlı Qüvvələrinin yaradıcısı, həm də Türkiyə Cümhuriyyətinin yaradıcısı, başçısı dünyanın ən böyük şəxsiyyətlərindən biri olan Mustafa Kamal Atatürk olmuşdur.

Artıq 78 ildir ki, Türkiyə Cümhuriyyəti yaşayır, inkişaf edir, iqtisadi cəhətdən dünyanın inkişaf etmiş ölkələrinin sırasındadır. Böyük Mustafa Kamal Atatürk tərəfindən əsası qoyulmuş, yaranmış və formalaşmış Türkiyə Silahlı Qüvvələri bu gün çox yüksək səviyyədədir.

Türkiyə Silahlı Qüvvələrinin Türkiyə Cümhuriyyətində xüsusi rolu və yeri vardır. Türkiyə Silahlı Qüvvələri həm Türkiyənin bütövlüyünü, dövlətçiliyini qorumaq, saxlamaq yolunda, həm də Türkiyəyə zərbələr vurmaq istəyən müxtəlif terrorçu və təxribatçı qüvvələrin qarşısının alınması yolunda böyük xidmətlər göstərmişdir və bu gün də göstərir.

Mən deyə bilərəm ki, böyük Mustafa Kamal Atatürk yeni Türkiyə, Türk Cümhuriyyəti yaratmışdır. Böyük Mustafa Kamal Atatürk Türkiyə Cümhuriyyətinin Silahlı Qüvvələrini yaratmışdır. Məmnuniyyət hissi doğurur ki, türk xalqı, Türkiyənin Silahlı Qüvvələri böyük Mustafa Kamal Atatürkün yolu ilə inamla gedirlər və onun vəsiyyətlərinə, onun yoluna, onun şəxsiyyətinə daim sadiqliyini nümayiş etdirirlər.

Biz dost və qardaş olaraq Türkiyə Cümhuriyyətinin nailiyyətlərinə sevinirik və onun daha da inkişaf etməsini arzulayırıq. Dost və qardaş olaraq Azərbaycan xalqı Türkiyə Cümhuriyyətinin belə qüdrətli, əzəmətli, müasir tələblərə uyğun olan ordusunun, silahlı qüvvələrinin varlığından iftixar hissi keçirir. Türkiyə ilə Azərbaycan arasında hərbi əməkdaşlıq çox yaxşı nəticələr verir. Bu da xüsusilə ondan ibarətdir ki, biz birincisi, Türkiyə Cümhuriyyətinin Silahlı Qüvvələrinin təcrübəsindən istifadə edirik. İkincisi, Azərbaycanın Silahlı Qüvvələri üçün yeni, müasir tələblərə uyğun kadrların hazırlanmasında onların yardımından istifadə edirik. Eyni zamanda ordumuzda müasir tələblərə uyğun struktur dəyişikliklər aparmaq və ordunu müasir standartlara çatdırmaqda Türkiyə Silahlı Qüvvələrinin yardımından istifadə edirik. Bütün bunlara görə, hörmətli cənab Hüseyn Qıvrıqoğlu, mən Sizə və Sizin simanızda bütün türk xalqına, Türkiyə Cümhuriyyətinə, Türkiyənin Silahlı Qüvvələrinə Azərbaycan xalqının, Azərbaycan dövlətinin təşəkkürünü bildirirəm. Əmin ola bilərsiniz ki, bizim bu əlaqələrimiz, dostluğumuz, qardaşlığımız daim inkişaf edəcəkdir və əbədi olacaqdır.

Türkiyə Silahlı Qüvvələrinin nə qədər qüdrətli, yüksək standartlara malik olmasının biz dünən şahidi olduq. "Türk ulduzları"nın Azərbaycana gəlməsi və Azərbaycan səmasında uçuşlar etməsi hər bir azərbaycanlıda böyük iftixar hissi doğurmuşdur. Azərbaycanda insanlar heç vaxt belə hadisənin şahidi olmamışdılar, heç vaxt bunu görməmişdilər. Bu mərasim haqqında bizim televiziyada məlumatlar veriləndən sonra insanlar buna çox maraq göstərmişlər. Birincisi, ona görə ki, bu cür təyyarələrin elə gözəl uçuşlarını onlar heç vaxt görməmişdilər. Onu görmək arzusunda idilər. İkincisi, ona görə ki, Türkiyə Silahlı Qüvvələrinin, "Türk ulduzları"nın böyük məharətlə Azərbaycanın səmasında, Bakı üzərində uçuşlar keçirməsi hər bir azərbaycanlıda böyük iftixar hissi doğururdu. Söyləyirlər ki, insanlar şəhərin hər tərəfindən bunu müşahidə etmişlər. Bizim Milli park və Azadlıq meydanı adamlarla dolu idi. Azərbaycanda bir söz var: "İynə atsan, yerə düşməzdi". Ancaq təkcə oradan yox, şəhərin müxtəlif hündür nöqtələrindən bu uçuşları müşahidə ediblər. Çünki onların uçuşlarını hər yerdən görmək mümkün idi.

Bu, hər bir insanda böyük sevinc hissi doğurmuşdur. Söyləyirlər ki, insanlar sevincdən göz yaşları tökürdülər. Bu hadisə bir daha dostluğumuzun, qardaşlığımızın rəmzi olmaqla bizim hamımızda böyük iftixar hissi doğurdu ki, Türkiyə Cümhuriyyəti belə silahlı qüvvələrə malikdir. Ona görə də mən bu münasibətlə sizə təşəkkür edirəm. Rica edirəm, mənim təşəkkürümü və minnətdarlığımı bizim qardaşlarımıza, türk şahinlərinə, "Türk ulduzları"na çatdırasınız. Mən onlara gələcəkdə də yeni-yeni uğurlar arzulayıram. Bütün bu dostluğa, qardaşlığa, strateji əməkdaşlığa yüksək qiymət verərək Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı hörmətli Hüseyn Qıvrıqoğlu Azərbaycan Respublikası prezidentinin fərmanı ilə Azərbaycan Respublikasının ən yüksək hərbi ordeni ilə təltif olunmuşdur. Hörmətli dostum, qardaşım, mən bu fərmanımla bir daha Azərbaycan dövlətinin Türkiyə Cümhuriyyətinə, onun dövlətinə, xalqına nə qədər böyük hörmət, ehtiram bəslədiyini nümayiş etdirirəm. Eyni zamanda bizə göstərilən yardımı yüksək qiymətləndirdiyini bildirirəm.

"Azərbaycan" qəzeti, 26 avqust 2001-ci il.