Heydər Əliyev: Cənab Stiven Mənn, xoş gəlmisiniz. Sizinlə bizim çox sıx əlaqəmiz var, tez-tez görüşürük və siz Amerika Birləşmiş Ştatlarının Xəzərin enerji diplomatiyası üzrə müşaviri kimi çox faydalı fəaliyyət göstərirsiniz. Sizə təşəkkür edirəm.
Stiven Mənn: Cənab prezident, Sizinlə görüşmək həmişə böyük şərəfdir. Elə bilirəm ki, bu gün bizim yaxşı xəbərlərimiz var. Sizinlə yaxşı məsələləri müzakirə edəcəyik. Lakin bundan əvvəl icazə verin, Sizi 80 illiyiniz münasibətilə təbrik edim. Dövlət katibi Kolin Pauell Sizə ən səmimi, xoş salamlarını göndərmişdir.
Heydər Əliyev: Sağ olun. Prezident Corc Buş Respublika günü münasibətilə təbrik məktubu göndərmişdi. Eyni zamanda, Bakıda keçirilən neft-qaz sərgisində siz prezident Buşun sərgi ilə əlaqədar teleqramını oxudunuz. Bu hadisələr bizi çox sevindirir və prezident Buşun Azərbaycana diqqətinin artdığını göstərir. Mən çox məmnunam. Mən də cavab məktubları yazacağam. Bunlara görə təşəkkür edirəm. Xahiş edirəm, mənim salamımı və xoş arzularımı prezident Buşa çatdırasınız.
Stiven Mənn: Cənab prezident, mən geri qayıdarkən Sizin salamlarınızı prezident Buşa yetirəcəyəm. Sərgi zamanı mənim oxuduğum məktubdan yəqin Sizə məlum oldu ki, əldə edilmiş tərəqqidə prezident Buşun da rolu az deyildir.
Heydər Əliyev: Elədir.
Stiven Mənn: Cənab prezident, eyni zamanda, biz amerikalılar da Sizin bu işə böyük dəstəyinizi hökumətinizin səylərini yüksək qiymətləndiririk. Sizi əmin etmək istəyirəm ki, Amerika Birləşmiş Ştatları Azərbaycanda enerji sahəsinin inkişafına bundan sonra da böyük diqqət yetirəcək və onu dəstəkləyəcəkdir.
Heydər Əliyev: Təşəkkür edirəm.
"Azərbaycan" qəzeti, 5 iyun 2003-cü il.