Azərbaycan Respublikası Prezidentinin Səlahiyyətlərini həyata keçirən Azərbaycan Respublikası Ali Sovetinin sədri Heydər Əliyevin bəyanatı - Bakı şəhəri - 5 iyul 1993-cü il


1993-cü il 2 iyul tarixli bəyanatımda mən ABŞ, Rusiya, Türkiyə dövlətlərinin, BMT, ATƏM və dünya ictimaiyyətinin diqqətini Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisinə intensiv hücumları ilə yaranmış vəziyyətə cəlb edərək onları təcavüzün dayandırılması üçün lazımi tədbirlər görməyə çağırmışdım. Qarabağ məsələsinin sülh yolu ilə həll olunması üçün təşəbbüskar olduqlarına görə bu dövlətlərin səyi ilə BMT Təhlükəsizlik Şurasının 822 nömrəli qətnaməsinin həyata keçirilməsinin zəruriliyi bildirilmişdi.

Məlum olduğu kimi, ATƏM-in Minsk konfransının sədri cənab M. Raffaelli iyulun 5-də Azərbaycana gəlməli idi. Respublikanın rəhbərliyi cənab Raffaellini qarşılamağa hazırlaşaraq lazımi tədbirləri həyata keçirmiş və onun proqramını qəbul etmişdi. Çox böyük təəssüf və təəccüb hissiylə qeyd edirəm ki, buraya dəvət olunmuş dövlətlərin səfirləri, yəni onların təmsil etdikləri dövlətlər lazımi tədbirlər görməyiblər. Bunu bəyan edərək ona əsaslanıram ki, iyulun 2-dən sonra Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisinə təcavüzkarlığı nəinki dayandırılmadı, hətta iyulun 3-4-dən daha da genişləndi.

Ona görə də bizə məlum deyil, ABŞ, Rusiya, Türkiyə dövlətlərinin bu istiqamətdə fəaliyyətləri nədən ibarət olub? Bununla bərabər biz cənab M.Raffaellinin Azərbaycana gəlməsinə çox böyük ümid bəsləyirdik. İnanırdıq ki, cənab Raffaellinin səfəri və nəzərdə tutulmuş proqramın həyata keçirilməsi Ermənistan qüvvələrinin hücumunu dayandıra biləcəkdir. Təəssüf ki, bu gün bizə məlumat çatıb ki, cənab M. Raffaelli Bakıya gəlməyəcəkdir və ümumiyyətlə səfərini təxirə salıbdır. Cənab M.Raffaellinin qəbul etdiyi qərarın səbəbləri bizə məlum deyildir. Onun bu addımını biz başa düşə bilmirik, belə qərardan narazılığımızı və narahatlığımızı bildiririk. Sonradan məlum oldu ki, cənab M. Raffaelli bu qərarını xarici agentliklərin ermənilərin guya Ağdamı tutması haqqında yaydığı məlumat əsasında qəbul edib. Əgər böyük siyasi, diplomatik addımlar ayrı-ayrı agentliklərin yaydığı qeyri-mötəbər və yoxlanılmamış informasiyalar əsasında qəbul olunursa bu, sadəcə olaraq, bizdə təəccüb doğurur və bunu anlaya bilmirik. Beləliklə, cənab M. Raffaellinin öz planından geri çəkilməsi və regiona nəzərdə tutulan çox əhəmiyyətli səfərini təxirə salması o deməkdir ki, Azərbaycanın ümid bəslədiyi ATƏM artıq özünü münaqişənin nizama salınması prosesindən kənara çəkərək təcrid edir və bizi Ermənistanla təkbətək vuruşmağa məcbur edir. Bu isə problemin dinc vasitələrlə həlli perspektivlərinə ciddi zərbə vurur və regionda müharibənin daha da şiddətlənməsi deməkdir. Belə bir vəziyyətlə barışmaq isə qətiyyən mümkün deyildir. Bunun qarşısını almaq üçün ABŞ, Rusiya, Türkiyə üzərlərinə götürdükləri missiyanı yerinə yetirməlidirlər və verdikləri vədlərə sadiq olmalıdırlar. Bu ölkələrin səfirlərinin iyul ayının 2-dən sonrakı vaxtda bu işə bəslədikləri münasibət bizi heç cür razı sala bilməz. Əgər böyük dövlətlər təşəbbüsü öz üzərlərinə götürüblərsə və onlar Azərbaycan hökumətini Qarabağ məsələsinin sülh yolu ilə həll olunmasına daim dəvət ediblərsə, onlar da öz öhdəliklərini yerinə yetirməlidirlər. Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasından xahiş edirik ki, məsələyə qarışsın, öz imkanlarından və səlahiyyətlərindən istifadə edib lazımi tədbirlər görsün.

İyul ayının 2-dən indiyədək Ermənistan silahlı qüvvələri tərəfindən aparılan hücumlar nəticəsində bir çox kəndlər və yaşayış yerləri əldən gedib, dağıdılıb, yandırılıbdır. Xeyli insan həlak olub, çoxları öz yaşayış yerlərini tərk ediblər və hazırda çöllərdə çox ağır vəziyyətdə yaşayırlar. Bunların hamısı, şübhəsiz, Ermənistanın məhz indi, bu günlərdə çox qəti təcavüzkar mövqedən çıxış etdiyini sübut edir. Bildirmək istəyirik ki, biz yenə də Ermənistan tərəfindən edilən hərbi təcavüzün qarşısını dinc yolla almaq üçün bütün imkanlardan istifadə etməyə çalışmışıq. Şəxsən mən bilavasitə Ermənistan Respublikasının rəhbərləri ilə, Rusiyanın xüsusi tapşırıqlar üzrə səfiri V. Kazimirovla, ABŞ və Türkiyənin Azərbaycandakı səfirləri ilə telefon danışıqları aparmışam, təcavüzün dərhal dayandırılmasını xahiş etmişəm, məsələnin asudə, sülh yolu ilə həllinə dəvət etmişəm. Təəssüf ki, bunlar nəticə verməyibdir və Ağdam, Füzuli, Cəbrayıl rayonları istiqamətində indi də qanlı döyüşlər davam etməkdədir.

Biz xahiş edirik ki, bu ağır vəziyyətdə hərə öz üzərinə düşən vəzifəni layiqincə yerinə yetirsin. Heç kəs, o cümlədən burada iştirak edən xarici ölkələrin nümayəndələri də şübhə etməməlidirlər ki, bunların hamısı Ermənistan silahlı qüvvələrinin təcavüzüdür və başqa cür qiymətləndirilə bilməz. Güman edirik ki, belə bir faciəli vəziyyətdə bu böyük dövlətlər gərək öz qəti tədbirlərini görsünlər. Bəyanatı bitirərək bir daha qeyd etmək istəyirik ki, biz cənab M. Raffaellinin təcili gəlməsini gözləyirik və Azərbaycan tərəfindən cənab Raffaellinin missiyasının həyata keçirilməsinə tam zəmanət veririk. Ancaq bu zəmanət ikitərəfli olmalıdır. Əgər doğrudan da Ermənistan Respublikası və onun Dağlıq Qarabağda olan qüvvələri münaqişənin sülh yolu ilə həllini istəyirlərsə, onlar da buna zəmanət verməlidirlər. Üç böyük dövlət - Amerika Birləşmiş Ştatları, Rusiya, Türkiyə və Birləşmiş Millətlər Təşkilatı bu zəmanətin cənab M. Raffaelliyə verilməsi üçün Ermənistan Respublikasına lazımi təsir göstərməlidirlər. Biz cənab M. Raffaellinin tezliklə gəlib işə başlamasını gözləyirik.

"Azərbaycan" qəzeti, 6 iyul 1993-cü il.