Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Böyük Britaniyanın energetika və sənaye naziri Brayan Uilsonun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşü - Prezident sarayı, 5 iyun 2002-ci il


Azərbaycan Prezidenti Heydər Əliyev qonaqları səmimiyyətlə salamlayaraq, ötən gün açılışında onların da iştirak etdikləri IX beynəlxalq neft-qaz sərgi və konfransının çox faydalı olduğunu vurğuladı.

Səmimi qəbul üçün Prezident Heydər Əliyevə təşəkkürünü bildirən cənab Brayan Uilson dedi ki, ikinci dəfədir Azərbaycandayam və buradan çox xoşum gəlir. Bu dəfə ölkənizin sənayesinin yeni inkişaf mərhələsi dövründə buradayam. Birləşmiş Krallıq Azərbaycanın sənayesinin inkişafında yaxından iştirak edir və ikitərəfli əlaqələrimizin genişlənməsində maraqlıdır.

Prezident Heydər Əliyev qonağın fikrini təsdiq edərək bildirdi ki, Böyük Britaniyanın bp şirkəti Azərbaycanın neft-qaz sektorunda ən görkəmli yer tutur, üzərinə düşən vəzifələri uğurla həyata keçirir. Mən onun fəaliyyətindən razıyam. Ümidvaram ki, bu şirkəti bundan sonra da belə fəaliyyət göstərəcəkdir, çünki gələcəkdə görüləsi işlərimiz çoxdur.

İndi bp və onunla bərabər konsorsiuma daxil olan şirkətlər üçün yeni, çox böyük mərhələ başlanıbdır. «Azəri», «Çıraq», «Günəşli» neft yataqlarının tammiqyaslı işlənilməsinin birinci fazası həyata keçirilir. Bununla yanaşı, Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft kəmərinin tikintisinə başlanır. Bu layihədə bp-nin 34 faiz payı var. O, «Şahdəniz» layihəsində də aparıcı şirkətdir.

Dövlətimizin başçısı xatırlatdı ki, Böyük Britaniyanın Azərbaycanda fəaliyyət göstərən 100-dən artıq şirkətinin əksəriyyəti neft-qaz sektorunda və başqa sektorlarda işləyir. Azərbaycan prezidenti ümidvar olduğunu bildirdi ki, ölkələrimiz arasında əməkdaşlığımız bundan sonra da genişlənəcək və yaxşı nəticələr verəcəkdir.

Brayan Uilson Britaniyanın qaz ixrac edən ölkədən qaz idxal edən ölkəyə çevriləcəyini söyləyərək dedi ki, ona görə də biz Avropaya qazın bu regiondan gətirilməsində maraqlıyıq.

Prezident Heydər Əliyev Bakıda keçirilən sərgi və konfransda iştirakına görə nazirə təşəkkürünü bildirdi, Böyük Britaniyanın Baş naziri Toni Bleyrə salamını yetirməyi xahiş etdi, Kraliçanın taxt-taca çıxmasının 50 illiyi münasibətilə qonaqları təbrik etdi.