Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Türkiyənin Ədirnə şəhərinin bələdiyyə başçısı Həmdi Sədəfçi və Ədirnənin tarixi Kırpınar ağası Hüseyn Şain ilə görüşdə çıxışı - Prezident sarayı, 10 fevral 1998-ci il


Birincisi, siz Azərbaycana xoş gəlmişsiniz, səfa gətirmişsiniz. Sizin bu gəlişiniz, ziyarətiniz Azərbaycan-Türkiyə dostluq, qardaşlıq əlaqələrinin daha bir rəmzidir. Bizim xalqlarımız əsrlər boyu bir yerdə yaşayıb, dost, qardaş olublar, bir-birinə yardım ediblər, kömək göstəriblər, əl tutublar. Biz ulu babalarımızın yaratdığı bu dostluq, qardaşlıq əlaqələrini indi də davam etdiririk. Bizim də üzərimizə düşən borc, vəzifə bu tarixi ənənələrə, millətimizin - mən dəfələrlə demişəm ki, biz bir millətik, iki dövlətik - yaratdığı ənənələrə, bu saf, sağlam, yüksək mənəviyyatı əks etdirən ənənələrə sadiq olmaqdan ibarətdir. Sizin bu gəlişiniz, ziyarətiniz məhz bunların hamısını bir daha numayiş etdirir, sübut edir.

Əziz dostum Hüseyn Şain, mən səninlə ilk dəfə 1995-ci ildə görüşmüşəm. Hörmətli Baş nazir Tansu Çillər buraya ziyarətə gələrkən siz də onunla bir yerdə gəlmişdiniz. Mən o görüşu indiyədək xatırlayıram. Görürəm, sizin də xatirinizdən çıxmayıbdır. Bu fotonu mənə gətirməyiniz onu göstərir ki, doğrudan da bu sizin üçün də çox tarixi bir hadisə olmuşdur, mənim üçün də tarixi hadisədir. Türkiyədə bizim millətimizin, xalqımızın, dostluğumuzun ənənələrini yaşadan çox hadisələr var.

Türk xalqının qədim tarixində onun çox parlaq səhifələri vardır. Bu ənənələrdən, parlaq səhifələrdən biri də Ədirnə şəhərində yaranmış, əsrlərdən əsrlərə keçərək yaşamış və bu gün də yaşayan yağlı güləş, Kırpınar güləşi adətidir. Mənə belə gəlir ki, xalqınıza, millətinizə sədaqətinizin ən parlaq nümunəsi ondan ibarətdir ki, siz neçə əsrlərdir bu ənənəni saxlamısınız, yaşatmısınız. İndi Türkiyə Cümhuriyyəti Avropaya qatılmış, Qərbə-Batıya bağlı dünyəvi bir dövlətdir. O, ümumbəşəri dəyərlərdən, eyni zamanda öz köklərindən bəhrələnən, qidalanan bir dövlətdir, Dünya Birliyində özünəməxsus görkəmli bir yer tutubdur. Bizim üçün sizin ölkənin tarixinin əziz və hörmətli cəhəti bir də ondan ibarətdir ki, xalqınız, ölkəniz və Ədirnə öz tarixi köklərinizə, milli adətinizə, ənənələrinizə sadiq qalmısınız, ümumbəşəri, dünyəvi dəyərlərdən istifadə edərək millətinizi, xalqınızı, Türkiyəni dünyanın ən inkişaf etmiş, ən dünyəvi dövlətləri sırasına qaldıraraq, eyni zamanda öz kökünüzü, milliliyinizi, milli ənənələrinizi yaşadırsınız, onların itməsinə yol vermirsiniz və onlara hörmət edirsiniz. Sizin mənə gətirdiyiniz bu milli paltar neçə əsrlərdir yaşayır. Onu bizim ulu babalarımız yaradıblar. Bizim ulu babalarımız bunu yaradarkən öz xalqının bir tərəfdən qəhrəmanlığını nümayiş etdiriblər, ikinci tərəfdən də onun nə qədər yüksək sənətə, mədəniyyətə mənsub olduğunu sübuta yetiriblər. Bu, bizim xalqımızın qədim mədəniyyət nümunəsidir. Sizin bu yağlı güləş ənənəniz xalqımızın gücünü, qəhrəmanlığını, qüdrətini, iradəsini numayiş etdirən bir ənənədir. Siz bu ənənəni yaşatmısınız, yaşadırsınız və bütün dünyaya da nümayiş etdirirsiniz ki, biz dünyada gedən ictimai-siyasi, elmi, mədəni, dünyəvi proseslərdən geri qalmırıq, ancaq öz kökümüzü heç vaxt unutmuruq və öz kökümüzü heç bir şeyə dəyişmirik. Azərbaycanda biz də belə düşünürük, mən Türkiyənin həyatını bilirəm və siz də belə düşünürsünüz ki, biz sadəcə o keçmişimizi bu günlə, kökümüzü tərəqqi ilə birləşdiririk və bu, bizim xalqımızı daha da yüksəklərə qaldırır. Buna görə də sizin bu fəaliyyətinizi mən yüksək qiymətləndirirəm. Ədirnəni Osmanlı dövründən indiyə qədər türk xalqının bu adət-ənənəsini yaşatmasını mən yüksək qiymətləndirirəm.

Ədirnə şəhərinin bələdiyyəsinə və mənim hörmətli qonağım bələdiyyə başqanına öz hörmət və ehtiramımı bildirirəm. Rica edirəm, mənim salamımı, sayğımı, hörmət və ehtiramımı, sevgi, məhəbbətimi xalqınıza, şəhərinizin və vilayətinizin bütün insanlarına çatdırasınız. Mən bu gün söz vermişəm, gəlib orada öz sözlərimi bir daha deyəcəyəm.

Hörmətli dostum, qonağım Hüseyn Şain Türkiyədə məşhur bir insandır və kırpınar güləşinin, yağlı güləş növünün parlaq bir ulduzudur. Mən onunla 1995-ci ildə ilk görüşümdə bunu hiss etdim və çox məmnun oldum ki, Türkiyədə mənim minlərlə dostumun sırasına yeni bir dostum da daxil oldu. Doğrusu, mən sizin bu təşəbbüsünüzü heç gözləmirdim. Bu, mənim üçün gözlənilməz bir haldır ki, siz orada qərar qəbul etmisiniz, mənə "Baş Ağa" adı vermisiniz. Bu, mənim üçün bir də ona görə çox əziz, hörmətlidir ki, çoxəsrlik tarixi olan belə bir təşkilatınızın, qurumunuzun, ənənənizin tarixində əziz dostum, qardaşım Süleyman Dəmirələ 1994-cü ildə "Ağalar Ağası" adı vermisiniz, indi də, 1998-ci ildə mənə - Azərbaycan prezidenti Heydər Əliyevə "Baş Ağa" adı vermisiniz. Mən bunu çox yüksək qiymətləndirirəm. Sizin bu mükafatınızı, mənə verdiyiniz bu yüksək adı məmnuniyyətlə qəbul edirəm və bunu özümə şərəf hesab edirəm. Çünki əsrlər boyu qəhrəmanlıq salnaməsinə parlaq səhifələr yazmış kırpınar, yağlı güləş tarixinə adımın düşməsi mənim üçün böyu şərəfdir. Mən bunu böyük iftixar, qürur hissi ilə qəbul edirəm.

Mən sizə təşəkkür edirəm. Bildirmək istəyirəm ki, mən xüsusi bir güləşlə məşğul olan adam deyiləm. Ancaq mənim bütün həyatım güləşdir. Çünki mən bütün həyatım boyu, yaşadığım illər, gənclik dövründən indiyə qədər çalışmışam, xalqıma, millətimə, vətənimə, ölkəmə sədaqətlə, cəsarətlə xidmət etmişəm. Sədaqətlə, cəsarətlə xidmət etmək isə asan bir iş deyildir. Bunun qarşısında həmişə çox maneələr, çətinliklər vardır, bəzən bunun əleyhinə olan qüvvələr də vardır. Mən həyatım boyu bunları görmüşəm. Bütün bu çətinliklərlə, maneələrlə, qarşıma çıxan bütün düşmənçilik hərəkətləri ilə mübarizə aparmağım, ən çətin zamanlarda iradəmi itirməməyim və qalib gəlməyim onu göstərir ki, mən də həmişə güləşmişəm. Mənim bu güləşim xalı üstündə olmayıbdır, yağlı güləş olmayıbdır. Mənim güləşim fikir güləşidir, beyin güləşidir, zəka güləşidir. Mənim güləşim iradə güləşidir. Bunların hamısı özünəməxsus cəsurluq, qəhrəmanlıq tələb edir. Əgər insan öz fikirlərinə sadiq olmasa, öz ideyasına inanmasa və öz ideyasının həyata keçməsi üçün vuruşmasa, savaşmasa, mübarizə aparmasa, o, qalib gələ bilməz. Çünki həyat belədir. Həyatda xeyirlə şər həmişə yan-yanadır. Müsbət ilə mənfinin mübarizəsi daimi dialektik bir prosesdir. Mən həyatımı insanlara səadət gətirməyə həsr etmişəm. Mən həyatımı xalqın azadlığına həsr etmişəm. Mən həyatımı millətimin, xalqımın rifahının yaxşılaşdırılmasına həsr etmişəm. Həyatımı Azərbaycan torpağında qurub-yaratmağa həsr etmişəm. Ona görə də bunlar adi proseslər olmayıbdır. Bunlar asan yolla da olmayıbdır. Mənim yolum həmişə çətin olubdur. Mənim yolumda çox böyük maneələr olubdur. Əgər indiyə qədər bunların hamısını mən keçib gələ bilmişəmsə, qarşımda olan bütün qayaları, dağları yara bilmişəmsə, demək, mən də sizin kimi güləşmişəm.

Mən fikirləşirəm ki, görəsən mənə bu adı verəndən sonra bunu qəbul etməyə haqqım varmı? Bu barədə fikirləşirəm. Çünki mən ədalətli insanam, heç vaxt istəmirəm ki, mənim haqqım olmadığı, yaxud layiq olmadığım, mənə münasib olmayan bir adı qəbul edim. Amma düşündüm ki, bu adı almağıma haqqım var və görünür ki, sizin bu qərarınız ədalətlidir. Ədalətli qərar vermisiniz. Ona görə də mən sizə bir daha təşəkkür edirəm.

Bir də onu deyə bilərəm ki, mən artıq sizin Kırpınar təşkilatının üzvüyəm, sizin cərgənizdəyəm. Siz mənə "Baş Ağa" adı vermisiniz. Əmin ola bilərsiniz ki, bu fəxri adı mən şərəflə daşıyacağam və sizin bu etimadınızı, sizin inamınızı daim doğruldacağam. Mən bunu necə edə bilərəm? Təbii ki, indi mən sizin yağlı güləş meydanına çıxıb kimnənsə güləşməyəcəyəm. Ancaq mən bunu Azərbaycanın müstəqilliyini qoruyub saxlamaq yolu ilə edəcəyəm. Azərbaycanın ərazi bütövlüyünü bərpa edib respublikamızın hüquqlarının qorunması yolu ilə edəcəyəm. Azərbaycanda demokratik, hüquqi, dünyəvi dövlət qurmaq yolu ilə edəcəyəm. Azərbaycanın iqtisadiyyatında ciddi dəyişikliklər, ardıcıl islahatlar həyata keçirərək Azərbaycan iqtisadiyyatının inkişaf etdirilməsi ilə edəcəyəm. Azərbaycanın ona mənsub olan, Azərbaycan xalqının milli sərvəti olan təbii sərvətlərinin, bütün iqtisadi və intellektual potensialının cəmlənməsi və bunların məhz Azərbaycan xalqının mənafeyinə xidmət etməsi, istifadə etməsi yolu ilə edəcəyəm. Mən bunu Azərbaycan xalqının rifah halının günü-gündən yaxşılaşması yolu ilə edəcəyəm. Mən bunu Azərbaycanın müstəqilliyini gələcəkdə qorumaq üçün böyük bir təməl, böyük bır zəmin yaratmaq yolu ilə edəcəyəm. Mən bunu Azərbaycanda demokratiyanın, azadlığın, sərbəstliyin təmin olunması yolu ilə edəcəyəm. Mən bütün bunların həyata keçirilməsi üçün indiyə qədər çalışmışam və bundan sonra da çalışacağam. Ona görə əmin ola bilərsiniz ki, mən sizin sıralarınızdayam, sizin aranızdayam, sizin kimi güləşdəyəm. Bəlkə də mənim güləşim sizin güləşinizdən daha da ağırdır, daha da çətindir.

Bu gün mənə verdiyiniz adın mənim üçün ən böyük əhəmiyyətlərindən biri də ondan ibarətdir ki, siz bu adı ilk dəfə 1994-cü ildə mənim əziz dostum, qardaşım, türk dünyasının böyük insanı, türk dünyasının böyük siyasi şəxsiyyəti və dünya aləmində böyük siyasi şəxsiyyət olan Süleyman Dəmirələ vermisiniz. Süleyman Dəmirəl kimi böyük bir şəxsiyyətdən sonra belə bir adın mənə də verilməsini özümə böyük şərəf kimi qəbul edirəm. Eyni zamanda sizin bu addımınız, sizin bu qərarınız Türkiyə-Azərbaycan dostluğunun möhkəmlənməsinə xidmət edir, Türkiyə-Azərbaycan prezidentlərinin dostluğunun rəmzini nümayiş etdirir. Mən bunların hamısını yüksək qiymətləndirirəm və buna çox böyük əhəmiyyət verirəm. Mən sizə bir daha təşəkkür edirəm. Rica edirəm ki, Ədirnənin bütün vətəndaşlarına, orada yaşayan insanlara mənim salamımı, hörmət və ehtiramımı çatdırın. Kırpınar - yağlı güləşin bütün üzvlərinə, bütün insanlarına hörmət və ehtiramımı söyləyin.

Sizi bir daha təbrik edirəm. Sizə təşəkkürümü bildirirəm. Çox sağ olun.