Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Azərbaycanın dövlət müstəqilliyinin 11-ci ildönümünə həsr olunmuş təntənəli mərasimdə nitqi - «Gülüstan» sarayı, 17 oktyabr 2002-ci il


Hörmətli xanımlar və cənablar!

Hörmətli səfirlər, qonaqlar!

Sizi, bütün Azərbaycan xalqını Azərbaycanın dövlət müstəqilliyi bayramı münasibətilə səmimi-qəlbdən təbrik edirəm, xalqımıza, millətimizə sülh, əmin-amanlıq və firavanlıq arzulayıram.

Azərbaycanın dövlət müstəqilliyinin 11-ci ili tamam olur. 11 il tarixi nöqteyi-nəzərdən çox az vaxtdır. Ancaq bu illərdə Azərbaycan xalqı böyük, əzab-əziyyətli və çox şərəfli yol keçmişdir. Azərbaycanın dövlət müstəqilliyi yaşamış, möhkəmlənmiş, inkişaf etmiş, Azərbaycan Dünya Birliyində, bütün beynəlxalq təşkilatlarda öz yerini tutmuş, Azərbaycanın bayrağı bütün qitələrdə, müxtəlif tədbirlərdə yüksəlmiş, Azərbaycanın himni dünyanın hər yerində səslənmişdir. 11 ildir Azərbaycan xalqı öz ölkəsində azad, sərbəst, rahat yaşayır.

Ancaq sizə məlumdur ki, bu 11 ilin hamısı o qədər də hamar olmamışdır. Azərbaycan öz dövlət müstəqilliyini əldə edərkən dünya çətin bir dövr yaşayırdı. Azərbaycan isə bu çətin dövrdə daha da ağır şəraitdə idi.

XX əsrin əvvəllərində Azərbaycanın mütəfəkkir insanları dünyada baş vermiş böyük ictimai-siyasi hadisələrdən istifadə edərək – çar Rusiyası oktyabr inqilabı nəticəsində dağıldığına və bolşeviklər hakimiyyəti ələ aldıqlarına görə, Rusiyanın əyalətlərində hakimiyyət müxtəlif qüvvələrin əlində idi – 1918-ci ilin may ayının 28-də ilk dəfə Azərbaycanın dövlət müstəqilliyini bəyan etdilər, İstiqlal bəyannaməsi qəbul olundu. Azərbaycan Xalq Cümhuriyyəti yarandı. Xalq Cümhuriyyəti qısa bir zamanda çox işlər gördü. İlk dəfə olaraq, Azərbaycan xalqı müstəqil yaşamaq şəraitinin nə olduğunu hiss etdi, gördü.

O vaxtlar Azərbaycan Xalq Cümhuriyyətini yaradanları–Məmmədəmin Rəsulzadəni, Əlimərdan bəy Topçubaşovu, Fətəli xan Xoyskini, Yusif bəy Nəsibbəylini və digərlərini biz daim yad edirik. Onlar öz cəsarətli fəaliyyətləri ilə Azərbaycanda ilk müstəqil dövlətin qurulması üçün güclü addımlar atdılar. Xalqımıza müstəqillik ənənələri qoyub getdilər.

XX əsrin sonrakı dövrü Azərbaycan xalqı üçün mürəkkəb dövr olmuş, bir çox faciələr baş vermiş, eyni zamanda, elmin, mədəniyyətin, təhsilin, maarifin inkişafı üçün böyük imkanlar olmuşdur. Bunlar hamısı yanaşı olmuşlar və xalqımız əziyyətə, faciələrə dözərək, eyni zamanda inkişaf etmiş və Azərbaycanda böyük iqtisadi, intellektual potensial yaranmışdır.

Nəhayət, dünyada, Avropada və xüsusən Sovetlər İttifaqında gedən ictimai-siyasi proseslərin nəticəsində 1991-ci ildə 70 il yaşamış sovet hökuməti dağıldı. Bununla əlaqədar olaraq Sovetlər İttifaqının tərkibindəki 15 respublika öz müstəqilliyini elan etdi. Azərbaycan da 1991-ci il oktyabr ayının 18-də Dövlət müstəqilliyi haqqında Konstitusiya aktı qəbul etdi. Azərbaycanın itirilmiş dövlət müstəqilliyinin bərpa olunması başlandı və Azərbaycanda artıq müstəqil dövlət yarandı. 11 ildir ki, bu dövlət yaşayır və xalqa müstəqilliyin bəhrələrini verir.

Mən qeyd etdim ki, o dövr, yəni SSRİ-nin dağılması, müttəfiq respublikaların öz müstəqilliyini elan etməsi dövrü başqalarına nisbətən Azərbaycan üçün çox çətin, ağır olmuşdur. Çünki o dövr özlüyündə çox mürəkkəb idi. 70 il tərkibində yaşamış bir dövlətdən ayrılmaq, müstəqillik elan etmək və bu müstəqillik yolu ilə getmək özü-özlüyündə böyük, çətin bir yol idi. Ancaq ölkəmiz hələ 1988-ci ildən Ermənistanın Azərbaycana torpaq iddiası ilə əlaqədar başlanmış münaqişəyə də cəlb olunmuşdu və Ermənistan–Azərbaycan münaqişəsi, müharibəsi var idi. Müharibə gedirdi və 1991-ci ildə Azərbaycan torpaqlarının bir qismi Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdu.

Təbiidir ki, belə bir zamanda Azərbaycanda müstəqilliyi bəyan edəndən sonra onu yaşatmaq, inkişaf etdirmək, onu qorumaq çox çətin olmuşdur. Azərbaycan xalqı da bu çətin yollardan keçmişdir. Təəssüflər olsun ki, o dövrdə Ermənistanın Azərbaycana təcavüzü ilə əlaqədar yaranmış mürəkkəb ictimai-siyasi vəziyyətdən istifadə edən ayrı-ayrı qüvvələr daxildə vəziyyəti daha da mürəkkəbləşdirirdilər, hakimiyyət mübarizəsi gedirdi. Azərbaycanın çox itkilərinin, xüsusən Ermənistanın təcavüzü nəticəsində torpaqlarımızın bir qisminin işğal olunmasının ən əsas səbəblərindən biri, bəlkə də ən əsas səbəbi ölkə daxilində birliyin olmaması, xalqın birləşə bilməməsi, hamının birləşib torpaqları qoruya bilməməsi idi. Bunun da səbəbi Azərbaycanda gedən hakimiyyət mübarizəsi olmuşdur.

Təsəvvür edin, əgər geriyə bir balaca nəzər salsaq görərik ki, 1988-ci ildə Ermənistan Azərbaycana qarşı hərbi təcavüzə başladı. Yəni Dağlıq Qarabağ böhranı yarandı. O vaxt sovet hakimiyyəti mövcud idi və Azərbaycanda rəhbərlik dəyişdi. Yeni rəhbərlik, yəni rəhbərliyin dəyişilməsi bu şəraitdə Azərbaycanı möhkəmləndirmək və bu münaqişədən Azərbaycanı xilas etmək məqsədi daşımalı idi. Ancaq əksinə, yeni rəhbərlik xalqı birləşdirmək əvəzinə, parçaladı. Nəhayət, 20 Yanvar faciəsi, hakimiyyət dəyişikliyi baş verdi.

20 Yanvar faciəsindən sonra yeni hakimiyyət xalqla birləşmək əvəzinə, xalqı toplamaq əvəzinə, Ermənistanın təcavüzünün qarşısına güc çıxarmaq əvəzinə, yenə də daxili mübarizələrə qoşuldu.

1992-ci ilin mart ayında yenidən hakimiyyət dəyişikliyi baş verdi. Ümumiyyətlə, hakimiyyət bir neçə il bir adamdan o birisinə keçmişdir. 1992-ci ilin yazında Azərbaycanda hakimiyyətə gələn yeni qüvvələr cəmi bir ildən sonra daxili vuruşmalar, çarpışmalar nəticəsində davam gətirə bilmədi və 1993-cü ildə Azərbaycanda böyük siyasi, iqtisadi, ictimai böhran, vətəndaş müharibəsi, ölkənin parçalanma təhlükəsi yarandı. Xalqımız bunları da öz iradəsi ilə aşdı-keçdi. Ancaq yenə də bəzi qüvvələr 1994-cü ilin oktyabrında, 1995-ci ilin martında təzədən dövlət çevrilişinə cəhd etdilər. Görün, bir tərəfdən, Azərbaycan Ermənistanın hərbi təcavüzünə məruz qalmış, ikinci tərəfdən, bir neçə il ərzində Azərbaycanın daxilində nə qədər ağır proseslər getmiş, hakimiyyət uğrunda mübarizəsi, xalqın bir-birinə qarşı silah qaldırması baş vermişdir. Şükürlər olsun ki, bunların hamısı indi geridə qalıbdır.

Biz 1995-ci ildən sonra Azərbaycanda ictimai-siyasi vəziyyəti sabitləşdirdik və iqtisadiyyatın inkişafını təmin etməyə başladıq. Yəni demək istəyirəm ki, Azərbaycan dövlət müstəqilliyi elan edəndən sonra o müstəqilliyi sürətlə inkişaf etdirmək üçün bir neçə ili itirmişdi. Buna baxmayaraq, biz 1995-ci ildən etibarən Azərbaycanda böyük quruculuq işləri apardıq və onlar bu gün də davam edir.

Azərbaycanda hüquqi, demokratik, dünyəvi dövlət qurulubdur. Azərbaycan demokratiya yolu ilə gedir. Azərbaycan iqtisadiyyatda bazar iqtisadiyyatı yolu tutubdur və bu yol ilə irəliləyir, böyük nailiyyətlər əldə edir. Ölkəmizdə lazımi islahatlar həyata keçirilir. Sosial, hüquqi, iqtisadi islahatlar. Bunlar, bir tərəfdən, Azərbaycanın dövlət quruculuğunu təmin edir, ikinci tərəfdən, sərbəst iqtisadiyyatın, bazar iqtisadiyyatının inkişafını təmin edir. Məhz bunların nəticəsidir ki, Azərbaycanda qısa bir müddətdə iqtisadiyyatın inkişafına nail ola bildik. Bunların əsas səbəbləri ondan ibarətdir ki, biz tutduğumuz yolla ardıcıl olaraq, iradə ilə irəliləmişik. Biz demokratiya yolu secmişik, demokratiyanı da inkişaf etdiririk. İnsan haqlarını təmin etmişik. Azərbaycanda mətbuat azadlığı, vicdan azadlığı, söz azadlığı tamamilə təmin olunubdur. Siyasi plüralizm hökm sürür. Hər şey demokratik prinsiplər əsasındadır. Demokratik təsisatlar yaradılıbdır.

Bazar iqtisadiyyatının özü demokratiyanın bir hissəsidir. Biz birinci növbədə, mülkiyyətin özəlləşdirilməsini təmin etdik. Kənd təsərrüfatında torpaq islahatı keçirdik. Torpağı onun sahibinə, kəndlilərə payladıq. Özəlləşdirmə, torpaq islahatı, xarici ticarətin, ümumiyyətlə, ticarətin liberallaşdırılması, xarici investisiyaların cəlb olunması – bunlar hamısı qısa bir zamanda Azərbaycanın iqtisadiyyatının ardıcıl surətdə inkişaf etməsinə şərait yaratdı. Mən bu gün böyük iftixar hissi ilə deyirəm ki, 1996-cı ildən başlayaraq Azərbaycanın iqtisadiyyatı ardıcıl surətdə inkişaf edir və hər il biz irəliyə gedirik. Bunların nəticəsində xalqımızın rifah halı, insanların yaşayışı yaxşılaşır. Yaranmış ictimai-siyasi sabitlik isə insanlara rahat yaşamaq imkanı veribdir. Yaşamaq, işləmək, istirahət etmək, bütün haqlardan səmərəli istifadə etmək imkanı veribdir.

Rəqəmləri deyəndə bəziləri bunların nə olduğunu o qədər də dərk edə bilmirlər. Ancaq bizim iqtisadiyyatda əldə etdiyimiz nailiyyətlər o rəqəmlərdə ifadə olunur. Onlar da təkcə bizim tərəfimizdən yaranmış rəqəmlər deyil, dünyanın beynəlxalq maliyyə mərkəzləri, Dünya Bankı, Beynəlxalq Valyuta Fondu, onların apardıqları təhlildir, onların verdikləri ümumi statistik məlumatlardır. Biz iqtisadiyyatın hərtərəfli inkişaf etməsinə çalışdıq. Bir tərəfdən, islahatlarımızla, müxtəlif tədbirlərimizlə daxili imkanları hərəkətə gətirdik, ikinci tərəfdən, Azərbaycana xarici investisiyanı cəlb etməyə cəhd göstərdik və buna nail olduq. Bunun nəticəsində Azərbaycanda çox yeni iş yerləri açıldı, insanlar bir çox sahələrdə yüksək maaşlar almağa başladılar və yaşayışları yaxşılaşdı.

Mən bu gün sizə bir neçə rəqəmi deyəcəyəm. Qısa bir müddətdə iqtisadiyyatda apardığımız siyasət nəticəsində artıq ümumi daxili məhsulun – bütün dünyada, bütün ölkələrdə bu, əsas göstəricidir – 71 faizini özəl sektor verir. Bu göstərici sənayedə 50 faiz, kənd təsərrüfatında 99 faiz, tikintidə 46 faiz, nəqliyyat və rabitədə 65 faizdir. Bu, 1995-ci ildən indiyə qədər olan məlumatdır.

Mən dedim ki, biz investisiyaları cəlb etdik. Bəli, 1994-cü ildən indiyədək ölkə iqtisadiyyatına bütün mənbələr hesabına 11,4 milyard dollar investisiya qoyulmuşdur. Onun 8,3 milyard dollarını xarici investisiya təşkil edir. Xarici investisiyanın 5,4 milyard dolları, yəni 65 faizi neft sənayesinə gedibdir, amma 3 milyard dollar, yəni 35 faizi isə digər sahələrə gedir. Mən burda bir məsələni demək istəyirəm. Bəzən son illərdə belə deyirlər ki, bəli, siz neft sektorunu yaxşı inkişaf etdirdiniz, neft sektoruna investisiyalar gəlir, amma başqa sektorlara gəlmir. Sizə deyirəm, xarici investisiyanın 35 faizi başqa sektorlara gedibdir. Təsəvvür edin, təkcə cari ildə – hələ il başa çatmayıb – 1 milyard 750 milyon dollar investisiya qoyulubdur və bu, ilin sonuna qədər də davam edəcəkdir.

Bizim apardığımız bu siyasət və xarici ticarətin liberallaşdırılması böyük nəticələr veribdir.

Məsələn, 5-6 il bundan öncə Azərbaycana hər şey xaricdən gəlirdi. Biz xarici ticarət sahəsində daha çox idxal edirdik, nəinki ixrac. Bildirmək istəyirəm ki, indi Azərbaycan 120 ölkə ilə ticarət əlaqəsi saxlayır. 1996–2001-ci illərdə xarici ticarət dövriyyəsi 2,4 dəfə artaraq, 2,2 milyard dollara çatıbdır. Həm də ixracın həcminin daha surətlə artması müşahidə olunur. İxrac 3,7 dəfə artıb, idxal isə azalıbdır. Beləliklə, biz xarici ticarətdə tamamilə müsbət saldo ilə işləyirik.

Bunların nəticəsində makroiqtisadi göstəricilər, ümumi göstəricilər nədən ibarətdir? 1996–2002-ci illərdə ümumi daxili məhsul 68 faiz artıbdır. Bunu iqtisadçılar yaxşı bilirlər. Güman edirəm, digər şəxslər də bilməlidirlər. Çünki indi bizim həyatımızda hamı iqtisadiyyatı bilməlidir. 1996-cı ildən indiyə qədər sənaye məhsulu 23 faiz, kənd təsərrüfatı məhsulu 39 faiz artıbdır. Kapital qoyuluşu 4 dəfə artıbdır. Təsəvvür edin, bu, iqtisadiyyatın ən gözəl göstəricisidir. Demək, kapital qoyuluşu ölkənin iqtisadiyyatının daha da inkişafını təmin edir.

Bu illərdə, demək olar ki, inflyasiya olmayıbdır. İndi bizim ölkənin 1 milyard 300 milyon dollar valyuta ehtiyatı var. Bu yaxınlarda yaratdığımız Neft Fondunda artıq 630 milyon dollar vəsaitimiz var.

Bəs bu il vəziyyət necədir? Bu il ötən doqquz ayda ümumi daxili məhsul 10 faiz, o cümlədən sənaye məhsulu 3 faiz, kənd təsərrüfatı məhsulu 4,5 faiz, kapital qoyuluşu 90 faiz artıbdır. Təsəvvür edin, doqquz ayın içərisində rabitə xidmətləri 18 faiz, orta aylıq əmək haqqı 21 faiz, əhalinin bank əmanətləri 20 faiz artıbdır. İnflyasiya yenə də aşağı səviyyədədir. Bunlar hamısı nə üçündür? İnsanların daha da yaxşı yaşaması, onların gəlirlərinin artması üçündür.

1996-cı ildən indiyə qədər Azərbaycanda işləyənlərin orta aylıq əmək haqqı 3,6 dəfə artmışdır, indi 320 min manatdır. Bu çox deyil, azdır. Bəli, biz bunu daha da çox artırmalıyıq. Ancaq təsəvvür edin, 6 ilin içərisində maaşları 3,6 dəfə artırmaq asan məsələ deyil, bu, göydən düşmür. Bunun üçün iqtisadiyyatı inkişaf etdirmək, gəlirlər əldə etmək lazımdır. Ondan sonra maaşları artırmaq lazımdır. Orta aylıq pensiyalar da 3,4 dəfə artmışdır. Bu da çox deyil, düşünürəm ki, bundan da çox olmalıdır. Ancaq bu rəqəmin özü də böyükdür. Əhalinin real pul gəliri isə 2,5 dəfə artmışdır.

Ölkəmizdə ən ağır sosial vəziyyətdə olan insanlar Ermənistanın bizim torpaqları işğal etməsi nəticəsində yerlərindən, yurdlarından didərgin düşmüş soydaşlarımızdır. Mən xatırlatmaq istəyirəm, 1993-cü ildə məcburi köçkünlərin hər birinə ayda 500 manat yemək xərci verilirdi. İndi 25 min manat verilir, 50 dəfə çox. Soruşmaq olar, bu yetərlidirmi? Yox. Mən hesab etmirəm ki, bu yetərlidir. Amma imkanımıza baxın, əgər biz bunu 50 dəfə artıra bilmişiksə, bunun özü görülən işin nəticəsidir.

1992-ci ildə dövlət büdcəsindən qaçqınlara və məcburi köçkünlərə 19 milyard manat vəsait ayrılırdı. Amma bu il 200 milyard manat vəsait ayrılmışdır. Qaçqınların sosial müdafiəsinə Dövlət Neft Fondundan mən 74 milyon dollar vəsait ayırdım. İlk dəfə olaraq Dövlət Neft Fondunun vəsaitindən qaçqınlar üçün istifadə etdik. Onlar üçün evlər tikilib və 6750 qaçqın həmin evlərdə yerləşəcəkdir. Bundan əlavə, Dövlət Neft Şirkəti tərəfindən məcburi köçkünlər üçün hər ay 3,4 milyard manat vəsait verilir. Son bir il ərzində 41 milyard manat vəsait ayrılıbdır. Bunlar hamısı Azərbaycanın dövlət büdcəsi ilə əlaqədardır.

Siz bilirsiniz ki, biz 2003-cü ilin dövlət büdcəsini hazırlamışıq. Onu bu günlərdə Milli Məclisin müzakirəsinə verəcəyik. Ancaq təsəvvür edin, büdcəmiz keçmiş illərə nisbətən nə qədər artıb? 2002-ci ildə dövlət büdcəsinin gəlirləri 1994-cü illə müqayisədə 17 dəfə artmışdır. 1994-cü ildə 300 milyard manat idi, indi isə 4 trilyon 700 milyard manatdır. Bu ilin büdcəsində isə biz 6 trilyon manat nəzərdə tuturuq. Demək, keçən ilə nisbətən xeyli artıqdır. Təsəvvür edin, büdcə 300 milyard manatdan 6 trilyon manata qalxıb, 17 dəfə artıbdır!

Mən bu bayram günü bu rəqəmləri sizə çatdıraraq bildirmək istəyirəm ki, biz deyəndə ki, iqtisadiyyat inkişaf edir, biz deyəndə ki, bu işlər görülür, bəziləri deyirlər ki, onlar bunu görmürlər. Bəziləri də deyirlər ki, Azərbaycanda hər şey dağılıb, heç bir şey yoxdur, iqtisadiyyat yoxdur. İndi mən bu rəqəmləri dedim. Ancaq siz bizim dövlət neft strategiyamızı yaxşı bilirsiniz. Bunların özü dövlət neft strategiyasının həyata keçirilməsi ilə əlaqədardır. 1994-cü ildə biz «Əsrin müqaviləsi»ni imzalayandan sonra, ümumən 21 müqavilə imzalayandan sonra və 8 il «Əsrin müqaviləsi»nin yerinə yetirilməsi üzərində işləyərək, Bakı–Tbilisi–Ceyhan əsas neft ixrac kəmərinin inşa edilməsinə başlayaraq, görün nə qədər nəhəng işlər görmüşük!

Bilirsiniz, biz bu yaxınlarda, sentyabrın 18-də Türkiyə Prezidenti hörmətli Əhməd Necdət Sezərlə, Gürcüstan Prezidenti hörmətli Eduard Şevardnadze ilə Bakı–Tbilisi–Ceyhan neft kəmərinin təməlini qoyanda müxbirlər onlara çoxlu suallar vermişdilər. Bizim müxalifətdən olan bəzi nümayəndələr deyirdilər ki, bəli, bu yaxşıdır, amma biz bunu xeyli tez edərdik. Bilirsiniz, o qədər gülmüşəm. Vaxtınızı alsam da, deyəcəyəm.

Bakı–Tbilisi–Ceyhanı bundan tez necə etmək olardı?! Bunu tikmək üçün axı gərək neft hasil edəsən. Əgər neft olmasa, bu boru nəyə lazımdır? Neft hasil etməsən, dünyaya sübut etməsən ki, 50 milyon tondan artıq neft olacaqdır, heç bir bank, heç bir ölkə bu borunun tikilməsinə kredit, heç bir şey verməyəcəkdir. Versə də, borunu tikdin, o nəyə lazımdır?! Onu tikirik ki, neft ixrac edək, qazanc götürək. Deyirlər ki, biz bunu bundan qabaq tikə bilərdik. Nə deyim? Demək, bu adamlar heç anlaya bilmirlər ki, bu işlər nədən ibarətdir. Ancaq iddia edirlər ki, onlar bu dövləti daha da yaxşı idarə edə bilərlər.

Bakı–Tbilisi–Ceyhan, Bakı–Tbilisi–Ərzurum neft və qaz kəmərləri, hesab edirəm, bizim ən böyük nailiyyətlərimizdən biridir. Bu o deməkdir ki, artıq biz Xəzər hövzəsində olan neft və qaz ehtiyatlarını bu borularla Türkiyəyə, oradan bütün dünyaya ixrac edəcəyik. Bunun siyasi, iqtisadi əhəmiyyəti haqqında mən dəfələrlə demişəm. Bu gün bunu təkrar etməyə ehtiyac yoxdur.

Bunlar bizim iqtisadiyyatda gördüyümüz işlərdir. Xarici siyasətimiz göz qabağındadır. Azərbaycan dünyanın bütün ölkələri ilə qarşılıqlı faydalı əlaqələr yaradıb və inkişaf etdirməyə çalışır. Bu barədə çox işlər görülübdür. Birinci növbədə, qonşu ölkələrlə əlaqələrimiz həmişə yaxşı olub, bu gün də yaxşıdır. Avropa ölkələri ilə əlaqələrimiz inkişaf edir. Azərbaycanın Avropa Şurasına daxil olması tarixi bir hadisədir.

Biz bunu çox yüksək qiymətləndiririk. Avropa Birliyi ilə əməkdaşlığımız da çox əhəmiyyətlidir. NATO ilə, Şimali Atlantikа İttifaqı ilə əməkdaşlığımız da 1994-cü ildə imzaladığımız «Sülh naminə tərəfdaşlıq» proqramı əsasında gedir.

Mən dünən NATO-nun Avropadakı qoşunlarının komandanını – Amerika Birləşmiş Ştatlarının Avropadakı Silahlı Qüvvələrinin Baş komandanını qəbul etdim. O, Azərbaycana səfərə gəlmişdi, burada görüşlər keçirmişdi. Mən də onunla Azərbaycan–NATO əlaqələrinin inkişaf etməsi haqqında danışıqlar apardım. Eyni zamanda, Azərbaycan ilə Amerika Birləşmiş Ştatları arasında hərbi əməkdaşlıq, xüsusən 907-ci maddə aradan götürüləndən sonra əməkdaşlığın inkişaf etdirilməsi haqqında danışıqlar apardım. Bunları bu gün burada izah etməyə ehtiyac yoxdur.

Mən dünən Türkiyədən gəlmişəm. Orada İƏT-in zirvə görüşü keçirildi. Çox yaxşı müzakirələr oldu. İƏT-ə daxil olan ölkələrin dövlət başçıları ilə çox yaxşı görüşlərim, danışıqlarım oldu. Türkiyə ilə bizim əlaqələrimiz çox dostluq, qardaşlıq əlaqələridir. Mən orada olarkən, eyni zamanda Türkiyənin iş adamları ilə görüşdüm. Çox məmnunam ki, Türkiyənin ən böyük, hörmətli iş adamları bu görüşə gəlmişdilər. Görüşdə 250–300-dək iş adamı iştirak edirdi. Biz Türkiyə–Azərbaycan iqtisadi əlaqələrini və Türkiyənin iş adamlarının Azərbaycana dəvət olunması məsələsini müzakirə etdik.

Bu yaxınlarda Kişinyovda Müstəqil Dövlətlər Birliyi ölkələri dövlət başçılarının görüşü keçirilmişdir. O görüş də çox səmərəli olmuşdur. Biz bu təşkilat çərçivəsində də lazımi fəaliyyət göstəririk. Rusiya ilə və keçmiş SSRİ-yə mənsub olan digər ölkələrlə yaxın əlaqələr saxlayırıq.

Son vaxtın müsbət hadisələrindən biri də Xəzər dənizinin dibinin bölünməsi ilə əlaqədar Rusiya ilə Azərbaycan arasında sazişin imzalanmasıdır. Mən bu münasibətlə prezident Putin tərəfindən Moskvaya dəvət olunmuşdum. Orada çox səmərəli danışıqlar apardıq, bu sazişi imzaladıq. Beləliklə, Xəzərin böyük bir hissəsi Rusiya, Qazaxıstan və Azərbaycan arasında, demək olar, tamamilə bölünüb, hərənin öz sektoru müəyyən olunubdur.

İstanbulda İranın Prezidenti hörmətli Xatəmi ilə də danışıqlarım oldu. O cümlədən, Xəzərdə olan problemlər haqqında. Onunla eyni fikirdə olduq ki, danışıqlar prosesi davam etməlidir və bunlar öz nəticəsini verəcəkdir. Türkmənistan Prezidenti, Türkmənbaşı da bəyanatlar verib ki, o da danışıqlar prosesinin davam etməsinin tərəfdarıdır.

Beləliklə, bizim 1994-cü ildən başladığımız iş, Xəzərin dibinin sektorlara bölünməsi və neft-qaz yataqlarının istifadə olunması məsələsi artıq indi müəyyən dərəcədə hüquqi əsaslar tapır və Xəzəryanı ölkələr tərəfindən qəbul olunur. Bunlar hamısı son vaxtların hadisələridir. Bütün bu hadisələrin içərisində hamımızı narahat edən Amerika Birləşmiş Ştatlarında baş vermiş 11 sentyabr terror hadisələri ilə əlaqədar yaranmış vəziyyətdir. Təəssüflər olsun ki, terrorizm son illər dünyada çox geniş yayılıbdır. Beynəlxalq terrorizm bütün xalqlara zərər verir. Biz bu zərəri daim çəkmişik. Çünki Ermənistanın Azərbaycana təcavüzündə biz terrorun nə olduğunu bilmişik və indi də bilirik. Ancaq ötən il sentyabrın 11-də baş verən hadisələr dünyada terrorizmin nə qədər dəhşətli olduğunu bir daha açdı. Biz bu hadisə ilə əlaqədar dərhal Amerika Birləşmiş Ştatlarının elan etdiyi koalisiyaya qoşulduq və bu koalisiyada öz fəaliyyətimizi göstəririk.

Mən dünən bu barədə NATO-nun komandanı ilə də lazım olan söhbətlər apardım. Biz bundan sonra da öz fəaliyyətimizi göstərəcəyik. Bizim bir taqımımız Türkiyə qoşunları tərkibində Əfqanıstanda xidmət göstərəcəkdir. Bu barədə lazımi işlər aparılıbdır. Bu yaxınlarda o taqım Əfqanıstana gedəcəkdir. Beləliklə, biz bu antiterror koalisiyasında fəal iştirak edirik. Amerika Birləşmiş Ştatları ilə əlaqələrimiz daha da inkişaf edir, genişlənir. Biz təkcə Amerika Birləşmiş Ştatları ilə yox, antiterror koalisiyasında olan bütün ölkələrlə əməkdaşlıq edirik. Çünki biz, yenə də deyirəm, terrorun nə olduğunu yaxşı bilirik.

Ermənistanın Azərbaycana etdiyi təcavüz və torpaqlarımızın işğal olunması ilə əlaqədar vəziyyət sizə məlumdur. Sülh danışıqları davam edir. Mən Kişinyovda Ermənistan Prezidenti Robert Köçəryanla görüşüb söhbət etdim. Ondan sonra ATƏT-in həmsədrlərinin nümayəndələri ilə birlikdə danışıqlar apardıq. Razılaşdıq ki, noyabr ayında Praqada NATO-nun zirvə görüşündə biz – Ermənistan və Azərbaycan prezidentləri bir daha görüşəcəyik. Bundan sonra həmsədrlər də bizə qatılacaqlar. Bundan əlavə, biz öz nümayəndələrimiz vasitəsilə də danışıqlar prosesini davam etdiririk. Yəni sülh danışıqları aparılmalıdır, getməlidir. Biz məsələni sülh yolu ilə həll etmək istəyirik. Güman edirəm ki, biz son olaraq bunu həll edə biləcəyik. Bunu bizim xalqımız bilməlidir, buna inanmalıdır. Necə ki, indiyə qədər inanıb, indi də inanmalıdır.

Münaqişə uzun müddət həll olunmadığına görə, son vaxtlar Azərbaycanda insanlarda müxtəlif fikirlər meydana çıxır. Bəzi insanlar artıq dözə bilmirlər. Məsələni müharibə yolu ilə həll etmək ideyalarını ortaya atırlar. Əgər doğrudan da vətənpərvər, müharibə edə bilən və müharibəni bilən adamlar belə ideyaları ortaya atırlarsa, bu, müsbət haldır. Çünki biz güclü ordu yaratmışıq. Ordumuz get-gedə güclənir. Biz həmişə oturub elə sülh danışıqları aparmayacağıq ki. Ancaq hər bir işi görmək üçün də onu bacaran adamlar lazımdır. Yoxsa, müharibə edək, gedək vuruşaq, mən də vuruşacağam, sən də vuruşacaqsan, o da vuruşacaq – bilirsiniz, bunlar emosiyalardan irəli gələn fikirlərdir. Mən bunları anlayıram və heç kəsi də buna görə günahlandırmıram. Ancaq bəzi qüvvələrin belə şəraitdən istifadə edərək, özlərinə xal qazanmaq və Qarabağı azad etmək uğrunda yürüşlər, mitinqlər keçirməklə özlərini göstərmək cəhdlərini mən ədalətsizlik hesab edirəm.

Bilirsiniz, biz bir dövlətik, bir xalqıq, hamımız bir olmalıyıq. Hamımız məsələnin sülh yolu ilə həll olunmasına çalışmalıyıq. Ancaq əgər məsələni müharibə aparmaq, müharibə yolu ilə həll etmək zərurəti meydana çıxarsa, onu da küçədə yox, meydanda yox, bayraqları qaldırıb «Qarabağ uğrunda mübarizə» deməklə yox, ağılla təşkil etmək lazımdır. Bu da dövlətin işidir, bunu dövlət edə bilər. Lazım olsa, dövlət də bunu edəcəkdir. Ancaq bayrağı qaldırıb bəli, biz Dağlıq Qarabağın azad olması üçün mitinq edirik, yaxud yürüş edirik, gedib müharibə edəcəyik – yenə də deyirəm, insanların hissiyyatlarından sui-istifadə etmək lazım deyildir. Bəli, müharibə lazım olsa, Azərbaycan dövləti, Azərbaycan ordusu müharibə edəcəkdir. Amma bu gün buna ehtiyac yoxdur. Biz sülh siyasəti aparmalıyıq. Məsələnin sülh yolu ilə həll edilməsinə nail olmalıyıq.

Sizi əmin edirəm ki, mən 9 il ərzində həyatımın böyük hissəsini Azərbaycan torpaqlarının azad olunmasına, Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasına həsr etdiyim kimi, bunu bundan sonra da edəcəyəm və mənim üçün bundan da böyük, bundan da əziz bir vəzifə yoxdur. Ancaq bu gün bizim xalqımız sülh şəraitində yaşayır, rahat yaşayır. Bizi qaçqınların vəziyyəti incidir. Ancaq biz də onlara mümkün qədər yardım edirik.

Baxın, bu gün Azərbaycanda bayramdır. Bu bayram nə qədər evlərdə qeyd olunur. Nə qədər şadlıq evlərində, restoranlarda insanlar gündüz də, gecə də istirahət edirlər. Bax, budur Azərbaycanın dövlət müstəqilliyinin verdiyi nemətlər. Budur Azərbaycanda yaranmış ictimai-siyasi sabitliyin bizim xalqa verdiyi nemətlər. Biz bunu edirik və bundan sonra da edəcəyik. Xalqımız rahat yaşayır və yaşayacaqdır. Bütün başqa məsələlərin həll olunmasında da biz həmişə xalqla məsləhət etmişik və yenə də edəcəyik.

Əziz dostlar, bu gün bayramdır. Mən şəxsən sevinc içindəyəm. Çünki 11 ildir ki, Azərbaycan müstəqildir, azaddır. Şübhə yoxdur ki, Azərbaycan xalqı bundan sonra heç vaxt öz müstəqilliyini əlindən verməyəcəkdir.

Yaşasın istiqlaliyyət!

Yaşasın azadlıq!

Yaşasın müstəqil Azərbaycan!