Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Gürcüstanın Xarici İşlər Naziri İrakli Menaqarişvili və onu müşayiət edən nümayəndə heyəti ilə görüşdə söhbəti - Prezident sarayı, 13 fevral 2001-ci il


Heydər Əliyev: İrakli Afinogenoviç, xoş gəlmisiniz, mən sizi və Azərbaycana rəsmi səfərə gəlmiş bütün nümayəndə heyətinizi salamlayıram. Gürcüstanla Azərbaycan arasındakı münasibətlər dostluq, qardaşlıq münasibətləridir və bu münasibətlər müxtəlif səviyyələrdə - həm rəsmi, həm də qeyri-rəsmi səviyyələrdə tez-tez görüşlər keçirilməsini şərtləndirir. Ona görə də sizin Azərbaycana bu rəsmi səfəriniz Gürcüstan-Azərbaycan münasibətlərinin daha da inkişaf etməsi üçün, şübhəsiz, çox böyük əhəmiyyətə malikdir. Siz burada müəyyən iş görmüsünüz. Bizim Xarici İşlər naziri mənə məlumat verdi ki, çox səmərəli işləmisiniz və hələ bu gün və sabah da işləyəcəksiniz. Mən bu görüşə şadam.

İrakli Menaqarişvili: Zati-aliləri, sağ olun. İlk növbədə icazə verin, Sizin tərəfinizdən qəbul edilmək kimi yüksək şərəfə görə, səfərimizin gedişi barədə, Gürcüstanda vəziyyət barədə məlumat vermək, fikirlərinizi eşitmək imkanına görə Sizə təşəkkür edim. Mən şəxsən öz adımdan və nümayəndə heyətimizin üzvləri adından Sizə təşəkkür edirəm.

Cənab Prezident, Siz tamamilə haqlısınız ki, Azərbaycanla Gürcüstan arasında qarşılıqlı münasibətlərin xüsusi səciyyəsi baxımından bu səfər çox böyük əhəmiyyətə malikdir. Mən öz məlumatımın əvvəlində, ilk növbədə, Gürcüstan prezidenti Eduard Amvrosiyeviç Şevardnadzenin tapşırığını yerinə yetirmək və onun şəxsi salamını, xoş arzu və diləklərini Sizə çatdırmaq, Azərbaycan ilə Gürcüstan arasında qarşılıqlı münasibətlərə, əməkdaşlığın inkişaf etdirilməsinə şəxsən Sizin yetirdiyiniz diqqətin Eduard Amvrosiyeviç və bütün gürcü xalqı tərəfindən çox yüksək qiymətləndirildiyini təsdiq etmək - bunu xüsusi vurğulayıram - istərdim. Şübhəsiz ki, Sizin şəxsi töhfənizi Gürcüstanda hamı yüksək qiymətləndirərək, Azərbaycanla dostluq, qardaşlıq münasibətlərini və əməkdaşlığı regionda sabitliyin mühüm rəhni, habelə Gürcüstanın müstəqil, demokratik inkişafının vacib təminatlarından biri hesab edir.

Gürcüstanın dövlət quruculuğunun, müstəqilliyinin dəstəklənməsi üçün Sizin rəhbərliyiniz altında görülmüş işlərə və indi də atılan addımlara görə mən gürcü xalqı və Gürcüstanın rəhbəri, zati-aliləri cənab prezidentin adından Sizə minnətdarlığımızı yetirmək istəyirəm. Ötən il məruz qaldığımız olduqca ağır quraqlığın nəticələrinin aradan qaldırılması işində Gürcüstana göstərilmiş yardım qonşu, dost dövlətin taleyinə, problemlərinə belə qayğının ən son, çox mühüm təsdiqi idi. Sizin qərarınızla bizə birinci olaraq ancaq Azərbaycan yardım əli uzatdı. Bu, təbii idi və eyni zamanda, şübhəsiz, xüsusi hisslər, ümid doğururdu ki, xalqlarımız arasındakı qarşılıqlı münasibətlər gələcək müsbət proseslərin rəhnidir.

Mən bir məqamı da mütləq nəzərə çatdırmalıyam - hərçənd buraya gələn kimi, hava limanında və bugünkü görüşlərdə bu barədə öz mövqeyimi bildirmişəm - çox mühüm bir hadisə, Azərbaycanın Avropa Şurasına qəbul edilməsi ilə əlaqədar gürcü xalqı adından, Gürcüstanın rəhbəri adından ən səmimi təbrikləri Sizə və bütün Azərbaycan xalqına yetirmək mənim üçün xüsusi şərəfdir. Şübhə yoxdur ki, Azərbaycanın Avropa Şurasına qəbul edilməsi bu gün müstəqil Azərbaycanda Sizin rəhbərliyiniz altında həyata keçirilən demokratik inkişaf xəttinin düzgün olduğunu təsdiqləyir.

Nəzərə çatdırmaq istəyirəm ki, bu hadisə təkcə Azərbaycan üçün deyil, eləcə də Gürcüstan üçün, gələcəyimiz üçün əhəmiyyətlidir. Çünki indi bütün Cənubi Qafqaz Avropa Şurasında təmsil olunmuşdur. Bu isə o deməkdir ki, biz bu çox mühüm Avropa qurumunda daha bir dost qazandıq və şübhəsiz, ümidvarıq ki, o, ümumi mənafelərimizi dəstəkləyəcəkdir.

Səfərimizdən məqsəd ölkələrimiz arasında müxtəlif sahələrdə dinamik inkişaf edən əməkdaşlığın gedişini təsdiqləməkdən və gələcəkdə həyata keçirilməli olan əməkdaşlıq sahələrini müəyyənləşdirməkdən ibarətdir. Dünən axşam və bu gün mən həmin məsələləri Xarici İşlər Nazirliyində həmkarlarımızla təfərrüatı ilə müzakirə etmək imkanına malik oldum. Mən onları bu gün Azərbaycan hökumətində hörmətli Baş nazirin müavini ilə də müzakirə edə bildim. Heydər Əliyeviç, mən razılıq və iftixar hissi ilə Sizə məlumat vermək istəyirəm ki, biz müzakirələr zamanı qaldırılmış bütün məsələlərdə yekdil mövqedə olduq və vaxtı çatmış bütün məsələləri həll etməyə hazır olduğumuzu bildirdik. Eləcə də, şübhəsiz, hamını, o cümlədən də Qafqaz regionunda hamını düşündürən problemlər barəsində yekdil rəyə gəldik.

Siz prezident Eduard Amvrosiyeviçlə birlikdə bizə, xarici işlər nazirlərinə müntəzəm olaraq görüşmək tapşırığı verirsiniz. Sizə məlumat vermək istəyirəm ki, bu praktika həyata keçirilir. Çox hörmətli həmkarım Tbilisidə olub və ətraflı müzakirələr aparmışıq. Beynəlxalq forumlar zamanı aramızda olan müntəzəm görüşlərlə yanaşı, indi Bakıya səfər etmək şərəfinə malikəm. Dövlətlərimiz arasında ikitərəfli və çoxtərəfli münasibətlərin əslində bütün sahələrinə toxunmaq imkanımız oldu. Əlbəttə, ilk növbədə regional məsələlərə, regionda təhlükəsizlik məsələlərinə, ikitərəfli iqtisadi, mədəni layihələrə toxunduq. Biz Azərbaycanın hazırda üzərində işlədiyi və reallaşdırılmasına bizim də öz töhfəmizi verməyə çalışdığımız qlobal əhəmiyyətli layihələrə də toxunduq və onların inkişaf etdirilməsi barədə öz mülahizələrimizi bildirdik. Bu layihələr uzun perspektiv üçün həm dinamik iqtisadi inkişafı təmin etməli, həm də regionda sülhün və sabitliyin zəmini olmalıdır. Əlbəttə, söhbət ilk növbədə mühüm cəhətləri ilə birlikdə enerji dəhlizindən, nəqliyyat dəzlizinin, kommunikasiya dəhlizinin inkişafından gedir. Məmnunluqla demək istəyirəm ki, biz müzakirə etdiyimiz məsələlərdə tam qarşılıqlı anlaşmaya gəldik, onların hər birinə dair tamamilə konkret təkliflər işlənib hazırlandı.

Biz istər qardaş Azərbaycanımız üçün, istərsə də Gürcüstan üçün çox ağrılı bir mövzudan - ərazi bütövlüyü problemindən yan keçə bilməzdik. Bizdə Abxaziya məsələsində hələlik xüsusi bir irəliləyişin olmaması narahatlıq doğurur. Mən dincliklə nizamasalma prosesinin, təəssüf ki, ilişib qaldığı vəziyyətdən çıxarılması üçün gördüyümüz tədbirlər barədə həmkarlarıma məlumat verdim.

Biz mühüm beynəlxalq təşkilatlar olan BMT, ATƏT çərçivəsində əməkdaşlıq praktikasını təfərrüatı ilə müzakirə etdik. Heydər Əliyeviç, Sizin Eduard Amvrosiyeviçlə birlikdə irəli sürdüyünüz məlum təşəbbüs - Qafqazda sülh və sabitlik haqqında məşhur Tbilisi bəyannaməsi diqqət mərkəzində idi. Biz bu ideyanın hazırda daha da inkişaf tapmasını çox mühüm hesab edirik. Biz Gürcüstanda bu məsələnin daha da işlənilib təkmilləşdirilməsini xarici siyasətimizin öncül istiqamətlərindən biri hesab edirik və azərbaycanlı həmkarlarımızın burada, Xarici İşlər Nazirliyində də bizi dəstəkləməsi çox sevindirir. Biz hətta həmin mövzu üzərində işləmək üçün xüsusi tapşırıqlar üzrə ayrıca səfir də təyin etmişik. Əlbəttə, iş asan getmir, ona görə ki, müxtəlif şübhələr, mövqelər var, bunların hamısını bir yerə toplamaq lazımdır. Amma mən deyərdim, rəhbərlərimizin, həqiqətən, müdrik uzaqgörənliyi məhz bundan ibarət idi ki, bu ideyanın reallığına hələ heç də hamının inanmadığı vaxtlarda söylənilmiş fikir indi, hər halda, həyata keçirilir. Biz çox ümid edirik ki, birgə səylərlə onu məntiqi sonluğa çatdırmaq mümkün olacaqdır. Əminik ki, Gürcüstan və Azərbaycan bu məsələdə əsas rol oynamalıdırlar.

Mən həmkarlarımıza qısaca məlumat vermişəm və Sizə də məlumat vermək istəyirəm ki, Eduard Amvrosiyeviçin Türkiyəyə bu yaxınlarda etdiyi səfər çox uğurlu olmuşdur. Orada iki dövlət arasında qarşılıqlı münasibətlər təfərrüatı ilə müzakirə edilmişdir. Üzərində birlikdə işlədiyimiz layihələrin inkişaf etdirilməsi əsas məsələlərdən biri idi. Bakı-Tbilisi-Ceyhan layihəsinin və bu istiqamətdə aparılan işin birmənalı şəkildə dəstəklənməsinə biz çox şad olduq, bunu Eduard Amvrosiyeviç də vurğulamışdır. Biz enerji dəhlizinin digər cəhətlərini də müzakirə etdik. Söhbət qaz layihələrindən, onların həyata keçirilməsi üçün göstərilməli olan səylərdən gedir. Ümumiyyətlə, Gürcüstan prezidentinin belə bir təəssüratını Sizə yetirmək istəyirəm ki, səfər nəticəsində indi bizdə böyük nikbinlik var, o mənada ki, əgər bu layihələr həyata keçirilərsə, bu, təkcə üç ölkə üçün deyil, bütün region üçün, bütün dünya üçün də çox vacibdir.

Mən bugünkü görüşlərimizdə müzakirə edilmiş geniş mövzuların ancaq əsas məqamlarına toxundum. Bu isə ölkələrimiz arasında əməkdaşlığın necə çoxsahəli olduğunu təsdiqləyir. Bütün bunları Sizə çatdırmaq imkanına görə Sizə bir daha təşəkkür etmək istəyirəm.

Heydər Əliyev: Sağ olun, təşəkkür edirəm. Mən, ilk növbədə, dostum, prezident Şevardnadzenin salamını yetirdiyinizə görə təşəkkür edirəm. Xahiş edirəm, mənim qardaşlıq, dostluq salamımı və ən xoş arzularımı ona yetirəsiniz. Belə ki, çox böyük tarixi olan və bir çox sınaqlardan keçmiş şəxsi dostluq münasibətlərimiz hazırda iki suveren dövlət - Gürcüstanla Azərbaycan arasında münasibətlərin inkişafında mühüm rol oynayır.

Sizin səfəriniz belə bir faktı bir daha təsdiqləyir ki, ölkələrimiz - Gürcüstanla Azərbaycan arasında münasibətlər dinamik inkişaf edir. Sizi əmin edə bilərəm ki, biz bu xəttə sadiqiq və dostluğumuzun möhkəmlənməsi və bütün sahələrdə münasibətlərimizin genişlənməsi və inkişafı üçün lazım olan hər şeyi bundan sonra da edəcəyik. Ağır quraqlıq dövründə biz sizə nə kömək edə bilərdiksə, onu da etdik. Biz bunu öz qardaşlıq, dostluq borcumuz sayırıq və bundan sonra da davam etdirəcəyik. Başlıcası isə, istərdik ki, Gürcüstan hazırda enerji təchizatı ilə əlaqədar qarşılaşdığı çətinlikləri aradan qaldırsın. İnanıram ki, belə də olacaqdır. Lakin gələcəkdə əməkdaşlığımız prosesində meydana çıxacaq hər hansı problemləri biz birlikdə həll edəcəyik. Biz axırıncı tikəmizi də dostumuzla bölüşməyə həmişə hazırıq.

Hesab edirəm ki, səfəriniz Gürcüstanın və Azərbaycanın xarici işlər nazirlikləri arasında konkret iş üçün də səmərəli, çox mühümdür, ictimaiyyət üçün də olduqca böyük əhəmiyyətə malikdir. Biz Gürcüstanla bütün öhdəliklərimizi, bütün münasibətlərimizi dostluq, qarşılıqlı anlaşma, qardaşlıq əsasında qururuq və quracağıq. Bizim bu münasibətlərimizə heç vaxt heç nə, heç kim mane ola bilməyəcəkdir.

Gürcüstan da, Azərbaycan da müstəqilliyə qovuşduqları vaxt təəssüf ki, münaqişələrlə bağlı bütün çətinliklərlə üzləşdilər. Sizdə, Gürcüstanda da münaqişə var, bizdə, Azərbaycanda da. Bizdə bu, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir. Bu, işimizi ümumən çətinləşdirir. Onu nəzərdə tuturam ki, biz müstəqil dövlətlər olandan sonra xalqlarımız qarşısında, ölkələrimiz qarşısında çox böyük yeni vəzifələr meydana çıxdı. Onların həllini çətinləşdirən budur ki, Gürcüstan da, Azərbaycan da daim münaqişənin tənzimlənməsi ilə, sülhün bərqərar edilməsi ilə məşğul olurlar. Düşünürəm ki, biz buna nail olacağıq. Elə sizin xatırladığınız Tbilisi bəyannaməsi də hələ o vaxtlar, əvvəla, münaqişələri nizama salmaq üçün, ikincisi isə, bütün Qafqazda olmasa da, hər halda, Cənubi Qafqazda sülhün bərqərar edilməsi üçün qətiyyətlə irəliləməyə yönəldilmişdi.

Azərbaycanın Avropa Şurasına qəbul olunması ilə əlaqədar təbrikə görə sizə təşəkkür edirəm. Bu, Azərbaycan üçün həqiqətən tarixi əhəmiyyətli hadisədir. Lakin bunun Cənubi Qafqaz üçün də böyük əhəmiyyəti var. İndi bütün Cənubi Qafqaz ölkələri, xüsusi nəzərə çatdırıram, Gürcüstan da, Azərbaycan da bu mötəbər orqana - Avropa Şurasına daxildirlər. Bu, münaqişələrin həlli və ölkələrimizin demokratiya yolu ilə uğurlu inkişafı üçün yeni imkanlar açır. Ölkəmizin Avropa Şurasına qəbul olunması prosesində Gürcüstan tərəfindən duyduğumuz dəstəyə görə təşəkkür etmək istəyirəm və bunu Eduard Amvrosiyeviçə yetirməyi xahiş edirəm. Mən bu barədə Eduard Amvrosiyeviçlə bir neçə dəfə telefonla danışmışdım və o sizin Strasburqdakı səfirinizə göstərişlər vermişdi. Yeri gəlmişkən, sizin çox yaxşı səfiriniz var, bu qadın - Lana Qoberidze orada böyük nüfuza malikdir. Bizim nümayəndələrimiz də deyirdilər ki, o həmişə onlarla, Azərbaycan nümayəndə heyəti ilə birlikdə olmuşdur. Mən Strasburqda olarkən onu gördüm, təşəkkür etdim. Aydındır ki, bu, Gürcüstan prezidentinin prinsipial xəttidir və buna görə ona təşəkkür edirəm.

Şadam ki, Eduard Amvrosiyeviçin Türkiyəyə səfəri uğurlu keçmişdir. Sizi əmin etmək istəyirəm ki, bir çox illər üzərində işlədiyimiz bütün layihələr həyata keçiriləcəkdir. Mən bu barədə ona görə inamla danışıram ki, axı biz bu layihələr üzərində neçə illərdir işləyirik və nə qədər maneələr, nə qədər çətinliklər olmuşdur. Biz Xəzər dənizinin Azərbaycan sektorundakı neft və qaz yataqlarının işlənilməsinə başlayanda görüşürdük, o vaxtlar nə qədər etirazlar olmuşdu. Bütün bunlara baxmayaraq, biz, hər halda, işləyirik və özü də çox uğurla işləyirik. Xəzərin statusu barədə indiyədək də çox mübahisələr gedir. Əlbəttə, Xəzərin hüquqi statusu çox böyük beynəlxalq məsələdir. Onu tez, qısa vaxtda həll etməyin mümkün olduğunu düşünmək sadəlövhlük olardı. Lakin biz artıq buna doğru irəliləyirik. Xəzər dənizində işin prinsipləri haqqında Rusiya ilə saziş bağlamışıq, Rusiya Xəzərdə işin prinsipləri haqqında Qazaxıstanla saziş bağlamışdır. Artıq üç Xəzəryanı dövlət birinci mərhələ üçün əslində eyni fikir söyləmişdir - bu, çox yaxşıdır, çünki belə mürəkkəb məsələni məhz mərhələ-mərhələ həll etmək olar. Bu bizə imkan verir ki, konkret əməli nəticələrə malik olduğumuz neft və qaz yataqları barəsində bağladığımız müqavilələr üzrə işimizi davam etdirək.

Bakı-Tbilisi-Ceyhan barəsində. Son vaxtlar müxtəlif əhval-ruhiyyələr meydana gəlir. Amma mən belə düşünürəm ki, bunlar artıq aradan qaldırdığımız məsələlər sırasına aiddir. Türkiyəyə mənim də səfərim olacaqdır. Hələ səfərdən əvvəl nümayəndələrimiz işləyirlər, gedib Ankarada da, Londonda da, başqa yerlərdə də görüşmüşlər. Söhbət həm Bakı-Tbilisi-Ceyhan neft kəmərinin inşasına başlamaqdan, həm də "Şahdəniz" yatağından qazın Türkiyəyə ixracı üzrə əməli işə başlanmasından gedir. Düşünürəm ki, hər iki layihə həyata keçiriləcək və mənim Türkiyəyə səfərimə qədər nümayəndələrimiz görüşəcək, işləyəcəklər və biz həll olunmamış məsələləri orada həll edə biləcəyik. Yeri gəlmişkən, deməliyəm ki, Bakı-Tbilisi-Ceyhan layihəsinə digər şirkətlər tərəfindən də maraq göstərilir. Məsələn, Amerikanın "Şevron" şirkətinin prezidenti - o, Gürcüstanın da dostudur - bu yaxınlarda mənə məktub göndərərək bildirmişdir ki, tezliklə buraya gələcək, biz görüşəcəyik. Onlar bildirirlər ki, Bakı-Tbilisi-Ceyhan neft kəmərinin inşasının iştirakçısı olmaq istəyirlər. "Şevron" əsasən Qazaxıstanda neft çıxarır. Ancaq onlar bizdə də işləyirlər. Deməliyəm ki, çox perspektivli olan "Abşeron" yatağında işləyirlər. Hesab edirik ki, bu yataqdan yaxşı nəticələr alacağıq. Bəlkə də elə bir vaxt gələcək ki, təkcə bir Bakı-Tbilisi-Ceyhan neft kəməri kifayət etməyəcəkdir. Bir sözlə, biz nikbinik və o məsələləri həll etmişik və həll edirik.

Rusiya prezidenti Putinin Azərbaycana səfəri barəsində öz müsbət münasibətini bir neçə dəfə açıq bildirdiyinə görə Eduard Amvrosiyeviçə minnətdaram. Mən hətta eşitmişdim, o demişdi ki, Rusiya prezidenti Putinin Azərbaycana səfərini, eləcə də Gürcüstana səfəri hesab edir. Bu, məhz belədir, doğrudur. Rusiya ilə ölkələrimiz arasında münasibətlər suverenlik, bizim ərazi bütövlüyümüz, müstəqilliyimiz əsasında qurulmalıdır. Bununla yanaşı, bu münasibətlər iqtisadiyyat, mədəniyyət, elm, insani münasibətlər sahəsində əməkdaşlıq üçün bütün ehtiyatlardan istifadə edilməsinin zəruriliyinə yönəldilməlidir. Bir sözlə, hesab edirəm ki, bu, təkcə Azərbaycan üçün deyil, bütün Cənubi Qafqaz üçün də faydalı olmuşdur.

Sözün qısası, biz bəzi məsələlər barəsində sonra danışacağıq. Münasibətlərimiz artıq o dərəcədə formalaşmışdır ki, onları nə sola, nə də sağa döndərmək mümkündür. Biz bu münasibətləri qiymətləndiririk. Əvvəla, onların keçmişdə dərin kökləri var, onlar biz müstəqil dövlətlər olaraq təşəkkül dövrünü keçdiyimiz, inkişaf etdiyimiz bu illər ərzində sınaqlardan çıxmışdır. Onların Cənubi Qafqazın gələcəyi üçün də, Gürcüstanın və Azərbaycanın gələcəyi üçün də böyük əhəmiyyəti var.

Bir daha xahiş edirəm, mənim salamımı və ən xoş arzularımı Eduard Amvrosiyeviçə yetirin. O məni dəvət etmişdir, mən onu dəvət edirəm, vaxt tapmaq lazımdır. Biz müxtəlif beynəlxalq forumlarda tez-tez görüşürük, amma gərək o da Bakıda olsun, mən də Gürcüstanda olum. Aradan çox vaxt keçəndə biz hər ikimiz darıxırıq. Düşünürəm ki, bizim səfərlərimiz də olacaqdır.  Salamımı və xoş arzularımı ona yetirin. Gürcü xalqına ən xoş arzularımı çatdırın. Əlbəttə, çox istəyirim ki, siz hazırda enerji böhranı ilə əlaqədar keçirdiyiniz çətinlikləri aradan qaldırasınız.