Azərbaycan Prezidenti Heydər Əliyevin Türkiyə Respublikasının Prezidenti Süleyman Dəmirələ "İstiqlal" ordeni təqdim olunması münasibətilə keçirilən təntənəli mərasimdə nitqi - 18 oktyabr 1999-cu il


Zati-aliləri Türkiyə Cümhuriyyətinin prezidenti, Azərbaycan xalqının böyük dostu, əziz qardaşım Süleyman Dəmirəl!

Türkiyə Cümhuriyyəti Silahlı Qüvvələri Baş Qərargahının rəisi hörmətli Hüseyn Kıvrıkoğlu!

Türkiyə Cümhuriyyəti baş nazirinin müavini, enerji naziri hörmətli Cümhur Ərsümər!

Türkiyədən gəlmiş bütün qonaqlar!

Mən sizi Azərbaycanda səmimi qəlbdən salamlayır, Azərbaycan xalqı adından sizə "xoş gəlmişsiniz!" deyirəm. Bütün Azərbaycan xalqının sizə olan sevgi və məhəbbətini çatdırıram.

Bu gün Azərbaycan xalqının böyük bayramıdır. Azərbaycanın dövlət müstəqilliyini elan etməsindən, dövlət müstəqilliyinin bərpa olunmasından səkkiz il keçib, səkkizinci ildönümüdür. Bu bayram günü mən bütün Azərbaycan xalqını, Azərbaycan vətəndaşlarını ürəkdən təbrik edir, Azərbaycan xalqına, Azərbaycan dövlətinə, Azərbaycan millətinə müstəqillik yollarında yeni-yeni uğurlar arzulayıram.

Əziz dostumuz, hörmətli prezident Süleyman Dəmirəl!

Mənim dəvətimlə Sizin qısa müddətli işgüzar səfəriniz və bu gün, oktyabr ayının 18-də - Azərbaycanın müstəqillik günü bayramında olmağınız Sizin və Türkiyə Cümhuriyyətinin, türk xalqının Azərbaycan xalqına, Azərbaycana, onun müstəqilliyinə böyük hörmətinin və ehtiramının rəmzidir. Sizin bu gün Azərbaycana gəlməyiniz bizim bayramımızı ikiqat bayram etdi. Biz böyük bayram keçiririk, Siz bu bayram günü bizimləsiniz, bizimlə bərabərsiniz. Bunun da çox böyek məntiqi var. Çünki Azərbaycan xalqı dövlət müstəqilliyi yolunda nə qədər çalışmışsa, dövlət müstəqilliyi əldə etmişsə, o qədər də türk xalqı bizə dayaq olmuş, xüsusən o qədər də bizim əziz dostumuz prezident Süleyman Dəmirəl dəyərli fəaliyyət göstərmişdir.

Əziz dostumuz, Sizinlə görüş hər dəfə Türkiyə-Azərbaycan əlaqələrinin, şübhəsiz ki, gözdən keçirilməsini tələb edir. Türkiyədə və ya Azərbaycanda, yaxud da başqa ölkələrdə, beynəlxalq təşkilatlarda hər dəfə Sizinlə görüşərkən mən həmişə Türkiyə ilə Azərbaycan arasında olan əlaqələrin keçmişini, tarixini, bu gününü xatırlayıram. Həqiqət bundan ibarətdir ki, xalqlarımız yüz illərlə, min illərlə bir olublar, bərabər olublar. Bizim xalqlarımız bir kökə malikdir, bir dinə malikdir, xalqlarımız bir mədəniyyətə malikdir. Xalqlarımız əsrlər boyu çətin, amma qəhrəman yol keçiblər. Ona görə də Azərbaycanda hər bir azərbaycanlı Türkiyəni sevir və Türkiyədə də hər bir türk vətəndaşı, hər bir türk Azərbaycanı sevir. Yəni bu sevgi-məhəbbət, qədim zamanlardan indiyə qədər ayrı-ayrı insanlar arasında, əcdadlarımız arasında olan sevgi-məhəbbət davam edib və nəhayət, bizi bu xoşbəxt, gözəl günlərə gətirib çıxarıbdır.

Azərbaycan xalqı 1918-ci ildə müstəqilliyini elan etdi, xalq cümhuriyyətini yaratdı. Ancaq bu cümhuriyyət o dövrün şəraitinə görə 23 ay yaşadı. Sonra isə Azərbaycan sovet hakimiyyətinin əlinin altına keçdi. Biz 70 il sovet hakimiyyəti şəraitində, kommunist ideologiyası ilə yaşadıq. Bizim üçün ən yaxın, qardaş olan Türkiyədən 70 il təcrid edildik. Amma qəlbimiz həmişə bir yerdə olub və həmişə ümid etmişik ki, biz nə vaxtsa yenə də birləşəcək, yenə də görüşəcəyik. Bu günlər gəldi çatdı. Hesab edirəm ki, bu günlər əbədiyyətə qədər olacaqdır.

Türkiyə Cümhuriyyətinin Azərbaycana, Azərbaycan xalqına marağı, qayğısı həmişə olmuşdur. Türkiyə Cümhuriyyətinin banisi böyük Mustafa Kamal Atatürk türk xalqları haqqında düşünərkən, öz fikirlərini həyata keçirməyə çalışarkən Azərbaycana xüsusi diqqət yetirirdi. Onun Azərbaycan haqqındakı fikirləri, dediyi sözlər hamımızın qəlbindədir və biz bunları bir vəsiyyət kimi böyük minnətdarlıqla qəbul edirik.

Azərbaycan hələ sovet hakimiyyəti dövründə Türkiyəyə çox maraq göstərirdi. Türkiyə də Azərbaycana çox maraq göstərirdi. Ancaq bizim dostumuz Süleyman Dəmirəl həmişə Azərbaycana xüsusi qayğı ilə, xüsusi maraqla yanaşıbdır. Biz 20-ci ildə bir-birimizdən ayrılandan sonra Türkiyədən heç bir dövlət adamı Azərbaycanı ziyarət etməmişdi. Amma 1967-ci ildə, hələ sovet hökumətinin, sovet imperiyasının güclü vaxtında hörmətli dostumuz Süleyman Dəmirəl Türkiyənin baş naziri seçiləndən sonra Sovetlər İttifaqına ziyarəti zamanı mütləq Azərbaycana gəlmək istəmişdir. Bu istəyinə, arzusuna da nail olmuş və ilk dəfə 1967-ci ildə Azərbaycanı ziyarət edərkən Azərbaycan xalqının ona və onun simasında Türkiyəyə nə qədər böyük məhəbbəti olduğunu hiss etmişdir. Biz isə dostumuz Süleyman Dəmirəlin Azərbaycana nə qədər böyük marağı, diqqəti və qayğısı olduğunu hiss etmişdik. Bu, Türkiyə-Azərbaycan əlaqələrinin parlaq səhifəsidir. Yəni, biz hələ müstəqilliyimizə çatmaqdan 24 il əvvəl fürsət tapıb Azərbaycana gəlmək, Azərbaycanı görmək onu göstərir ki, hörmətli Süleyman Dəmirəl öz daxili problemləri ilə bərabər, daim türk dövlətləri ilə, xüsusən Azərbaycanla da çox maraqlanmışdır.

Sovetlər İttifaqı dağılmağa başlayanda Azərbaycan öz müstəqilliyini əldə etmək üçün daha da canlı hərəkətlər etməkdə idi. Ancaq təəssüflər olsun ki, o zaman Ermənistanın Azərbaycana qarşı təcavüzü başladı. Ermənistan Dağlıq Qarabağı ələ keçirmək üçün Azərbaycana təcavüz etdi. Bizim mənsub olduğumuz sovet hökuməti ədalətsizlik etdi, məsələnin ədalətli həllini təmin etmədi, Ermənistanı dəstəklədi və Azərbaycan ağır günlərə düşdü.

O vaxtlar, o günlərdə, sovet hakimiyyəti zamanında da Türkiyə xalqı, bizim türk qardaşlarımız, dostlarımız oradan öz səslərini qaldırıb, Azərbaycanı müdafiə etmək üçün öz sözlərini dedilər. Xatirimdədir, o vaxtkı qəzetlərdə nə qədər coşğun fikirlər yazılırdı. Yəni biz müstəqilliyimizə yaxınlaşdığımız zaman Türkiyə bunu hiss etdi və bizə öz yardım əlini uzatdı.

Azərbaycana qarşı Ermənistanın təcavüzü başlayandan Türkiyə Azərbaycanla bir olubdur, Azərbaycana dəstək verib, Azərbaycanın haqq işini qiymətləndirib və onu müdafiə edibdir. Beynəlxalq təşkilatlarda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi müzakirə olunarkən Türkiyə həmişə Ermənistanı təcavüzkar kimi qınamış, pisləmişdir. Azərbaycanın təcavüzə məruz qaldığını bəyan etmişdir.

Ancaq Türkiyə-Azərbaycan əlaqələrinin yeni mərhələsi, yeni tarixi Azərbaycan dövlət müstəqilliyini elan edəndən başlayıbdır. Bundan isə səkkiz il keçir. Azərbaycan dövlət müstəqilliyini bəyan edəndə o vaxt baş naziri hörmətli Süleyman Dəmirəl olan Türkiyə Azərbaycanı tanıyan ilk ölkə, dövlət oldu. Ondan sonra isə Azərbaycanın müstəqilliyini tanımaq üçün yollar açıldı.

O zaman, hələ Ermənistan-Azərbaycan müharibəsi gedən zaman, Azərbaycan ilk müstəqillik addımlarını atan zaman Türkiyə bizə dayaq idi, bizə kömək edirdi. Hörmətli Süleyman Dəmirəlin bu sahədə fəaliyyəti və gördüyü işlər əvəzsizdir və yüksək qiymətlidir.

Bu baxımdan Türkiyə ilə Azərbaycanı birləşdirən Naxçıvan Muxtar Respublikasında həm Türkiyə tərəfdən, həm Azərbaycan tərəfdən "Həsrət körpüsü", "Ümid körpüsü" adlanan körpünün qısa müddətdə tikilməsi məhz hörmətli Süleyman Dəmirəlin həm təşəbbüsü, həm də rəhbərliyi, himayəsi ilə başa çatdı.

Mənim xatirimdədir, o vaxt blokada şəraitində olan Naxçıvan ağır günlər keçirirdi. O ağır günlərdə bizə qardaş, dost əlini uzadan Türkiyə və onun lideri hörmətli Süleyman Dəmirəl idi. 1992-ci ilin may ayında həmin "Həsrət körpüsü" tikilib başa çatdırılmışdı. Təsadüfi deyil ki, Azərbaycanın müstəqillik günü olan 28 may günü hörmətli Süleyman Dəmirəl hökumətin bir çox üzvləri, 60-a qədər millət vəkili ilə Azərbaycana-Naxçıvana gəldi. Türkiyə təyyarəsi, Türkiyə baş nazirinin təyyarəsi Naxçıvan torpağına endi və biz "Həsrət körpüsü"nü, "Ümid körpüsü"nü birlikdə açdıq, Türkiyə ilə Azərbaycan arasında ilk yolu aça bildik.

Bütün ötən illərdə Türkiyə-Azərbaycan əlaqələri sürətlə inkişaf edir. Birinci növbədə siyasi əlaqələr, iqtisadi əlaqələr, elmi, insani əlaqələr inkişaf edir. Ən əsası, hər bir türk üçün, hər bir azərbaycanlı üçün önəmlisi odur k, insanlar bir-birinə qovuşub, bir-birini tapıb, 70 ildən sonra bir-biri ilə görüşüblər. Artıq ortada heç bir sərhəd, heç bir sədd yoxdur. Bütün bu illərdə biz Türkiyənin diqqətini, qayğısını və xüsusən əziz dostumuz, qardaşımız Süleyman Dəmirəlin qayğısını həmişə hiss etmişik.

Hörmətli Süleyman Dəmirəl beynəlxalq təşkilatlarda hər dəfə Azərbaycan nümayəndə heyətinə xüsusi diqqət yetirir. Mən olduğum təşkilatlarda biz mütləq görüşürük. Bizim başqa nümayəndə heyətləri olan təşkilatlarda hörmətli Süleyman Dəmirəl mütləq bizim nümayəndələri axtarır, onlara məsləhətlərini verir, sözünü deyir. Onun qəlbi, ürəyi həmişə bizimlə, həmişə Azərbaycanladır.

Bizi sevindirən, bizə böyük ruh verən odur ki, Türkiyə Cümhuriyyəti 75 il ərzində böyük, uğurlu yol keçmişdir. Türk xalqı Mustafa Kamal Atatürkün yaratdığı cümhuriyyəti qorumuş, saxlamış, Atatürk ideyalarına sədaqətini daim nümayiş etdirmişdir. Türkiyə Cümhuriyyəti bu gün dünyanın 65 milyonluq, əzəmətli, qüdrətli və iqtisadi cəhətdən inkişaf etmiş bir ölkəsidir. Türkiyə Cümhuriyyəti Atatürkün vəsiyyətlərini yerinə yetirərək, ölkədə demokratik, hüquqi, dünyəvi dövlət qurubdur. Beləliklə, dünyada, müsəlman aləmində ilk dünyəvi, demokratik dövlət, hüquqi dövlət quran Türkiyə Cümhuriyyətidir.

Biz Türkiyənin bütün nailiyyətləri ilə fəxr edirik. Türkiyənin 75 il ərzində keçdiyi yol bizim üçün, indi dövlət müstəqilliyi yolu ilə gedən Azərbaycan üçün örnəkdir, təcrübə məktəbidir.

Azərbaycan dövlət müstəqilliyini əldə edəndən sonra özünə yol seçib və bu yolla gedir. Azərbaycanda demokratik, hüquqi, dünyəvi dövlət qurulur. Azərbaycan ölkədə bazar iqtisadiyyatını təşkil edir və iqtisadiyyatını bazar iqtisadiyyatı yolu ilə inkişaf etdirir. Azərbaycan qapılarını dünya birliyinə açır və xarici sərmayələrin gəlməsi üçün çox işlər görür. Bunlar hamısı vaxtilə Türkiyənin keçdiyi yollardır. Biz bu gün Türkiyənin bəlkə də 20, 30, 40 il bundan əvvəl keçdiyi yolu keçirik. Ona görə də bu təcrübə bizim üçün çox əhəmiyyətlidir. Xüsusən ölkələrimizin, xalqlarımızın milli, mənəvi dəyərləri, dini dəyərləri eyni olduğuna görə bu təcrübə bizim üçün bütün başqa ölkələrin təcrübəsindən əhəmiyyətlidir.

Türkiyə Cümhuriyyətinin bu qədər yüksəklərə qalxması, şübhəsiz ki, birinci növbədə türk xalqının qəhrəmanlığı, fəadakarlığı, öz dövlətini inkişaf etdirmək əzmi ilə bağlıdır. Eyni zamanda bu, türk xalqının böyük liderlərinin fəaliyyəti ilə bağlıdır. Dünyaya ən böyük şəxsiyyətlərdən birini - Mustafa Kamal Atatürkü bəxş etmiş türk xalqı elə təkcə bununla fəxr edə bilər. Biz də Azərbaycanda fəxr edirik ki, XX əsrdə türk dünyasının belə böyük, dahi şəxsiyyəti olmuşdur.

Türkiyə Cümhuriyyətinin 75 il ərzində keçdiyi ağır, çətin və şərəfli yolun əsasını təşkil edən - Türkiyə dövlətinin, hökumətinin və xalqının Mustafa Kamal Atatürk ideyalarına sadiqliyi olmuşdur. Bunu təmin edən Türkiyə Cümhuriyyətinin, hökumətinin çox dəyərli insanları, liderləri olmuşdur. Bizim dostumuz, qardaşımız hörmətli Süleyman Dəmirəl Türkiyə Cümhuriyyəti ilə bərabər bir ömür yaşamışdır. Yəni, 1923-cü ildə Türkiyə Cümhuriyyəti yaranmış və 1924-cü ildə dünyaya bu gün bizim hamımız üçün əziz olan Süleyman Dəmirəl gəlmişdir.

Həyatının 45 ilini siyasətə, dövlət işinə həsr edən, xalqa xidmət edən Süleyman Dəmirəl çox ağır və çətin yollar keçmiş, böyük çətinliklərlə üzləşmişdir. Onun tərcümeyi-halı, həyat yolu məlumdur. Bu, şərəfli yoldur, qəhrəmanlıq yoludur. Bu böyük, dahi insan yoludur! Bu 45 il ərzində hörmətli Süleyman Dəmirəl türk xalqına, Türkiyə Cümhuriyyətinə sədaqətlə xidmət etmişdir.

Məhz bunlara görə o, siyasi fəaliyyəti, dövlətçilik fəaliyyəti dövründə qarşısında duran hər bir çətinliyin öhdəsindən gələ, hər bir maneəni aradan götürə bilmişdir. Bəzən geriyə çəkilməli olmuş, bəzən müxtəlif qüvvələr onun fəaliyyətini dayandırmağa çalışmışlar. Amma onda olan Atatürk ideyası, Atatürk qəlbi onu həmişə yaşatmış, siyasi fəaliyyətdə yüksəltmişdir. On illərdir ki, hörmətli Süleyman Dəmirəl Türkiyə Cümhuriyyətinin ən yüksək hökumət və dövlət vəzifələrində çox uğurlu fəaliyyət göstərir.

1993-cü ilin may ayında dostumuz Süleyman Dəmirəl Türkiyə Cümhuriyyətinin doqquzuncu prezidenti seçilibdir. Birinci prezident Mustafa Kamal Atatürk, doqquzuncu prezident Mustafa Kamal Atatürkün sadiq tələbəsi, onun işinin sadiq davamçısı hörmətli Süleyman Dəmirəl!

Ötən illər ərzində, Türkiyə Cümhuriyyətinin prezidenti vəzifəsini öz çiynində apardığı son illərdə dostumuz hörmətli Süleyman Dəmirəl Türkiyə Cümhuriyyəti, Türkiyə xalqı üçün çox böyük işlər görmüşdür. Həm Türkiyənin dünyada hörmətini qaldırmaq üçün, həm türk xalqının rifahını yüksəltmək, Türkiyənin iqtisadiyyatını inkişaf etdirmək üçün, həm də Türkiyəni daha da əzəmətli, qüdrətli dövlət etmək üçün çox böyük işlər görmüşdür. Buna görə də türk xalqı ona minnətdardır və Azərbaycan xalqı ona minnətdardır.

Sovetlər İttifaqı dağılandan sonra, türkdilli respublikalar öz dövlət müstəqilliyini əldə edəndən sonra Türkiyə Cümhuriyyətinin və şəxsən hörmətli Süleyman Dəmirəlin türk dünyası qarşısında ən böyük xidmətləri ondan ibarətdir ki, türkdilli dövlətlərin birliyi yarandı. Bu birlik bu gün davam edir, türkdilli dövlətləri bir-birinə daha da yaxınlaşdırır, əməkdaşlığı daha da inkişaf etdirir, bizim müştərək tarixi köklərimizin birlikdə araşdırılmasına və onların aşkara çıxarılmasına, dünyaya göstərilməsinə çox kömək edir. Türkdilli Dövlətlər Birliyinin iştirakçısı kimi Azərbaycan dövlətinin başçısı olaraq mən deyə bilərəm ki, bu birliyin yaranmasında və indiyə qədər fəaliyyət göstərməsində hörmətli Süleyman Dəmirəlin rolu və müstəsna xidmətləri var.

Hər bir müstəqil dövlətin özünün problemləri var - daxili problemlər, xarici problemlər və başqa problemlər. Hər bir türkdilli dövlətin, indi Türkdilli Dövlətlər Birliyinə daxil olan dövlətin də öz problemləri var. Bəzən bu problemlər müəyyən ölkələr arasında ziddiyyətlər də yaradır. Bunlar hamısı ötən illərin təcrübəsidir. Ancaq bu prosesin daimi iştirakçısı kimi mən onu deyə bilərəm ki, bütün türkdilli dövlətlərə ağsaqqallıq edən, onları daim birləşdirməyə çalışan və birləşdirən, öz hörməti ilə bütün bu dövlətləri bir-birinə daha da yaxınlaşdıran bizim əziz dostumuz Süleyman Dəmirəldir.

Azərbaycanın ən ağır, ən çətin problemi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir. Bilirsiniz ki, 1988-ci ildən başlayan bu münaqişə sonra böyük müharibəyə çevrilmişdir. Müharibə nəticəsində Ermənistan silahlı qüvvələri müxtəlif səbəblərdən Azərbaycan torpaqlarının 20 faizini işğal etmişdir. Bir milyondan artıq azərbaycanlı öz yerindən-yurdundan didərgin düşmüşdür, köçkün-qaçqın vəziyyətində yaşayır.

Biz bu məsələni sülh yolu ilə həll etmək istəyirik. 1994-cü ilin may ayında Ermənistanla Azərbaycan arasında atəşkəs haqqında saziş imzalanıbdır. Biz bu sazişi həyata keçirir və atəşkəs rejimini saxlayırıq. Ötən illərdə biz Minsk qrupu tərkibində, beynəlxalq təşkilatlar çərçivəsində, Birləşmiş Millətlər Təşkilatında, İslam Konfransı Təşkilatında, başqa təşkilatların hamısında çox danışıqlar aparmışıq və məsələnin sülh yolu ilə həll olunmasına çalışmışıq.

Türkiyə Cümhuriyyəti, Türkiyə dövləti və şəxsən hörmətli Süleyman Dəmirəl həmişə məsələnin sülh yolu ilə həll edilməsinin tərəfdarı olub və bu sahədə böyük xidmətlər göstəriblər. Birincisi, Türkiyə Minsk qrupunun üzvüdür, ATƏT-in Minsk qrupunun üzvü kimi öz fəaliyyətini daim göstərir. İkincisi, hörmətli Süleyman Dəmirəl bu məsələni daim öz nəzarəti altında saxlayır. Nə qədər biz bu məsələ ilə məşğuluqsa, o qədər də bizim dostumuz hörmətli Süleyman Dəmirəl bu məsələ ilə məşğul olur. Beynəlxalq konfranslarda, xüsusən üç il bundan öncə ATƏT-in Lissabon zirvə görüşündə məhz bizim müştərək işimizin nəticəsində, hörmətli Süleyman Dəmirəllə apardığımız məsləhətləşmələr və əməkdaşlığımız nəticəsində Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həll olunması üçün Lissabon sammitinin çox əhəmiyyətli bir sənədi meydana gəldi.

Ondan sonrakı dövrdə, ötən üç il müddətində də biz apardığımız bütün danışıqlarda, gördüyümüz bütün işlərdə Türkiyə Cümhuriyyəti ilə bir yerdəyik. Bir də qeyd edirəm, hörmətli dostumuz, əziz Süleyman Dəmirəl bu məsələni öz ölkəsinin, öz xalqının, şəxsən özünün doğma işi hesab edir və bu məsələnin həlli üçün əlindən gələni etməyə çalışır.

Bütün bunlara görə biz əziz dostumuz, qardaşımız hörmətli Süleyman Dəmirələ hədsiz minnətdarlıq və qəlbimin dərinliyindən gələn təşəkkürümü bildirirəm.

Əziz dostum, qardaşım Süleyman Dəmirəl çox böyük ürəkli, çox humanist bir insandır. Onun həyat yolu bunu dəfələrlə göstəribdir. Bu, Türkiyənin xaricində yaxşı məlumdur. Anca mən hörmətli dostum Süleyman Dəmirəlin nə qədər böyük insan, böyük ürəkli insan, nə qədər humanist insan olduğunu bütün dövlət fəaliyyətimlə yanaşı, öz şəxsi həyatımda da hiss etdim, bunun şahidi oldum.

Sizə də, bütün dünyaya da məlumdur ki, bu ilin yanvar ayında mən xəstələnən zaman hörmətli Süleyman Dəmirəl dərhal, bir neçə saatdan sonra iki təyyarə ilə Türkiyənin çox hörmətli həkimlərini buraya göndərdi. Ondan sonra mənimlə bir neçə dəfə telefon əlaqəsi saxlayıb məni Türkiyəyə dəvət etdi. Mən orada iki həftə müalicə olundum. Hər gün, hər dəqiqə hörmətli Süleyman Dəmirəlin qayğılarını hiss edirdim. Türkiyənin həkimləri, vətəndaşları - hamısı mənə qayğı göstərdi. Amma bu qayğıların, diqqətin başında duran və hamıya nümunə göstərən hörmətli Süleyman Dəmirəl oldu.

Bu ilin aprel ayında biz Vaşinqtonda idik, bərabər idik, NATO-nun 50 illik yubileyinə getmişdik. Birinci onu deyim ki, Vaşinqtona gələn kimi yenə də bir-birimizlə əlaqəyə girdik. Bütün mərasimlərdə bərabər olduq. Hörmətli Süleyman Dəmirəl orada gözəl nitq söylədi. Çox məmnunam ki, o, mənim nitqimi də sonra çox məmnuniyyət hissi ilə qeyd etdi. Mərasimləri bir yerdə keçirdik. Eyni zamanda böyük İpək yolunun bərpası ilə əlaqədar böyük toplantıda bərabər olduq, başqa yerlərdə birlikdə olduq.

Ancaq bir gün mən son mərasimə getmədim. Dərhal narahat olmuşdu. Sonra mənə söyləyirdi ki, baxdım, nahar yeməyində Heydər Əliyev yoxdur. Fikirləşdim ki, Heydər Əliyev protokola çox hörmət edən adamdır, necə ola bilər ki, gəlməsin? Dərhal maraqlandım, dərhal da məlumat aldım ki, Heydər Əliyev xəstələnib və sonra da xəstəxanaya gedibdir.

Bu nüansı, bu balaca ştrixi, cəhəti sizə çatdırıram. Orada o qədər adamın içərisində Heydər Əliyevin olmadığını o dəqiqə görüb və düşünüb ki, nə üçün yoxdur - axı, o, həmişə olur, protokola hörmət edir. Sonra isə həkimlərdən məlumat alıbdır. Ondan sonra, mən Klivlend xəstəxanasında müalicə olunan zaman mənə daim diqqət və qayğı göstəribdir. Neçə dəfə telefon edib, həkimlərimlə danışıbdır. Atalıq qayğısı, qardaşlıq qayğısı göstəribdir. Bir insan kimi mən bunu heç vaxt, unuda bilmərəm!

Mən Klivlend xəstəxanasından Azərbaycana dönməli idim. Ancaq əziz dostum Süleyman Dəmirəl yenə də mənə qayğı göstərərək telefon etdi, məni Türkiyəyə dəvət etdi. Ankarada bir neçə gün bir yerdə olduq. Ondan sonra Antalyada oldum. Hər gün mənə qayğı göstərdi, məni ziyarət etdi, hər gün mənə telefon etdi. Bilirsinizimi, mən tarixdə hətta doğma qardaşın qardaşa bu qədər qayğısını, diqqətini görməmişdim, hiss etməmişdim və təsəvvür də edə bilməzdim.

Bu, ancaq böyük şəxsiyyətə, müdrik insana, ancaq böyük qəlbi olan insana, nadir insana xas olan xüsusiyyətlərdir. Hörmətli Süleyman Dəmirəl bu xüsusiyyətləri şərəflə daşıyır.

Əziz dostum, qardaşım, Azərbaycanda Sizin haqqınızda şerlər, kitablar yazırlar. Xatirimdədir, mən xəstəxanada olan zaman Siz Azərbaycandan nə qədər məktublar alırdınız. Ondan sonra, Antalyada olduğum zaman nə qədər şerlər alırdınız, gətirib Sizə nə qədər rəsm əsərləri bağışlayırdılar. Nə qədər sadə insanlar Sizi görmək, Sizin əlinizi sıxmaq, əlinizi öpmək istəyirdilər. Bunlar hamısı Sizin Azərbaycana göstərdiyiniz qardaşlıq münasibətinin və Türkiyə-Azərbaycan əlaqələrinin təzahürüdür! Eyni zamanda, Sizin böyük, qayğıkeş insan olmağınızın təzahürüdür!

Bu il noyabr ayının 1-də əziz dostum Süleyman Dəmirəlin 75 yaşı tamam olur. O, mənim üçün və bütün türk dünyası üçün ağsaqqaldır. Amma məndən bir yaş gəncdir. Bu da təbiidir, - ağsaqqallıq yaşla, saqqalın uzunluğu-qısalığı ilə təyin olunmur, insani xüsusiyyətlərlə təyin olunur.

Mən hörmətli Süleyman Dəmirəli Azərbaycana böyük səfərə dəvət etmişdim. O, razılıq vermişdi ki, bir neçə günlük səfər olsun. Azərbaycan xalqı öz qəlbində olan hissiyyatları ona bildirsin, təntənə ilə qarşılasın, Azərbaycanın başqa bölgələrində də olsun. O, mənim bu dəvətimi qəbul etmişdi və sentyabr ayında bu səfər olmalı idi. Amma təəssüflər olsun ki, Türkiyədə baş vermiş zəlzələ, şübhəsiz, buna mane oldu. Bu zəlzələ Türkiyə xalqının dərdi olduğu kimi, bizim də dərdimizdir. Necə Türkiyə xalqı o dərdi-qəmi keçirdi, eləcə də biz keçirdik.

Əziz dostum Süleyman Dəmirəl çox hallarda böyük Atatürkün kəlamlarını deyir ki, Azərbaycanın ələmi bizim ələmimizdir, Azərbaycanın sevinci bizim sevincimizdir. Biz isə, xüsusən bu zəlzələ baş verəndən sonra, deyirik: Türkiyənin ələmi bizim ələmimizdir, Türkiyənin sevinci bizim sevincimizdir.

Biz bu kədəri türk qardaşlarımızla bir yerdə keçirdik və keçiririk. Əlimizdən gələn köməyi etdik və bundan sonra da edəcəyik. Bu gün mən bu münasibətlə Türkiyə Cümhuriyyətinə, türk xalqına bir daha başsağlığı verir və "keçmiş olsun" deyirəm.

Əziz dostumuz, qardaşımız Süleyman Dəmirəl!

Sizin gəlişiniz bizi sevindirir. Amma gedişiniz... şübhəsiz, mən istərdim ki, bu gecə də qalasınız, sabah da qalasınız. Amma imkan yoxdur. Bəlkə də vaxtınızı çox aldım, amma qəlbimdə türk xalqı haqqında, Türkiyə Cümhuriyyəti haqında, Atatürk Cümhuriyyəti haqqında və bu gün Türkiyənin əvəzsiz lideri Süleyman Dəmirəl haqqında o qədər sözlər var ki, ola bilər, hələ bir neçə saat bunları deyə bilərdim. Sadəcə, bilirəm ki, yola düşməlidir.

Sözlərimin sonu olaraq onu demək istəyirəm ki, hörmətli Süleyman Dəmirəl Türkiyə üçün nə qədər əziz, qiymətlidirsə, Azərbaycan üçün da bir o qədər əziz və qiymətlidir. Bu gün o, Türkiyənin ən yüksək nöqtədə duran siyasi xadimi, türk xalqının lideridir. Mən cəsarətlə deyə bilərəm ki, hörmətli Süleyman Dəmirəl bütün türk dünyasının lideridir. Mən inanıram, Azərbaycan xalqı inanır ki, türk xalqı 2000-ci ildə də Süleyman Dəmirələ yenə böyük etimad göstərəcək və o, yenidən prezident olacaq, əbədiyyətə qədər Türkiyənin cümhur başqanı olacaqdır. Azərbaycan xalqının yüzdə yüzü bu arzularla yaşayır, bunu istəyir!

Əziz dostum!

Azərbaycan xalqının, Azərbaycan dövlətinin, müstəqil Azərbaycan dövlətinin sizə olan hissiyyatlarını sizə çatdımaq üçün siz Azərbaycanın ən yüksək ordeni, ən yüksək dövlət nişanı - "İstiqlal" ordeni ilə təltif olunmusunuz.

Fəxr edirəm ki, sizin bu ordenlə təltif olunmağınız haqqında Azərbaycan dövlətinin fərmanını mən imzalamışam. Fəxr edirəm ki, Azərbaycanın bu yüksək "İstiqlal" ordenini sizə təqdim etmək də bu gün mənə nəsib olubdur.

"Azərbaycan" qəzeti, 20 oktyabr 1999-cu il.