Türkdilli Ölkələrin Dövlət Başçılarının VI Zirvə görüşü başa çatdıqdan sonra onun yekunlarına dair Azərbaycan Prezidenti Heydər Əliyevin bəyanatı və birgə mətbuat konfransı - "Gülüstan" sarayı 8 aprel 2000-ci il


Hörmətli xanımlar və cənablar!

Hörmətli mətbuat nümayəndələri!

Bu gün Bakıda, Azərbaycanda əlamətdar bir hadisə baş verdi. Türkdilli dövlətlərin başçılarının VI zirvə görüşü keçirildi və o, uğurla sona çatdı. Keçirilmiş zirvə görüşünün əsas məzmunu və mənası ondan ibarətdir ki, biz bu birliyimizin varlığını bir daha təsdiq etdik, türkdilli dövlətlər birliyinin ötən 8 ildə keçdiyi şərəfli yolu qeyd etdik, əməkdaşlığımızın səmərəli olduğunu bəyan etdik, gələcək işlər üçün fikirlərimizi bildirdik və təkliflərimizi verdik.

Sevindirici haldır ki, bütün dövlət başçıları və məclis başçıları, yəni türkdilli dövlətlərin burada iştirak edən nümayəndələrinin hamısı türkdilli dövlətlər birliyinin işinin gələcəkdə eyni istiqamətdə təşkil olunmasının vacibliyini ifadə etdilər. Biz bir daha əmin olduq ki, türkdilli dövlətlər birliyi xalqlarımız, millətlərimiz üçün lazımdır. Əmin olduq və bir daha inandıq ki, 1992-ci ildə Ankarada bu birliyin təməlini qoyanlar çox böyük işlər görüblər. Bu, Türkiyə Cümhuriyyətinin və bizim əziz dostumuz, qardaşımız Süleyman Dəmirəlin təşəbbüsü ilə olmuşdur. Hamımız bəyan etdik ki, türkdilli dövlətlər birliyinin bu illərdə yaşamasında, inkişaf etməsində və bu qədər yüksək səviyyəyə çatmasında Türkiyə Cümhuriyyətinin xüsusi rolu vardır.

Bu gün bizim hər birimiz hörmətli dostumuz, qardaşımız, Türkiyə Cümhuriyyətinin prezidenti Süleyman Dəmirələ böyük minnətdarlıq hissi ilə müraciət edirik. Çünki bu 8 ildə bu birliyimizin yaşamasında, inkişaf etməsində və bir-birimizə yaxınlaşmağımızda, tarixi köklərimizin araşdırılıb bərpa edilməsində, bütün sahələrdə iş birliyimizin təmin olunmasında Türkiyə Cümhuriyyətinin prezidenti, əziz dostumuz, qardaşımız hörmətli Süleyman Dəmirəlin böyük xidmətləri olmuşdur.

Ona görə də hamımız onun böyük xidmətlərini bir səslə qeyd etdik. Qəbul olunmuş bəyannamədə bu, öz əksini xüsusi olaraq tapdı. Hesab edirəm ki, VI zirvə görüşünün Bakı bəyannaməsi bizim gələcəyimiz üçün mühüm bir proqram xarakteri daşıyır. Biz hamımız bəyan etdik ki, biz bundan sonra da bu yolla gedəcəyik. Yəni türkdilli dövlətlər birliyi var, yaşayır, gələcək üçün lazımdır və gələcək nəsillərə də xidmət edəcəkdir. Mən ancaq bunları deyə bilərəm.

* * *

Sual ("Kaspian investor" jurnalı, Azərbaycan): Mənim sualım Türkiyə prezidentinədir. Cənab Süleyman Dəmirəl, xahiş edirəm deyəsiniz, Azərbaycan qazının Türkiyə bazarına göndərilməsi məsələsinə Türkiyənin münasibəti necədir? Türkiyə bu məsələyə dair yaxın vaxtlarda müqavilə imzalamağa hazırdırmı? Ekspert qrupları bu məsələ üzrə nə vaxt işə başlayacaqlar? Sağ olun.

Heydər Əliyev:  Bəli, artıq məlumdur ki, son vaxtlar Azərbaycanın Xəzər dənizində olan sektorunda 1994-cü ildən aparılan işlər, dünyanın böyük neft şirkətləri ilə apardığımız müştərək işlər Xəzər dənizinin çox zəngin neft və qaz sərvətlərini daha da aydın aşkar edibdir. O cümlədən, 1996-cı ildə "Şahdəniz" neft və qaz yatağı haqqında imzalanmış müqavilənin həyata keçirilməsi 1999-cu ildə o nəticəni veribdir ki, "Şahdəniz" yatağında çox zəngin qaz ehtiyatları vardır.

Əlbəttə, neft kondensatı da var, amma əsas qazdır. İlkin məlumatlara görə, bu ehtiyat 1 trilyon kubmetrdən artıqdır, amma deyirlər ki, ondan da çox olacaqdır.

Ona görə də bizimlə birlikdə, müştərək iş görən xarici neft şirkətləri bu qazın ixrac olunmasını bizim qarşımızda məsələ kimi qoyublar. Bu qazın ixrac olunmasını, əgər mümkündürsə, iki vasitə ilə nəzərdə tuturuq.

Birinci, əgər Türkmənistan qazının Türkmənistan-Xəzər dənizi- Azərbaycan-Gürcüstan-Türkiyə marşrutu ilə getməsi ötən ilin noyabr ayında ATƏT-in İstanbul sammitində imzalanmış müqavilə üzrə həyata keçirilərsə, həmin o qaz kəməri ilə biz də Azərbaycan qazının bir hissəsini ixrac etmək istəyirik və bu barədə həm Türkmənistan ilə, həm də Türkiyə ilə danışıqlar aparmışıq. Amma eyni zamanda, biz Türkiyə ilə danışıqlar aparırıq ki, bununla bərabər, paralel olaraq biz Gürcüstan ərazisindən Türkiyəyə müstəqil bir qaz kəməri çəkək. Əgər biz buna nail ola bilsək, 2002-ci ildə çıxan qazı Türkiyəyə ixrac edə bilərik. İndi bu danışıqlar gedir və hesab edirəm ki, bunlar uğurlu olacaqdır.

Süleyman Dəmirəl: Hörmətli Heydər Əliyevin sözlərinə əlavə olaraq demək istəyirəm ki, Türkiyənin qaza ehtiyacı vardır. Hazırda Türkiyə ildə 10 milyard kubmetr qaz alır. Bunun 6 milyardı Rusiyadandır, 4 milyardın da bir qismi Əlcəzairdən, bir qismi isə Misirdəndir. Hazırda Türkiyənin ildə 25 milyard kubmetr qaza ehtiyacı vardır. Qarşımızdakı on il içərisində ildə 53 milyard kubmetr, önümüzdəki iyirmi ildə isə ildə 83 milyard kubmetr qaza ehtiyac vardır.

Azərbaycanda bu gün nə qədər qaz olsa, Türkiyə onun hamısını almağa hazırdır. Ona görə də biz "Şahdəniz" yatağından çıxacaq qazı gözləyirik. Bizim Türkmənistanla Türkiyəyə 30 milyard kubmetrlik qaz boru xəttinin çəkilməsi barədə müqaviləmiz vardır. Mən on gün əvvəl Türkmənistanda idim. Türkmənistanla Türkiyə arasında anlaşma vardır.

Bu anlaşmaya görə qaz Xəzər dənizindən keçən bir boru xətti ilə Türkiyəyə qədər nəql ediləcək və Türkiyəyə təhvil veriləcəkdir. Türkiyə 30 milyard kubmetr qazın 16 milyardını özü istifadə edəcək, 14 milyardını isə satacaqdır. Amma bunun həyata keçməsi üçün bu xəttin çəkilməsi lazımdır. Bu işi də bir şirkətlər konsorsiumu yaranıbdır, onlar görəcəkdir. Həmin şirkətlər konsorsiumunun da Türkmənistanla anlaşması vardır. Onlar qazı gətirib bizə təhvil verdikdən sonra onu alacağıq. Bunun həyata keçməsi lazımdır.

Hörmətli cümhur başkanı, əziz qardaşım Əliyev də söylədi, - bu 30 milyard kubmetrlik boru xətti ilə 5 milyard kubmetr Azərbaycan qazı, 25 milyard kubmetr də Türkmənistan qazı ixrac olunması barədə Azərbaycanla Türkmənistan danışmışlar. Onu da bildirim ki, Türkiyə Rusiyadan da qaz alır. Qara dənizdən keçən "mavi axın" boru xəttindən də 15 milyard kubmetr qaz alacaqdır. Türkiyənin qaz aldığı ölkələrin bir-biri ilə rəqabət aparması təkcə danışıq deyildir. Türkiyənin ehtiyacları çoxdur. Hansı ölkə Türkiyəyə qaz satmaq istəyirsə, onun hamısını almağa yetərincə hazırdır.

Sual (Qazaxıstan): Mənim sualım Qazaxıstan prezidentinədir. Cənab prezident, Qazaxıstan Bakı-Ceyhan boru kəməri ilə nə qədər neft nəql etmək niyyətindədir?

Nursultan Nazarbayev:  Bakı-Ceyhan neft kəməri problemini biz çoxdan müzakirə edirik. Qazaxıstan İstanbulda bəyannamə imzalamışdır. Qazaxıstanda hazırda çıxarılan neft Şimali Xəzər boru kəməri ilə nəql ediləcəkdir. Lakin biz Xəzər şelfində məhsuldar laya çatmaq ərəfəsindəyik, orada çox böyük miqdarda neft, eyni zamanda qaz var. Şimali Xəzər boru kəmərinin ümumi gücü ilk vaxtlar 48 milyon ton olacaqdır. Qazaxıstan onun vasitəsilə 25 milyon ton neft nəql edə biləcəkdir. Ancaq Qazaxıstan yaxın illərdə 100 milyon tonadək neft ixrac etmək niyyətindədir, buna görə ona digər neft kəmərləri də gərəkdir. Biz bu istiqaməti götürürük. Hansı həcmdə neft nəql ediləcəyini isə bu həcm məlum olduqda bildirəcəyik.

Sual (Qırğızıstan): Əsgər Akayeviç, sammitdə terrorizm və dini ekstremizm problemi müzakirə edildimi? Əgər müzakirə edildisə, sammitin bütün iştirakçıları bu məsələdə həmrəy idilərmi? Sağ olun.

Əsgər Akayev: Terrorizmə, dini ekstremizmə qarşı mübarizədə səylərin birləşdirilməsi bugünkü sammitin əsas məsələlərindən biri idi. Biz bəşəriyyətin və iqtisadiyyatın gələcək sabit inkişafından ötrü təhlükəsizliyi, əmin-amanlığı qoruyub saxlamaq üçün bu bəlaya qarşı mübarizədə səylərimizi birləşdirməyin zəruriliyi məsələsində hamı yekdil olduğuna görə dövlət başçılarına, nümayəndə heyətlərinin başçılarına çox minnətdarıq.

Sual (Türkiyə): Hörmətli Süleyman Dəmirəl, bu, sizin Türkiyəni təmsil etdiyiniz son zirvə toplantısıdır. Belə olan halda hörmətli Saparmurad Niyazov və hörmətli İslam Kərimov bu toplantıda niyə iştirak etmədilər? Bunu necə qiymətləndirirsiniz?

İkinci sualım belədir: Transxəzər qaz boru xəttinə dair anlaşma olmalı idi. Bəlkə Türkmənbaşı bu toplantıda elə buna görə iştirak etməmişdir?

Süleyman Dəmirəl: Burada Türkmənbaşını Səhhət Muradov təmsil edir. O, məclis başkanıdır. Deməli, Türkmənistan bu toplantıda iştirak etmişdir. Yəni Türkmənbaşının əvəzində Məclis sədrinin iştirak etməsi Türkmənistanın iştirak etməsi deməkdir. Burada sənədlərin altına toplantıda kim iştirak edirsə, o da həmin ölkəni təmsil edərək onun adından imza atır.

İkinci sualınıza gəlincə, hörmətli Kərimov hörmətli cümhur başkanı Əliyevə daha öncə məktub yazaraq toplantıda iştirak edəcəyini bildirmişdi. Son zamanlar onun bir sıxıntısı olmuşdur. Onu da burada Məclis başkanı Xəlilov əvəz edir. Yəni bu toplantı öz işini uğurla başa çatdırdı.

Bu toplantıda sonuncu dəfə iştirakım məsələsinə gəldikdə isə, mənim çalışmam hələ davam edir. Mənim çalışmam mayın 16-sı axşama qədər davam edəcəkdir. Demək, mayın 16-sı axşama qədər dövlət başında çalışacağam və həmin müddətə qədər bu xidməti kimsə edə bilməz. Bunda da çaşdırıcı elə bir şey yoxdur.

Sual (Azərbaycan): Sualım hazırkı sədr Heydər Əliyevə və əvvəlki sədr Nursultan Nazarbayevədir. Daimi fəaliyyət göstərən katiblik yaradılması haqqında qərarınızı Sizin ittifaqı strukturca formalaşdırmaq, onu hansısa təşkilati struktura çevirmək arzusu və səyi hesab etmək olarmı? Bu katibliyə nə kimi məsələləri həll etmək səlahiyyəti veriləcəkdir? Sağ olun.

Nursultan Nazarbayev: Ötən il Astanada keçirilmiş beşinci sammitdə biz - dövlət başçıları katiblik yaradılması haqqında təklifi qəbul etdik. Zənnimcə, başlıca vəzifə ondan ibarət idi ki, ümumiyyətlə, qəbul etdiyimiz qərarların icrasına nəzarət edəcək və ya bunu izləyəcək birgə orqanımız olsun və növbəti iclasın hazırlanması, bu iclasların səmərəli olması üzərində daim işləsin, sənədlərin razılaşdırılmasında hamının rəylərini nəzərə alsın. Odur ki, texniki orqan kimi belə bir katiblik, sadəcə, zəruridir. Buna görə də biz onu yaratdıq. Onu Türkiyədə, İstanbulda yerləşdirməyi qərara aldıq. Biz hansısa fövqəlmilli struktur yaradılmasından danışmadıq. Lakin hesab edirəm ki, bu görüşlərimiz özlüyündə çox mühümdür. Görüşlərin özləri, bu və ya digər dövlətdə, qarşılıqlı münasibətlərimizdə meydana gələn problemlər barəsində, hər bir dövlətin rifahı naminə həllinə ölkələrimizin rəhbərlərinin təsir göstərə biləcəyi problemlər barəsində fikir mübadilələri vacibdir. İnteqrasiya, hər hansı birlik yalnız o halda səmərəli ola bilər ki, bu, bütün dövlətlərə sərfəli olsun. Müəyyən bir texniki struktur da bütün rəyləri nəzərə almalıdır.

Heydər Əliyev: Mən Nursultan Abişoviçin dedikləri ilə tam razıyam. Əlavə etməyə sözüm yoxdur. Biz ümumi fikirdəyik. Özü də təkcə biz yox. Bütün dövlət başçıları, bütün nümayəndə heyətlərinin başçıları dövlət başçılarının Astanadakı beşinci görüşündə də, bu gün də yekdil olmuşlar. Məncə, biz düzgün hərəkət etmişik.