Azərbaycanın Beynəlxalq Neft Konsorsiumundakı payının bir hissəsini ABŞ-ın "Eksson" neft şirkətinə verməsi haqqında sənədlərin imzalanması mərasimində Azərbaycan Prezidenti Heydər Əliyevin giriş sözü - "Gülüstan" Sarayı, 19 aprel 1995-ci il


Hörmətli cənab Uilyam Uayt!

Hörmətli cənab Qreq Laflin!

Hörmətli qonaqlar, hörmətli xanımlar və cənablar!

Bu gün biz buraya mühüm bir hadisə münasibətilə toplaşmışıq. Xəzər dənizinin Azərbaycan sektorundakı neft yataqlarının birgə işlənməsi ilə əlaqədar yaranmış beynəlxalq neft konsorsiumuna, ötən ilin sentyabrında imzalanmış neft müqaviləsinə ABŞ-ın yeni böyük bir neft şirkəti - "Eksson" şirkəti də daxil olur. "Eksson" şirkətinin bu konsorsiuma, 1994-cü il sentyabrın 20-də imzalanmış neft müqaviləsinə daxil olması üçün geniş danışıqlar aparılmışdır. Həmin danışıqlar nəticəsində "Eksson"un digər şirkətlərlə müqayisədə neft yataqlarının işlənməsində iştirakı lüzumlu sayıldığına görə bu şirkətlə Azərbaycan Dövlət Neft Şirkəti arasında müqavilənin imzalanmasına dair qərar qəbul olunmuşdur.

"Eksson"un payı konsorsiumda Azərbaycan Dövlət Neft Şirkətinə məxsus olan hissənin 5 faizindən ibarətdir. 1994-cü il sentyabrın 20-də imzalanmış neft müqaviləsində Azərbaycanın payı 20 faiz idi. Həmin hissədən 5 faizi Türkiyənin neft şirkətinə verilmiş, bu barədə müqavilə artıq imzalanmışdır. Yerdə qalan hissədən 5 faizi də ABŞ-ın "Eksson" şirkətinə ayrılıb və biz buraya həmin müqavilənin imzalanması üçün yığışmışıq. Bu barədə danışıqlar aparılıb, şərtlər müəyyənləşdirilibdir. Bunlar həm Azərbaycan Dövlət Neft Şirkəti, həm də "Eksson" şirkəti üçün əlverişli şərtlərdir. Bunun əsasında sənədlər hazırlanıbdır. Mən təklif edirəm ki, ARDNŞ prezidenti Natiq Əliyev, "Eksson Vençers Si-Ay-Es" şirkətinin prezidenti Terri Kunts və digəp rəsmi şəxslər bu sənədləri imzalasınlar.

İmzalanma mərasimindən sonra çıxış

Hörmətli qonaqlar, xanımlar və cənablar!

Mən "Eksson" neft şirkətini, Azərbaycan Dövlət Neft Şirkətini, Amerikadan gəlmiş qonaqları və respublikamızın ictimaiyyətini bu mühüm hadisə - "Eksson" şirkətinin Azərbaycan neft yataqlarının birgə işlənməsində iştirak etməsi haqqında sazişin imzalanması münasibətilə təbrik edirəm.

"Eksson" şirkəti 1994-cü ilin sentyabrında Bakıda imzalanmış müqaviləyə qoşulduqdan sonra Xəzər dənizinin Azərbaycan sektorunda üç neft yatağının - "Azəri", "Çıraq" və "Günəşli" yataqlarının işlənməsində iştirak edən Amerika şirkətlərinin sayı beşə çatmışdır. ABŞ-ın beş böyük neft şirkətinin Azərbaycanla əməkdaşlığa başlaması və bu əlaqələrin uzunmüddətli olması, şübhəsiz ki, ölkələrimiz arasında iqtisadi əlaqələrin inkişafına çox kömək edəcəkdir.

Burada deyildiyi kimi, "Eksson" ABŞ-ın ən böyük neft şirkətidir. O, böyüklüyünə görə dünya neft şirkətləri arasında ikinci yerdə durur. Belə bir nüfuzlu şirkətin Azərbaycan neft yataqlarının işlənməsində iştirakı həm iqtisadi cəhətdən, həm də Azərbaycanın neft sənayesinin inkişafında, ona müasir texnika və texnologiyanın tətbiq olunmasında mühüm rol oynayacaqdır. Ayrı-ayrı neft şirkətləri ilə danışıqlar zamanı məhz bu səbəbdən "Eksson" şirkətinə üstünlük verilmiş və onun təklifləri qəbul olunmuşdur.

Ötən ilin sentyabrında Bakıda imzalanmış neft müqaviləsini "Əsrin müqaviləsi" adlandırırlar. ABŞ prezidenti, hörmətli cənab Bill Klinton mənə yazdığı məktubunda da həmin müqaviləni "Əsrin müqaviləsi" adlandırmışdır. "Eksson" kimi məşhur şirkətin "Əsrin müqaviləsi"nə qoşulması bu müqavilənin nüfuzunu daha da artırır. Ancaq əsas cəhətlər ondan ibarətdir ki, biz bu addımımızla Azərbaycanın dünya iqtisadiyyatı üçün açıq olduğunu və respublikamızın iqtisadiyyatının dünya iqtisadiyyatına qovuşması üçün bizim qəti mövqedə olduğumuzu bir daha sübut edir.

Mən bir daha qeyd etmək istəyirəm ki, ABŞ-ın beş böyük neft şirkətinin Azərbaycanda fəaliyyət göstərməsi Amerika Birləşmiş Ştatları ilə respublikamız arasında olan iqtisadi, ümumiyyətlə, bütün əlaqələrin bundan sonra daha da sürətlə inkişaf etməsi üçün çox böyük şərait yaradır.

Suveren Azərbaycan Respublikası öz dövlət müstəqilliyini qoruyub saxlayaraq, eyni zamanda öz sərvətlərindən səmərəli istifadə etmək üçün dünyanın inkişaf etmiş ölkələri ilə əlaqələri genişləndirməyə çalışır. Bu baxımdan biz respublikamızın ABŞ ilə əlaqələrinə xüsusi fikir veririk.

1994-cü il sentyabrın 20-də burada "Gülüstan" sarayında deyildiyi kimi, mən bir daha bəyan etmək istəyirəm ki, biz bu müqavilədən Azərbaycanın bu günü və gələcəyi üçün böyük iqtisadi nəticələr gözləyirik. Əminəm ki, Azərbaycan xalqı bunun bəhrəsini görəcəkdir.

Cənab Uilyam Uayt İkinci dünya müharibəsi dövründə Amerika Birləşmiş Ştatları və Azərbaycan neftçilərinin fəaliyyətindən danışdı, həmin dəhşətli müharibənin başa çatması və Hitler faşizmi üzərində qələbə çalınması üçün Azərbaycan və ABŞ neftçilərinin əməyinin nə qədər əhəmiyyətli olduğunu qeyd etdi. Bu, tam həqiqətdir ki, İkinci dünya müharibəsi zamanı Sovet İttifaqı Hitler faşizminə qarşı mübarizə apararkən Azərbaycan neftçilərinin xidməti həddindən artıq yüksək olubdur. O illərdə Sovet İttifaqında istehsal olunan neftin 70 faizindən çoxu respublikamızda, Azərbaycan neftçiləri tərəfindən çıxarılırdı. Cənab Uayt qeyd etdi ki, "Eksson" şirkəti də İkinci dünya müharibəsi zamanı ABŞ-da ən çox neft çıxaran şirkət olmuşdur. Mən bu fikirlə tamamilə razıyam ki, əgər "Eksson" şirkətinin çıxardığı neft olmasaydı, Azərbaycan neftçilərinin, respublikamızın həmin illərdə hasil etdiyi neft olmasaydı, o müharibə bəlkə başqa cür qurtara bilərdi.

Çox səciyyəvidir ki, İkinci dünya müharibəsinin qurtarmasının 50 illik yubileyi ərəfəsində Azərbaycan neftçiləri ilə "Eksson" neft şirkəti arasında müqavilə bağlanır, Azərbaycan və "Eksson" neftçiləri birgə fəaliyyətə başlayırlar. Şübhə etmirəm ki, bu fəaliyyət sülh və əmin-amanlıq yaradılmasına, Azərbaycanın və ABŞ-ın xeyrinə, eyni zamanda Qafqazda, bizim regionda gedən müharibəyə son qoyulmasına yönəldiləcəkdir, Azərbaycan xalqının öz müstəqil dövlətində, öz vətənində, öz torpağında əmin-amanlıq və sülh şəraitində rahat yaşaması üçün imkan yaradacaqdır.

Bu istək və arzu ilə mən bu müqavilənin imzalanması mərasiminə toplaşanları bir daha təbrik edirəm, "Eksson" neft şirkətinə və Azərbaycan Dövlət Neft Şirkətinə bu müqavilənin həyata keçirilməsində uğurlar arzulayıram.

Sağ olun, xeyirli və uğurlu olsun!