Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Xocalı soyqırımının səkkizinci ildönümü ilə əlaqədar Azərbaycan xalqına müraciəti - Vaşinqton, 25 fevral 2000-ci il


Əziz həmvətənlər!

Bəşər tarixinə insanlığa qarşı öz vəhşiliyinə və qəddarlığına görə ən dəhşətli kütləvi terror hadisələrindən biri kimi düşmüş Xocalı soyqırımının törədilməsindən səkkiz il keçir. 1992-ci ilin o qanlı fevral gecəsində ən müasir texnika ilə silahlanmış Ermənistan hərbi birləşmələri keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının köməyi və bilavasitə iştirakı ilə Azərbaycanın Xocalı şəhərini yerlə-yeksan edərək yüzlərlə köməksiz, günahsız dinc əhaliyə divan tutmuş, uşaqlara, qadınlara və qocalara belə aman verməmişlər.

XX əsrdə ermənilər tərəfindən Azərbaycan xalqına qarşı dəfələrlə təcavüz edilib, soryqırımı törədilibdir. Onlardan ən dəhşətlisi Xocalıda baş vermişdir. Bu faciə bütün Azərbaycan xalqını sarsıtmış, xocalılara ağır mənəvi zərbə olmuşdur. Ancaq xocalılar hətta genosid günündə belə özünü əsl qəhrəman kimi aparmış, son damla qanlarına qədər qeyri-bərabər döyüşdə igidliklə vuruşmuş və bu şəhərin ölməzlik tarixini yaratmışlar.

Xocalı faciəsinin baş verməsində Azərbaycanın o vaxtkı rəhbərliyi, hakimiyyət orqanları böyük məsuliyyət daşıyırlar. Uzun müddət mühasirə şəraitində, güclü düşmənlə üzbəüz, mərdliklə vuruşan yerli əhalidən fərqli olaraq, hər bir vətəndaşın müdafiəsini təmin etməyə borclu olan respublika rəhbərliyi o zaman tam fəaliyyətsizlik və xalqın taleyinə biganəlik göstərmiş, əsas diqqəti hakimiyyət uğrunda müğarizəyə yönəltmişdir. Ən acınacaqlısı odur ki, sonralar da Xocalı hadisələrindən erməni terrorçularının vəhşi əməllərinin mahiyyətini ifşa etmək istiqamətində deyil, siyasi çəkişmələrdə istifadə olunmuşdur.

Xocalıda misli görünməmiş qəddarlıqla, vəhşiliklə törədilmiş dinc əhalinin qırğınının dünyanın hər hansı guşəsində baş verməsinin qarşısını almaq üçün Xocalı həqiqətləri, ümumiyyətlə, Azərbaycan xalqının ədalətsizcəsinə cəlb olunduğu Ermənistan-Azərbaycan müharibəsinin bütün məşəqqətləri dünya ictimaiyyətinə hərtərəfli çatdırılmalı, onların qəti, birmənalı mövqelərini bildirmələri üçün ciddi və məqsədyönlü iş aparılmalıdır.

Heç şübhə yoxdur ki, Azərbaycan dövlətinin bütün sülhsevər addımları, təşəbbüsləri, xüsusilə son illər ərzində Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması və Dağlıq Qarabağ probleminin həlli istiqamətində apardığı məqsədyönlü siyasət işğal edilmiş torpaqlarımızın azad olunmasına, dövlətimizin ərazi bütövlüyünün bərpa olunmasına, soydaşlarımızın, o cümlədən qəhrəman xocalıların öz doğma yurduna qayıdacağına böyük ümid verir.

İnanıram ki, bu gün xalqımız müstəqil Azərbaycan dövlətində daha da mətinləşib və dövlətimizin müstəqilliyini qoruyub saxlamaq, işğal olunmuş torpaqlarımızın azad edilməsi uğrunda yenilməz mübarizə aparmaq əzmindədir. Sizi əmin etmək istəyirəm ki, Azərbaycan dövləti xalqımızın bu müqəddəs amallarının gerçəkləşməsi yolunda var qüvvəsini sərf edəcək, soydaşlarımıza qarşı törədilmiş qanlı cinayətlərin, o cümlədən Xocalı faciəsinin bütün günahkarlarının lazımınca cəzalandırılması üçün bütün tədbirləri görəcəkdir.

Bu milli matəm günündə Xocalı faciəsinin günahsız qurbanlarının müqəddəs ruhu qarşısında baş əyirəm, onların ailələrinə və yaxınlarına, bütün xalqımıza başsağlığı verirəm və şəhidlərimizə Tanrıdan rəhmət diləyirəm!

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.

"Azərbaycan" qəzeti, 26 fevral 2000-ci il.