Ruminiya prezidenti İon İliyeskunun şərəfinə verilmiş rəsmi ziyafətdə nitq - 27 mart 1996-cı il


Hörmətli cənab prezident! Hörmətli qonaqlar, xanımlar və cənablar! Rumıniya prezidenti cənab İon İliyeskunun Azərbaycan Respublikasına rəsmi səfəri əlamətdar bir hadisədir. Azad, demokratik Rumıniyanın prezidenti ilk dəfədir ki, müstəqil Azərbaycana rəsmi səfər edibdir. Bunun böyük mənası, əhəmiyyəti var. Bu, bir tərəfdən Rumıniyanın dünyada yeni keyfiyyətlərini, digər tərəfdən Azərbaycan Respublikasının dövlət müstəqilliyinin Dünya Birliyində özünəməxsus yerini nümayiş etdirir. Tam qətiyyətlə demək olar ki, bu gün Rumıniyanın prezidenti və onu müşayiət edən nümayəndə heyəti ilə bərabər biz burada, Bakıda Rumıniya ilə Azərbaycan arasındakı əlaqələrin gələcək inkişafı üçün çox əhəmiyyətli işlər görmüşük. Birinci onu qeyd etmək lazımdır ki, bizim danışıqlarımız Rumıniya-Azərbaycan danışıqları dostluq, mehribanlıq, qarşılıqlı anlaşma şəraitində keçibdir. Danışıqlar zamanı Rumıniyanın və Azərbaycanın mənafelərinə uyğun və eyni zamanda ölkələrimiz, dövlətlərimiz arasında əməkdaşlığı inkişaf etdirmək üçün zəruri olan məsələlər müzakirə edilibdir. Məhz bunların nəticəsində Rumıniya ilə Azərbaycan arasında dostluq münasibətlərinin, əlaqələrinin və bir çox sahələrdə əməkdaşlığımızın inkişaf etdirilməsi üçün çox lazımlı müqavilələr, sazişlər imzalandı. İmzalanmış müqavilələr, sazişlər Rumıniya-Azərbaycan münasibətlərinin gələcək inkişafı üçün hüquqi zəmin əsasında şərait yaradıbdır. Şübhəsiz ki, bunlar bizim gələcək işlərimizə çox böyük kömək edəcəkdir. Bu gun Azərbaycan torpağında, Bakıda baş vermiş bu hadisələr, əldə olunan bu nailiyyətlər münasibətilə qonaqları və bu salona toplaşanların hamısını, Azərbaycan Respublikasının vətəndaşlarını səmimi qəlbdən təbrik edirəm. Rumıniya-Azərbaycan əlaqələri, onun gələcəyi üçün demək olar ki, yeni mərhələ açılıbdır. Bizim borcumuz, vəzifəmiz açılmış bu yollardan, imkanlardan səmərəli istifadə etmək və Rumıniya-Azərbaycan əlaqələrini daha yüksək səviyyələrə qaldırmaqdan ibarətdir. Bunun üçün yaxşı əsas - Rumıniya- Azərbaycan əlaqələrinin böyük tarixi var. Keçmişdən bizim əməkdaşlığımız, əlaqələrimiz haqqında çox faktlar gətirmək olar. Ancaq mən bir neçəsini xatirinizə salmaq istəyirəm. Rumıniya da, Azərbaycan da qədim neft ölkələridir. Neft sənayesi sahəsində keçmişdə bizim çox sıx əlaqələrimiz, əməkdaşlığımız olubdur. Azərbaycan neftçiləri 50-ci illərdə neft yataqlarının istismarı işində əməkdaşlıq, dostlara kömək üçün Rumıniyanın Ployeşti vilayətində fəaliyyət göstəriblər. Rumıniyanın Piteşti şəhəri ilə Azərbaycanın Sumqayıt şəhəri arasında dostluq əlaqələrinin və qardaşlaşmanın da çox böyük tarixi var. Elm, mədəniyyət, incəsənət, texnika sahəsində də bizim əməkdaşlığımızın çox parlaq səhifələri var. Bunlar hamısı keçmişə aiddır, bu gün bizim əməkdaşlığımız üçün yaxşı bir təməldir. Ancaq bugünkü əlaqələrimiz tam başqa xarakter daşıyır. Bu, demokratik, azad Rumıniya ilə müstəqil, azad Azərbaycan Respublikası arasında olan dostluq əlaqələridir. Biz bu əlaqələri yüksək qiymətləndiririk və dostlarımızı əmin edə bilərəm ki, biz bu dostluq əlaqələrinə daim sadiq olacağıq. Rumıniya Avropanın böyük ölkəsidir. Dünya Birliyində onun özünəməxsus yeri var. Rumın xalqının çox qədim, zəngin tarixi var. Rumın xalqı dünya mədəniyyətinə, sivilizasiyasına çox dəyərli töhfələr vermişdir. Bu xalq öz böyük tarixi dövründə çox çətinliklərlə rastlaşmış, yadelli qəsbkarların hücumlarına məruz qalmış, onlarla vuruşmuş, öz azadlığı, müstəqilliyi uğrunda daim mücadilələr aparmışdır. Rumın xalqı tarixin bütün mərhələlərindən keçərək öz milli mənliyini, azadlığını qorumuş, öz ənənələrini qoruyub saxlamış, milli mədəniyyətini daim inkişaf etdirmişdir. 1989 cu il dekabr inqilabından sonra rumın xalqının, Rumıniyanın həyatında yeni böyük mərhələ açılmış, böyük dəyişikliklər meydana gəlmiş, Rumıniya dünya demokratiyasının nümunələrindən istifadə edərək azadlıq, demokratiya yolu ilə inkişaf etməyə başlamışdır. Məlumdur ki, Rumıniya bu yol ilə gedərkən böyük çətinliklərlə rastlaşır. Ancaq rumın xalqı öz müdrikliyi, cəsarəti ilə bu çətinliklərin hamısının öhdəsindən gəlir. Rumıniyada demokratik təsisatların yaranması, iqtisadi, ictimai-siyasi islahatların keçirilməsi və bütün başqa tədbirlər Dünya Birliyi tərəfindən, o cümlədən Azərbaycan xalqı tərəfindən çox böyük hüsn rəğbətlə qarşılanır. 1989-cu il dekabr inqilabında və ondan sonrakı dövrdə Rumıniyanın həyatında ölkənin prezidenti, bizim dostumuz çənab İon İliyeskunun çox böyük xidmətləri var. Cənab İon İliyeskunun həyat yolu, Rumıniya xalqı qarşısında xidmətləri çox şərəflidir. Azərbaycanda biz bunu yaxşı bilirik. Ona görə də o, başqa yerlərdə olduğu kimi, Azərbaycan ictimaiyyətində də böyük ehtiram və hörmət qazanıbdır. Rumın xalqının həyatındakı ən çətin illərdə - 1989-cu ilin dekabr inqilabı zamanı yə ondan sonrakı illərdə bütün bu inqilabi hərəkata məhz bizim dostumuz İon İliyesku rəhbərlik etmişdir. Bu fəaliyyəti onun həyatda tutduğu mövqe ilə bağlıdır. Bu mövqe azadlıq, istiqlaliyyət, demokratiya, insan hüquqlarına hörmət mövqeyidir. Məlumdur ki, keçmiş illərdə cənab İon İliyesku bu keyfiyyətlərinə, siyasi dünya-baxışına görə, bu fəaliyyətinə görə bir çox tənqidlərə məruz qalmışdır. Ancaq о heç vaxt öz iradəsindən dönməmişdir.

Nəhayət, onun mövqeyi, onun tutduğu yol qalib gəlmiş və o, neçə ildir ki, Rumıniya xalqına, dövlətinə rəhbərlik edir. Son illər cənab İon İliyesku ilə mənim aramda yaranmış dostluq əlaqələrindən çox məmnun olduğumu bildirirəm. Ancaq onun Azərbaycan xalqı ilə dostluğunun tarixi daha da böyükdür. İctimaiyyətimiz də bunu bilməlidir ki, hələ 43 il bundan əvvəl, 1953-cü ildə cənab İon İliyesku Azərbaycanın o vaxt ən böyük tikintisi olan Mingəçevir su-elektrik stansiyasının tikilməsində bilavasitə iştirak edibdir. O vaxt Mingəçevirə gələndə cənab İon İliyesku Moskva Energetika İnstitutunun tələbəsi olmuşdur. İndi isə o, Azərbaycana rəsmi səfərə hörmətli qonaq, Rumıniyanın prezidenti kimi gəlibdir. 43 il bundan əvvəl yaranmış münasibətlər indi bərpa olunur və yüksək səviyyələrə qalxır. Azərbaycanın qarşısında duran problemlər haqqında biz bu gün danışıqlarımızda və mətbuat konfransımızda çox ətraflı söhbət apardıq. Bir daha qeyd edirəm, Azərbaycan müstəqil dövlət kimi öz müstəqilliyini çox yüksək qiymətləndirir. Azərbaycan Respublikasında demokratik, hüquqi, sivilizasiyalı dövlət qurulur, cəmiyyət yaranır. Azərbaycan iqtisadi islahatlar yolu ilə gedir, öz iqtisadiyyatını islahatlar, bazar münasibətləri yolu ilə inkişaf etdirməyə çalışır. Azərbaycan Dünya Birliyində özünə layiq yer tutubdur və bundan sonra da layiqli yer tutmağa çalışacaqdır. Azərbaycan sülhsevər ölkədir. Azərbaycan dünyada sülh istəyir, bölgəmizdə sülh istəyir, ölkəmizdə sülh istəyir. Azərbaycan ölkəmizin həyatını bu gün çox çətinləşdirən, ağırlaşdıran və faciəvi hala salan Ermənistan-Azərbaycan münaqişəsinin də sülh yolu ilə həll olunmasına çalışır. Güman edirəm ki, Rumıniya ilə Azərbaycan arasında yaranmış dostluq əlaqələri bu problemlərin həll olunmasında Rumıniya ilə əməkdaşlığımıza arxalanmağımıza daim imkan verir. Əmin olduğumu bildirmək istəyirəm ki, Rumımya ilə Azərbaycan arasında yaranmış dostluq əlaqələri bundan sonra da inkişaf edəcək və əbədi olacaqdır. Mən rumın xalqına, Rumıniya dövlətinə Azərbaycan xalqı adından yeni müvəffəqiyyətlər arzulayıram. Rumıniyada bu ilin payızında parlament, prezident seçkiləri olacaqdır. Bizim dostumuz cənab İon İliyeskuya, rumın xalqına bu seçkilərdə uğurlar diləyirəm. Rumın xalqının, Rumıniya dövlətinin, rumın xalqının xoşbəxt gələcəyinin, dövlət başçısı, prezident cənab İon İliyeskunun, Rumıniya Azərbaycan dostluğunun şərəfinə. Sağ olun.

Tarixi arayış