Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin ümumrespublika həmrəylik mitinqində çıxışı - Azadlıq meydanı, 5 oktyabr 1994-cü il


Hörmətli həmvətənlər, əziz bacılar və qardaşlar! Sevimli Azərbaycan xalqı!

Son günlər Azərbaycanın həyatında mürəkkəb hadisələr baş vermiş, cəmiyyətimiz çox gərgin vəziyyətə düşmüşdür. Bununla əlaqədar olaraq mən Azərbaycan xalqına dəfələrlə müraciət etmişəm. Müstəqil Azərbaycan dövlətinin qorunması üçün Azərbaycan xalqından ayağa qalxmağı rica etmişəm. Mən xalqa həmişə ümid bəsləmişəm, həmişə də xalqa güvənmişəm. Xalqın nə qədər qüdrətli və müdrik olduğunu daim bilib yəqin etmişəm. Odur ki, bu günlərdə Azərbaycan xalqı öz sıx birliyini, həmrəyliyini bir daha nümayiş etdirib, bir daha bildirir ki, milli azadlığa nail olan Azərbaycan xalqı yenilməzdir, mətindir, cəsarətlidir.

Azərbaycan xalqı milli azadlığa çıxdıqdan sonra, Vətənimiz müstəqil dövlət olduqdan sonra biz çox ağır və mürəkkəb, keşməkeşli yollar keçmişik. Bu yolumuzda həm müstəqilliyimizin qarşısını almağa çalışan qüvvələr – ölkəmizin istər xaricində, istərsə də daxilində olan qüvvələr, eləcə də ayrı-ayrı qruplar bu fürsətdən istifadə edərək öz şəxsi mənafelərini, öz şəxsi məqsədlərini həyata keçirmək üçün dəridən-qabıqdan çıxır. Müstəqilliyimizə əngəl törətməyə can atır, müstəqilliyimizə təcavüz edir, zərər vururlar.

Odur ki, ötən bu illər ərzində həyatımız mürəkkəb və ağır olmuşdur. Ancaq bizə bir şey təskinlik verir, bir şey bizi sevindirir ki, Azərbaycan xalqı bütün bu çətinliklərdən, ağır sınaqlardan şərəflə, namusla, qeyrətlə çıxacaq, bundan sonra qarşılaşacağımız maneələri də bax, beləcə dəf edəcək, Azərbaycanın müstəqilliyi uğrunda iri addımlarla, inamla irəliləyəcəkdir.

Dünən milli televiziya və radio ilə müraciətimdən sonra bütün Azərbaycan xalqı ayağa qalxmışdır. Saysız-hesabsız teleqramlar gəlir, saysız-hesabsız adamlar zəng vururlar. Vətənimizin bütün bölgələrində, bütün rayonlarında və yaşayış məntəqələrində həmrəylik mitinqləri keçirilir, bütün el-oba, bütün xalq öz həmrəyliyini bildirir. Xalq Vətənimiz Azərbaycanın müstəqilliyini qorumaq əzmindədir, bu amal, bu ülvi məqsəd naminə ayağa qalxmışdır. Elə bu gün də buraya bakılılarla yanaşı, Azərbaycanın neçə-neçə şəhər və rayonlarından nümayəndələr gəlmişlər.

Əziz bacı və qardaşlarım, əziz həmvətənlərim, mən sizi bu Azadlıq meydanında səmimi-qəlbdən, xoş arzularla salamlayıram, bu gün buraya toplaşdığınıza görə, Azərbaycanın müstəqilliyini qorumağa qətiyyətlə hazır olduğunuza görə sizə minnətdarlığımı və təşəkkürümü bildirirəm. Çox sağ olun.

Son günlərdə baş vermiş hadisələr Azərbaycanın müstəqilliyini puça çıxarmağa, onu müstəqillik yolundan döndərməyə, bu yolla irəliləyişinin qarşısını almağa, ölkəmizin daxili ictimai-siyasi sabitliyini pozmağa yönəldilmiş əməllərdir. Onu da bilin ki, bu hadisələr ümumiyyətlə, Azərbaycanı dağıtmaq, parçalamaq, ölkəmizi müstəqil bir dövlət kimi məhv etmək üçün qurulan planların bir hissəsidir. Qoy hamı bilsin və əmin olsun ki, bu bəd niyyətlərin və bu çirkin planların heç birisi həyata keçməyəcəkdir! Azərbaycan xalqı buna yol verməyəcəkdir! Azərbaycan müstəqil bir dövlət kimi yaşayacaqdır!

Son aylar Azərbaycanımızın istər daxilində, istərsə də xaricində ayrı-ayrı mətbuat orqanları Azərbaycanda guya dövlət çevrilişi hazırlandığı barədə aləmə car çəkmiş, məlumat vermişdir. Sözün düzü, mən bəzən bu xəbərlərə inanmırdım, bəzən də çox soyuqqanlılıqla yanaşırdım. Ona görə ki, mən bilirdim və bu gün bir daha təsdiq olundu ki, xalqımız öz müstəqil dövlətini qorumağa qadirdir və heç bir qüvvə Azərbaycanda dövlət çevrilişi edə bilməz.

Üç gün bundan qabaq Azərbaycan polisinin xüsusi təyinatlı dəstəsinin bəzi qrupları tərəfindən qanunsuz hərəkətlər nəticəsində törədilmiş silahlı qarşıdurma sülh yolu ilə dayandırıldı. Halbuki vəziyyət son dərəcə gərgin idi. Mən başa düşürdüm ki, o gəncləri, o cavanları yoldan çıxaranlar var, pis yola çəkənlər var, onları öz əllərində alətə çevirib idarə edən olduqca mənfur və düşmənçilik məqsədləri güdən qüvvələr var. Ona görə də mən çalışdım, səy göstərdim, nə qədər vaxt sərf etdik, qayğı göstərdik ki, bu məsələləri aydınlaşdıraq. Aydınlaşdırdıq da!

Bəli, mən çalışdım, özü də var qüvvəmlə çalışdım, nəticədə münaqişəni sülh yolu ilə aradan qaldırmağa müvəffəq olduq. İndi bu problem daha mövcud deyildir. Xüsusi Təyinatlı Polis Dəstəsi əlindəki silahların bir qismini təhvil vermişdir və qalan hissəsini də təhvil verəcəkdir. Azərbaycanın qeyrətli və təpərli vətəndaşları kimi, onlar əvvəllər cəbhədə necə vuruşmuşdularsa, bundan sonra da Azərbaycan Respublikasının müstəqilliyi uğrunda döyüşəcək, əzmlə çalışacaqlar.

Lakin bilməlisiniz ki, son vaxtlar Azərbaycanda baş vermiş faciəli hadisələr, bir daha deyirəm, Vətənimizin suverenliyinə, müstəqilliyinə qarşı yönəldilmiş təcavüzdür, əməllərdir. Dörd cani həbsxanadan qaçırılıbdır. Bu, çox alçaq, dəhşətli hadisədir. Bundan sonra Azərbaycanın iki dövlət xadimi – Afiyəddin Cəlilov və Şəmsi Rəhimov qəddarcasına qətlə yetirilmişlər. Bu da faciədir. Bu, siyasi terrordur. Bu, təkcə o adamların həyatına qarşı deyil, bütün Azərbaycanın müstəqilliyinə qarşı, müstəqil siyasətimizə qarşı yönəldilmiş siyasi terror hərəkətidir.

Nəhayət, son günlər baş vermiş hadisələrin hamısı kənardan təhrik edilmiş, daxili düşmənlər tərəfindən hazırlanmış planlar əsasında həyata keçirilmişdir. Bu planların bəziləri Moskvada qurulmuşdur. Mən Moskva dedikdə Azərbaycandan qaçan, Azərbaycana xəyanət edən Ayaz Mütəllibov kimi, Vaqif Hüseynov kimi düşmənləri nəzərdə tuturam.

Siz bilməlisiniz ki, onlar və onlarla əlaqəyə girən cinayətkar qüvvələr indi Azərbaycanda fəaliyyətə başlamışlar. Amma qoy onlar da, hamı da bilsin ki, biz bütün bu əməllərin qarşısını almışıq və alacağıq da. Onlar öz mənfur əməllərini burada heç vaxt həyata keçirə bilməyəcəklər. Onlar törətdikləri cinayətlər üçün gəlib Azərbaycan xalqı qarşısında cavab verməli, mühakimə olunmalıdırlar!

Cinayətlərdən ən dəhşətlisi terrordur, xüsusən də siyasi terror. Bəzi qüvvələr mənim də əleyhimə terror hərəkətləri hazırlayır. Bildiyiniz kimi, ötən ilin payızında Bakıda bir terrorçu qrup yaxalandı və bu terrorçular mühakimə edildilər. Çünki onlar mənim həyatıma sui-qəsd törətməyə hazırlaşmışdılar. Məhz həmin anda, yəni cinayət başında yaxalandılar. Xalq Cəbhəsinin bəzi adamları Həsən Toku adlı bir nəfər Türkiyə vətəndaşını aldadıb gətirmiş və burada mənim həyatıma sui-qəsd etmək istəmişdilər. Amma onların mühakimə edilməsindən bəziləri lazımi nəticə çıxarmadı, buna görə də yenidən terrora əl atmağa çalışırlar. Şübhə yoxdur ki, xalqımız buna yol verməyəcəkdir. Lakin xalq da bilsin ki, mən Azərbaycanın müstəqilliyi uğrunda, Vətənimizin suverenliyi uğrunda, torpaqlarımızın bütövlüyü uğrunda var qüvvəmlə çalışmışam və heç bir terrordan, heç bir hədə-qorxudan vahiməyə düşüb geri çəkilməyəcəyəm.

Bu gün çox təəssüf hissi ilə demək istəyirəm ki, mənim həyatıma sui-qəsd etmək istəyən həmin o terrorçu cinayətkarlardan iki-üç nəfəri Kələki kəndində gizlənir. Onlar keçmiş prezident Əbülfəz Elçibəyin başına toplaşıblar. Mən Azərbaycanın milli azadlığı uğrunda mübarizədə Əbülfəz Elçibəyin xidmətlərini qiymətləndirirəm. Ancaq yenə də deyirəm ki, heç kəs silaha əl atmamalıdır, heç kəs terrorla məşğul olmamalıdır. Bütün silahlı dəstələr tərksilah edilməlidir. Ona görə də bu gün mən siyasi terror yolu tutan adamlara nifrətimi bildirir və bütün xalqı onları ifşa etməyə çağırıram.

Sizi əmin edirəm ki, Afiyəddin Cəlilovun, Şəmsi Rəhimovun həyatlarına qəsd edən canilər də tapılacaq və cəzasını alacaqlar. Bu, bütün terrorçulara xəbərdarlıqdır. Qoy onlar bilsinlər ki, bu dəhşətli cinayətlər ayrı- ayrı şəxslərin həyatına deyil, müstəqil Azərbaycana qarşı yönəldilmiş xəyanətdir. Bu xəyanətlərə əl atanlara ar olsun!

Çox təəssüf ki, son günlər yaranmış vəziyyətdən bəzi düşmən qüvvələr Gəncə şəhərində də istifadə etdilər. Çox təəssüflər olsun! Lakin biz dünən axşam burada baş vermiş hadisəni sülh yolu ilə həll etdiyimiz vaxtda mənə məlumat gəldi ki, Gəncədə iri bir silahlı dəstə şəhəri işğal edib, burada dövlət çevrilişi həyata keçirmiş, dövlət orqanlarını tutmuş, bütün giriş-çıxış yollarını kəsmiş, hava limanını, vağzalları zəbt etmiş və qanunsuz hərəkətlərə yol vermişdir. Mən bundan xəbər tutan kimi onu araşdırmağa başladım. Gəncə ilə rabitə əlaqəsi saxlamaq çox çətin idi, çünki bütün rabitə xətləri kəsilmişdi. Bunu kim etmişdir? Nə üçün edib?

Mən baş nazir Surət Hüseynova zəng vurdum. Bildiyiniz kimi, o gəncəlidir, orada onun tərəfdarları, silahlı qüvvələri var, – təəssüf ki, onlar qanunsuz silahlı qüvvələrdir. Buna görə də mən ona müraciət etdim. Ona dedim ki, Gəncədə belə bir hadisə baş vermişdir. Surət Hüseynov dedi ki, xəbərim yoxdur, məsələni araşdıraram. Bir azdan bir daha xahiş etdim ki, bu məsələ ilə məşğul ol, gör nə işdir. Cavab verdi ki, araşdırdım, orada bu işi Xüsusi Təyinatlı Polis Dəstəsi görmüşdür.

Bir azdan məlumat aldım ki, bu, XTPD deyil, orada olan gizli silahlı dəstələrdir və onlara da Surət Hüseynova yaxın olan ayrı-ayrı şəxslər başçılıq edirlər. Bundan başqa, Nazirlər Kabinetində, Surət Hüseynovun yanında işləyən adamlar oraya gedərək, bu əməllərə başçılıq etmişlər. Mən bunu eşidən kimi Surət Hüseynovu yanıma çağırdım ki, gəlsin birlikdə aydınlaşdıraq görək nə məsələdir. Ancaq təəssüf ki, o, yanıma gəlmədi. Bundan sonra onunla telefon vasitəsilə əlaqə saxlaya bilmədim. Mən televiziya ilə çıxış edib bu barədə qısa məlumat verəndən sonra o, mənə zəng vurdu. Mən ona bildirdim ki, belə işlər yaramaz. Axı biz bir dövlətdə, bir yerdə işləyirik. Dövlət rəhbərliyində olan şəxs dövlət çevrilişində iştirak etməməlidir. Buna görə də bir daha dəvət etdim ki, yanıma gəlsin. Amma o, yenə də gəlmədi. İndi yanımdadır. Mən hər şeyi açıq deyirəm.

Heç bir şeyi gizlətmirəm. Mən belə hadisələri pisləyirəm. Bizim içərimizdə belə şeylər olmamalıdır.

Gəncədə baş vermiş bu hadisələrin qarşısını almaq üçün biz ordunun gücündən istifadə etməyə məcbur olduq. Dünən axşamdan ordu orada əməliyyat keçirməyə başladı. Əməliyyat nəticəsində bu cinayətkarlar – Gəncədə dövlət çevrilişi etmiş adamların bir qismi yaxalandı, bəziləri qaçdı. O cümlədən Surət Hüseynovun qohumu, bu işə rəhbərlik edən Kəramət də qaçıb. Ancaq görün, bu cür cinayətlər bizə nə qədər zərbə vurur. Həmin gecə keçirilən əməliyyatda ordumuzun üç nəfər cavan döyüşçüsü həlak oldu: çavuş Aqil Musayev, çavuş Natiq Məmmədov, çavuş Elnur Nuriyev – biri Qazaxdan, biri Zaqataladan, digəri Zəngilandan. Bu çavuşlar, bizim gənc döyüşçülərimiz bu cinayəti aradan qaldırmaq üçün vuruşaraq qəhrəmancasına həlak olublar. Mən onların ruhu qarşısında baş əyirəm. Allah onlara rəhmət eləsin. Onların xatirəsini bir dəqiqəlik sükutla yad etməyi xahiş edirəm.

Allah onlara rəhmət eləsin. Qəbirləri nurla dolsun. Valideynləri bilsinlər ki, onlar Azərbaycanın müstəqilliyini qorumaq uğrunda həlak olublar. Buna görə də mən bu gün öz fərmanımla ordunun bu üç gənc döyüşçüsünə "Azərbaycanın Milli Qəhrəmanı" adı vermişəm. Bu əməliyyatlara rəhbərlik edən komandirlər Rövşən Əkbərov və Fəxrəddin Cəbrayılov Azərbaycanın yüksək mükafatları ilə təltif olunublar.

Cinayətkarların bəziləri təəssüf ki, qaçıblar. Amma bir qismi həbs olunub, indi artıq Bakıya gətirilib, istintaq aparılacaq və bu dövlət çevrilişini edən adamların hamısı cinayət məsuliyyətinə cəlb olunacaqdır.

Əziz həmvətənlər, indi görün, vəzifə uğrunda, hakimiyyət uğrunda öz bəd əməllərini həyata keçirmək üçün çirkin yollara gedən adamlar cəmiyyətimizə, ölkəmizə, millətimizə nə qədər zərbələr, yaralar vurublar. Onların hamısına nifrət olsun!

Həmin bu qüvvələr dünən Yevlaxda, Xanlar rayonunda da aranı qarışdırmaq, hakimiyyəti dağıtmaq istəyiblər. Ancaq bunların qarşısı alınıb. Yevlax yun zavodunun direktoru – bu işlərlə məşğul olan adam qaçıb, axtarışdadır. Bunlar hamısı bir daha göstərir ki, bizim içərimizdə öz şəxsi mənafeləri üçün Azərbaycanın daxili sabitliyini pozan adamlar var. Ancaq bu gecə keçirilən əməliyyat onu göstərir ki, Azərbaycan dövləti, onun silahlı qüvvələri, dövlətin gücü yüksək dərəcədədir və hər bir təxribatçı, qiyamçı qüvvələrin qarşısını ala bilərik, alacağıq və belə çirkin hərəkətlərin yerinə yetirilməsinə yol verməyəcəyik!

Azərbaycanda baş verən bu hadisələr bütün dünya ictimaiyyətinin diqqət mərkəzindədir. Dünyanın bütün informasiya orqanları son günlər Bakıdakı vəziyyət və hadisələrlə əlaqədar məlumatlar verirlər. Eyni zamanda dünya dövlətləri Azərbaycan dövləti ilə həmrəy olduqlarını bildirirlər. Bu gün burada bizim sıralarımızda xarici ölkələrin Bakıdakı səfirləri də vardır. Onlar da bizimlə birlikdə buraya gəliblər. Ona görə də xarici ölkələrin Azərbaycandakı səfirlərinə, diplomatlarının hamısına təşəkkürümü bildirirəm, onları salamlayıram. Bu ağır gündə bizimlə bir yerdə olduqlarına görə minnətdarlığımı bildirirəm. Sağ olsunlar.

Dünyanın böyük dövlətlərinin başçıları və dövlət orqanları bu barədə bəyanatlar vermişlər. Türkiyənin Prezidenti cənab Süleyman Dəmirəl dərhal mənə telefonla zəng edib, bizimlə həmrəy olduğunu bildirib. Amerika Birləşmiş Ştatlarının Dövlət Departamenti, İngiltərənin Xarici İşlər Nazirliyi, Fransanın, İranın və başqa ölkələrin xarici siyasət orqanları öz dövlətləri adından bəyanatlar veriblər. Bu gün səhər Rusiya Prezidenti Boris Yeltsinin şəxsi nümayəndəsi onun tapşırığı ilə mənə zəng edib və bildirib ki, Rusiya hökuməti, onun Prezidenti burada baş verən hadisələri çox narahatlıqla izləyirlər, cinayətkarları pisləyirlər və Azərbaycan dövlətinin fəaliyyətini bəyənirlər.

Beləliklə, biz dünyanın böyük ölkələrinin, dünya ictimaiyyətinin Azərbaycanda gedən hadisələrə marağını görürük. Eyni zamanda dövlət başçılarının Azərbaycan dövlətini dəstəklədiklərini də görürük. Bütün bunlara görə mən bu gün bizimlə həmrəy olan dövlət başçılarına, dövlət orqanlarına öz təşəkkürümü, minnətdarlığımı bildirirəm. Əziz həmvətənlər, sizin bu meydana toplaşmağınız, dünən gecə səhərədək Prezident Aparatının qarşısında keçirilən mitinq, bugünkü mitinq, rayonlarda, şəhərlərdə gedən mitinqlər bir daha göstərir ki, Azərbaycan xalqı bu ağır dövrdə, Ermənistanın bizə qarşı təcavüzünün gücləndiyi bir dövrdə, torpaqlarımızın 20 faizinin işğal edildiyi bir dövrdə, Azərbaycanda bir milyondan artıq qaçqın olduğu bir dövrdə, respublikamızın sosial-iqtisadi vəziyyətinin ağır olduğu bir dövrdə bütün əzab-əziyyətlərə dözür, dövlətimizin müstəqilliyi uğrunda çalışır və hamı həmrəydir.

Bu həmrəyliyə görə, Azərbaycanın müstəqilliyi naminə göstərdiyiniz xidmətlərə görə, bu gün, dünən gecə mitinqlərə toplaşdığınıza görə, burada dövlətin haqqında, mənim ünvanıma dediyiniz sözlərə görə sizə təşəkkür edirəm, minnətdarlığımı bildirirəm. Ancaq mən xahiş edirəm biləsiniz, düşmən hələ yenə də daxili ictimai-siyasi sabitliyimizi pozmaq, iqtisadiyyatımıza zərər vurmaq, Azərbaycanın müstəqilliyinə qəsd etmək istəyir. Ona görə də biz daha sıx birləşməliyik, daha sayıq olmalıyıq, hər bir hadisəyə ciddi münasibət göstərməliyik. Çalışmalıyıq ki, bundan sonra respublikamızda belə hadisələr baş verməsin. Mən sizə arxalanıram, mən sizə güvənirəm. Azərbaycan xalqının ən böyük problemi müharibədən çıxmaqdır.

Bildiyiniz kimi, apardığımız danışıqlar, siyasət nəticəsində beş aya yaxındır ki, atəş dayandırılmışdır. Cəbhələrdə atəş yoxdur. Biz bu müddətdən istifadə edirik ki, böyük sülh əldə edək, məsələni sülh yolu ilə həll edək, torpaqlarımızı geri qaytaraq. Biz müharibə aparmaq istəmirik. Mən bunu bütün dünyaya bəyan etmişəm. Bu günlərdə ABŞ-da olarkən Birləşmiş Millətlər Təşkilatının tribunasından demişəm, Amerika Birləşmiş Ştatlarının Prezidenti hörmətli cənab Bill Klintonla danışıqlarımda, başqa dövlət xadimləri ilə görüşlərimdə də demişəm, bu gün də deyirəm: biz sülh istəyirik.

Biz müharibəni sülh yolu ilə qurtarmaq istəyirik. Ancaq bir şərtlə – Azərbaycanın işğal olunmuş torpaqları geri qaytarılmalıdır, Ermənistan silahlı qüvvələri Azərbaycan torpağından çəkilməlidir, qaçqınlarımız öz yerlərinə qayıtmalıdırlar, Azərbaycanın ərazi bütövlüyü təmin olunmalıdır, o cümlədən Şuşa, Laçın rayonları azad edilməlidir, Azərbaycan sərhədlərinin toxunulmazlığı təmin olunmalıdır. Biz bu şərtlər əsasında danışıqlar aparırıq və bundan sonra da aparacağıq. Mən əminəm ki, sizin göstərdiyiniz etimadla bu danışıqları başa çatdırıb sülh yaradacağıq. Biz sülh tərəfdarıyıq, biz sülh istəyirik. Azərbaycan xalqı sülhsevərdir. Biz bundan sonra da sülh yolu ilə gedəcəyik.

Ancaq bu məsələləri həll etmək üçün, Azərbaycanı sosial-iqtisadi böhrandan çıxarmaq üçün respublikamızın hər yerində ictimai-siyasi sabitlik lazımdır. Mən hamıdan xahiş edirəm, hamıya müraciət edirəm: hərə öz yerində vətəndaşlıq, vətənpərvərlik borcunu yerinə yetirsin, ictimai-siyasi sabitliyi qorusun, hamımız birləşib Azərbaycan üçün ən böyük problem olan müharibənin qurtarması problemini, torpaqlarımızın azad olunması problemini həll edək. Mən sizi bu yola dəvət edirəm, sizinlə bir yerdəyəm, sizə güvənirəm, sizə arxalanıram.

Əziz həmvətənlər, bacılar, qardaşlar! Mən sizi bağrıma basıram, sizi qucaqlayıram. Sizin bu günlərdəki dəyanətinizə, cəsarətinizə, qəhrəmanlığınıza görə, vətənpərvərliyinizə görə, yüksək vətəndaşlığınıza görə hər birinizə öz hörmət və ehtiramımı bildirirəm, hər birinizə təşəkkürümü bildirirəm. Mən bir daha bütün Azərbaycan xalqını həmrəyliyə dəvət edirəm, bütün siyasi qüvvələri, siyasi partiyaları, ictimai-siyasi təşkilatları həmrəyliyə dəvət edirəm. Bütün ağsaqqalları, bütün hörmətli adamları həmrəyliyə dəvət edirəm. Mən Azərbaycanın gənclərinə güvənirəm, onları milli həmrəyliyə dəvət edirəm.

Mən İslam dininin xadimlərinə müraciət edirəm. Onları sülh, əmin-amanlıq yaratmaq üçün Azərbaycanın milli, mənəvi dəyərlərindən istifadə edərək xalqımızı milli birliyə çağıran işə dəvət edirəm. Sizin hamınızı birliyə dəvət edirəm. Hamınıza öz hörmət və ehtiramımı bildirirəm. Hamınızı öpürəm, qucaqlayıram. Hamınıza hörmətimi bildirirəm.

Azərbaycanın müstəqilliyi uğrunda irəli!

Qəhrəman Azərbaycan xalqına eşq olsun!

Yaşasın müstəqil Azərbaycan Respublikası!

Sağ olun.