Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Türkiyə Respublikasının Baş naziri Məsud Yılmaza M.Ə.Rəsulzadə adına BDU-nun Fəxri doktoru diplomunun təqdim edilməsi mərasimində çıxışı - 15 aprel 1996-cı il


Hörmətli baş nazir, əziz dostumuz, qardaşımız Məsud Yılmaz!

Hörmətli qonaqlar, hörmətli xanımlar və cənablar!

Böyük tarixə malik olan Bakı Dövlət Universitetinin həyatında bu gün yeni bir əlamətdar hadisə baş verir. Dünyanın böyük siyasətçilərindən biri, Türkiyə Cümhuriyyətinin böyük partiyalarından birinin başçısı, Türkiyənin baş naziri Məsud Yılmaz Bakı Dövlət Universitetinin Fəxri doktoru adına layiq görülübdür. Hörmətli baş nazir, mən bu münasibətlə sizi ürəkdən təbrik edirəm, sizə cansağlığı, xoşbəxtlik arzulayıram, dövlət işinizdə, siyasi və elmi fəaliyyətinizdə yeni uğurlar diləyirəm.

Bakı Dövlət Universitetini təbrik edirəm ki, о öz böyük tarixi səhifələrini yazır və universitetin fəxri doktorları artır, dünyanın tanınmış siyasi xadimləri, elm xadimləri, dövlət xadimləri BDU-nun fəxri doktorları dəstəsinə daxil olurlar. Bu, BDU üçün də böyük fəxrdir, böyük şərəfdir. Mən sizi təbrik edirəm.

BDU-nun 75 illik tarixində çox böyük hadisələr baş vermişdır. Ancaq ən böyük hadisə, ən böyük nəticə ondan ibarətdir ki, 1919-cu ildə ilk Azərbaycan Demokratik Respublikasının hakimiyyəti dövründə yaranan bu universitet son illərdə müxtəlif mərhələlərdən keçərək yaşamış və bu günlərə böyük elm, yüksək təhsil potensialı ilə gəlib çıxmışdır. Azərbaycan xalqının həyatında, onun ali təhsilinin inkişafında, elminin inkişafında BDU böyük xidmətlər göstərmişdir. BDU Azərbaycanda ali təhsil sisteminin yaranmasında, demək olar, liderlik etmiş və bu təhsil ocaqlarına, necə deyərlər, analıq, atalıq etmişdir. Məhz BDU-nun fəaliyyəti nəticəsində son illərdə Azərbaycanda yeni-yeni universitetlər, ali təhsil ocaqları yaranmışdır ki, onların da hamısı Azərbaycan xalqının, Azərbaycan millətinin mədəniyyətini, elmini, təhsilini ınkişaf etdirmiş və xalqımızın bu gün dünya xalqları arasında ən yüksək yer tutmasına xidmət etmişdir.

BDU öz elmi nailiyyətləri ilə fəxr edə bilər. Onun məzunları, bu universitetdə təhsil almış və buradan böyük həyata elmi həyata, siyasi həyata, mədəni həyata qovuşmuş insanlar indi həm Azərbaycanda, həm də onun hüdudlarından kənarlarda böyük işlər görür, Azərbaycan xalqına çox böyük fayda gətirirlər. Ona görə də mən bu gün bu fürsətdən istifadə edərək BDU-nun professor-müəllim heyətini, onun bütün nəsillərini böyük məmnuniyyət hissi ilə, böyük minnətdarlıq hissi ilə xatırlayıram və bu gün ağır, çətin dövrdə BDU-da fəaliyyət göstərən, fədakarlıq edən professor-müəllim heyətinə öz hörmət və ehtiramımı bildirirəm.

Respublikamız öz həyatının çox ağır bir dövrünü yaşayır. Bu, bizim üçün həm ağır, həm də çox əhəmiyyətli bir dövrdür. Azərbaycan öz dövlət müstəqilliyini qurub yaradır, özü üçün yeni həyat qurur. Bu, keçid dövrüdür. Bu dövrün təbii çətinlikləri var, iqtisadi çətinlikləri var. Başqa çətinliklər də var. Bu zaman elm adamları, təhsil adamları şübhəsiz ki, bir çox çətinliklərlə qarşılaşırlar. Mən bu gün qeyd etmək istəyirəm ki, bizim professorlarımız, alimlərimiz, müəllimlərimiz bütün bu çətinliklərə sinə gərir və bütün bu ağırlıqları öz üzərlərinə götürərək, onlara dözərək öz müəllim adını, alim adını şərəflə daşıyırlar və ümidvaram ki, bundan sonra da daşıyacaqlar.

Bilirsiniz ki, tarix həmişə cürbəcür mərhələlərdən ibarət olubdur. Bizim bu dövrümüz də daim belə ağır və çətin olmayacaqdır. Azərbaycanın müstəqil dövlət kimi çox gözəl gələcəyi var. О gözəl, о xoşbəxt, о firavan gələcəyə biz hamımız birlikdə getməliyik. Bu gələcəyə nail olmaq üçün birlikdə çalışmalıyıq. Mən əminəm ki, biz bütün qüvvələrimizi birləşdirərək, bütün bu çətinliklərə sinə gərərək bu ağır mərhələdən keçəcəyik, müstəqil Azərbaycan ayaqları üstündə möhkəm duracaq, yaşayacaq və onun elmi, ali təhsili, mədəniyyəti bundan da yüksək zirvələrə qalxacaqdır.

Biz öz elmimizlə, ali təhsilimizlə fəxr edə bilərik, 75 il ərzində BDU, Azərbaycanın elmi, mədəniyyəti böyük, şərəfli, əzab-əziyyətli yol keçibdir, ancaq çox yüksək səviyyələrə qalxıbdır. Biz keçmişdə qapalı idiksə, indi dünyaya açılmışıq. Dünya da bizim üzümüzə açılıbdır. Ona görə də öz elmi, mədəni səviyyəmizi dünyanın hər bir ölkəsinin elmi, mədəni, təhsil səviyyəsi ilə müqayisə etmək imkanı qazanmışıq. Obyektiv müqayisə etsək, biz artıq bunu görürük. Dərk edirik ki Azərbaycanın elmi, ali təhsili, mədəniyyəti ümumdünya səviyyəsindən heç də geri qalmayıbdır. Bir çox sahələrdə Azərbaycan ümumdünya elm, təhsil, mədəniyyət nailiyyətlərinin ən ön cərgələrində gedibdir. Bu da Azərbaycan xalqının həm fitri istedadı, həm də əldə etdiyi elmi, mədəni, ali təhsil potensialının parlaq nümayişidir. Biz bununla fəxr edə bilərik.

Azərbaycanın alimləri, müəllimləri, yüksək səviyyəli mütəxəssisləri artıq dünyanın bir çox ölkələrində müvəffəqiyyətlə fəaliyyət göstərirlər. Ayrı-ayrı adamlar bunu bəzən mənfi hal hesab edirlər. Bəzən deyirlər ki, respublikamızda vəziyyət ağırdır, ona görə də insanlar burada yaşaya bilmir və xaricə gedirlər. Doğrudur respublikamızda iqtisadi vəziyyət ağırdır. Doğrudur, insanların bir çoxunun yaşayışı çox çətindir. Ancaq eyni zamanda əgər Azərbaycan alimi, professoru, müəllimi gedib Türkiyə, Amerika, Almaniya universitetlərində dərs deyə bilirsə, biz bunu böyük iftixar hissi ilə qəbul etməliyik. Mən hesab edirəm ki, biz buna görə heç də darıxmamalıyıq, əksinə, sevinməliyik.

Türkiyə ilə Azərbaycan arasında dostluq və qardaşlıq əlaqələri haqqında dünən də, bu gün də biz çox geniş danışdıq. Ancaq nə qədər danışsaq da, nə qədər gözəl sözlər desək də, Türkiyə ilə Azərbaycan arasında həm tarixi keçmişimizi, həm də bugünkü əlaqələrimizi tam təsvir edə bilməyəcəyik. Hörmətli qonağımız cənab Məsud Yılmaz öz nitqində Azərbaycan alimlərinin, musiqiçilərinin, bəstəkarlarının Türkiyədə tanınması haqqında, fəaliyyəti haqqında çox gözəl xatirələr söylədi, çox gözəl faktlar gətirdi. Bu, həqiqətdir. Həqiqət ondan ibarətdir ki, əsrlər boyu xalqlarımız bir-biri ilə sıx əlaqədə olmuş, birbirinə kömək etmiş, arxa durmuşlar. Məhz buna görə də heç təsadüfi deyil ki, Azərbaycanın bir çox görkəmli şəxsiyyətləri tarixin ayrı-ayrı mərhələlərində Türkiyədə fəaliyyət göstərmiş, orada öz istedadlarını tamamilə büruzə verə bilmişlər, həm Türkiyə xalqı qarşısında həm də Azərbaycan xalqı qarşısında böyük xidmətlər göstərmişlər. Onların hamısı bizim dostluğumuzun, qardaşlığımızın böyük tarixidir, rəmzidir. Biz onlarla fəxr edə bilərik. Çunki Türkiyə-Azərbaycan dostluğu həm Türkiyə üçün, həm də Azərbaycan üçün ən əziz, ən önəmli amildir. Biz bu dostluğu qoruyub saxlamalıyıq və bu gün də, dünən də keçirilən görüşlər, aparılan danışıqlar bir daha sübut etdi ki, bu dostluq, bu qardaşlıq sarsılmazdır, əbədidir.

Bu gün Türkiyənin baş naziri hörmətli Məsud Yılmazın və onu müşayiət edən hörmətli qonaqlarımızın Bakı Dövlət Universitetinə gəlməsinin özü əlamətdar bir hadisədir. Burada, bu salonda Azərbaycan ziyalılarının - alimlərinin, müəllimlərinin çox gözəl nümayəndələri oturablar. Onlar buraya böyük hörmət, ehtiram hissi ilə toplaşıblar. Onlar buraya toplaşıblar ki, Azərbaycan xalqının, Azərbaycan ziyalılarının Türkiyəyə olan hörmət və ehtiramını bir daha ifadə etsinlər. Onlar buraya toplaşıblar ki, Türkiyə-Azərbaycan dostluğunun möhkəmlənməsinə çalışsınlar. Mən sizin hamınıza öz hörmət və ehtiramımı bildirirəm, bu fürsətdən istifadə edib, sizinlə bir daha görüşdüyümə görə məmnun olduğumu bildirirəm. Bakı Dövlət Universitetinə gələcək fəaliyyətində yeni uğurlar arzulayıram.

Əmin olduğumu bildirmək istəyirəm ki, Türkiyənin baş naziri hörmətli Məsud Yılmaz BDU-nun Fəxri doktoru diplomunu, bu yüksək adı alandan sonra onun həm Azərbaycana, həm Azərbaycan elminə, həm də BDU-ya bəslədiyi hisslər artacaq və bütün bunlar Türkiyə Azərbaycan dostluğunun daha da yüksəklərə qalxmasına xidmət edəcəkdir.

Mən hörmətli qonağımız, baş nazir Məsud Yılmazı bu əlamətdar hadisə münasibətilə bir daha təbrik edirəm. Hörmətli dostumuz, sizə cansağlığı, xoşbəxtlik, bütün işlərinizdə uğurlar diləyirəm.