Zaqafqaziyadakı Rusiya qoşunlarının komandanı general-polkovnik Fyodor Reutla görüşdə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin çıxışı - 6 yanvar 1994-cü il


Belə düşünürəm ki, biz, bəlkə də, bundan əvvəl görüşməli idik. Ona görə ki, əvvəla, Zaqafqaziya bölgəsi qarşılıqlı surətdə bağlı olan bölgədir. İkincisi isə Siz Gürcüstanda və Ermənistanda yerləşdirilmiş Rusiya qoşunlarına komandanlıq edirsiniz. Lakin görüşməyimizə şərait heç cür imkan vermirdi. Respublikamızın mənafeləri ilə bağlı məsələləri aramızda yaxşı münasibət olan Gürcüstan Respublikası ilə qarşılıqlı surətdə həll etmək üçün mən Eduard Şevardnadze və bu respublikanın digər rəhbərləri ilə görüşmüşəm. Onlar buraya gəlmişdilər, iqtisadi əməkdaşlıqla əlaqədar, xüsusən enerji təchizatında Gürcüstana kömək göstərilməsinə aid bir çox məsələlər həll olunmuşdur. Biz Ermənistanla, təəssüflər olsun, müharibə vəziyyətindəyik. Sizin qoşunlar - Rusiya Federasiyasının qoşunları həm Gürcüstan ərazisində, həm də Ermənistan ərazisində yerləşdirilmişdir. Biz əlbəttə, ünsiyyətsiz keçinə bilmərik. Doğrudur, aramızda telefon söhbətləri olmuşdur, nümayəndələrimiz Sizinlə görüşmüşlər. Lakin biz, zənnimcə, daha sıx əlaqə saxlamalıyıq ki, qarşılıqlı münasibətlərimizdə hər hansı bir qüsura yol verilməsin. Ona görə ki, əlaqə olduqda, görüşlər keçirildikdə məsələləri həll etmək daha asandır, əlaqə olmadıqda isə hər hansı kiçik məsələ böyüyüb iri problemə çevrilir, halbuki, ola bilsin, onun heç o qədər də əhəmiyyəti yoxdur.

Bizim respublikanın Gürcüstanla elə bir problemi yoxdur. Bizim bu dövlətlə tarixən təşəkkül tapmış dostluq, mehriban qonşuluq münasibətlərimiz var. Hərçənd bizi bütövlükdə Gürcüstanda vəziyyət narahat edir, ona görə ki, biz qonşu ölkədə baş verən hadisələrə biganə qala bilmərik. Lakin bizi Gürcüstanda yaşayan azərbaycanlıların vəziyyəti xüsusilə narahat edir. Onlar isə Gürcüstanda çoxdur, bizdə olan məlumata görə, orada təxminən 600 min nəfər azərbaycanlı var və bəzi rayonlarda - məsələn, Marneuli, Bolnisi, Dmanisi, Qardabani rayonlarında yığcam halda yaşayırlar. Bizə olduqca həyəcanlı xəbərlər gəlir: bəzən ayrı-ayrı azərbaycanlılara qarşı zorakılıq, ədalətsizlik faktları və s. barəsində. Bu məsələ ilə əlaqədar nümayəndələrimiz oraya getmişdilər. Dövlət katibi Lalə-Şövkət Hacıyeva Gürcüstana xüsusi olaraq səfər etdi. O, Dmanisi və Marneuli rayonlarında oldu. Gürcüstan rəhbərliyi ilə görüşdü. Azərbaycanın Gürcüstanla bəzi qonşu rayonlarının nümayəndələri qonşu respublikaya gedərək, Marneuli və Dmanisi rayonlarının sakinlərinə humanitar və ya maddi yardım aparmışlar. Ancaq təəssüf ki, bütün bunlar hələ də heç bir nəticə vermir. Mən Eduard Amvrosiyeviç Şevardnadze ilə telefonla danışdım. O dedi ki, qayda-qanunun təmin edilməsi, bu rayonların Azərbaycan millətindən olan sakinləri üçün lazımi şərait yaradılmasından ötrü tədbirlər görülür.

Fürsət düşmüşkən, mən Sizə də xahişlə müraciət edirəm. Gürcüstan ərazisində, o cümlədən bu bölgədə sizin qoşun hissələriniz olduğuna görə istərdim Siz bu məsələyə diqqət yetirəsəniz. Azərbaycan millətindən olan bu şəxslər Gürcüstan vətəndaşlarıdır, əsrlərdən bəri orada yaşayırlar. Gürcüstan onların vətəni, doğma torpağıdır. Odur ki, onların təhlükəsizliyini, normal həyatını və əmək fəaliyyətini təmin etmək lazımdır. Bəzi əlamətlər bizi çox narahat edir. Mən bunu Eduard Amvrosiyeviç Şevardnadzeyə demişəm. Orada baş verən bəzi mənfi halların qarşısı alınmasa, bunlar daha ciddi çətinliklərə gətirib çıxara bilər. Vəziyyət mürəkkəbləşdikdə nələr baş verdiyini biz Sizinlə Qarabağ münaqişəsi deyilən münaqişənin timsalında yaxşı görürük. Bu münaqişə genişlənərək hazırda Ermənistan ilə Azərbaycan arasında aşkar hərbi əməliyyatlara çevrilmişdir. Buna görə də Sizə mənim ilk xahişim bundan ibarətdir. İstərdim ki, Siz buna diqqət yetirəsiniz. Mən Azərbaycan dövləti adından dəfələrlə bəyan etmişəm və bu gün də Sizinlə görüşümdən istifadə edərək bildirirəm: biz bu məsələnin dincliklə həll olunmasına tərəfdarıq. Biz istəyirik ki, müharibə qurtarsın, o demək olar, altı ildir ara vermir. Elə ötən illər bütün dünyaya inandırıcı şəkildə nümayiş etdirdi ki, bu müharibə istər Azərbaycan xalqına, istərsə də erməni xalqına müsibətlər gətirmişdir. Bu müharibə Ermənistandakı ekstremist qüvvələrin ümid etdikləri nəticələri verməyəcəkdir. Buna görə də dünya təcrübəsinə, siyasi təcrübəyə əsaslanaraq demişəm və deyirəm ki, bu məsələni sülh yolu ilə həll etmək lazımdır. Biz Ermənistanın bir metr də olsa ərazisini tutmamışıq, amma erməni silahlı birləşmələri - Siz hərbi adamsınız, bunu çox yaxşı bilirsiniz - Azərbaycan ərazisinin, o cümlədən onun keçmiş Dağlıq Qarabağ Vilayətinin hüdudlarından kənardakı ərazisinin təxminən 20 faizini işğal etmişlər. Erməni tərəfinin qələmə verməyə çalışdığı kimi, guya bu müharibənin Dağlıq Qarabağdakı erməni azlığının mənafelərinin müdafiəsi üçün aparıldığını güman etsək, onda necə başa düşmək olar ki, əvvəla, Dağlıq Qarabağın özündən 50 min azərbaycanlı qovulmuşdur, erməni silahlı birləşmələri Dağlıq Qarabağın hüdudlarından kənarda isə yeddi rayonumuzu - Laçın, Kəlbəcər, Ağdam, Füzuli Cəbrayıl, Zəngilan, Qubadlı rayonlarını işğal etmişlər, bu rayonların sakinləri ağır vəziyyətdədir, onların çoxu çadırlarda yaşayır. Onların yerləşdirildiyi rayonlarımıza gedib baxa bilərsiniz. On illər boyu, yüz illər boyu bu rayonlarda toplanmış, yaradılmış maddi sərvətlər talan edilmiş, dağıdılmışdır. Bu, erməni silahlı birləşmələri tərəfindən törədilmiş vəhşilikdir. Əlbəttə, bunu dünya, zənnimcə, heç kimə və heç vaxt bağışlamayacaqdır. Dünya təcavüzü, təcavüzkarları bağışlamır.

Buna görə də mən bildirmişəm və bu fürsətdən istifadə edərək bildirirəm, şəxsən Sizə deyirəm, hərçənd Azərbaycan rəhbərliyinin bəyanatı Sizə məlumdur, biz bu məsələnin dincliklə həllinə tərəfdarıq, amma bir şərtlə ki, erməni silahlı birləşmələri Azərbaycan ərazisini, ən əvvəl keçmiş Dağlıq Qarabağ Vilayətinin hüdudlarından kənarda olan rayonları qeydsiz-şərtsiz tərk etməlidirlər. Belə təkliflər verilmişdir, yenə də verilir. Lakin təcavüzkarlar müvəqqəti, təkrar edirəm, müvəqqəti hərbi üstünlükdən istifadə edərək düşünürlər ki, əbədi olaraq belə qalmaq mümkündür. Mən dekabrın 24-də Aşqabatda MDB dövlətləri başçılarının görüşündə bəyanat verməli oldum. Siz onunla tanışsınız. Bu bəyanat onunla bağlı idi ki, Azərbaycan sentyabrın 24-də MDB-nin tərkibinə daxil oldu. MDB-nin tam hüquqlu üzvü olmaq üçün Kollektiv Təhlükəsizlik haqqında müqaviləni imzaladı. Ermənistan da MDB-nin tərkibindədir. Buna görə də mən Aşqabatda bəyanat verərək bildirdim ki, əgər daxili təhlükəsizlik təmin edilməsə, xarici qüvvələrin mümkün hücumlarından bu birliyin təhlükəsizliyini təmin etməkdən söhbət gedə bilməz. MDB ölkələrinin kollektiv təhlükəsizliyi ola bilməz.

Buna görə də orada dedim, MDB-yə daxil olan müstəqil ölkələrin ayrı-ayrı rəhbərləri ilə söhbətlərdə də təkrar etdim ki, biz bu vəziyyətlə barışa bilmərik və zənnimcə, bu bəyanat öz nəticəsini verməlidir. Bunu Sizə ona görə deyirəm ki, Kollektiv Təhlükəsizlik haqqında müqaviləni imzalayarkən biz Birliyin bütün ölkələrinin, o cümlədən də Azərbaycanın və Rusiyanın, başqa dövlətlərin silahlı qüvvələrinin əməkdaşlığının məhz bu prinsipini əsas götürmüşük.

Siz Rusiyanın Gürcüstandakı və Ermənistandakı qoşunlarını təmsil edirsiniz. Ona görə də sizdən xahiş etmək istərdim ki, Ermənistandakı bəzi dairələrin bu sərsəmlikdən əl çəkmələri üçün öz imkanlarınızdan, nüfuzunuzdan istifadə edəsiniz. Bir daha təkrar edirəm, biz məsələnin sülh yolu ilə həllinə tərəfdarıq, sülh tərəfdarıyıq, müharibənin, hərbi əməliyyatların dayandırılmasına tərəfdarıq.

Son günlər şiddətli hərbi əməliyyatlar gedir. Bizim bunda təqsirimiz yoxdur, çünki bir ay - ay yarımdır ki, təcavüzkarlar Azərbaycan ərazisinin içərilərinə daha da irəliləmək, yeni-yeni rayonlarımızı işğal etmək planları hazırlayırlar. Bəlkə də əvvəllər buna nail ola bilərdilər, lakin indi bunu edə bilmirlər, kifayət qədər güclü müqavimətə rast gəlirlər. Bu da, əlbəttə, hərbi əməliyyatlara gətirib çıxarır, hər iki tərəfdən itkilər var, son vaxtlar silahlı qüvvələrimiz erməni birləşmələrinin hücumlarını layiqincə dəf edirlər. Yəqin ki, Sizə məlumdur ki, onlar həm canlı qüvvə, həm də texnika sarıdan böyük itkilər verirlər. Axı, bu nəyə lazımdır? Bu bizə lazım deyildir. Biz hücum etmirik, öz ərazimizdə müdafiə olunuruq, onlar bizim torpağımıza soxulmuşlar.

Ona görə də, sözün düzü, narazılığımı bildirmək istəyirəm. Birlik ölkələrindən olan dostlarımız, xüsusən Rusiyadan olan dostlarımız bu məsələlərdə kifayət qədər prinsipiallıq göstərmirlər. Aşqabatda verdiyim bəyanatda qeyd etmişdim ki, sentyabrın 24-də Azərbaycan MDB tərkibinə daxil olduqdan və Kollektiv Təhlükəsizlik haqqında müqaviləni imzaladıqdan sonra Azərbaycanın 4 rayonu işğal olunmuşdur. Belə vəziyyətdən, MDB üzrə müttəfiqlərimizin buna müəyyən dərəcədə laqeyd yanaşmalarından narazılığımızı bildirməyə əsasımız var. Lakin bununla yanaşı, Sizdən sadəcə olaraq xahiş edirəm ki, bütün bunları dayandırmaq, vəziyyəti dəyişmək üçün imkanlarınızdan, nüfuzunuzdan, Ermənistanda tutduğunuz mövqeyinizdən istifadə edəsiniz. Sizə qəti şəkildə deyirəm və lazım bildiyiniz hər kəsə bu fikri çatdıra bilərsiniz, biz hərbi əməliyyatların dayandırılmasına, bu məsələnin sülh yolu ilə həll edilməsinə tərəfdarıq.

Lakin qalan bütün məsələlər çox asanlıqla həll edilə bilər. Ən başlıca məsələ - mən bu barədə dedim - hərbi əməliyyatların dayandırılması, Azərbaycanın dövlət suverenliyinin, ərazi bütövlüyünün təmin olunması məsələsidir. Bu məsələ ilə bağlı Sizə bir daha müraciət edirəm. Təkrar edirəm, Sizin qoşunlarınızın Ermənistana yardım göstərdiyini demək istəmirəm, hərçənd belə söz-söhbət lap çoxdur. Rəsmi bəyanatlar vermək üçün əsasım yoxdur. Lakin Siz Ermənistan ərazisində yerləşirsiniz, həmin ərazidə Rusiyanın hərbi bazaları var, özü də bunlar rəsmi hərbi baza statusuna malikdir. Ermənistan bizimlə müharibə aparır, biz onların yox, onlar bizim ərazimizi işğal edirlər. Ona görə də beynəlxalq hüquq normaları əsasında, hüquqi normalar əsasında Sizə belə bir xahişlə müraciət etməyə ixtiyarım var ki, Siz öz nüfuzunuzdan istifadə edəsiniz, müvafiq tədbirlər görəsiniz.

Ümidvaram ki, Siz bu tədbirləri görəcəksiniz. Zaqafqaziya regionundakı Rusiya qoşunlarının həyat fəaliyyətini təmin etmək üçün lazım olan yüklərin Azərbaycan ərazisindən keçirilməsi faktına gəldikdə isə, biz buna imkan yaratmışıq və gələcəkdə də yaradacağıq, çünki bizim Rusiya ilə, təbii ki, Rusiya Federasiyasının qoşunları ilə dostluq münasibətlərimiz var və bu münasibətlər davam edəcəkdir. Mən bu münasibətlərin möhkəmlənməsi üçün bütün tədbirləri görürəm. Lakin bizə olduqca çox siqnal gəlir ki, Azərbaycan ərazisi vasitəsi ilə Rusiya qoşunlarından ötrü Gürcüstan və Ermənistana aparılan yanacaq sonradan erməni silahlı birləşmələrinin ixtiyarına keçir və bizə qarşı istifadə olunur. İndiki halda mən bu siqnallar və xəbərlər barədə danışıram. Özü də bütün bunlar şişirdilir və açığını deyim ki, Azərbaycan əhalisinin müxtəlif təbəqələri bizi hətta ittiham edir: əgər bütün bu yüklərin erməni hərbi birləşmələrinə bu və ya digər dərəcədə köməyi olursa, onları Azərbaycan ərazisindən nə üçün buraxırıq? Bunu Sizə ona görə deyirəm ki, həmin məsələlərə bir daha diqqət yetirəsiniz.

"Azərbaycan" qəzeti, 7 yanvar 1994-cü il.