"Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin ‎‎İsrail Xarici İşlər Nazirliyinin iqtisadi məsələlər üzrə baş direktorunun müavini Viktor Harelin başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən söhbətindən" (Bakı, ‎12 aprel 2000-ci il) sənədinə tarixi arayış


12 aprel 2000-ci ildə Azərbaycan Prezidenti Heydər Əliyev Bakıda öz iqamətgahında İsrail Xarici İşlər Nazirliyinin iqtisadi məsələlər üzrə baş direktorunun müavini Viktor Harelin rəhbərliyi ilə nümayəndə heyətini qəbul edib. Azərbaycan-İsrail iqtisadi əlaqələrinin genişlənməsi baxımından əhəmiyyətli hesab edilən bu missiya çərçivəsində iki ölkə arasında iqtisadi əlaqələrin prinsipial məsələləri müzakirə edilib. Azərbaycan Prezidenti Heydər Əliyev İsrail dövlətinin nümayəndə heyəti görüşündə deyib: "İsrail-Azərbaycan əlaqələrini bütün sahələrdə - təbiidir ki, iqtisadi sahələr birinci yer tutur - genişləndirməliyik." 

İsrail və Azərbaycan arasında iqtisadi, regional inkişaf, təhsil, kommunikasiya, kənd təsərrüfatı sahələrində qarşılıqlı inkişaf edən əlaqələr mövcuddur. Ticarət-iqtisadi münasibətlərə dair Azərbaycan və İsrail arasında bu əlaqələr yüksələn xətt üzrə inkişaf edir. Azərbaycandan İsrailə ixracda neft və neft məhsulları, müxtəlif avadanlıqlar, idxalda isə rabitə avadanlığı, hesablama maşınları, məişət texnikası və s. üstünlük təşkil edir.

2008-ci ilin birinci yarısının statistik nəticələrinə əsasən, Azərbaycandan İsrailə 1 milyard 751 milyon ABŞ dolları dəyərində məhsul ixrac edilib. Bu da hesabat dövründə adı çəkilən ölkənin Azərbaycanın ixrac tərəfdaşları arasında 10,01%-la üçüncü yerdə (İtaliya və ABŞ-dan sonra) qərarlaşmasına gətirib çıxarıb. Qeyd edək ki, 2007-ci il ərzində İsrail Azərbaycandan 370 milyon ABŞ dolları dəyərində məhsul idxal edərək, ixrac tərəfdaşlarımız arasında altıncı yeri tutub. Hesabat dövründə Azərbaycanın İsraildən idxalı məhsullarının ümumi məbləği isə 30,8 milyon ABŞ dolları təşkil edib.(http://www.az-customs.net/)

Hazırda İsrail tərəfi iki ölkə arasında turizm sahəsində əməkdaşlıq haqqında Azərbaycana Saziş layihəsi təqdim edib və bu layihəyə Azərbaycan hökuməti tərəfindən baxılır. (http://www.mfa.gov.az/) 

Tarixi arayış 12 noyabr 2008-ci ildə tərtib edilib.