Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Küveyt əmiri Cabir Əhməd Sabah ilə söhbətindən - 13 dekabr 1994-cü il


Azərbaycan ilə Küveyt coğrafi baxımdan bir-birinə çox yaxındır. Bizim ulu babalarımız arasında tarixən çox sıx əlaqələr olub. Doğrudur, sonrakı dövrlərdə bu əlaqələr müəyyən qədər kəsilib. Ancaq indi Azərbaycan müstəqil dövlətdir və öz tarixi keçmişini, qədim dostları ilə əlaqələrini bərpa edir.

Azərbaycanda Küveyt səfirliyinin açılması çox zəruridir. Doğrudur, sizin ölkədə belə səfirlik açmağa bizim hələlik imkanımız yoxdur. Ancaq Küveytin Azərbaycanda səfiri olsa, bu, həm sizin, həm də bizim ölkə üçün çox faydalı olar.

Bildiyiniz kimi, ölkələrimizin iqtisadiyyatında da bir-birinə bənzərlik çoxdur. Siz böyük neft ölkəsisiniz. Azərbaycan da neft ölkəsi hesab edilir. Doğrudur, bizdə neft hasilatının tarixi Küveytdəkindən çox qədimdir. Məsələn, Azərbaycanda 170 ildir ki, neft hasil olunur. Ancaq sizdəki neft yataqları daha zəngindir və siz ildə bizdən xeyli çox neft istehsal edirsiniz. Neft hasilatında sizin də, bizim də böyük təcrübəmiz var. Yəqin eşitmisiniz ki, biz 45 ildən artıqdır ki, Xəzər dənizindən də neft çıxarırıq. Bu ilin sentyabr ayında Azərbaycan Respublikası ilə xarici ölkələrin nüfuzlu neft şirkətləri arasında böyük bir müqavilə imzalandı. Bu müqaviləyə əsasən biz həmin şirkətlərlə 30 il müddətində əməkdaşlıq edəcək və Xəzər dənizindən nefti birgə çıxaracağıq.

Son illərdə Küveytdə baş verən hadisələrə münasibətimizə gəlincə, onu bildirmək istəyirəm ki, ölkənizin başına gələn bəlalar bizə məlumdur. Biz bunu öz dərdimiz kimi qəbul etmişik, İraqın sizin ölkəyə hücumunu, təcavüzünü həmişə pisləmişik, bu gün də pisləyirik. Azərbaycan dövləti sizin ölkənin müstəqilliyinin, suverenliyinin, ərazi bütövlüyünün təmin olunmasına tərəfdardır. Çünki beynəlxalq hüquq normaları bunu tələb edir və ədalət naminə heç bir dövlət belə hallarla razılaşa bilməz.

Siz bilirsiniz ki, altı ildir Azərbaycan Ermənistan tərəfindən hərbi təcavüzə məruz qalıb. Azərbaycan müsəlman ölkəsidir. Biz hələ islam dini yaranandan islam dünyasının bir hissəsiyik. Ölkəmiz Sovet İttifaqının tərkibində olanda da biz dinimizi, inamımızı, etiqadımızı itirməmişik. Hörmətli Şeyxülislam Hacı Allahşükür Paşazadə 20 ildir ki, Azərbaycanda dini rəhbərdir. Onu da deyim ki, Ermənistanın Azərbaycana təcavüzü əslində müsəlman dünyasına edilən təcavüzdür. Altı il bundan əvvəl başlayan bu təcavüz nəticəsində Azərbaycan ərazilərinin 20 faizindən çoxu Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. Həmin torpaqlarda bütün müsəlman abidələri, qəbirlər, Qurani-Kərimin nüsxələri hamısı dağıdılıb, yandırılıb. Bizim 1 milyondan artıq vətəndaşımız - müsəlmanlar qaçqın düşüblər. Onlar çox ağır vəziyyətdədirlər, çadırlarda yaşayırlar. Həmin qaçqınların saxlanması üçün bizim köməyə böyük ehtiyacımız var. Əgər sizing ölkə bizim bu müsəlmanlara, qaçqınlara kömək etsə, buna görə sizə çox minnətdar olardıq.

Bildiyiniz kimi, İslam Konfransı Təşkilatının bu Zirvə toplantısında Ermənistanın Azərbaycana təcavüzünün pislənməsi haqqında bir qətnamə hazırlanıb. Mən güman edirəm ki, siz bu qətnamənin qəbul olunmasına tərəfdar çıxacaqsınız. Bir daha demək istəyirəm ki, biz sizi özümüzə qardaş ölkə hesab edirik. Biz Küveytlə dostluq, qardaşlıq əlaqələri yaratmaq və onu inkişaf etdirmək istəyirik. Hesab edirəm ki, bu görüşdə həmin əlaqələrin əsası qoyulur.