Azərbaycan Prezidenti Heydər Əliyevin Bakıda Türkdilli Ölkələrin Dövlət Başçılarının VI Zirvə görüşündə təbrik nitqi - "Gülüstan" sarayı, 8 aprel 2000-ci il


Zati-aliləri, hörmətli dövlət başçıları!

Xanımlar və cənablar!

Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində türkdilli dövlətlərin başçılarının VI zirvə görüşündə sizi salamlamağımdan çox şadam.

Türkiyə Republikasının prezidenti zati-aliləri cənab Süleyman Dəmirəli və Türkiyə nümayəndə heyətinin üzvlərini ürəkdən salamlayıram.

Qazaxıstan Respublikasının prezidenti zati-aliləri cənab Nursultan Nazarbayevi və Qazaxıstan nümayəndə heyətinin üzvlərini ürəkdən salamlayıram.

Qırğızıstan Respublikasının prezidenti zati-aliləri cənab Əsgər Akayevi və Qırğızıstan nümayəndə heyətinin üzvlərini ürəkdən salamlayıram.

Türkmənistan Məclisinin sədri zati-aliləri cənab Səhhət Muradovu və Türkmənistan nümayəndə heyətinin üzvlərini ürəkdən salamlayıram.

Özbəkistan Respublikası Ali Məclisinin sədri zati-aliləri cənab Erkin Xəlilovu və Özbəkistan nümayəndə heyətinin üzvlərini ürəkdən salamlayıram.

Türkdilli dövlətlərin başçılarının VI zirvə görüşü kimi mühüm bir forumun təşkilatçısı olmaq və qardaş dövlətlərdən gəlmiş yüksək səviyyəli qonaqları, əziz dostları qəbul etmək ölkəmiz üçün böyük şərəfdir.

Əminəm ki, bu görüş və onun nəticələri bizim regionda müxtəlif sahələrdə çoxtərəfli əməkdaşlığımızın inkişafı, sülhün möhkəmləndirilməsi, sabitlik və inam, dostluq və qarşılıqlı əməkdaşlıq üçün böyük əhəmiyyət kəsb edir. Sevindirici haldır ki, türkdilli dövlətlərin başçılarının VI zirvə görüşü türk xalqlarının mədəni irsinin qədim və ayrılmaz bir hissəsi sayılan, Azərbaycan xalqının tarixi eposu "Kitabi-Dədə Qorqud"nun 1300 illik yubileyinin geniş qeyd olunduğu bir vaxta təsadüf edir.

Hörmətli dövlət başçıları!

Xanımlar və cənablar!

Bildiyiniz kimi, türkdilli dövlətlərin başçılarının V zirvə görüşü Qazaxıstanda, Astanada keçirilmişdir. İcazə verin, türkdilli dövlətlərin başçılarının V zirvə görüşünün Astana şəhərində yüksək səviyyədə keçirilməsinə görə Qazaxıstan Respublikasına sammit iştirakçıları adından və şəxsən öz adımdan minnətdarlığımı bildirim.