Azərbaycan Prezidenti Heydər Əliyevin Gürcüstan Beynəlxalq Neft Korporasiyasının rəhbəri Georgi Çanturiya ilə söhbətindən - 13 fevral 2001-ci il


Heydər Əliyev: Bakıda çoxdan olmamısınız?

Georgi Çanturiya: Bəli, Heydər Əliyeviç.

Heydər Əliyev: Əvvəllər tez-tez gəlirdiniz, indi isə daha çox Avropaya, Amerikaya gedirsiniz. Mən bütün prosesləri izləyirəm, çünki mart ayında mən Türkiyədə olarkən Bakı-Tbilisi-Türkiyə qaz kəmərinə dair bütün sənədləri onlarla imzaladıq. Siz, həmişə olduğu kimi, ortadasınız. Aparılmış danışıqlar barədə mənim məlumatım var. Bizim nümayəndəmiz Valeh Ələsgərov Frankfurta getmişdi. Mənə məruzə etdilər ki, nəhayət, siz bu gün qəti razılığa gəlmisiniz. Nə deyirəm, mən buna şadam. Çünki biz də, "Şahdəniz" layihəsi üzrə konsorsium da bunda maraqlıdır. Onlar bizi daim tələsdirirlər, deyirlər ki, boru kəmərinin tikintisinə başlamalıdırlar. Bu ləngimə onların ovqatını pozmamışdır. Hər halda, bu gün hər şey tamamlandı. Valeh Ələsgərov bu barədə mənə məruzə etdi.

Georgi Çanturiya: Heydər Əliyeviç, çox sağ olun. İlk növbədə, icazə verin, məni qəbul etdiyinizə görə Sizə minnətdarlığımı bildirim və Gürcüstan Prezidenti Eduard Amvrosiyeviç Şevardnadzenin səmimi salamını yetirim. Yəqin bunun çox rəmzi mənası var ki, biz danışıqları Bakıda tamamladıq və ondan sonra Sizinlə görüşə gəldik. Heydər Əliyeviç, Siz bilirsiniz, bu, bizim üçün bir neçə səbəbə görə rəmzi məna daşıyır.

Siz, həqiqətən, bütün Qərb marşrutunu yaratmış lidersiniz. Siz o şəxsiyyətsiniz ki, Qafqazı dünyaya açmısınız və mən də bütün Gürcüstan da bunu iftixarla vurğulayırıq. Bütün Gürcüstanın Sizə necə böyük hörmət bəslədiyini bilirsiniz. Bu, ürəkdən gəlir, çünki əgər Siz olmasaydınız, Sizin siyasətiniz olmasaydı... Bütün bunlar gözlərimiz qarşısında baş vermişdir. Xoşbəxtlikdən, mən 1994-cü ildən etibarən baş vermiş hadisələrin - sözün əsl mənasında Qafqazı dünyaya açmağınızın, Qərb istiqamətini açmağınızın, Bakı-Supsaya dair qərar qəbul etməyinizin şahidi olmuşam.

İndi bütün Gürcüstan bilir ki, bu, ölkəmiz üçün doğrudan da həyati əhəmiyyətə malik qərar idi. Sizin qərarınız olmasaydı, yəqin ki, Gürcüstanın indiki vəziyyətini təsəvvürə gətirmək çox çətin olardı.

Mən bu sözləri şəxsən öz adımdan demirəm. Bunu bütün Gürcüstan bilir. Yəqin çox rəmzi məna daşıyır ki, bu danışıqlar başa çatdıqdan sonra biz ilk məruzəni etmək üçün məhz Sizin yanınıza gəlmişik.

Çünki Siz o şəxsiyyət, o lidersiniz ki, Gürcüstanda hər bir ailə Sizə hörmət bəsləyir. Bu, gürcü xalqının yaddaşında əsrlər boyu yaşayacaqdır. Sizin Gürcüstan üçün etdiklərinizin qiyməti misilsizdir. Gürcüstanın bütün tarixində elə bir adam tapmaq çətindir ki, bütün keçid dövrü ərzində ölkəmizin qarşılaşdığı problemlərə bu qədər can yandırsın.

Bilirsiniz ki, hər bir gürcü ailəsində Sizin çox böyük nüfuzunuz var. Burada mən görünməmiş bir faktı xatırlatmaq istəyirəm. Sizin Gürcüstan parlamentindəki çıxışınızdan sonra parlament Bakı-Tbilisi-Ceyhan layihəsi haqqında sazişin ratifikasiya olunmasına yekdilliklə səs verdi. Bu, bizim parlamentin tarixində ilk hadisə idi, belə şey olmamışdı. Hətta 1918-ci ildə müstəqil Gürcüstanın ilk Konstitusiyası qəbul ediləndə də, əleyhinə bir neçə səs verilmişdi.

Hesab edirəm ki, Gürcüstanı Sizin adınızla hər şey bağlayır. Bu gün Sizə məruzə etmək mənim üçün böyük şərəfdir ki, biz çox mürəkkəb danışıqlar prosesindən keçmişik. Deməliyəm ki, bu işdə Azərbaycan tərəfinin çox böyük xidməti var və bizə kömək edən azərbaycanlı həmkarlarımıza minnətdarıq. Sərmayəçilər tərəfindən çox böyük diqqət göstərildi, xüsusən o mənada ki, biz eynilə Bakı-Tbilisi-Ceyhan layihəsi üzrə də belə danışıqların birinci mərhələsini keçmişik. Bu, Sizin köməyinizlə formalaşan böyük enerji dəhlizidir. Şübhəsiz, biz başa düşürük ki, bu layihələr Gürcüstanın və Azərbaycanın gələcəyi deməkdir. Üstəlik, Gürcüstan hasilatçı ölkə olmasa da, bu layihələr bizim üçün Azərbaycandan ötrü olduğundan heç də az əhəmiyyətli deyildir. Sizin dediyiniz kimi, biz tranzit ölkəsiyik. Sizin Eduard Amvrosiyeviçlə birlikdə apardığınız siyasət sayəsində dünya Qafqazı tanımışdır.

Mən həmişə deyirəm - fəxr edirəm ki, vaxtilə Siz bu layihələr barədə danışanda onlara inanan az idi. Yəqin indi o gün gəlib çatıb ki, ikinci nəhəng layihəyə dair danışıqlar prosesi tamamlanır. Xatırlayıram, hələ səfir olarkən bu otaqda mənə izah edirdiniz ki, həmin layihə Gürcüstana, Qafqaza nə kimi fayda gətirəcəkdir. Yəqin çox rəmzidir ki, biz bu gün danışıqlar prosesinin başa çatması barədə məruzə edirik. İcazənizlə, Eduard Amvrosiyeviçin arzusunu Sizə çatdırmaq istəyirik. Yəqin ki, bunun da rəmzi mənası var. O deyir ki, sazişi imzalamağın yeganə yeri Bakıdır. Sizin razılığınızla biz Gürcüstan Prezidentinin Bakıya işgüzar səfərinin proqramını müzakirə edərik. Bunun özünün də rəmzi mənası var ki, XXI əsr bu sazişin imzalanması ilə başlayır.

Heydər Əliyev: Xoş sözlərə görə çox sağ olun. O ki qaldı bizim qarşılıqlı münasibətlərimizə, Gürcüstanla dostluğumuza, bu, həmişə möhkəm, qardaşlıq münasibətləri olmuşdur. Biz müstəqil dövlətlər olduqda isə həm Gürcüstan, həm də Azərbaycan bütün münasibətləri - dostluğu da, qarşılıqlı yardımı da möhkəmləndirməyin və inkişaf etdirməyin zəruriliyini daha çox hiss etmişlər. Ona görə də hesab edirəm ki, 1994-cü ildən başlayaraq Xəzər dənizinin enerji ehtiyatlarından istifadə sahəsində gördüyümüz bütün işlər dünya üçün böyük yenilik oldu. Bu, təkcə Xəzər dənizinin Azərbaycan sektorunda çıxarılan və çıxarılacaq neft və qazdan ibarət deyildir. Baxın, indi Xəzər dənizinin şimalında, Qazaxıstan sektorunda və digər sahələrdə necə zəngin yataqlar var. Artıq Xəzər dənizi haqqında dünyada tamamilə başqa təsəvvür yaranmışdır. Bunun da başlanğıcını biz qoymuşuq.

Əlbəttə, sizin xatirinizdədir ki, nəinki inanmırdılar, həm də nə qədər mane olurdular, özü də çox böyük qüvvələr mane olurdu.

Ancaq bizə heç nə mane ola bilmədi. Ona görə də biz birinci layihəni başladıq və o, Bakı-Supsa layihəsi idi. Əslində, konsorsiumun çıxardığı neftin hamısı Bakı-Supsa boru kəməri ilə nəql edilir. Şimal marşrutu ilə yalnız bizim neft şirkətinin öz yataqlarımızdan çıxardığı nefti göndəririk. Yəni, bunun özü də çox şey deyir. Biz ildə 7 milyon ton neft çıxarırıq.

Bakı-Ceyhan neft kəmərinin tikintisi məsələsi vaxtımızı çox aldı. Bir tərəfdən, çətinliklər vardı, digər tərəfdən də mane olurdular. Biz iki dəfə sənəd imzaladıq, bir dəfə 1998-ci ildə Ankarada bəyannamə, sonra ikinci dəfə 1999-cu ildə İstanbulda isə qəti sənəd imzaladıq. Bakı-Ceyhan boru kəmərinin tikintisinə yalnız indi başlamışıq. Hələlik bu işdə müəyyən gecikmə var. Ona görə də mən Eduard Amvrosiyeviçlə sonuncu dəfə Yaltada görüşərkən ona bildirdim ki, bizim həmkarlarımız - konsorsiuma daxil olan şirkətlər deyirlər ki, xüsusən Gürcüstan ərazisində dağlardan keçən çətin yerlər var. Əgər indi biz tikintinin başlanmasında ləngisək, bir il gecikə və bu bir ili itirə bilərik. Hesab edirəm ki, bu bir ili nə siz, nə də biz itirə bilmərik. O vaxt biz Yaltada razılığa gəldik ki, danışıqları sürətləndirmək lazımdır. Mən artıq dedim ki, mart ayında biz bütün bu məsələləri qurtarmışıq. Mən bütün danışıqlar prosesini nəzarətdə saxlayırdım, mənə məlumat verirdilər. Şadam ki, indi artıq qəti qərara gəlmisiniz və sənədin imzalanmasına gedə bilərik.

Dostum Eduard Amvrosiyeviçin salamını mənə yetirdiyinizə görə təşəkkür edirəm. Mən şadam ki, bizim birlikdə gördüyümüz işləri Gürcüstanda qiymətləndirirlər. Siz deyirsiniz ki, parlamentdə sazişə yekdilliklə səs verdilər və hətta müxalifət də buna səs verdi. Əlbəttə, bu məni sevindirir. Eyni zamanda, belə deməyimə əsas verir ki, hər halda, sizdə yaxşı müxalifət var.

Amma Bakı-Tbilisi-Ceyhan neft kəməri layihəsini reallaşdırmaq üçün mən Tbilisiyə gələndə və Azərbaycanın payına düşən tarifləri Gürcüstana güzəştə gedəndə müxalifət tərəfindən mənə nə qədər hücumlar oldu. Məni onda günahlandırmağa başladılar ki, nəinki öz ölkəmin mənafeyini qorumamışam, hətta könüllü şəkildə guzəştə getmişəm. Amma mən nə etdiyimi həmişə bilirəm.

Mən bunu məhz iqtisadi çətinliklər keçirən, həqiqətən, bizimki kimi belə təbii ehtiyatları olmayan Gürcüstanı dəstəkləmək üçün etdim. Başqa cür necə ola bilərdi? Axı biz dostuq, qonşuyuq, bir-birimizə həmişə kömək etməliyik. Mənim də etdiklərim, necə deyərlər, həm gürcü, həm də Azərbaycan xalqlarının tarixi ənənələrinə tamamilə uyğundur.

Qonşu qonşuya, dost dosta kömək etməlidir. Gürcüstana həmin vəziyyətdə Azərbaycan tərəfindən kömək lazım idi. Yenə deyirəm, baxmayaraq ki, asan deyildi, mən buna getdim və məsuliyyəti öz üzərimə götürdüm. Dedim ki, əgər hətta kimsə nəinki bu gün, hətta gələcəkdə kimisə günahlandıracaqsa, qoy məni günahlandırsın. Mən bunu əbəs yerə etmədim və indi də buna təəssüflənmirəm.

Qaz kəmərinə gəldikdə isə, bu, yeni xətdir və Gürcüstana da fayda gətirəcəkdir. Təbii ki, biz qaz ixrac edəcəyik. Türkiyə qaz alacaqdır. Yəni, bu, xalqlarımız və ölkələrimiz arasında dostluğun möhkəmlənməsinə kömək edəcək daha bir vəsilədir. Hərçənd söhbətimizin əvvəlində dedim ki, danışıqlar bir qədər uzanmışdır, lakin bu gün mənə məruzə etdiyiniz kimi, son nöqtəni qoymusunuz, mən bundan məmnunam. İndi sənədin imzalanmasından söhbət gedir. Əgər siz hesab edirsinizsə ki, onu Azərbaycanda imzalamaq lazımdır, mən Eduard Amvrosiyeviçi Azərbaycana çoxdan dəvət etmişəm. Bu dəvəti indi bir daha təsdiq edirəm. Qəti rəsmiləşdirin və sazişin bütün beynəlxalq tələblərə uyğun olması barədə məruzə edin. Sənədi imzalamaq və bu layihəyə yaşıl işıq yandırmaq üçün Eduard Amvrosiyeviçin Azərbaycana səfərinin vaxtını müəyyən edək.

Georgi Çanturiya: Heydər Əliyeviç, sağ olun. Dediklərinizi çatdırarıq. Sizin vurğuladığınız kimi, bu enerji dəhlizinin nadirliyi ondadır ki, Sizin sayənizdə və Eduard Amvrosiyeviçin sayəsində insanlar bütün bu layihələrin nəinki iqtisadi baxımdan, digər cəhətlərdən də mühümlüyünü dərk etməyə və anlamağa başlayıblar. Bu, Gürcüstanın, onun müstəqilliyinin təminatlı təhlükəsizliyidir, gələcəyidir. Ona görə də bir daha deyirəm, bütün Gürcüstan, - mən riyakarlıq etmirəm, - Sizi dəyərləndirir və sevir, bilir ki, Azərbaycanın və Gürcüstanın, bizim müstəqil dövlətlərimizin gələcəyini, həqiqətən, təmin edəcək bu qərarları qəbul etmək Sizin üçün və Eduard Amvrosiyeviç üçün necə çətin olmuşdur. Bunların Sizin həyatlarınız üçün nə kimi nəticələri ola bilərdi... Mən hesab edirəm ki, Siz bu qərarları qəbul edərkən öz həyatlarınızı təhlükə qarşısında qoymuşdunuz.Mən hesab edirəm ki, Sizin həyatınız həm də ona görə qiymətlidir ki, adınız Gürcüstanda əbədiləşmişdir.

Hər bir gürcü ailəsinin qapısı Sizin üzünüzə açıqdır. Heydər Əliyeviç, Sizi inandırıram ki, bu, gürcü və Azərbaycan xalqları arasında dostluq, qardaşlıq münasibətlərinin Sizin tərəfinizdən qoyulmuş sarsılmaz bünövrəsidir. İqtisadi və siyasi cəhətdən bir-biri ilə bağlı olan iki xalq arasında mən başqa belə bir perspektivli bünövrənin olduğunu xatırlamıram.

Heydər Əliyev: Bəli, şübhəsiz. Bu, gələcək nəsillərə xidmət edir. Neft və qaz ixrac edəcəyimiz üç əsas xətt Gürcüstandan keçir: indi artıq işləyən Bakı-Supsa, tikilməkdə olan Bakı-Ceyhan və nəhayət, Bakı-Tbilisi Türkiyə, bir sözlə, hamısı Gürcüstan ərazisindən keçir.