Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Pakistan İslam Respublikasının Prezidenti Fərrux Əhməd Xan Leqarinin Binə Hava Limanında qarşılanma mərasimində bəyanatı - 9 oktyabr 1995-ci il


Pakistan Respublikasının prezidenti, hörmətli Fərrux Əhməd xan Leqari!

Hörmətli qonaqlar, xanımlar və cənablar!

Biz bu gün Pakistan Respublikasının prezidentini Azərbaycanda böyük məmnuniyyətlə qonaq qəbul edirik.

Ölkələrimiz arasında yaranmış əlaqələr zamanı ilk dəfədir ki, Pakistan Respublikasının prezidenti Azərbaycana rəsmi səfərə gəlmişdir. Pakistan prezidentinin mənim dəvətimlə respublikamıza gəlməsi ölkələrimiz arasında əlaqələrin sürətlə inkişafını nümayiş etdirir. Pakistan Respublikasının prezidenti ilə bizim danışıqlar aparmağımız və dövlətlərarası sənədlərin imzalanması nəzərdə tutulubdur, habelə onun ölkəmizlə, Azərbaycan xalqı ilə tanış olması üçün proqram tərtib edilibdir. Əmin olduğumu bildirmək istəyirəm ki, görüşlərimiz, danışıqlarımız yaxşı nəticə verəcəkdir və biz Pakistan ilə Azərbaycan arasında mövcud əlaqələri yüksək səviyyəyə qaldıracağıq.

Biz Pakistan prezidentini əziz qonaq kimi qəbul edirik. Pakistanlı qonaqlara "Azərbaycana xoş gəlmisiniz!" deyirəm. Əminəm ki, Azərbaycan xalqının və vətəndaşlarımızın Pakistana, onun xalqına olan hörmət və ehtiramını cənab prezidentin özü Azərbaycanda olduğu müddətdə hiss edəcəkdir.

Cənab prezident, mən sizi və qonaqlarımızın hamısını ürəkdən salamlayıram. Onlara bir daha deyirəm ki, Azərbaycana xoş gəlmisiniz! Sizin respublikamıza səfəriniz uğurlu olacaqdır.