Azərbaycan Prezidenti Heydər Əliyevin Türkiyə Böyük Millət Məclisinin Sədri Yıldırım Akbulut ilə görüşdəki söhbətindən - Ankara, Çankaya köşkü, 22 may 1999-cu il


Heydər Əliyev: Xoş gördük, cənab Akbulut. Görüşümə gəldiyiniz üçün Sizə təşəkkür edirəm Fürsətdən istifadə edərək, Türkiyə Böyük Millət Məclisinin sədri seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm. Onu da deməliyəm ki, mən Türkiyə parlamentinin yeni sədrinin seçilməsini mühüm bir hadisə kimi qiymətləndirirəm.

Yıldırım Akbulut: Səmimi sözlərinizə görə Sizə təşəkkür edirəm, cənab prezident. Zati-alilərinizin Türkiyəyə gəlməsindən çox məmnun olduq. Türkiyə Konstitusiyasına və Məclisin daxili nizamnaməsinə görə parlamentdə sədrlik və Sədrlik Şurası təşkil olunur. Hazırda ölkədə eyni zamanda, yeni hökumətin qurulması prosesi gedir. İndi parlamentin yeni sədri seçildi, Sədrlik Şurasına isə yaxın günlərdə seçkilər keçiriləcəkdir.

Heydər Əliyev: Türkiyədəki siyasi həyat Azərbaycan üçün daim böyük əhəmiyyət daşıyır. Biz Türkiyədə seçkilərin gedişini diqqətlə izləyirdik və çox məmnun olduq ki, seçkilər normal, uğurla keçdi. Seçkilərdən sonra Böyük Millət Məclisi öz işinə başlamış, parlamentin sədrini seçmişdir. Ümid edirəm ki, yaxın vaxtlarda hökumət qurulacaq və Türkiyə Cümhuriyyəti daha da irəliləyəcəkdir.

Yıldırım Akbulut: Cənab prezident, ölkələrimizin əlaqələrinin gündən-günə inkişaf etməsi çox vacibdir. Biz istəyirik ki, həm Türkiyədə, həm də qardaş Azərbaycanda çox yaxşı bir əməkdaşlıq, demokratik qaydalar çərçivəsində vətəndaşlarımızın rifah halı daha da yüksəlsin və inkişaf etsin.

Heydər Əliyev: Mən sizin sözlərinizə tam şərikəm, cənab sədr, çünki bu, bizim də diləyimizdir. Türkiyə-Azərbaycan əlaqələri çox güclüdür, möhkəmdir, sarsılmazdır. Yaşadığımız hər gün, hər ay bu əlaqələrimizi daha da genişləndirir, inkişaf etdirir. Ümid edirəm ki, Türkiyədə yeni seçkilər keçiriləndən sonra bu əlaqələrin daha da genişləndirilməsi üçün yeni addımlar atılacaqdır. Şübhəsiz ki, bu uğurların başında əziz dostum, qardaşım, prezident Süleyman Dəmirəl durur. Onun Azərbaycana olan münasibəti, ölkəmizə göstərdiyi diqqət, qayğı Azərbaycanın daimi inkişafını təmin edir.

Yıldırım Akbulut: Hörmətli cənab prezident, çox doğru deyirsiniz. Biz prezident Süleyman Dəmirəlin bu sahədəki fəaliyyətini ürəkdən dəstəkləyirik.

Heydər Əliyev: Həm Azərbaycan, həm Türkiyə regional problemlərin, ölkələrimizi maraqlandıran məsələlərin həllində eyni mövqedən çıxış edir. Mən əminəm ki, bu, həmişə belə olacaqdır. Türkiyə parlamentinin bu sahədəki fəaliyyəti də ölkələrimizin arasındakı əlaqələrin daha da möhkəmlənməsinə yönəldiləcəkdir.