Azərbaycan Prezidenti Heydər Əliyevin Türkiyənin Ana Vətən Partiyasının sədri, millət vəkili Məsud Yılmaz ilə görüşdəki söhbətindən - Ankara, Çankaya köşkü, 23 may 1999-cu il


Məsud Yılmaz: Zati-aliləri vaxt tapıb məni qəbul etdiyinizə görə Sizə dərin minnətdarlığımı bildirirəm. Səhhətinizin çox yaxşı olduğunu görmək mənə böyük məmnunluq gətirir.

Heydər Əliyev: Çox sağ olun. Mən də sizi görməyimə çox şadam. İşləriniz necədir?

Məsud Yılmaz: Möhtərəm cənab prezident, Sizə məlumdur ki, hal-hazırda Türkiyənin yeni hökumətinin qurulması üçün danışıqlar aparılır. Sədri olduğum Ana Vətən Partiyası da hökumətdə iştirak etmək məqsədilə fəaliyyətdədir.

Heydər Əliyev: Sizə uğurlar arzulayıram. Mən özüm NATO-nun 50 illiyi münasibətilə Vaşinqtonda keçirilən yubiley mərasimində iştirak etdim. Orada çoxlu görüşlər keçirdim. Prezident Bill Klinton və dövlət katibi Madlen Olbraytla apardığım danışıqlar çox böyük əhəmiyyət daşıyır. Onu da deyim ki, hələ 1992-ci ildə ABŞ Konqresi tərəfindən Azərbaycana qarşı qəbul edilmiş ədalətsiz 907-ci düzəlişin ləğv olunması üçün görülən işlərdə xeyli irəliləyiş əldə olunmuşdur. Mən əminəm ki, Amerika Konqresində, senatında apardığım danışıqlar öz müsbət nəticəsini verəcəkdir.

Məsud Yılmaz: Biz də buna əminik, cənab prezident.

Heydər Əliyev: Sİz bilirsiniz ki, ötən ilin sentyabrında Bakıda Avropa Birliyinin himayəsi ilə TRASEKA proqramı çərçivəsində beynəlxalq konfrans keçirildi. Müstəqil Azərbaycan dövlətinin həyatında tarixi hadisə kimi qiymətləndirilən bu beynəlxalq tədbirdə 35 ölkənin və 15 beynəlxalq təşkilatın nümayəndə heyətləri, 9 ölkənin rəhbəri iştirak etdi.

Məsud Yılmaz: Bu, doğrudan da region dövlətləri, o cümlədən Türkiyə üçün də əhəmiyyətli hadisədir, cənab prezident.

Heydər Əliyev: Bu işlərin daha uğurlu həyata keçirilməsi üçün əmin-amanlığın bərqərar olması vacib şərtlərdəndir. Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həll edilməsi üçün Vaşinqtonda dövlət katibi Madlen Olbraytla, eləcə də Ermənistan prezidenti ilə keçirdiyim görüşlər ümidvaram ki, ATƏT-in Minsk qrupu çərçivəsində aparılan danışıqların gedişinə müsbət təsir göstərəcəkdir. Onu da deməliyəm ki, Amerika dövləti həmsədrlərdən biri kimi bu münaqişənin həllində öz fəallığını artırmışdır. Düzdür, Amerika tərəfi bu məsələdə öz mövqeyini bir daha bəyan edərək bildirmişdir ki, Ermənistan-Azərbaycan münaqişəsi ATƏT-in 1996-cı ildə Lissabonda keçirilən zirvə görüşündə qəbul olunmuş prinsiplər əsasında aradan qaldırılmalıdır.

Məsud Yılmaz: Cənab prezident, mən ümidvaram ki, regionun əmin-amanlığına ciddi təsir göstərən bu münaqişə sülh yolu ilə həll olunacaqdır.

Heydər Əliyev: Biz də bunu istəyirik. Ancaq Azərbaycanın maraqlarına zidd olan hər hansı bir təklifi biz qəbul edə bilmərik. Elə buna görə də Minsk qrupunun "Ümumi dövlət" yaradılması barədə son təklifini rədd etdik. Biz heç vaxt Azərbaycanın əzəli torpağı olan Dağlıq Qarabağa müstəqillik verə bilmərik. Sizə məlumdur ki, Rusiya Ermənistanda bu gün də hərbi baza saxlayır, bu yaxınlarda isə qeyri-qanuni yolla Ermənistana silah verib. Bütün bunlar, əlbəttə ki, münaqişənin sülh yolu ilə həll olunması işində əngəllər törədir, Azərbaycanın maraqlarına ziddir.

Məsud Yılmaz: Cənab prezident, sözsüz ki, Azərbaycanın maraqlarına toxunan təklifləri qəbul etmək qeyri mümkündür. Münaqişənin sülh yolu ilə həll olunması regionun bütün dövlətləri üçün mühüm əhəmiyyət kəsb edir.

Heydər Əliyev: Bu çox vacib məsələdir. Bu gün biz Xəzərin Azərbaycan sektorundakı yataqlardan hasil edilən nefti dünya bazarlarına çıxaran kəmərlərin, xüsusilə əsas boru kəməri olacaq Bakı-Ceyhan marşrutunun çəkilişi üçün, bununla yanaşı, bölgədəki vəziyyəti nizama salmaq üçün əlimizdən gələni edirik.

Məsud Yılmaz: Cənab prezident, bir daha Sizə təşəkkür edirəm, sağlamlıq, səadət, xoşbəxtlik arzulayıram. Sağ olun.