Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Türkiyənin Baş naziri Bülənd Ecevit ilə görüşdəki söhbətindən - Davos, 29 yanvar 2000-ci il


Bülənd Ecevit:  Hörmətli cənab prezident! Xoş gördük Sizi.Dost və qardaş ölkənin prezidenti olan Sizinlə görüşdən son dərəcə məmnunam.

Heydər Əliyev:  Təşəkkür edirəm. Mən də Sizi səmimiqəlbdən salamlayıram. Mən Azərbaycan ilə Türkiyə arasında dostluq və əməkdaşlıq münasibətlərinin gündən-günə genişlənməsindən, inkişaf etməsindən böyük məmnunluq duyuram. Əminəm ki, Davos Dünya İqtisadi Forumu iştirakçı ölkələrin qarşılıqlı surətdə faydalı əlaqələrinin möhkəmləndirilməsində mühüm rol oynayacaqdır. Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə aradan qaldırılması üçün ATƏT-in Minsk qrupu çərçivəsində və birbaşa danışıqlar aparılır.

Bülənd Ecevit: Bu münaqişənin aradan qaldırılması üçün Azərbaycanın haqq işini Türkiyə həmişə müdafiə edir və edəcəkdir.

Heydər Əliyev: Təşəkkür edirəm, cənab Baş nazir. Bizim ölkəmiz Ermənistanla olan münaqişənin törətdiyi çətinliklərə baxmayaraq qardaş Türkiyə ilə işbirliyinə böyük əhəmiyyət verir.

Xəzərin enerji ehtiyatlarının dünya bazarlarına çıxarılması üçün nəzərdə tutulan Bakı-Ceyhan əsas ixrac boru kəmərinin və Transxəzər qaz kəmərinin inşasına dair ötən ilin noyabrında İstanbulda imzalanmış sənədlər olduqca mühüm layihələrdir. Onların həyata keçirilməsi nəinki region dövlətlərinin, həm də Avropa və dünya ölkələrinin iqtisadi inkişafında mühüm rol oynayacaqdır. Biz bu layihələrin gerçəkləşdirilməsi üçün əlimizdən gələni edəcəyik.