Azərbaycan və Polşa arasında əməkdaşlığın müxtəlif sahələrini əhatə edən sənədlərin imzalanma mərasimindən sonra Polşa və Azərbaycan prezidentlərinin bəyanatları və birgə mətbuat konfransı - Varşava, Prezident sarayı, 26 avqust 1997-ci il


Aleksandr Kvasnevski:  Sizin hamınızı salamlayıram. Bu səfər tarixi əhəmiyyətli bir səfərdir, çünki biz müstəqil Azərbaycan prezidentini Polşada heç vaxt qəbul etməmişik.

Heydər Əliyev cənablarını salamlayıram. Biz indicə onunla bir çox sənədlər imzaladıq. Bu sənədlər Polşa ilə Azərbaycan arasında siyasi, iqtisadi, hüquqi, mədəni, elmi, turizm sahələrində əməkdaşlığa yaxşı zəmin yaratmalıdır.

Polşa Azərbaycanla əməkdaşlığı daha da inkişaf etdirməkdə maraqlıdır. İndiyədək biz cənab Əliyevlə Parisdən başlayaraq Madridədək müxtəlif beynəlxalq tədbirlərdə görüşmüşük. Güman edirəm ki, həm Polşanın, həm də Azərbaycanın malik olduğu bir sıra imkanlardan istifadə etmək üçün dövlətlərimiz arasında ikitərəfli münasibətlər yaratmaq vaxtı nəhayət gəlib çatmışdır. Mən imkanlar dedikdə, həm regional, həm də beynəlxalq imkanları nəzərdə tuturam.

Yüksək səviyyədə Madrid görüşü zamanı Polşanın NATO-ya qoşulması məsələsini cənab Əliyev aydın, səmimi surətdə və ürəkdən dəstəklədiyinə görə ona hamının qarşısında təşəkkür etmək istərdim. Mən bunu ona şəxsi görüşümüz zamanı da dedim. Müstəql Dövlətlər Birliyinin üzvü olan Azərbaycan tərəfindən bu dəstək bizim üçün çox böyük əhəmiyyətə malikdir. Polşanın suveren qərarını və ölkəmizin NATO-ya daxil olması haqqında Şimali Atlantika paktının qərarını belə dürüst və aydın dəstəklədiyinizə görə Polşanın, polyakların adından sizə təşəkkürümü bildirmək istərdim.

Cənab prezident, Sizi əmin etmək istəyirəm ki, gələn il ATƏT-də sədrlik edəcək Polşa Dağlıq Qarabağ məsələsinin ədalətli həllinə nail olmaq üçün əlindən gələni əsirgəməyəcəkdir. Biz bu fikirdəyik ki, sədr kimi Polşa bu məsələdə mühüm rol oynaya bilər. Biz hesab edirik ki, müharibənin olmaması şəksiz müvəffəqiyyətdir. Amma Dağlıq Qarabağ üstündə Ermənistanla Azərbaycan arasında sülhün olmaması meydan oxumaq deməkdir, elə bir vəzifədir ki, biz onu öz qüvvələrimiz və imkanlarımız daxilində yerinə yetirməyə çalışacağıq. Bu məsələdə də Polşa Azərbaycan Respublikasının rəhbərliyi, prezidenti ilə qarşılıqlı fəaliyyətə hazır olduğunu bildirir.

Cənab prezident, öz sevincimi bir daha ifadə etmək istəyirəm və Sizi, Azərbaycanın Polşaya gəlmiş nazirlərinin, müxtəlif işgüzar, siyasi dairələrin nümayəndələrinin simasında mötəbər nümayəndə heyətinin bütün üzvlərini salamlayıram. Ümidvaram ki, bu üç gün gözəl gələcəyimiz üçün Polşa-Azərbaycan münasibətlərində əsl dönüş, kəşf olacaqdır. Təşəkkür edirəm.

Heydər Əliyev: Hörmətli cənab prezident!

Möhtərəm xanımlar və cənablar!

Azərbaycan və Polşa xalqları öz aralarında əlaqələrin zəngin tarixinə malikdirlər. Bu əlaqələrin kökləri uzaq keçmişə, orta əsrlərə gedib çıxır. Keçmiş zamanlarda Polşa və Azərbaycan xalqları arasındakı əlaqələri səciyyələndirən çox faktlar gətirmək olar. Lakin tarixdə hələ heç vaxt Polşa torpaqlarında Azərbaycan prezidenti, Azərbaycan rəhbəri ilə görüşlər olmayıbdır. Ona görə də bu hadisə münasibətlərimizin daha da inkişaf etdirilməsi üçün özlüyündə çox böyük əhəmiyyətə malikdir. Bununla bərabər, bu hadisə Polşa-Azərbaycan əlaqələri, münasibətləri tarixinə çox mühüm səhifə yazır.

Buna görə də mən prezident Aleksandr Kvasnevskinin dəvətini böyük məmnunluq hissilə qəbul edərək, Polşa xalqına ən səmimi hörmət və məhəbbət hissləri ilə Polşaya, Varşavaya sizinlə görüşə gəldim.

Azərbaycanda Polşanın, polyak xalqının tarixinə yaxşı bələddirlər. Polyak xalqı öz tarixinin bütün mərhələlərində öz müstəqilliyi, milli azadlığı, dövlətçiliyi uğrunda mübarizə aparmışdır. Odur ki, biz, Azərbaycan prezidenti kimi mən də çox böyük sevinc hissi keçiririk ona görə ki, indi Polşa tamamilə azad ölkədir, müstəqil dövlətdir və Polşa xalqı öz qəlbinin hökmü ilə istədiyi yolla gedir. Buna görə də biz Avropada təhlükəsizliyin möhkəmlənməsi sahəsində Polşanın atdığı addımları alqışlayırıq, Polşanın NATO-ya qəbul edilməsini dəstəklədik, bu zaman onu əsas tutduq ki, bu, Avropada təhlükəsizliyin möhkəmlənməsinə kömək edən amil olacaq, bu, Polşa xalqının, Polşa dövlətinin iradəsinə uyğundur. Xalqın, dövlətin iradəsi isə hər şeydən üstündür.

Hesab edirəm ki, indi biz Polşa ilə Azərnbaycan arasında sıx münasibətlər yaranması mərhələsini keçiririk. Bu gün imzalanmış sənədlərin, xüsusən Polşa ilə Azərbaycan arasında dostluğun və əməkdaşlığın inkişaf etdirilməsi haqqında bəyannamənin olduqca böyük əhəmiyyəti var. Bu sənədlərin hamısı bütün sahələrdə əməkdaşlığımızı daha da dərinləşdirmək və inkişaf etdirmək üçün yaxşı normativ-hüquqi zəmin yaradır. Əmin edirəm ki, bu sənədləri imzalayarkən öz üzərimizə götürdüyümüz öhdəliklərin həyata keçirilməsi üçün hər şeyi edəcəyik.

Lakin bu, başlanğıcdır. Biz bunu davam etdirməliyik. Ona görə də bu gün mən prezident Kvasnevski cənablarını Azərbaycana, əvvəllər olduğu kimi, yenə də dəvət etdim. Azərbaycan prezidentinin Polşaya səfərindən sonra biz Polşa prezidentinin ölkəmizə rəsmi səfərini də səbirsizliklə gözləyəcəyik.

Fürsətdən istifadə edərək, ATƏT-in Lissabon Zirvə toplantısında Dağlıq Qarabağ üstündə Ermənistan-Azərbaycan münaqişəsi ilə əlaqədar sənədin qəbul olunması məsələsinə baxılarkən göstərilmiş köməyə görə prezident Kvasnevskiyə və Polşa dövlətinə təşəkkür etmək istəyirəm.

Siz bu münaqişənin tarixini bilirsiniz. O, Dağlıq Qarabağ Muxtar Vilayətini Azərbaycanın tərkibindən qopararaq Ermənistana birləşdirmək məqsədilə 1988-ci ildə başlanmışdır. Bu münaqişə Sovet İttifaqının mövcud olduğu dövrdə başlanmışdır. Təəssüf ki, o vaxtkı Sovet İttifaqının rəhbərliyi, kommunist rəhbərliyi sonralar çox geniş inkişaf edərək böyük bir müharibəyə çevrilən bu münaqişənin qarşısını almağa, onu dayandırmağa qadir olmamışdır. Bu münaqişə nəticəsində Azərbaycan ərazisinin 20 faizi erməni silahlı birləşmələri tərəfindən işğal edilmişdir. İşğal olunmuş torpaqlardan, öz yaşayış yerlərindən bir milyon nəfərdən çox Azərbaycan vətəndaşı, azərbaycanlı qovulmuşdur, onların əksəriyyəti artıq beş ildir çadırlarda, çox ağır şəraitdə yaşayır. Azərbaycan xalqı böyük insan tələfatına, böyük iqtisadi itkilərə məruz qalmışdır.

Xalqımıza, respublikamıza olduqca böyük mənəvi ziyan vurulmuşdur. Lakin bütün bunlara baxmayaraq, 1994-cü ilin may ayında biz atəşkəs haqqında saziş bağlanmasına razılıq verdik və üç ildən çoxdur bu sazişə əməl edirik. Bu da səciyyəvi haldır ki, münaqişə zonasına hər hansı xarici qoşunlar və ya sülhyaratma qüvvələri yeridilməmişdir. Bu, regionumuzda baş vermiş hadisələr fonunda müsbət amildir. Bununla bərabər, burada prezident Kvasnevskinin doğru dediyi kimi, atəş dayandırılmışdır, amma sülh yoxdur. Biz tam sülhə nail olmağa çalışırıq və bəyan etmək istəyirəm ki, biz regionumuzda, Ermənistanla Azərbaycan arasında sülh olmasını istəyirik. Bununla yanaşı, biz Azərbaycanın suveren hüquqlarının tapdanmasına, onun ərazi bütövlüyünün pozulmasına yol verə bilmərik. Buna görə də ötən ilin dekabrında ATƏT-in Lissabon Zirvə toplantısında bir çox məsələlər, o cümlədən Avropanın müxtəlif bölgələrindəki münaqişələr müzakirə edilərkən Dağlıq Qarabağ münaqişəsinin dincliklə aradan qaldırılması prinsiplərinin qəbul olunması məsələsi də nəzərdən keçirildi.

Lakin erməni tərəfi bu dəfə də qeyri-konstruktiv mövqe tutdu və sənədin qəbul edilməsinə konsensus vermədi. Biz bir çox dövlətlərin başçılarına, o cümlədən Polşa prezidenti cənab Kvasnevskiyə müraciət etmək məcburiyyətində qaldıq və Dağlıq Qarabağ münaqişəsini dincliklə aradan qaldırmaq prinsipləri göstərilən sənədi birgə səylərlə qəbul etmək mümkün oldu. ATƏT-in üzvü olan 54 ölkədən 53-ü, o cümlədən Polşa bu sənədi dəstəklədi. Buna görə də imkandan istifadə edərək, ədalətli işi dəstəklədiklərinə görə prezident Kvasnevskiyə, Polşa dövlətinə öz təşəkkürümü bir daha bildirirəm.

Bu üç prinsip nədən ibarətdir? Onlar Azərbaycan və Ermənistan respublikalarının ərazi bütövlüyünün tanınmasından, Azərbaycanın tərkibində Dağlıq Qarabağa ən yüksək özünüidarə statusu verilməsindən, Dağlıq Qarabağın bütün əhalisinin - həm erməni, həm də azərbaycanlı əhalisinin təhlükəsizliyinin təmin edilməsindən ibarətdir. Bu prinsiplərdə qeyri-təbii heç nə yoxdur. Onlar həm Ermənistanın, həm Azərbaycanın, həm də Dağlıq Qarabağın mənafelərinə tamamilə uyğundur. Amma Ermənistan bununla razılaşmadı. Nəyə görə, ona görə ki, indiyədək o, Dağlıq Qarabağ üçün dövlət müstəqilliyi statusu almaq iddiasındadır.

Əlbəttə, biz bununla razılaşmamışıq və heç vaxt da razılaşmayacağıq, ona görə ki, Azərbaycan ərazisində ikinci erməni dövləti yaradılmasına yol verə bilmərik. Erməni xalqı öz müqəddəratını təyin edib, müstəqil Ermənistan Respublikası var və o, Birləşmiş Millətlər Təşkilatına, bütün beynəlxalq təşkilatlara daxildir. Buna görə də biz heç cür yol verə bilmərik ki, daha bir erməni dövləti yaransın. Azərbaycanın tərkibində ən yüksək özünüidarə statusu verilməsi isə beynəlxalq hüquqa uyğundur və hətta dünya praktikasındakı mövcud nümunələrdən yüksəkdir.

Biz hər halda ümid edirik ki, Dünya Birliyi bu məsələnin dincliklə nizama salınması üçün tədbirlər görəcəkdir. Bir də ona görə ki, ABŞ, Rusiya və Fransanın həmsədrlik etdikləri ATƏT-in Minsk qrupu indi bu məsələ ilə məşğuldur. Biz buna böyük ümidlər bəsləyirik. Biz ATƏT-in üzvü kimi və gələn il ATƏT-də sədrlik edəcək bir ölkə kimi Polşanın köməyinə də böyük ümidlər bəsləyirik.

Bizim başqa problemlərimiz də var. Bütün bunlar barədə biz bu gün prezidentlə çox ətraflı danışdıq. Ən başlıcası budur ki, sənədlər imzaladıq. Biz Polşa ilə dostluq və əməkdaşlığı xarici siyasətimizin mühüm hissəsi hesab edirik. Biz bu münasibətlərə çox böyük strateji əhəmiyyəti olan tərəfdaşlıq kimi baxırıq. Bir daha bəyan edirəm ki, öz tərəfimizdən biz əməkdaşlığımızın daha da genişlənməsinə, dostluq əlaqələrimizin daha da möhkəmlənməsinə nail olmaq üçün hər şey edəcəyik. Diqqətinizə görə sağ olun.

* * *

Sual: Sual hər iki prezidentədir. Siz Azərbaycan neftinin Polşa vasitəsilə Avropaya nəql olunması məsələsini müzakirə etdinizmi? Nə qərara gəldiniz?

Heydər Əliyev: Biz bu məsələ barəsində fikir mübadiləsi etdik. Bir halda ki, sual verilib, mən ona bir qədər geniş cavab verəcəyəm.

Bəli, Xəzər bölgəsi olduqca böyük neft və qaz ehtiyatlarına malikdir. Xəzər dənizinin Azərbaycan sektorunda neft və qaz yataqları 50 ildən artıqdır işlənilir və bu illər ərzində olduqca çox - bir neçə yüz milyon ton neft çıxarılmışdır. İndi Azərbaycan özünün bütün ərazisindəki, o cümlədən Xəzər dənizinin Azərbaycan sektorundakı öz təbii ehtiyatlarından istifadə edilməsinin yeni mərhələsini keçirir.

1994-cü ildə biz Xəzər dənizinin Azərbaycan sektorundakı yataqlardan birgə istifadə edilməsi haqqında dünyanın ən iri transmilli şirkətlərinin konsorsiumu ilə müqavilə imzaladıq. Müqavilədə təxminən 600 milyon ton neft, böyük miqdarda təbii qaz çıxarılması nəzərdə tutulur. Bu müqavilə 25 il müddətinə bağlanmışdır, ondan sonra daha bir sıra müqavilələr imzalanmışdır. Bu günədək biz Xəzər dənizinin Azərbaycan sektorundakı iri yataqlar üçün doqquz müqavilə imzalamışıq. Bu yaxınlarda mənim Amerika Birləşmiş Ştatlarına rəsmi səfərim zamanı Vaşinqtonda, Ağ evdə üç müqavilə və bir saziş imzalanmışdır. Bundan başqa, Xəzər dənizinin Qazaxıstan sektorunda da, Türkmənistan sektorunda da, Qazaxıstan və Türkmənistan ərazilərində də ehtiyatlar var. Bunların hamısı bütün bu yataqların birgə işlənməsi üçün ilkin zəmin yaradır. Bir çox transmilli şirkətlər onlara maraq göstərirlər və söhbət bu neftin dünya bazarlarına nəql edilməsindən gedir.

Hazırda biz Azərbaycandan ilkin neftin Qara dənizə ixracı üçün iki boru kəməri çəkirik. Neft kəmərlərindən biri Rusiya ərazisindən keçib onun Novorossiysk limanına, digəri isə Gürcüstan ərazisi ilə Supsa limanına gedəcəkdir. Lakin Gürcüstan, Türkiyə əraziləri ilə Aralıq dənizinə, Ceyhan limanına gedəcək böyük neft kəməri çəkmək də planlaşdırılır.

Lakin bu da kifayət deyildir. Söhbət mərkəzi Asiyadan, - mən Qazaxıstan və Türkmənistanı nəzərdə tuturam, - başlayıb Xəzər dənizindən keçərək Azərbaycana, oradan da Qara dənizə doğru, ya da Türkiyə ərazisi ilə Aralıq dənizinə doğru boru kəmərləri yaradılmasından gedir.

Bununla eyni zamanda Avrasiya nəqliyyat dəhlizi yaradılmışdır və indi o, fəal işləyir və Mərkəzi Asiyadan Xəzər dənizi vasitəsilə Azərbaycana, Gürcüstana, Qara dəniz vasitəsilə Avropa və oradan geriyə yük daşımalarını həyata keçirir. Bu iki yol - yüklərin nəql edilməsi və neft kəmərləri ilə neft və qazın nəql edilməsi Avropa üçün, o cümlədən Polşa üçün böyük əhəmiyyətə malikdir. Biz prezident Kvasnevski cənabları ilə bu mövzuda danışdıq və hesab edirəm ki, Polşanın öz yanacaq ehtiyatlarını təmin etmək, özünün bir çox nəqliyyat məsələlərinin, o cümlədən Avropa ilə Mərkəzi Asiya və Qafqaz arasında nəqliyyat məsələlərinin həlli üçün yaranmaqda olan bu şəraitdən istifadə etməyə imkanı var.

Aleksandr Kvasnevski: Mən cənab prezidentin dediklərini təsdiqləyirəm. Bəli, biz bu məsələyə toxunduq. Çox maraqlı layihədir, danışıqları davam etdirmək nəzərdə tutulmuşdur.

Sual: Səfirliklər açılması məsələsi müzakirə edildimi?

Aleksandr Kvasnevski: Bəli, biz bu barədə danışdıq. Bu gün biz Polşa ilə Azərbaycan arasında əməkdaşlığın yeni yollarını açdıq və bu əməkdaşlığın ən mühüm cəhətlərindən biri Bakıda Polşa səfirliyinin və Varşavada Azərbaycanın diplomatik nümayəndəliyinin açılması məsələsi olmalıdır. Dövlətimiz dünyada ən varlı dövlət deyildir, ona görə də bunu dərhal etmək çətindir. Lakin belə düşünürəm ki, bu səfirliklər açılmalıdır.

Heydər Əliyev: Mən bu fikri tamamilə dəstəkləyirəm və hesab edirəm ki, Polşada Azərbaycan səfirliyi açılmalıdır.

Aleksandr Kvasnevski: Biz cənab Əliyevlə zarafat edib dedik: bir halda ki, səfirliklər olmadan bu qədər sənəd imzaladıq, deməli, burada nə isə var. Lakin biz belə bir fikri kənara atırıq ki, bürokratiya yeni sənədlər hazırlanmasına mane olur. Nümayəndəliklər lazımdır, onlar qarşılıqlı əlaqələr, qarşılıqlı maraq olduğunun rəmzidir və tezliklə biz öz səfirliklərimizdən danışa biləcəyik.

Sual: Siz dediniz ki, çox mühüm müqavilələr imzaladınız. Bilmək istərdik, bunlar nə kimi müqavilələr, sazişlərdir və siz onlardan hansını həlledici hesab edirsiniz?

Aleksandr Kvasnevski: Əvvəla, müstəqil Azərbaycan prezidentinin Polşaya ilk səfəri zamanı bizim bu qədər müqavilə imzalamağımız, zənnimcə, sanballı faktdır. İmzaladığımız bəyannamə çox mühüm sənəddir. O, hər iki dövlətin siyasi iradəsini əks etdirir. Dövlətlərimiz arasında hüquqi baza yaradılması haqqında, ikiqat vergi qoyulmaması haqqında sazişlər, nəqliyyata, habelə turizmə dair müqavilələr çox mühümdür.

Turizmə dair müqavilə dövlətlərimiz arasında turizm hərəkatını genişləndirməyə imkan verəcəkdir. Elm və mədəniyyət haqqında müqavilə də əhəmiyyətlidir. Müxtəsəri, bu sazişlərdən hər biri xüsusi əhəmiyyətə malikdir. Lakin ən başlıcası budur ki, bu gün biz bu qədər akt imzalamışıq. Bu, sərhədləri bir-birindən uzaqlarda olan ölkələrimiz arasında möhkəm və əlverişli əlaqələr yaradacaqdır.

Heydər Əliyev: Bu deyilənlərlə tamamilə razıyam.

Sual: Sual Azərbaycan prezidentinədir. Heydər Əliyeviç, xahiş edirəm deyəsiniz, Avropa strukturlarına qoşulan, NATO-ya birincilər sırasında daxil olan Polşanın təcrübəsi Sizin üçün nə dərəcədə qiymətlidir? Azərbaycan Avropa inteqrasiyasında Polşanın təcrübəsini təkrar etmək niyyətindədirmi?

Heydər Əliyev: Polşanın təcrübəsi bizim üçün ümumən qiymətlidir. Onun müstəqillik, azadlıq, dövlətçilik uğrunda mübarizədə qazandığı təcrübə qiymətlidir. Onun Polşa torpağında demokratik, hüquqi dövlət qurmaq, bazar iqtisadiyyatı prinsiplərini bərqərar etmək təcrübəsi çox qiymətlidir. Avropa təhlükəsizliyinin möhkəmlənməsində, Avropa strukturlarında özünü təsdiqləməkdə Polşanın təcrübəsi bizim üçün qiymətlidir. Mən bilirəm ki, Polşa Avropa Birliyinin üzvü olmağa çalışır. Biz bunu da alqışlayırıq. Biz Avropa Birliyi ilə əməkdaşlıq haqqında bəyannaməni ancaq imzalamaq imkanına malik olmuşuq. Polşanın oraya da daxil olması çox yaxşı hal olacaqdır. Əlbəttə, biz Avropa-Atlantika Tərəfdaşlığı Şurasının üzvüyük və burada fəal əməkdaşlıq edirik. Polşanın bu təcrübəsi də, Avropa-Atlantika Tərəfdaşlığı Şurası çərçivəsində əməkdaşlığımız da bizim üçün çox faydalıdır. Sonrasını həyat göstərəcəkdir.

Aleksandr Kvasnevski: Biz işləyəcəyik.

"Azərbaycan" qəzeti, 27 avqust 1997-ci il