Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun direktoru səfir Jerar Ştudmanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən söhbətindən - 28 noyabr 2001-ci il


Heydər Əliyev: Hörmətli cənab səfir!

Hörmətli qonaqlar!

Azərbaycana xoş gəlmişsiniz. Sizinlə yenidən görüşməyimdən çox məmnunam. Mən Azərbaycanın sizin təsisatla əməkdaşlığını uğurlu hesab edirəm. Güman edirəm, əldə etdiyimiz nailiyyətlər əsasında daha da irəliyə getməyi siz də istəyirsiniz, biz də istəyirik.

Siz Azərbaycana dünən gəlmisiniz. Burada bəzi görüşlər keçirmisiniz. Bəlkə təəssüratlarınız haqqında danışasınız? Buyurun.

Jerar Ştudman: Cənab prezident, çox sağ olun.

Çox sağ olun ki, mənə və məni müşayiət edən nümayəndə heyətinə vaxt ayırırsınız, bu gün Sizinlə görüşürük. Bilirəm ki, bu gün Sizin üçün çox məşğul bir vaxtdır. Siz sabah Müstəqil Dövlətlər Birliyinin sammitinə yola düşəcəksiniz. Ona görə də yəqin ki, bu gün işiniz çoxdur.

Sizə məlum olduğu kimi, mən ölkənizə çox tez-tez gəlib gedirəm. Lakin bu dəfə seçkilərlə əlaqədar gəlməmişəm. Biz bu dəfə Sizin ölkənizlə birlikdə işçi qrupu şəklində işləyirik. İşçi qrupunun məqsədi işgəncələrə qarşı mübarizə formasının modelini hazırlamaqdan ibarətdir. Elə bilirəm ki, biz burada işlədiyimiz müddətdə hazırlayacağımız modeldən sonra bütün regionda istifadə olunacaqdır. Biz sabah həmin modeli nümayiş etdirəcəyik və bu işdə həm dustaqlar, həm də nəzarətçilər iştirak edəcəklər.

Qeyd etməliyəm ki, respublikanızda belə bir tədbir keçirilməmişdir. Bu da Azərbaycanın Avropa Şurasında üzvlüyünün bir hissəsi deməkdir. Yəni Avropa Şurasına üzv olan dövlət kimi Azərbaycanın bu cür tədbirlərdə iştirak etməsi vacibdir.

Cənab prezident, mən həbsxanalarda olan vəziyyət haqqında Sizinlə söhbət etmək istəyirəm. Lakin bəri başdan Sizə bildirmək istəyirəm ki, həbsxanalar Daxili İşlər Nazirliyinin nəzdindən Ədliyyə Nazirliyinin nəzdinə verildikdən sonra Azərbaycanda çox böyük tərəqqi əldə edilmişdir və müsbət mənada irəliləyiş hiss olunmaqdadır. Bu sahədə ədliyyə nazirinin müavini cənab Qasımov çox yaxşı işləyir. Biz onunla səmərəli əməkdaşlıq edirik.

Cənab prezident, daha sonra Sizinlə seçkilər kodunun işlənib hazırlanması haqqında danışmaq istəyirəm.

Bundan əlavə isə biz Bakıda seminar keçirməyi də planlaşdırırıq.

Bu, dini dözümlülüyə aid seminardır. Məlum olduğu kimi, Azərbaycanda bu günə qədər dini zəmində heç bir münaqişə, heç bir qarşıdurma olmamışdır. Ona görə də Azərbaycanı bu mənada digər ölkələrə nümunə göstərmək olar. Azərbaycan müsəlman və xristian dinlərinin sərhədində yerləşən bir ölkədir. Bu baxımdan elə bilirəm ki, bu seminarın məhz Bakıda keçirilməsi çox vacib bir addımdır. Xüsusilə də məlum 11 sentyabr hadisələrindən sonra seminarın burada keçirilməsi bütün dünyaya göstərər ki, müxtəlif dinlərə, konfessiyalara qulluq edən insanlar birlikdə yaşaya bilərlər, bir-birlərinə qarşı hörmət, dözümlülük və sülh şəraitində yaşaya bilərlər və onların arasında toqquşma olmaya bilər.

Cənab prezident, istərdim, bütün bu mövzuları Sizinlə birlikdə daha sonra, mətbuat nümayəndələri olmadan müzakirə edək.

Heydər Əliyev: Cənab səfir, təşəkkür edirəm.

Mən çox məmnunam ki, siz bu dəfə Azərbaycana yeni bir missiya ilə gəlmisiniz. Həmişə seçkilərdən ötrü gəlirdiniz. Ancaq bu mövzu da asan mövzu deyildir. Çox məmnunam ki, biz bu mövzunu indi Avropa Şurasının üzvü olan bir dövlət kimi sizinlə müzakirə edirik və siz bu sahədə bizim gördüyümüz işlərlə tanış olursunuz.

Bizim ölkəmizdə cəza yerlərindəki vəziyyətlə tanış olmağınız və bu barədə söylədiyiniz müsbət fikirlər, təbiidir ki, məni sevindirir. Bu, çox çətin və ağır bir sahədir. Keçmişdən də bizə çox ağır bir miras qalıbdır. Biz çalışmışıq ki, cəza yerlərini müasir tələblərə, Avropa standartlarına uyğunlaşdıraq. İndi sizin bu fikirləriniz, təəssüratlarınız onu göstərir ki, biz həqiqətən bu sahədə az iş görməmişik və müəyyən nailiyyətlər əldə etmişik.

Azərbaycanda çox dinlərin birlikdə olması və dini dözümlülük təbiidir, bu, bizim xalqımızın qədim ənənəsidir. Amma eyni zamanda, Azərbaycan müstəqil dövlət olandan sonra bu məsələ xüsusi əhəmiyyət kəsb edir. Bilirsiniz ki, keçmiş Sovetlər İttifaqına mənsub olan indiki müstəqil dövlətlərin bir çoxundan millətlər çıxıb gedirlər. Amma bizdə heç bir dəyişiklik yoxdur. Mən məmnunam ki, siz bunu da görürsünüz və etiraf edirsiniz.

Nəzərdə tutduğunuz seminarları da mən bəyənirəm. Yaxşı olar ki, onu keçirəsiniz. Demək, siz burada birinci nümunə göstərmək istəyirsiniz ki, bəli, dini dözümlülük haqqında seminar Azərbaycanda keçirilə bilər. Bizim özümüz də bu barədə düşünürük. Çünki 11 sentyabr hadisələrindən sonra belə fikirlər yayıldı ki, guya ekstremizmə, beynəlxalq terrorizmə qarşı aparılan mübarizə İslam dininə qarşı olan mübarizədir. Biz belə hesab etmirik. Ona görə seminarın məzmununu düşünmək lazımdır: Dini dözümlülük və eyni zamanda, islam terrorizmə qarşı. Bu, sizin dediyiniz fikirlərlə düz gəlir ki, Azərbaycan iki dinin sərhədində olan bir ölkədir. Ona görə indi mən bu məsələlər haqqında sizinlə məmnuniyyətlə fikir mübadiləsi apara bilərəm.