BMT Təhlükəsizlik Şurasının sədrinə Surəti: BMT-nin Baş katibinə - 26 iyul 1993-cü il


Hörmətli cənab sədr!

Suveren Azərbaycan dövlətinin ərazicə parçalanmasına yönəldilmiş erməni təcavüzünün davam etdirilməsi və gücləndirilməsi nəticəsində ölkəmdə yaranmış gərgin vəziyyət məni bu məktubla Sizə müraciət etməyə vadar edir.

Beynəlxalq hüququn prinsiplərinə və normalarına sadiq olan Azərbaycan ona Ermənistan Respublikası tərəfindən zorla qəbul etdirilmiş qanlı münaqişənin dincliklə aradan qaldırılmasında ATƏM-in vasitəçiliyinə, beynəlxalq təhlükəsizlik və əməkdaşlıq ideyalarını əsas tutaraq və bu beynəlxalq təşkilatın üzvlərinin hüquqlarına və vəzifələrinə arxalanaraq razılıq vermişdir. Uzun və çətin nizamasalma prosesi gedişində Azərbaycan hökuməti münaqişənin dincliklə aradan qaldırılmasına çalışaraq və maksimum çeviklik və konstruktivizm nümayiş etdirərək, qan tökülməsini dayandırmaq və danışıqların möhkəm əsasını yaratmaq yollarının gərgin axtarışını aparmışdır. Lakin Ermənistanın dünya birliyi və Azərbaycan qarşısında öz öhdəliklərini kobudcasına pozması sülh səylərimizi boşa çıxarır.

Minsk konfransı haqqında ATƏM-in Nazirlər Şurasının qərar qəbul etdiyi gündən bir ildən çox keçmişdir, lakin bu ideya reallıqdan indi həmişəkindən daha uzaqdır. Əgər bir il bundan əvvəl biz Nazirlər Şurasının qərarının qəbul edildiyi vaxtdakı vəziyyəti bərpa etməyin və bununla da Minsk konfransına çıxmağın yeganə mümkün yolu kimi Şuşa və Laçının azad olunmasının zəruriliyindən danışırdıqsa, indi Azərbaycan ərazisinin 17 faizindən çoxu erməni təcavüzkarı tərəfindən qəsb edilmişdir. Qarabağın bütün dağlıq hissəsi, Azərbaycanın Laçın rayonu (onun cənub hissəsi 1992-ci ilin mayında, şimal hissəsi isə 1993-cü ilin aprelində tutulmuşdur), Kəlbəcər rayonu, Naxçıvan Muxtar Respublikasının, Qazax, Füzuli, Zəngilan, Ağdam rayonlarının kəndləri işğal olunmuşlar. Cəmi 503 yaşayış məntəqəsi qəsb edilmişdir, qaçqınların və köçkünlərin ümumi sayı 567 min nəfərdir.

Dağlıq Qarabağı öz ərazisinə birləşdirmək haqqında xəyanətkar qərarlar qəbul edilməsində ifadəsini tapan siyasi təcavüzdən başlayan və sonra emissarlar, terrorçular və silahlar göndərilməsinə keçən Ermənistan bu gün Azərbaycan torpağında genişmiqyaslı hərbi əməliyyatlar aparır, ATƏM-in və BMT-nin çağırış və qərarlarına, o cümlədən də işğal qüvvələrini Azərbaycandan çıxarmağı birmənalı tələb edən Təhlükəsizlik Şurasının 822 nömrəli qətnaməsinə məhəl qoymur. Erməni tərəfinin vasitəçinin qanuni tələblərinin yerinə yetirilməsindən tamamilə imtina etməsi, üstəlik, qeyri-məqbul şərtlər irəli sürməsi nəticəsində ATƏM-in həmin qətnamənin həyata keçirilməsinə yönəldilmiş səylərinə əngəl törədilmişdir. Ermənistan Respublikasının bu əməlləri nəticəsində Mario Raffaellinin bölgəyə əvvəlki səfərləri kimi axırıncı səfəri də BMT Təhlükəsizlik Şurası qətnaməsinin tezliklə həyata keçiriləcəyinə və qan tökülməsinin çoxdan gözlənilən dayandırılmasına bəslənilən ümidlər üçün heç bir əsas verməmişdir.

Dağlıq Qarabağda fəaliyyət göstərən erməni silahlı birləşmələrinin Ermənistan Respublikasına tabe olmadıqları barədə erməni tərəfinin dedikləri tamamilə əsassızdır. Bütün ağır silahların, döyüş sursatının, canlı qüvvənin göndərilməsini, habelə hərbi əməliyyatlara bilavasitə rəhbərlik edilməsini Ermənistan Respublikası ilhaq olunmuş Laçın rayonu vasitəsi ilə həyata keçirir.

Ermənistan yaranmış fasilədən istifadə edərək, Raffaellinin missiyası getdikdən sonra yeni güclü hücuma başlamışdır. Həmin hücum zamanı Ermənistanın silahlı qüvvələri Ağdam şəhərini işğal etmişlər. Bu xəyanətkar hərəkət hələ heç başlanmamış olan sülh prosesinə sarsıdıcı zərbə endirmişdir. Bundan əvvəl Azərbaycan hökuməti Təhlükəsizlik Şurasına xəbərdarlıq etmişdi ki, prosesin uzadılması daha böyük fəlakətə gətirib çıxara biləcək təhlükəli vəziyyət yaradır.

Indiki şərait BMT nizamnaməsinə uyğun olaraq Təhlükəsizlik Şurasına verilmiş səlahiyyətlər əsasında onun işə qarışmasını təkidlə tələb edir.

Təcavüzkarın cilovlanmasına, qan tökülməsinin dayandırılmasına və işğal olunmuş Azərbaycan ərazilərinin azad edilməsinə yönəldilmiş təxirəsalınmaz tədbirlər gərəkdir.

Deyilənlərlə əlaqədar Təhlükəsizlik Şurasının dərhal çağırılmasını xahiş edirəm.

Heydər Əliyev,
Azərbaycan Respublikası prezidentinin səlahiyyətlərini

həyata keçirən Azərbaycan Respublikası Ali Sovetinin sədri.

"Azərbaycan" qəzeti, 27 iyul 1993-cü il.